Ölməz ideyaların işığında

 

Ağcabədi rayonu da sosial-iqtisadi yüksəlişə nail olur

 

Azərbaycanı azad, xalqımızı xoşbəxt, dövlətimizi qüdrətli görmək ümummilli lider Heydər Əliyevin ən müqəddəs arzusu idi. Ulu öndər bütün həyatını bu arzunun həyata keçirilməsinə, ölkəmizin inkişafına və insanların firavan gələcəyinə sərf etdi. "Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyinə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur" sözlərini əməli fəaliyyəti ilə həqiqətə çevirən, əbədiləşdirən, öz adını, ideyalarını xalqının qəlbinə həkk edən bu müdrik insanın arzuları, amalları gündən-günə çiçəklənir, qol-budaq açır, gələcəyə gedən yollarımızı işıqlandırır.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ulu öndərimizin bəşəri ideyaları ilə fəxr edir, ona güvənir və ölkəmizin gələcəyini bu siyasi kursun, müqəddəs məqsədlərin sədaqətlə həyata keçirilməsində görür.

Ölkə başçısı iftixarla deyir: "Bu gün Heydər Əliyev bizimlə deyil, amma onun fiziki yoxluğu bizi ruhdan salmamalıdır. Onun ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, ideologiyası yaşayır və onun qurduğu, yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir".

Heydər Əliyev siyasi kursunun bəhrələri ildən-ilə yüksələn həyat tərzimizdə, kənd və şəhərlərimizin, yollarımızın abadlaşdırılmasında, beynəlxalq aləmdə qazanılan nailiyyətlərimizdə, sürətli sosial-iqtisadi, mədəni yüksəlişimizdə özünü aydın göstərir. Azərbaycan indi iqtisadi cəhətdən dünyanın inkişaf edən ölkələrindən biridir. O regionda lider dövlətdir. 2009-cu ildə ölkədə ümumi daxili məhsul 9,3 faiz artmışdır. Sənaye istehsalının artımı 8,8, inflyasiya 1,5 faiz olmuşdur. Qeyri-neft sektorunda 3,2 faiz artım əldə edilmişdir. Azərbaycana xarici investisiya qoyuluşu ildən-ilə artır. Yalnız bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatına xarici sərmayəçilər tərəfindən 70 milyon dollara yaxın investisiya qoyulmuşdur.

Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində ölkəmizin qazandığı uğurlara yüksək qiymət vermişdir. Bu bir həqiqətdir ki, son illər regionlar özlərinin sürətli inkişaf mərhələsinə qədəm qoymuş, hər yerdə tikinti, abadlıq, quruculuq işləri müvəffəqiyyətlə davam etdirilmişdir. Əhalinin maddi rifah halının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması sayəsində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

Son beş ildə ölkədə 840 min iş yeri açılmışdır ki, bunun da çoxu regionların payına düşür. Aqrar sahənin, sahibkarlığın inkişafı vacib məsələ kimi qarşıya qoyulmuş, sahibkarlara verilən güzəştli kreditlərin həcmi xeyli artırılmışdır. Nəticələr son bir ilin daha uğurla başa çatdığını göstərir. Bu dövrdə dövlət başçısı 27 dəfə regionlara səfər etmiş, müxtəlif sahələri əhatə edən 105 müəssisənin açılışında, 14 obyektin təməlinin qoyulmasında iştirak etmişdir. Bu, regionlara göstərilən qayğı və diqqətin əyani ifadəsidir.

Bu gün Azərbaycanın nəinki mərkəzi şəhərləri, bütün regionları öz simasını dəyişmiş, inkişaf etmişdir. Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyan Ağcabədi rayonunun sosial-iqtisadi həyatında da bu nailiyyətləri görmək olar.

Rayon ötən 5 il ərzində tanınmaz dərəcədə abadlaşmış, müasir tipli yaşayış məskəninə çevrilmişdir. Bir çox yeni yaşayış binaları, fərdi evlər tikilmiş, küçələr, yollar, parklar qaydaya salınmış, əhalinin işıq, su, qaz təminatı xeyli yaxşılaşmışdır.

Heydər Əliyev adına muzey, Qarabağ Muğam Mərkəzi, maliyyə şöbəsi, sosial müdafiə fondu, əlillər, şəhid ailələri üçün yaşayış binaları, bir çox ictimai iaşə, ticarət obyektlərinin tikilib istifadəyə verilməsi rayonun mədəni simasına yeni bir görkəm vermişdir. Bu dövrdə ərazidə 28 yeni məktəb binasının tikilməsi, bir çox məktəblərin əsaslı təmir edilməsi təhsilimizə göstərilən qayğının ifadəsi olmaqla regionların inkişafını səciyyələndirən başlıca cəhətlərdəndir.

Rayonda 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafa dair Dövlət Proqramında nəzərdə tutulan vəzifələrin həyata keçirilməsinə də uğurla başlanılmışdır. Prezident İlham Əliyevin 2008-ci ilin yanvar ayında rayona səfəri, əhali ilə görüşləri və Ağcabədinin inkişafı üçün əlavə tədbirlərin görülməsi bu gün aparılan tikinti, abadlıq, quruculuq işlərinə yeni təkan vermişdir.

Rayona təbii qazın verilməsi münasibətilə çıxışında ölkə başçısı görülən işləri qiymətləndirməklə bərabər bölgəyə əlavə vəsaitin ayrılmasının zəruriliyini də qeyd etmişdir. Çox çəkməmişdir ki, Ağcabədinin sosial-iqtisadi inkişafı, əhalinin içməli su təminatının yaxşılaşması üçün 2 milyon əlavə vəsait ayrılmışdır. Bu vəsait uzun illər içməli sudan əziyyət çəkən 5 ucqar kəndin su ilə təmin edilməsinə və rayon mədəniyyət evinin əsaslı təmir edilməsinə yönəldilmişdir.

Ağcabədililər Prezidentin rayona səfərini unudulmaz hisslərlə xatırlamaqla bərabər, həm də bu səfəri ulu öndərimiz Heydər Əliyevin iş üslübüna sədaqətin ifadəsi kimi qiymətləndirirlər. Çünki ümummilli liderimiz Azərbaycana rəhbərlik etdiyi illərdə 6 dəfə Ağcabədidə olmuş, rayonun bir çox probleminin aradan qaldırılması, onun qabaqcıllar sırasına çıxması üçün əməli köməyini əsirgəməmişdir. Rəhbərin böyük qayğısı və diqqəti nəticəsində həmin illərdə Ağcabədi respublikanın ən qabaqcıl rayonlarından birinə çevrilmişdir. Həmin münasibət cənab İlham Əliyevin fəaliyyətində özünü bir daha göstərir və Ağcabədinin yenidən qurulmasına zəmin yaradır. Son bir ilin nəticələri də bunu sübut edir.

Bu dövrdə rayonda bir sıra yeni obyektlər inşa edilmiş, tikinti-abadlıq işləri görülmüşdür. 2009-cu ildə 2512 yeni iş yeri açılmışdır. Sahibkarlığın inkişafına dövlət dəstəyi istiqamətində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon üzrə 26 sahibkara 983645 manat güzəştli kredit verilmişdir. Aqrar sahə xeyli inkişaf etmiş, kənd təsərrüfatı məhsulları istehsalının həcmi artmışdır.

Rayonda "Gilan Holdinq MMC" tərəfindən gündəlik istehsal gücü 20 ton olan süd emalı zavodunun tikintisi başa çatdırılmışdır. 120 ton sutkalıq istehsal gücünə malik olan süd məhsulları kombinatının tikintisində son tamamlama işləri aparılır. Burada 350-dən çox insanın işə cəlb olunması nəzərdə tutulur.

Rayonda qaz çəkilişi davam edir. 6373-dən çox abonent təbii qazla təmin edilmiş, yaxın günlərdə kəndlərdə qaz çəkilişinə başlanılacaqdır. Bu il şəhərin kanalizasiya sisteminin qurulması nəzərdə tutulmuş, bunun üçün lazımi hazırlıq işləri görülmüşdür. Rayon ərazisində 51 subartezian quyusu qazılmışdır ki, bu da əhalinin əkin və içməli suya olan tələbatını xeyli yaxşılaşdırmışdır. Rayonda şahmat, uşaq və gənclər mərkəzinin əsası qoyulmuş və həmin tikintinin tez bir vaxtda istifadəyə verilməsi qərara alınmışdır. Yeni mərkəzi kitabxananın tikintisi də nəzərdə tutulmuşdur.

Ölkə başçısının 30 mart 2010-cu il tarixli sərəncamı ilə rayonda yeni tipli müasir xəstəxana binasının tikilməsi qərara alınmış və yaxın vaxtlarda inşaat işlərinə başlanılacaqdır.

2010-cu il ölkədə "Ekologiya ili" elan olunmuşdur. Son illər öz ərazilərində 230 mindən çox ağac və gül kolları əkən ağcabədililər bu ilin sonuna kimi daha 130 min ağac əkməyi planlaşdırmışlar. Bunun üçün rayonda tez-tez iməciliklər təşkil edilir, qarşıya qoyulan mühüm vəzifələri həyata keçirmək üçün əsaslı tədbirlər görülür.

Bu, səbəbsiz deyildir. Çünki cənab İlham Əliyev öz çıxışlarında qazanılan nailiyyətləri qiymətləndirməklə bərabər həm də qarşıda duran vəzifələrin aktuallığını nəzər alaraq deyir: "Biz 2010-cu ili də uğurla başa vurmalıyıq. Bu il də çox önəmli il olacaqdır. Bütün proqramlar, layihələr, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmalıdır və əminəm ki, tapacaqdır".

Prezidentin bü sözləri hər bir Azərbaycan vətəndaşı üçün istiqamət proqramı, həm də ölkənin, xalqın xoşbəxtliyi üçün inam mənbəyi, müvəffəqiyyətlərimizin artırılması, daha yaxşı gələcəyimizin təmin edilməsi üçün bir stimuldur.

Azərbaycan xalqı ulu öndərimizin ölməz ideyalarının işığında ölkə rəhbərinin ətrafında sıx birləşməklə torpaqlarımızı azğın düşməndən azad etməyə, dünyada daha böyük nüfuz qazanmağa, yeni uğurlar əldə etməyə qadirdir və xalqımızın daha yaxşı, xoşbəxt yaşamağa haqqı vardır.

 

 

Tahir RZAYEV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2010.- 11 aprel.- S.  4.