Türkdilli Xəbər Agentlikləri
Birliyinin toplantısı
Türkiyənin rəsmi Anadolu agentliyinin 90 illik yubileyi çərçivəsində İzmirdə Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA) toplantısı keçirilmişdir.
Toplantıda çıxış edən Anadolu agentliyi idarə heyətinin sədri və baş direktoru Hilmi Bengi 2008-ci ilin aprelində TKA-nın Bakıda keçirilmiş iclasından sonra görülmüş işlərdən bəhs etmişdir. O bildirmişdir ki, Birliyin internet saytında yerləşdirilən xəbərlər türkdilli ölkələrin birgə platformasını təşkil edir. İndi bu xəbərlərin hamısının 3 dilə - türk, ingilis və rus dillərinə tərcümə olunmasını təmin etmək lazımdır. AzərTAc xəbərlərin rus, Anadolu agentliyi isə ingilis dilinə tərcüməsinə kömək edə bilər. Bundan başqa, mayda Anadolu agentliyi hər bir türkdilli ölkədən 2 nəfərin kurs keçmək üçün Ankaraya dəvət olunmasını planlaşdırır.
Şimali Kipr xəbər agentliyinin (TAK) baş direktoru Əmir Ərsoy, Qırğızıstanın "Kabar" agentliyinin baş redaktoru Rısbay Sadıkov bir daha Anadolu agentliyini 90 illik yubileyi münasibətilə təbrik etmişlər. Vurğulanmışdır ki, TKA-nın fəaliyyətini daha da gücləndirmək üçün toplantılar, görüşlər də tez-tez keçirilməlidir.
İzmirdəki toplantıda və axşam Türkiyənin Baş nazirinin müavini Bülənd Arıncın iştirakı ilə keçirilmiş rəsmi ziyafətdə də Azərbaycan Dövlət Teleqraf Agentliyinin TKA-nın fəaliyyətindəki xüsusi rolu vurğulanmışdır.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi
müxbiri
İzmir
Azərbaycan.- 2010.- 11
aprel.- S. 3.