Gəncə şəhəri əfsanələrdə yaşayan ulu tarixin paytaxtıdır

 

 Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" proqramına əsasən "Gəncə - Azərbaycanın əfsanələr paytaxtı - 2010" elan edilmişdir. Bu, hələ yazı mədəniyyətinin kifayət qədər formalaşmadığı bir dövrdə şifahi el sənətində rəvayətlər, əsatirlər, əfsanələr şəklində yaddaşlarda yurd salaraq və nəsillərdən-nəsillərə keçən tariximizin ilk rüşeymlərindən, qaynaqlarından xəbər verir.

 

Əfsanə tarix deyil, lakin əfsanə tarixsiz də deyil

 

Müdriklər belə deyirlər. Rəvayətlər, əfsanələr elə bir xəzinə, elə dəryadır ki, ən zərif incilər onun qoynunda tapılar. Ən dürlü yəqinlərin, ən dürüst həqiqətlərin işartısı orada görsənər. Ulu Gəncənin tarixini araşdırarkən ilk öncə Dədə Qorqud işığında rəvayətlərə, əfsanələrə baş vurdum.

Bu yerlərdə Vətən, yurd məhəbbəti, kişi hünəri, qadın sədaqəti barədə o qədər əfsanə, rəvayət var ki... Əfsanələrin bəziləri zaman keçdikcə unudulmuş, bəziləri daşlarla, qalalarla, binalarla, bulaqlarla, şəhər və kəndlərlə bağlanaraq zəmanəmizə qədər gəlib çatmışdır. Başqa sözlə desək, xalqın iftixarı da, könül qubarı da, pünhan arzuları da dağlara, daşlara köçüb, rəvayətlərə, nağıllara hopub, zaman-zaman yaşayır. Gəlin onları incələyə-incələyə bu qədim diyarın tarixini, adət-ənənəsini araşdıraq.

Gəlin qayası. Yazın gül-gülü, çiçək-çiçəyi çağıran zamanı imiş. Təzə gəlin körpəsini qucağına alıb çölü-çəməni gəzməyə çıxır. Görür ki, sonalar göldə üzür. Çox xoşuna gəlir. O da soyunub gölə girir. Gəlinin ağ, mərmər bədəni ətrafa sanki işıq saçır.

Çiçəkli dağda gəzişən qocanın qəfil gözü sataşır, elə bilir ki, suda çimən mələkdir, heyran qalır.

Gəlin də qocanı görür, tanıyır. Sən demə, qayınatası imiş. Gəlin körpəsini də qucağına alıb evə yollanmaq istəyir, ancaq yerindən tərpənə bilmir, üzünü göylərə tutur: "Rüsvayçılıqdan ölüm yaxşıdır. Necə çıxım ağsaqqalın üzünə? İlahi, daşa döndər məni".

Deyirlər, yazıq gəlin elə oradaca daşa dönür. "Gəlin qayası" adlanan daş heykəl Maralgölün yanındadır.

Yaslı qaya. Əmirvar meşəsində də bir daş abidə belə adlanır. Kasıb Ələsgərin varlı ailədən bir gözaltısı var idi. Qız da ki, dağlar maralı! Gözəl-göyçək, boylu-buxunlu. Cavanların çoxu ona aşiq imiş. İçində də dövlətdən sazın, ağıldan azın birisi zorla da olsa qızı almaq istəyirdi. Var varı çəkər. Qız atası bu oğlana tərəf meyillənir. Qızın isə ürəyi Ələsgəri tutubmuş, oğlan nə illah eləyir, qızı ona vermirlər.

Bir axşam onlar bulaq başında görüşürlər. Vədələşirlər ki, sabah gün əyiləndə qoşulub dağlara getsinlər. Vədə tamamında sevgililər qol-qola verib sığınacaq üçün bir qayanın ağuşuna pənah gətirirlər. İstəyirlər elə buradaca ev tikib mal-qara saxlasınlar, gün-güzəran keçirsinlər.

Bundan xəbər tutan qızın atası bərk qəzəblənir, nökər-naibini başına toplayıb onun dalınca gedir. Görür ki, sevgililər bir qayanın qoynuna sığınıblar. Elə oradaca Ələsgəri vurub öldürür. Qız başıdaşlı neyləsin? Görür, iş işdən keçib. "Ələsgər, gəlirəm" deyib, tez özünü qayadan atır. Yaslı qayanın nəmli sinəsi, deyirlər, o gündən iki ürəyin nisgilini çəkir.

Qız-qala. Balçılı dağlarında iki tayfa yaşayırmış. Bunlardan birinə talalılar, digərinə isə qalalılar deyərmişlər. Bu qonşu tayfalar arasında torpaq, su üstündə tez-tez dava-dalaş olarmış.

Talalılar sayca çox, qalalılar isə az imişlər. Amma qalalılar cəngavər adamlarmış, həm də onlar uca qayaların zirvəsində məskən salıblarmış. Talalılara qoca bir kişi, qalalılara isə ox atmaqda mahir olan Ağca adlı bir qız başçılıq edirmiş.

Bir gün talalıların tayfa başçısının oğlu Ağcaya elçi göndərir. Qız deyir:

- Sözüm yoxdur, amma bir şərtim var: tayfalarımız yola getmirlər, sudan da çox korluq çəkirik. Əkinimiz, biçinimiz az olur. Oğlan əgər məni sevirsə, Quşqaradan Quru Qobuya su çəksin.

Xəbəri oğlana çatdırırlar. Əlüstü razı olur. Neçə vaxt əlləşib arx çəkir. Lakin su yolda hopur, Quru Qobuya gəlib çıxmır. Oğlan çarəsiz qalıb arx boyu şüşə düzdürür. Gün çıxanda şüşə su kimi bərq vurur.

Bir səhər oğlan qızı çağırır ki, buyur, su hazır! Qız baxır, məsələni anlayır...

Oğlan atasının yanına kor-peşman qayıdır. Əhvalatı ona danışır. Qoca deyir:

- Qala çayının qırağına gözətçi qoyun. Ağca suya gələndə götürüb qaçın.

Ağca da talalıların hiyləyə əl atacaqlarını bilirmiş. Elə həmin gündən suya getmir. Səhəngi uzun hörüklərinin ucuna bağlayır, qala çayına sallayıb su götürür.

Sən demə, Ağcanı öz tayfalarından Qaya adlı kasıb bir oğlan da sevirmiş, amma qəlbindəkini aça bilmirmiş, Ağcanı qoşa hörükləri ilə su götürəndə görür, ürəyi ağrıyır. Qaya gündüzlər yatır, gecələr yerin altı ilə Sarı bulaqdan qalaya gizlincə su çəkir.

Bu ara söz yayılır ki, talalılar hücuma hazırlaşırlar. Ağca sevgilisi Qayanı yanına çağırır.

- Gəlsənə, - deyir, - biz onları qabaqlayaq. Gecə yarı ilxını talalılara tərəf ötür. Elə biləcəklər ki, biz vuruşa başlayırıq, yuxulu-yuxulu bir-birini qıracaqlar.

Belə də olur. Çarpışmada qalalılar da az zərər çəkmirlər. Vuruşmada Qaya da ölür. Ağca onu öz qızıl yəhəri ilə birlikdə qalanın başında dəfn edir. Sonra isə qalanın gah bu, gah da o bürcünə qaçıb ox atır ki, tək olduğu bilinməsin.

Təngə gələn talalı ağsaqqallar hiyləyə əl atırlar. Deyirlər, qalanın yəqin gizli su yolu var, gəlin kəsək. Çoxlu arpa yemiş susuz qatırı qalanın dövrəsində gəzdirirlər. Ağca görür qatır Sarı bulaq tərəfə gedir. Talalıların niyyətini anlayır və fürsət tapan kimi qaladan çıxıb gedir. Talalılar su tüngünü dağıdıb bir xeyli gözləyirlər. Görürlər ki, Ağca qaladan çıxmır, onda hücuma keçirlər. İçəri girəndə baxırlar hər yan boş, Ağca da yox.

- Tayfam qırıldı, oğlum öldü. Tala oldu qanlı tala, dağılmadı, dağda qala. - Bunu deyib qoca canını tapşırır.

Bəlkə də bu, bir rəvayətdir. Həqiqəti isə budur ki, həmin qalanın izləri indi də durur. Su mühəndisi Namaz Quliyevlə Molla Asman sahəsinə getdik. Dağların ətəyində qədim bir kəhriz! Dağların başında isə yuxarıda dediyimiz Qız-qala. Elə uzaqdan açıq-aydın görünür. Eləmədik tənbəllik, düz qalaya qalxdıq.

Qala nə qala, yığcam bir şəhərcik! Dörd-beş qala və qalaça bir-birinə söykənib, dayaq olub. Daxili yollar, dairəvi sal divarlar dağların başında necə də əzəmətlə ucalır! İrəli-geri boylandıq. Öndə geniş bir vadi, başda Balçılı kəndi, bir az da qabaqda qədim Gəncə! Hər yan apaydın görünür. Elə bil ovcunun içindədir.

Qalanın arxasında isə əzəmətli dağlar. Dərələr, döngələr boyu qıvrıla-qıvrıla cığırlar, yollar gəlir. Yaraşıqlı vadiyə heyranlıqla baxırıq. Orada-burada xaraba yerlər görünür. Təpələrin arxasından uçuq barılar boylanır. Ortalıqda isə dupduru kəhriz suyu axır.

Bir qərib məzar da var. Gəncədən bir az o yana, Qoşqar səmtdə. Bu yerləri çoxları tanıyır. Haqqında çox rəvayət danışılır. Rəvayət öz yerində, tarixdə də bu söhbətin izi-sorağı qalır, yaşayır. Mənası budur ki, gəncəlilər həmişə dosta dost, düşmənə düşmən olublar. Dünyanı sarsıdan Roma ordularının da bu yerlərdə burnu möhkəmcə ovulub. Rəvayətin də adı belədir, həqiqətən də: Roma qəbiristanlığı.

İranı-Turanı viran edən Roma qoşunları Gəncə dağlarında dirənib qalır. Kişilər bir yana, qadınlar da at minir, qılınc çəkir, ox atır, düşməni göz açmağa qoymurlar. Qırılan qırılır, qalanlar da ehtiyatla düzənliyə yığışır ki, pusqu qurub qadınların enməsini gözləsinlər.

Yad yerdə hava da, torpaq da düşmənə qənim kəsilir. Yağış bir yandan, duman bir yandan. Yolu-rizi itirirlər. Bir talaya sığınırlar. Bu zaman hər yandan dolu kimi ox yağmağa başlayır. Səhərəcən beləcə davam edir. Gün çıxıb, duman da çəkiləndə romalılar görürlər ki, at belində qılınc oynadan bu döyüşçülərin çoxu qadın imiş.

Qırılan qırılıb, sağ qalanı da yerə uzanıb əllərini göyə qaldırır. Cəngavər qadınlar deyirlər ki, qalxın ayağa, daha sizinlə işimiz yoxdur, amandasınız. Gəldiyiniz yolla geri qayıdın. Öz padşahınıza deyin ki, bir də bizim tərəflərə qoşun göndərməyə cürət eləməsin.

 

Göygölün, Kəpəzin öz sözü-söhbəti var

 

 Tarix öz sirrini-sovunu beləcə nağıllarda, əfsanələrdə, rəvayətlərdə saxlayır. Bu el sözlərində tam xəyalisi də var, tam həqiqəti də, həqiqətə bənzəri də. Təkcə insanların yox, Gəncə dağlarının, çöllərinin, göllərinin də belə deyimləri, duyumları az deyil. Kəpəzin, Qoşqarın, Murovun "tərcümeyi-halına" bir baxın. Özü də bir deyil, bir neçə variantı qalır onun. Yeri gəlib, ən çox eldə-dildə gəzənlərdən ikisini söyləyim sizlərə.

Birinci variant: Alvız ana sac asıb yuxa bişirmək istəyirdi. Xəmiri kündələyib yığır, yuxanı bir-bir yayıb süfrəyə sərir, sacın qızmağını gözləyirdi. Böyük oğlu Qoşqar, ortancıl oğlu Murov, kiçik oğlu Kəpəz də ocağın qırağında oturublarmış. Qabaqlarında da dələmə, ovma. Yuxa bişdikdə bölüşdürüb isti-isti yeyəcəkmişlər.

Alvız ana ilk yuxanı sacın üstünə salan kimi Kəpəzin tərsliyi tutur:

- Bu yuxa mənimdir, - deyir, - heç birinizə verməyəcəyəm.

Murov etiraz edir:

- Yox, mənimdir. Hər şeyin ilki həmişə sənə niyə düşür?

Qoşqar onlara acıqlanır:

- İndi ki belə oldu, heç biriniz əl vurmayın. Gözləyərik, üç yuxa bişər, hərəmiz birini götürərik.

Qardaşlar höcətləşir, yuxa bişməmişdən bir-birinin yaxasını cırası olurlar. Alvız ana nə qədər təpinirsə, kirimirlər. Kəpəzlə Murov dalaşmağa başlayır. Qoşqar onların arasına girir. Murov bir kösöv götürüb Kəpəzin peysərinə endirir. Kəpəz bar-bar bağırır. Boynunu tutub qaçır.

Qoşqar Kəpəzi çox istəyirmiş, kiçik qardaşının şivəninə dözmür, qızmar sacı qaldırıb Murovun başına çırpır. Murov da çığıra-çığıra başqa səmtə üz tutur.

Alvızın üzü bozarır. Qoşqar döyüləcəyindən qorxub günbatana yüyürür.

Üç qardaşın hərəsi bir yanda qərar tutur, Alvız dağı tək qalır. O vaxtdan bəri qardaşlar öz analarına, ana da öz oğullarına baxa-baxa qocalırlar. Hər bulaq, hər çay onların bir göz yaşıdır, onların bu həsrətləri, bu intizarları dənizlərdə, dəryalarda görüşür.

İkinci variant: Pirsultan ananın iki oğlu olur. Bir gün böyük qardaş anasına üz tutub deyir:

- Ana, kiçik qardaşım başını geri tutsa, Kürün üstünə kölgə salaram.

Pirsultan ana kiçik oğluna deyir:

- Başını geri tut, oğlum, böyük qardaşın Kürün üstünə kölgə salmaq istəyir.

Kiçik qardaş ananın sözünü eşitmir. Qardaşlar dalaşırlar. Bu vaxt Pirsultan ana çörək bişirirmiş. Kiçik qardaş ocağın altından kösövü çəkir, böyük qardaşa atır, oğlanın qolu yaralanır. Ana onları güclə aralayır.

Böyük qardaş acıqlı-acıqlı sacı ocaqdan çəkib kiçik qardaşına atır, oğlan yıxılır. Pirsultan ana narahatlıqla deyir:

- Yaxşı iş görmədin, bax gör qardaşına nə oldu.

Böyük qardaş kədərlə cavab verir:

- Baxdım, - deyir, - başı zərbədən yastılanıb, kuhi-pəz olub.

Bu xəbərdən ana sarsılır.

O vaxtdan kiçik qardaşın adı Kəpəz qalır.

Böyük qardaşın başı dərddən bir gecədə ağarır.

Səhər açılır. Ana böyük oğluna baxıb heyrət içində deyir:

- Qaş qardı, yoxsa bir gecədə oğlumun başı ağarıb?

Böyük qardaşın adı Qoşqar qalır.

Bəs Göygöl, Maralgöl? Rəvayət, ehtimal, söz-söhbət çoxdu.

Əfsanə. Gəncə xanı hər ilin yaz-yay aylarında Kəpəzdə olarmış. Xanın orada yurd-yeri varmış. O, xəzinəsini də bu yurdun altına basdırıbmış.

Bir ili payız elə gözəl keçir ki, hər yanı otlaq basır, yurdlar itir. Xan bir də yaylağa çıxanda öz yerini tapa bilmir. Ünnüyə düşər deyə, bir yer seçib alaçıq qurur, lakin altdan-altdan yurdunu gəzir. Tapa bilmir.

Xanın gənc bir çobanı varmış. O çoban da xanın qızı Maralı sevirmiş. Qız da bunu hiss eləyibmiş. Lakin hər ikisi bilirdi ki, bu, baş tutan sevda deyil.

Çoban tütək çalar, dərələrə səs salarmış. Xan bir gün fikir verəndə görür ki, çoban tez-tez təkrar edir: "Xan qızını verərsə, yurd yerini deyərəm".

Xan arvadına deyir:

- Eşidirsən? O, mənim yurdumun yerini bilir, onu dilə tutmaq lazımdır.

Arvadı cavab verir:

- O, bizim Maralı sevir. Ancaq ümid verməklə yola gətirmək olar onu.

Hiddətindən bozaran xan "olsun" deyir.

Axşam süfrə başında Maral bir şərt qoyur:

- Kəpəzin sinəsində bir gözəl göl quruyur. Mən o oğlana ərə gedərəm ki, həmin gölə dağdan bir bulaq çəkdirsin.

Çoban təklifi qəbul edir. Dumanlı-sisli bir gündə xəzinədən xeyli qızıl götürüb usta çağırır, həvəslə, ürəklə işə başlayır.

Bir səhər bulağın suyu gölə tökülür. Eşidən-bilən xan qızı Marala "əhsən" deyir. Elə o gündən çeşmənin adı "Xan qızının bulağı", göl isə "Maralgöl" olur.

Qaldı Göygölün hekayətinə, zəlzələ əhvalatını hamı bilir. 1139-cu il sentyabrın 30-da olub. Özgə kövrək duyğular da var. Onlardan yalnız bircəsini yada salaq.

Görün şair nə deyir: Gəncənin yeznəsi Rəsul Rzanın (onun həyat yoldaşı Nigar Rəfibəyli köklü gəncəli idi) coşqun təxəyyülündə Göygöl belə parlayır. Onun "Alagöz" adlı lirik hekayəsində körpə İlyasa bir gün atası belə bir rəvayət danışır:

- Xəlilin oğlu Aslan ağır təbiətli, boylu-buxunlu bir igid imiş. Atası qocalıbmış. Aslan Gəncə çayının günçıxanındakı Rastabazarda olan bir komacıqda səhəng, küp, saxsı qazan qayırıb onunla dolanırmış. Bir gün səhəng almağa gələn bir kəndlinin yanındakı gözəl bir qız Aslanı valeh edir. Bütün qonşulara səs yayılır ki, Xəlilin oğlu aşiq olub. Məcnun kimi nə gecəsi var, nə də gündüzü. Demə, qız da oğlanı görən kimi bir könüldən min könülə vurulubmuş.

Qızın atası şəhərimizin yanındakı Sərkar kəndindən imiş. Bir gün, payızın əvvəl ayı, köç dağdan enəndə, həmin indi bu Göygöl olan yerdə düşərgə salıbmış. Qızın məhəbbətindən gecənin, gündüzün nə olduğunu bilməyən Aslan da Alagözü hər gün görmək, ondan təsəlli almaq üçün köçün izini tutub dağa gəlibmiş: düz üç ay Ördək dərəsinin meşələrində quş quşlayıb dolanıbmış. Hər səhər Ağbulağın başına gələr, səhəngdə su daşıyan Alagözə baxar, Alagöz də ona tamaşa edər, beləcə, gendən-genə gözləşib ayrılarmışlar...

Söz vaxtına çəkər, neçə il əvvəl belə bir axşamüstü imiş. Birdən hay-haray qopur, çaparlar atlarını Kəpəzə tərəf səyirdirlər. Bala xanın adamları yaraladıqları maralı qovurmuşlar. Qaşqa kəhər belində çaparaq keçən Bala xan çiynində səhəng suya gedən Alagözü görən kimi atın yüyənini çəkir.

- Mən maralımı tapdım, - deyib atdan enir. - Sən kimin qızısan?

Qızın nitqi quruyur.

- O səhəng nəmənədir ki, sənin kimi nazəninin çiyninə çıxıb!

Xan bunu deyib səhəngi sındırmaq istəyir. Bunları uzaqdan görən Aslan o dəqiqə xanın başının üstünü ley kimi alır.

- Ona dəymə! - deyir.

- Bu kimdi belə?

- O mənim yavuqlumdur! - qız deyir.

Xan qəzəblənir:

- Qız, bir yaxşı-yaxşı gözünü aç. Mənə də bax, ona da. De görüm sən kimin ovusan?

Alagözün yanaqları lalə kimi qızarır, ala gözlərində yaş damlaları parlayır:

- Xan sağ olsun, mən bu oğlanı sevirəm, - deyir.

Bu sözləri eşidən xan haray çəkib dəstəsini başına yığır:

- Bu qızın sağ gözünü çıxarın, - deyir, - belə bir cındırı məndən artıq görən bir göz yerə tökülməlidir!

Bir anda Alagözün sağ gözünü çıxarıb Ağbulağa atırlar. Yeddi yerdən qoca palıda sarınmış Aslan yuvarlanıb suya düşən gözü görəndə, deyirlər, bir nərə çəkir, bir nərə çəkir ki, Kəpəzin sinəsi yarıq-yarıq olur, başındakı daş qayalar üzüaşağı yuvarlanır. Xanın adamları daşların altında qalıb məhv olurlar. Sal qayalar Ağ suyun qabağını kəsir, nərəsindən dağları titrədən Aslanın ruhu da bu nərə ilə bədənindən çıxır.

O gündən bəri bu gördüyün göl Alagözün sağ gözü kimi dolğun və aladır. Burada gördüyün bu qoca palıd Aslanın bağlandığı ağacdır. Görürsən, budaqları elə uzanıb, elə gərilib ki, elə bil qollarını açaraq öz sevgilisinin gözünə bənzəyən Göygölü qucaqlayır, qoruyur.

 

Nizami və xalq əfsanələri

 

Bu yerlərin əfsanələrinin araşdırılması üçün ən etibarlı mənbə ulu Nizaminin ölməz əsərləridir. Folklorşünas alim Məmmədhüseyn Təhmasib yazır ki, Nizami şifahi xalq ədəbiyyatının bir çox janrlarından, xüsusilə qədim eposdan bacarıqla istifadə etmişdir. Dahi sənətkarın "Xəmsə"sində yüzlərlə kiçik, böyük əfsanələrə, əsatirlərə təsadüf olunur. Müdrik şair öz sözünü folklordan aldığı süjetlər əsasında əfsanələrlə, əsatirlərlə, xalqa çox yaxın olan janrlarla, maraqlı və rəngarəng süjetlərlə və motivlərlə oxuculara yetirir. "Nuşirəvan və bayquşların söhbəti", "Yusif Səncər və qarı hekayəsi", "Bülbül və Qızılquşun dastanı", "Ovçu, it və tülkü dastanı", "Harun ər-Rəşidlə dəlləyin dastanı", "Bir-birilə çəkişən iki hakimin dastanı" və başqaları bilavasitə Azərbaycan folklorundan, xüsusilə onun ən qədim əsatir və əfsanə qaynaqlarından istifadə yolu ilə yazılmışdır.

Folklorşünas alim Sədnik Paşayev Nizami və xalq əfsanələri mövzusunu ətraflı tədqiq edərək dəyərli bir əsər yaratmışdır. O yazır ki, Nizami bu əfsanələri təkcə özünəməxsus quruluşu, ifadə tərzi, zəngin bədii boyaları olduğu kimi qiymətləndirməklə kifayətlənməmiş, həm də onlara sənədli bədii həqiqətlər kimi yanaşmış, müasir ideyaların ifadəsi üçün bunları zəruri saymışdır.

Maraqlıdır ki, Nizami Gəncəvinin əsərlərində verilən əfsanə və rəvayətlərdə ölməz şairin özünün də uca obrazı, həyat yolu aydın görünür. Bu baxımdan "Nizami və Ağcaqız" əfsanəsi xüsusilə maraqlıdır.

Belə rəvayət edirlər ki, keçmişlərdə Dərbəndin qoyun sürüləri qış aylarında Qanıq (Alazan) çayı vadisindəki Qıpçaq çölündə saxlanılırmış.

Dərbəndlilər Qaxın Qıpçaq çölündə olan Dayı, Tanqıd və Qıpçaq kəndlərinin adamları ilə dostluq edirlərmiş. Lakin bir hadisə dərbəndlilərlə Qıpçaq kəndinin adamları arasında soyuqluq əmələ gətirir. Dərbəndli çobanlar arandan dağa köçərkən Qıpçaq kəndinin gözü sayılan Ağcaqızı qaçırıb Sarıyol yaylağına aparırlar.

Ağcaqızı bir çobana ərə vermək istəyirlər. Qız and içir ki, belə olsa, özünü həlak edəcək. Bu xəbər Dərbənd hökmdarına çatır. O, Ağcaqızı hüzuruna gətirdir. Qoca hökmdar bir qıza baxır, bir özünə, əllərini alnına qoyub xeyli düşünəndən sonra deyir:

- Belə bir gözəl yalnız Gəncənin böyük şairi Nizamiyə layiq ola bilər.

Elə də edirlər. Şair bir könüldən min könülə Ağcaqıza vurulur. Bu hədiyyə üçün Dərbənd hökmdarına alqışlar söyləyir.

Nizami Ağcaqıza, Ağcaqız da Nizamiyə öyrəşir. Lakin şair Ağcaqızın cöhrəsində daim bir kədər olduğunu duyur. Bir gün o, Ağcaqızdan soruşur:

- Nədir, mənim mələyim, üzündən üzülməyən bu kədər?

Ağcaqız deyir:

- Əzizim, mənim səndən gizli bir sirrim yoxdur. Hamınız məni kimsəsiz kəniz kimi tanıyırsınız. Mənim də ata-anam var, bacım-qardaşım var, qohumum, elim-obam var. Oraları görmək istəyirəm.

- Çox gözəl!

Nizami Ağcaqızı da götürüb bir neçə atlı ilə Qıpçağa qonaq gəlir. Kəndin ərazisi arandır. Qıpçaqlılar qışda burada qalar, yaz-yay aylarında isə Qum dağlarına köçərdilər. Nizami çox sevinir. Qum dağlarının bir yeri varmış, oradan baxanda xan Kəpəzi görərmiş.

Ağcaqızın qohumları Nizaminin şərəfinə Qumda bir qala-qəsr də tikmişdilər.

Professor Sədnik Paşayev yazır ki, Nizami ilə Qızıl Arslanın görüşü də məhz Qum və Qıpçaq kəndlərinin ərazisində olmuşdur. Nizamiyə bağışlanan Həmdünya kəndini də oralarda axtarmaq lazımdır.

"Nizami və Gəncə əmiri" adlı əfsanədə isə Nizami Gəncəvinin öz xarakteri, humanist təbiəti çox aydın görünür.

"Rəvayətə görə, bir gün Nizami ilə Gəncə əmiri ova çıxırlar. Xeyli gəzəndən sonra gəlib bir xarabalığa çatırlar. Onlar burada üç quru kəlləyə rast gəlirlər. Əmir kəllələrə baxıb dərin düşüncələrə dalır, nəhayət, çevrilib Nizamiyə deyir:

- Əgər sən həqiqətən söz qoşununun sərkərdəsi, ariflər məclisinin bəzəyi, şahların xeyirxah məsləhətçisi, aqillərin sevimlisi, hikmətlərin xiridarı, sirlərin açarı Nizamisənsə, bu kəllə sahiblərinin necə adamlar olduğunu bəyan elə.

Nizami xeyli fikirləşdikdən sonra yerdən çubuq götürüb kəllələrdən birinə yaxınlaşır. O, çubuğu kəllənin bir qulağına toxunduran kimi çubuq sürüşüb kəllənin o biri qulağından çıxır. Sonra ikinci kəlləyə yaxınlaşıb çubuğu qulağına tıxamağa çalışır, lakin çubuq elə bil daşa dirənir. Növbə üçüncü kəlləyə gəlir. Nizami bayaqkı əməliyyatı təkrar edir. Kəllə çubuğu qəbul edir, amma buraxmır. Şairə hər şey aydın olur. Üzünü əmirə tutub kəllə sahiblərinin necə adamlar olduğunu belə izah edir:

- Əmir sağ olsun, çubuq birinci kəllənin bu qulağından girib, dərhal o biri qulağından çıxdı. O kəllə sahibi ömrü boyu gördüklərini, eşitdiklərini bu qulağından alıb, o biri qulağından buraxıb. Deməli, bu kəllə sahibi dünyadan bixəbər köçüb. İkinci kəllənin gen qulağına nə qədər çalışdımsa, gördüyünüz kimi, bu nazik çubuq girmədi. Zavallı insanlıqdan bixəbər olub, beyninə həya küləyi dəyməyib. Quru daş parçası kimi atılıb bir küncdə qalıb. Bax, qibleyi-aləm, üçüncü kəllə adamı heyrətə gətirir. Bənzərindən o saat adam kəlləsinə oxşayır. Çubuğu saxlayan bu kəllədə həyatın bütün keşməkeşləri iz salıb, həkk olunub.

Nizaminin hikmətamiz hərəkətlərini diqqətlə izləyən əmir mahir sənətkarın ağlına bir daha heyran olur. Bu rəvayət xalq arasında böyük Nizamiyə olan məhəbbətin təcəssümüdür.

Ulu Nizaminin "Leyli və Məcnun", "Yeddi gözəl", "Sirlər xəzinəsi" və "İskəndərnamə" əsərlərində də ibrətamiz hekayətlər, əfsanələr çoxdur. Onların hərəsi bir həyat fəlsəfəsi, ibrət məktəbi, nümunə, tərbiyə örnəyidir.

"Sirlər xəzinəsi"ndəki "Harun ər-Rəşid ilə dəlləyin dastanı" yada düşür. Bir gün Harun ər-Rəşidin üzünü qırxan dəllək deyir ki, xəlifə, qızını mənə ver, kürəkənin olum. Xəlifə düşünür ki, yəqin dəllək zəhmimdən qorxub hərzə-hərzə danışır. Ona fikir vermək istəmir, lakin dəllək bu sözü bir də təkrar edir. Xəlifə dözməyib dərdini vəzirə açır.

Vəzir deyir:

- Yəqin dəlləyin ayağı xəzinə üstündədir. Onu durduğu yerdən aralamaq lazımdır.

Belə də edirlər. Xəlifə görür ki, dəllək yerini dəyişən kimi rəngi avazıdı. Ölçülü-biçili danışmağa başladı. Dəlləyin durduğu yer qazılanda oradan böyük bir xəzinə tapılır.

Əsərdə pulun insan təbiətini necə dəyişdiyi bax bu cür, çox təsirli şəkildə verilmişdir.

İgid Fərhadın, ağıllı Fitnənin əfsanəyə dönmüş hünərləri indi də hamıya bəllidir. Ağıllı Fitnə ovun dal ayağını qulağına tikən Bəhrama mərdliklə cavab qaytarır, "igidlik sənin deyil, vərdişin nəticəsidir" - deyir və bunu özünün illər boyu öküzü pillələrlə necə asanlıqla yuxarı qaldırması ilə sübut edir.

Bunlar hamısı həyat dərsi, həyat məktəbidir və bugünə kimi yaşayır, ədəbi fikir aləminə öz təsirini göstərir. "İskəndərnamə" əsərində İskəndərin ruslarla vuruşması hissəsində belə bir parça var. Niqablı bir pəhləvan döyüşür və birdən dəbilqə başından düşür. Cəngavərin qız olduğu aşkara çıxır. Qəlblərə yol tapan, ürəklərdə yuva salan həmin əfsanənin ruhu sanki yüzillər keçəndən sonra "Şah İsmayıl dastanı"nda uzun saçını dəbilqə altında gizlətmiş cəngavər Ərəbzəngiyə "çevrilmişdir". Axı, Ərəbzəngi də Şah İsmayıla məğlub olanda dəbilqəsi başından düşür. Uzun hörükləri çözülür və gözəl bir qız olduğu aydınlaşır. Bu, əfsanədən poemaya, poemadan dastana keçidin maraqlı nümunəsidir. Professor S.Paşayev deyir ki, Nizami əsatir və əfsanələrdən istifadə etməklə onların ömrünü uzatmış, bununla da, bir növ, əsatir və əfsanələrimizin ilk yaradıcısı və qoruyucusu kimi tarixi bir vəzifəni yerinə yetirmişdir.

Müdrik yazarlardan çoxunun əsərlərində əsatir və əfsanələrə münasibət məhz elə bu çeşmədən qaynaqlanır. Ona görə də illər, əsrlər keçdikcə xalq yaradıcılığının bu tükənməz xəzinəsinə münasibət artır və bu meyil, maraq yeni məna, yeni məzmun kəsb edir. Gəncə şəhərinin Azərbaycanın əfsanələr paytaxtı elan olunması da ulu tarixə, müqəddəs ənənələrə sonsuz məhəbbətdən irəli gəlir.

 

Bir-birindən maraqlı tədbirlər

 

Gəncənin əfsanələr paytaxtı elan edilməsi ilə əlaqədar olaraq şəhər mədəniyyət və turizm idarəsində maraqlı tədbirlər planı hazırlanmışdır. Əsas diqqət ilk öncə tarixdə iz salmış əsatir və əfsanələrin toplanıb təbliğ edilməsinə yönəldilmişdir. Bu məqsədlə mədəniyyət ocaqlarında, təhsil müəssisələrində silsilə tədbirlər, müsabiqələr keçiriləcək, sərgilər düzəldiləcək, ekskursiyalar təşkil olunacaq. "Gəncə - Azərbaycanın əfsanələr paytaxtı" adlı ayrıca kitab nəşr ediləcək.

İl ərzində Şah Abbas karvansarasının bərpası, rəsm qalareyası üçün yeni binanın inşası, "İmamzadə" kompleksinin abadlaşdırılması, Nizami Poeziya Teatrı binasının təmiri, Gəncə Dövlət Filarmoniyasının və 6 saylı klubun yenidən qurulması nəzərdə tutulmuşdur. Şəhərdə vaxtaşırı dastan axşamları, "Divani-hikmət" məclisinin məşğələləri keçiriləcək, şifahi xalq yaradıcılığı mövzusunda ədəbi-bədii gecələr, folklor, əfsanələr və milli oyunlar mövzusunda elmi konfranslar təşkil olunacaq.

"Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə" kompleksinin bərpası ilə əlaqədar tədbirlər haqqında" Prezident İlham Əliyevin 1 mart 2010-cu il tarixli Sərəncamı şəhərin tarixi abidələrinin, müqəddəs guşələrin abadlaşdırılmasına, eləcə də ulu soy-kökümüzün qaynaqları sayılan əsatir və əfsanələrin təbliğinə, İmam Hüseyn şəhəri kimi tanınan qədim Gəncənin ulu tarixinin yeni prizmadan araşdırılmasına güclü təkan verəcəkdir.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2010.-  11 aprel.- S.  6.