Bir boxçanın sirri

 

Yaxud, "yaş"ı 65-i ötmüş üçkünc əsgər məktubları nə söyləyir

 

 İkinci dünya müharibəsində Azərbaycanın neçə oğlunun silaha sarılaraq rəşadət göstərdiyi, neçəsinin öz həyatından keçdiyi və neçəsinin sağlamlığını itirərək yarımcan olduğu çoxuna bəllidir. Faşistlərin üstünə şığıyan tankların, başına od ələyən təyyarələrin yanacaq çənlərinə neçə barel Azərbaycan neftinin axıdıldığını da alimlər hesablayıblar. Amma neçə azərbaycanlı ananın sinəsi dağlı qaldığının, neçə qızın nişanlısını gözləyə-gözləyə qarıdığının, neçə gəlinin qocalıb beli bükülənədək ərinin getdiyi yollara baxdığının, neçə körpənin ata həsrəti çəkdiyinin statistikasını heç kəs aparmayıb. Bəlkə belə bir statistika heç lazım da deyil. Çünki bu zərbəyə tab gətirənlərin mənəvi gücünü ölçəcək bir meyar, qiymətini göstərəcək bir rəqəm yoxdur. Silah tutan Azərbaycan oğlunun qolunun qüvvəsi, ürəyinin təpəri də məhz bu zənginlikdən "qida" alırdı.

Saray nənə hamıdan pünhan bir boxça saxlardı. Nə idi boxçanın içərisindəki? Pulmu, qızılmı, gümüşmü? Bunu bilən yox idi. Hərdən axşamlar xəlvətcə açıb boxçanın içərisindəkilərə baxar, sonra onu yenidən gizlədərdi. Sirr 2009-cu ilin mart ayında, Saray nənə dünyasını dəyişəndən sonra açıldı.

Boxçanın içərisində solub-saralmış kağız parçaları toplanmışdı. Üçkünc şəkildə bükülməsi onların hərb illərinin yadigarı - əsgər məktubları olduğundan xəbər verirdi. Bəzən bir məktub iki, hətta üç kağız parçasında yazılmışdı. Bir-birinə yapışqanla calanmış bir neçə kağız parçasından ibarət olan, mürəkkəbinin rəngi solan bu məktublar Saray nənənin kompüter əsrində yaşayan yeniyetmə nəticələrini bir filmdə gördükləri sehrli xalça kimi ötən əsrə qanadlandırdı.

Boxçanın içərisində üç gəncin şəkli də var idi ki, bunları da fəhm və intuisiya ilə yalnız Saray nənənin qızı Bəhiyyə xanım tanıya bildi. Bunlardan biri Sarayın həyat yoldaşı, biri qardaşı, biri isə qaynı idi. Yəni, şəkildəkilər Bəhiyyənin atası Abdulrəhman, dayısı Baba və əmisi Mehman idilər.

Üçü də İkinci dünya savaşından qayıtmamışdı. Məktublar isə əsasən Abdulrəhmandan gələn məktublar idi.

 - Atam Abdulrəhman Əhmədov Neftçala rayonunun Xolqarabucaq kəndində məktəb direktoru olub. Mən onu xatırlamıram. Təbii ki, atam heç yaddaşımda qala da bilməzdi. Çünki o, cəbhəyə gedəndə mən 15 günlük körpə olmuşam. - Hər dəfə olduğu kimi "ata" kəlməsini işlədəndə Bəhiyyənin gözləri yaşla dolur.

Müharibə başlayanda Abdulrəhmanın Sarayla ailə qurmasından cəmi il yarım keçmişdi. Həyat yoldaşı əsgər gedəndən sonra Saray sanki onu əvəz edərək məktəbdə müəllimlik etməyə başladı. Qayınana və qayınatasına hayan oldu, fidan balasını böyütdü. Onu oxutdurdu, gəlin köçürdü.

İllər sonra Bəhiyyə ailəsi ilə birlikdə yaşayış yerini Salyandan Bakıya dəyişəndə anasını da öz yanına gətirdi.

- Atamın müharibədə həlak olmasına anamı inandırmaq mümkün deyildi. O, ərinin son taleyindən xəbər verən heç bir sənədə, arayışa inanmaq istəmirdi. Elə hey yol gözləyirdi. Biz onu bu üzüntülü intizardan xilas etməyə çalışırdıq. Bir səhər söylədi ki, görürsünüzmü, yuxularım da fikirlərimə şahid durur. Bu gecə vaqiədə gördüyüm gerçəkdir. Abdulrəhman davadan salamat çıxıb, dünyanın harasında isə yaşayır. Onu niyə axtarıb tapmırsınız? Dedim ki, ay ana, əvvəla, onun müharibədə həlak olması dəqiqdir. Lap atamın davadan sağ çıxması barədə sənin fərziyyəni qəbul etsək belə, onu artıq gözləmək əbəsdir. Çünki çox illər keçib və özün də görürsən ki, onun yaşıdlarının əksəriyyəti artıq dünyasını dəyişib. Dinmədi. Amma məndən möhkəm incimişdi...E

Bu, fanatizm, isterika idimi? Kənardan baxanlar, məsələyə bələd olmayanlar bəlkə bunu ömrünün doqquzuncu onilliyini yaşayan qoca bir qadının ağlının çaşması hesab edərdi. Amma belə deyildi. Çünki Saray cavan yaşlarından israrla ərinin yolunu gözləyirdi. Hətta ürəyini aça bildiyi bacılarına, tay-tuşu, yaşıdı olan qız-gəlinə deyirdi ki, kim Abdulrəhmanın sağ olduğunu xəbər versə, var-yoxumu satıb onu dünya malından qane edəcəyəm.

 Bu, adicə bir sevgi, kor-koranə bir məhəbbət də deyildi. Onun təməlində səmimiyyət, paklıq, etibar dayanmışdı. Bu təməl saf bir Azərbaycan qızının və mərd bir Azərbaycan oğlunun əhd-peymanından yaranmışdı. Odur ki, Abdulrəhman hər məktubunda Saraya ürək-dirək verirdi. Yaman günün ömrünün az olduğunu, hər qaranlıq gecədən sonra aydın səhərin açılacağını xatırladırdı.

Bu sözlər də elə-belə yazılmırdı. Məktub müəllifinin zəngin mənəviyyatından və sonsuz sədaqətindən qaynaqlanırdı. Və bu yerdə həmin məktublardan birini, yalnız birini götürüb onu ətraflı şərh etmək istəyindən vaz keçə bilmirik.

Məktubu Abdulrəhman əmisinin həyat yoldaşı Lizə xanıma ünvanlayıb. Adətən o, məktublarını Lizəyə göndərir, Saraya deyiləcək sözlərini də burada yazırdı. Bu incəliyi duymaq üçün gəlin Azərbaycan xalqının, ələlxüsus Azərbaycan kəndi camaatının (istər Bakı kəndləri, istərsə də hər hansı başqa bir bölgənin kəndi olsun) mentalitetini, əxlaq normalarını xatırlayaq. Cavan ər-arvad ağsaqqal, ağbirçək yanında abırla dolanar, bir-birinin adını çəkməz, uşaqları qucağa götürməzdilər. Abdulrəhmanın məktubları birbaşa həyat yoldaşına yazmaması da bu əxlaq "kodeks"i çərçivəsində idi. Bir məqam da odur ki, ata-ana ilə pərdə saxlayan gənc (fərqi yoxdur - oğlan, ya qız) ürək sözünü xalaya, bibiyə, əmi-dayı arvadına deyərdi. Bəlkə elə bu səbəbdən - ailəsinin vəziyyətini valideynlərindən soruşmağa utandığından məktublarını heç onlara da yox, əmisigilə yazırdı. Ata-anasına olan sözünü də bu məktublara daxil edirdi.

Ümumi hal-əhvaldan, valideynlərinin və bütün qohum-əqrəbanın vəziyyətini xəbər aldıqdan sonra Abdulrəhman "Bacım Lizə püstə" (bu bölgədə o zaman "püstə" əzizləyici söz kimi işlədilirdi) deyə müraciət etdiyi əmisi arvadına Sarayı tapşırır: "Sarayı mən gəlincə darıxmağa qoymayın. Mənə olan hörmətinizi ona edin. Heç darıxmayın. Bu sınaq tək mənim üçün deyil, bütün cavanlar əsgər gedib. Sağlıq olsun, gələcəm".

Abdulrəhman məktubunun ailədə həyəcanla, qəhərlə oxunacağını bilərək bu sözlərdən sonra dərhal yumora keçir: "Gələcəm. Amma arxayın olun, 70 nemis (yəni alman faşisti - F.S.) öldürməyincə kəndə gəlmərəm".

Amma nə qədər nikbin danışsa da, Abdulrəhmanın qəlbində bir nisgil vardı. Çünki hər tərəf od tutub yanırdı, kəndlər-şəhərlər dağılır, gündə gözü qarşısında neçə-neçə igid gənc həlak olurdu. Aydın idi ki, belə bir tale hər an Abdulrəhmanın da payına düşə bilər. O isə orada, uzaq Xolqarabucaq kəndində körpə bir bala qoyub gəlmişdi. İndi artıq totuq əllərini yollara tərəf uzadan balaca Bəhiyyənin "ata" deyə dili açılırdı. Abdulrəhmanın bu kəlməni heç vaxt eşitməyəcəyi sanki ürəyinə dammışdı. Amma təsəllisi də vardı ki, qızı onun həyatının davamı olacaq. Ona görə də yazırdı: "Bacım Lizə püstə, o balaca qızdan muğayat olun. O, məndən yadigar qalıbdır. Onu pambıq içərisində bəsləyin. O qız mənim təsəllimi sizə verəcək".

Abdulrəhmanın ürəyinə gələn başına gəldi. 1945-ci ilin faşizm üzərində qələbəyə doğru gedən ölüm-dirim günlərindən birində onun həyatı qırıldı. Hərçənd ki, ömür-gün yoldaşı Saray xanım son nəfəsinədək buna inanmadı. Elə hey deyirdi ki, Abdulrəhman yaşayır. Digər tərəfdən, o xanım haqlı idi. Çünki Abdulrəhmanı öz sədaqətində yaşatmışdı.

Bu gün isə Abdulrəhman pöhrələnib min budaq olaraq nəvə-nəticələrinin qəlbində, əməlində yaşayır.

 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2010.-11  aprel.- S.  5.