Almaniyanın Kil şəhərində "Rusiya,
Qazaxıstan və Azərbaycanda xarici investisiya hüququ" mövzusunda beynəlxalq konfrans keçirilir
Şlezviq-Hollsteyn torpağının parlament binasında baş tutan tədbir Kil Universitetinin Şərqi Avropa Hüququ İnstitutu tərəfindən Rusiya Elmlər Akademiyası, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Rus-Alman Hüquq İnstitutu və Əl Fərabi adına Qazax Milli Universiteti ilə əməkdaşlıq çərçivəsində, eləcə də Volkswagen fondunun maliyyə dəstəyi nəticəsində ərsəyə gəlmişdir.
Yüzdən çox mütəxəssisin iştirak etdiyi tədbirə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Qafqaz Universiteti hüquq fakültəsinin dekan müavini və Beynəlxalq hüquq kafedrasının müdiri Fərhad Mehdiyev məruzəçi kimi dəvət olunmuşlar. Konfransa iştirakçı qismində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əməkdaşları Cahangir Hacıyev və Ceyran Rəhmatullayeva, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Samir Məmmədov, eləcə də Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəsi Nurlan Mustafayev də qatılmışlar. Konfransın təşkilatçıları arasında Kil Universitetinin Şərqi Avropa Hüququ İnstitutunun elmi işçisi Azər Əliyev də olmuşdur.
Konfransın açılış mərasimində Şlezviq-Hollsteyn federal torpağının iqtisadiyyat və elm nazirinin müavini Tamara Çişanq, Azərbaycan səfiri Pərviz Şahbazov və Baltik Dənizi Dövlətləri Şurası katibliyinin baş direktoru Qabriele Kötçau salamlama nitqi ilə çıxış etmişlər. P.Şahbazov bu tədbirin Rusiya, Qazaxıstan və Azərbaycanda son illər qərarlaşmış investisiya mühiti barədə avropalı mütəxəssislərin məlumatlandırılmasında mühüm rol oynayacağını bildirmişdir. Son illər ölkəmizdə aparılan islahatlar və qəbul olunmuş qanunvericilik sayəsində əlverişli investisiya mühitinin formalaşdığını vurğulayan Azərbaycan səfiri bu mühitin formalaşmasında yaradılmış siyasi sabitliyin də böyük əhəmiyyət kəsb etdiyini demişdir. Son 5 il ərzində Azərbaycan iqtisadiyyatının 2,6 dəfə artdığını bildirən səfir əsasının keçən əsrin 90-cı illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu neft strategiyasının həyata keçirilməsi nəticəsində ölkəmizin özünün Avropanın etibarlı tərəfdaşı kimi təsbit etdiyini konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Çıxışının sonunda P.Şahbazov konfransda müzakirə olunacaq nəzəri və praktiki məsələlərin sözügedən ölkələrdə xarici investisiya hüququnun təkmilləşdirilməsinə öz töhfəsini verəcəyindən əmin olduğunu bildirmişdir.
Aprelin 11-dək davam edəcək konfransda investisiya müqavilələri, ədalətli və bərabər müamilə və milli hüquq, Rusiya, Qazaxıstan və Azərbaycanın milli qanunvericiliklərində xarici investisiyalar, xarici investisiya hüququnda dövlət və dövlət təşkilatları, enerji sektorunda xarici investisiyalar və s. mövzularında sessiyalar keçiriləcəkdir.
Vüqar SEYİDOV,
AzərTAc-ın xüsusi müxbiri
Berlin
Azərbaycan.- 2010.-11
aprel.- S. 3.