Kosmik sənayenin yaradılması nələri vəd edir

 

12 aprel Ümumdünya Aviasiya Kosmonavtika Günüdür

 

1961-ci ilin 12 aprelində ilk dəfə sovet vətəndaşı Yuri Alekseyeviç Qaqarinin 108 dəqiqəlik kosmik fəzaya yol açması indi bütün dünyada Ümumdünya Aviasiya və Kosmonavtika Günü kimi qeyd edilir. Artıq kosmonavtika tarixinin yarım əsrlik ən gərgin dövrü arxada qalmış, indi dünyanın bir çox ölkələrində kosmik tədqiqatlar dövlətin iqtisadi inkişafında mühüm rol oynayan prioritet sahəyə çevrilmişdir. Bu gün insan zəkasının yaratdığı xariqələr milyonlarla kilometr məsafədə baş verən prosesləri izləməyə, planetlərin fiziki təbiətini öyrənməyə, qalaktikamız haqqında məlumatları dəqiqləşdirməyə, bir sözlə bəşəriyyətin mövcudluğunu diktə edən kainatın sirlərini açmağa imkan verir.

 

Əbəs yerə XX əsri kosmos əsri adlandırmamışlar. İnsanın yerətrafı orbitə çıxması, açıq kosmosda müşahidələr aparması, kosmik gəmilərin birləşərək müştərək uçuşları yerinə yetirməsi, kosmik laboratoriyalarda uzunmüddətli tədqiqatların həyata keçirilməsi, heyətin bir-birini əvəz etməsi son 50 ilin tarixi nailiyyətləri, yaddaşlarda qalan ən xoş xatirələridir.

Müasir dövrümüzdə kosmik tədqiqatlar bəşəriyyətin kardinal problemlərinin həllinə yönəlməklə ətraf mühitin öyrənilməsində, xammal və enerji ehtiyatlarının axtarışında, informasiya texnologiyalarının təkmilləşdirilməsində böyük nailiyyətlər əldə etməyə imkan vermişdir. Elmi-kosmik komplekslər hazırda Yerətrafı kosmik fəzanın, Ayın, planetlərin, Günəşin, ulduzlararası mühitin və Kainatın digər obyektlərinin tədqiqində əsas vasitəyə çevrilmişdir. Bu istiqamətdə aparılmış tədqiqatlar ətraf mühitin tədqiqində unikal materialların əldə edilməsinə şərait yaratmış, nəticədə Yerətrafı və planetlərarası fəzanın fiziki modellərini qurmaq, Ay süxurlarını və Veneranın atmosferini öyrənmək, Marsın səth təsvirlərini əldə etmək, digər planetlər və Günəş haqqında bilikləri genişləndirmək mümkün olmuşdur.

İnkişaf etmiş dünya ölkələrinin aparıcı təşkilatlarında kosmik texnika və texnologiyaların yaradılması, istismara verilməsi və alınmış məlumatlardan istifadə sahəsində geniş təcrübə əldə edilmişdir. Alınmış məlumatlar yeni nəzəriyyələr və hipotezalar doğurmuş, onlar isə öz növbəsində yeni məsələlərin həllinə və texnoloji tələblərin işlənilməsinə meydan açmışdır.

Sovetlər birliyi dövründə kosmik fəaliyyət müttəfiq respublikaların əksəriyyətinin aktiv iştirakı ilə mərkəzləşdirilmiş qaydada həyata keçirilmiş, əldə edilmiş nəticələr onların maraq dairəsində öz tətbiq sahələrini tapmışdır. Kosmik tədqiqatlar üçün nəzərdə tutulmuş və müdafiə təyinatlı hər bir məhsul yüzlərlə konstruktor bürosunun, elmi-tədqiqat institutları və sənaye müəssisələrinin sıx kooperasiyası ilə layihələndirilmiş və istehsala təklif edilmişdir.

Kosmik sənaye dedikdə təkcə kosmik daşıyıcıların yaradılması və istismarı deyil, eyni zamanda kosmik maşınqayırmanın inkişafı, kosmik komplekslərin layihə simasının təkmilləşdirilməsi, kosmik tədqiqatların nəticələrinin analizi, təsərrüfat əhəmiyyətli məsələlərin həlli, aparaturaların qurulma prinsiplərinin işlənilməsi, informasiyanın toplanılması və emalının müasir texnologiyalarının yaradılması, həmçinin yeni növ materialların hazırlanması və s. başa düşülür.

Kosmik fəaliyyəti tənzimləyən ilk qanunvericilik aktı hələ 1958-ci ildə "Aeronavtika və kosmik fəzanın tədqiqi haqqında Qanun" kimi Amerika Birləşmiş Ştatları tərəfindən qəbul edilmişdir. Sonralar dünyanın müxtəlif ölkələrində kosmik fəaliyyəti tənzimləyən bir-birindən fərqli milli qanunvericilik aktları qəbul edilmişdir. Lakin buna baxmayaraq hətta inkişaf etmiş ölkələrin bəziləri (Almaniya, İtaliya, Hindistan, Çin və s.) kosmik fəaliyyət haqqında kompleks qanunlar qəbul etməmiş, ancaq bəzi fəaliyyət növlərinin lisenziyalaşdırılmasının dövlət tənzimlənməsi məsələləri ilə kifayətlənmişlər. Digər dövlətlər (Avstraliya, İsveç, Cənubi Afrika Respublikası və s.) isə kosmik fəaliyyət sahəsində öndə olmasalar da, kifayət səviyyədə mükəmməl qanunvericilik bazası yaratmışlar.

Sovetlər birliyi süquta uğradıqdan sonra Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr kosmik infrastrukturun avtonom fəaliyyət göstərməsi üçün ehmallı keçid prinsiplərini əsas götürmüşlər. MDB dövlətləri SSRİ-dən varis qalmış kosmik sənaye potensialını qoruyub saxlamaq üçün bir sıra tədbirlər görmüş və 1992-ci ilin sonunda Kosmos üzrə Dövlətlərarası Şura yaradılmışdır. Buna baxmayaraq müstəqil dövlətlər öz maraqları çərçivəsində kosmos sahəsində SSRİ-dən miras qalmış ənənələri davam etdirmiş, kosmik sənayenin konversiyalaşdırılması, onun iqtisadiyyatın mülki sektoruna yönəldilməsi, digər ölkələrlə beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində bir sıra nailiyyətlər əldə etmişlər.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan Milli Aerokosmik Agentliyinin (MAKA) 35 illik fəaliyyəti dövründə alim və mütəxəssislərimiz kosmik texnologiyaların tətbiqi və elmi kosmik cihazqayırma sahəsində bir sıra nailiyyətlər əldə etmiş və alınmış nəticələrin beynəlxalq miqyasda nümayiş etdirilməsinə nail olmuşlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 avqust 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" yerin kosmosdan tədqiqi sahəsində respublikamız üçün perspektiv istiqamətləri müəyyənləşdirmiş, MSN-nin birlik və müəssisələrinin, o cümlədən MAKA-nın texniki tərəqqisi üçün yeni imkanlar yaratmışdır. Həmin Proqramın icrası ən müasir texnologiyalara əsaslanmış istehsal fəaliyyətinin təşkili üçün yeni nailiyyətlərin qazanılmasında, respublika iqtisadiyyatının daha sürətlə inkişaf etməsində, ölkəmizin müdafiə qüdrətinin möhkəmlənməsində öz töhfələrini verməkdədir.

Azərbaycan Prezidentinin bu addımı kollektivimiz tərəfindən ölkəmizdə kosmik texnologiyaların mənimsənilməsi yolunda ulu öndər Heydər Əliyev tərəfindən hələ 1974-cü ildə təməli qoyulmuş irsin sadiqliklə davam etdirilməsinin təntənəsi kimi qiymətləndirilmişdir. Çoxillik fəaliyyətləri ilə yeni cihaz və avadanlıqların yaradılmasında, peykaltı məlumat-ölçü sistemlərinin sınaqdan keçirilməsində, əldə edilmiş nəticələrin beynəlxalq miqyasda nümayiş etdirilməsində öz töhfələrini vermiş əməkdaşlarımız MAKA-nın yaxın 5 il üçün tədqiqat istiqamətlərini müəyyənləşdirən "Fəaliyyət Proqramı"nı hazırlayaraq müvafiq dövlət strukturlarının müzakirəsinə təqdim etmişlər. "Kosmik sənayenin yaradılması və inkişafı üzrə 2010-2014-cü illər üçün MAKA-nın Fəaliyyət Proqramı" bir sıra məqsədyönlü tədbirlərin həyata keçirilməsini nəzərdə tutmuşdur.

Fəaliyyət Proqramında MAKA-da ötən illərdə həyata keçirilmiş layihələr üzrə alınmış nəticələr ətraflı təhlil edilmiş, Dövlət Proqramından irəli gələn vəzifələr müəyyənləşdirilmiş, beynəlxalq kosmik təşkilatlar üzrə qəbul olunmuş bir sıra qərarların qısa şərhi verilmişdir. Bununla da, beynəlxalq təcrübəyə əsaslanaraq ilk növbədə kosmik sənayenin inkişafını tənzimləyən hüquqi-normativ bazanın yaradılması əsas məsələlərdən biri kimi Fəaliyyət Proqramında əksini tapmışdır.

Eyni zamanda kosmik sənaye infrastrukturunun əsas komponentləri müəyyənləşdirilmiş, onların funksional imkanları araşdırılmış və respublika ərazisində quraşdırılması prinsipləri ətraflı şərh edilmişdir. Proqramda MAKA-nın mövcud yerüstü infrastruktur imkanlarından səmərəli istifadə edilməsi, kosmik məlumatların qəbulu mərkəzlərinin yaradılması məsələlərinə də baxılmışdır.

Struktur-təşkilati işlərin həyata keçirilməsi, idarəetmə prinsiplərinin təkmilləşdirilməsi, həmçinin MAKA-da fəaliyyət göstərən Kosmik Məlumatların Qəbuledici Kompleksinin modernləşdirilməsi və yeni proqram modullarının quraşdırılması məsələlərinə Proqramda geniş yer verilmişdir. Həmin Kompleks vasitəsilə əldə edilən məlumatların bir sıra iqtisadi, strateji və müdafiə əhəmiyyətli məsələlərin həllində əvəzedilməz vasitəyə çevriləcəyi praktiki cəhətdən əsaslandırılmış, həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlər çərçivəsində aerokosmik məlumatların qəbulu və emalı üçün zəruri olan yeni texnologiyalar və proqram-aparat vasitələrinin əldə olunması xüsusilə vurğulanmışdır.

Bundan başqa kosmik sənayenin yaradılması ilə əlaqədar istehsal fəaliyyətinin təşkili, regional şöbələrdə təcrübi sahələrin yaradılması, yenidənqurma və rekonstruksiya tədbirlərinin həyata keçirilməsi məsələləri də ətraflı şərh olunmuşdur.

MAKA-nın fəaliyyətə başladığı ilk günlərdən onun əsas elmi potensialı respublikanın ali məktəblərini bitirmiş gənc mütəxəssislərin kütləvi şəkildə işə cəlb edilməsi ilə formalaşmış və sonralar onların kosmik elm və texnologiyalar sahəsində sovetlər birliyi məkanında xüsusi təcrübə keçmələri üçün tədbirlərin görülməsi ön plana çəkilmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra MAKA respublika iqtisadiyyatının inkişafına xidmət edən bir sıra vacib layihələrin icrasında iştirak etmiş, beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində mühüm nailiyyətlər qazanılmışdır. Lakin, digər ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda kadrların hazırlanması məsələləri müəyyən çətinliklərlə bağlı olmuş və bu istiqamətdə əməli tədbirlərin həyata keçirilməsi zərurəti qarşıya çıxmışdır. Sonrakı dövrdə MAKA bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri yaratmış, kosmik elm və texnologiyaların müxtəlif sahələri üzrə hər il bir neçə mütəxəssisin xüsusi treyninq kurslarında iştirak etməsinə nail olunmuşdur. Agentlik 2003-cü ildən Beynəlxalq Astronavtika Federasiyasının, 2009-cu ildən isə Kosmik Elm və Texnologiyalar üzrə Beynəlxalq İslam Təşkilatının üzvlüyünə qəbul edilmişdir.

Kosmik tədqiqatlar özünəməxsus spesifik xüsusiyyətlərə malik sahə olduğundan, bu çərçivədə tədqiqat işlərini yerinə yetirən hər bir mütəxəssis müxtəlif elmi istiqamətlərin vəhdətində öz mövqeyini müəyyənləşdirməyi bacarmalı, əqli məhsulu təqdim etməyə imkan verən yeni texnologiyalara yiyələnməlidir. Bu texnologiyalar isə aerokosmik məlumatları toplamaq, sistemləşdirmək və emal etmək üçün zəruri olan müxtəlif texniki qurğulardan, proqram-aparat vasitələrindən, poliqon tədqiqatları cihazlarından və digər elementlərdən ibarətdir ki, kosmik sənayenin yaradılması və inkişafı proqramı üzrə onlar əldə edilməli və hazırlanacaq kadrlar bu texnologiyaları dərindən mənimsəməlidirlər.

Proqramın sonuncu bölməsi Azərbaycanın məsafədən zondlama milli peykinin yaradılması və istismara verilməsi məsələlərinə həsr edilmiş, onun strukturunun yerüstü seqmentinin əsas funksiyaları və fəaliyyət prinsipləri göstərilmişdir. Sonda Yerin məsafədən zondlanmasında istifadə edilən kiçik ölçülü peyklərin texniki parametrlərinin qısa xülasəsi verilmiş, onların Respublika iqtisadiyyatının inkişafına xidmət edən məsələlərin həllində gərəkli olması əsaslandırılmışdır.

MAKA-nın əməkdaşları 12 aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Gününü iftixarla qeyd edəcəklər. Lakin kosmosun fəthi tarixinə ilk Azərbaycan səhifələrinin 1932-ci ildə yazıldığını yada salsaq səhv etmərik. Belə ki, həmin il Moskvada fəaliyyət göstərən "Reaktiv hərəkəti öyrənmə qrupu"nun Bakı filialı yaradılmış, iştirakçılar tanınmış rus ixtiraçısı Konstantin Siolkovski ilə yazışmalar aparmış, onunla görüşərək dəyərli məsləhətlər almışlar. Sonralar isə həmin qrupun buraxdığı ilk raket moskvalı həmkarların tövsiyəsi ilə Bakılı ixtiraçılar tərəfindən yerli neft məhsullarından hazırlanmış qatılaşdırılmış benzinlə işləmişdir.

İnanırıq ki, yaxın onillik ölkəmizin kosmonavtika tarixində daha əlamətdar olacaq, Azərbaycanın milli peykləri kosmik fəzaya yol açacaq, kosmik texnologiyaların gündəlik həyatımıza nüfuz etməsi üçün yeni imkanlar yaranacaqdır.

 

 

Alçın ŞİRİNZADƏ,

Milli Aerokosmik

Agentliyinin Baş direktoru,

texnika elmləri doktoru

 

Azərbaycan.- 2010.-  11 aprel.- S.  4.