Bakı hamamları
Ötən yüzilliklərdən etibarən insanlar yuyunmaq üçün xüsusi avadanlıqla təchiz edilən tikilini hamam adlandırıblar. Tarıxən Şərqdə və Avropada hamamların tikilməsi daxili quruluşuna, təchizatına görə bir-birindən fərqlənmişdir. Tikilişinə görə Azərbaycan hamamları da Şərq memarlığının inciləri hesab edilə bilər. Sənətkar babalarımız insanları yoluxucu xəstəliklərdən, natəmizliklərdən qorumaq naminə Vətənimizin bütün ərazilərində hamamlar inşa edib. Bu hamamlar tikilərkən üstü günbəzlə örtülmüş, içərisi kvadrat və ya səkkizbucaqlı salonlardan, soyunub-geyinmə otaqlarından ibarət olmuşdu.
Əməkdar memar, memarlıq doktoru, professor Şamil Fətullayevlə görüşərək Abşeron memarlığına daxil olan Bakı hamamlarının tikilməsi, onların memarlıq elementləri haqqında söhbət etdik. Azərbaycanın şəhərlərini, kəndlərini qarış-qarış gəzərək, xüsusən Bakı və Abşeron memarlığının tarixini tədqiq və təhlil edən tanınmış alim Şamil Fətullayev Bakı hamamları haqqında geniş məlumat verdi. O, söhbət zamanı qeyd etdi ki "Bakı hamamları milli ornamentlərlə əhatə olunaraq yerli və Avropa memarlığı üslubunda tikilib. Müxtəlif yüzilliklərdə tikildiyinə görə hamamlar bir-birindən fərqlənir. Hamamların hər birinin çimmə salonunda soyuq və isti sututarlar - "xəznə"lər yerləşir. Çimmə salonu döşəmənin altında quraşdırılmış xüsusi kanallar vasitəsilə isidilərdi. Texnoloji cəhətdən çimmə salonu və suyun axan yeri də eyni formada olub. Hamamların interyeri, soyunub-geyinmə otaqları isə xüsusi layihəsi ilə göz oxşayıb. Milli memarlıq ənənələri hamam tikililərində özünü daha qabarıq göstərib. Ümumiyyətlə, belə tikililərdə oxvari tağlar, günbəzlər və tağlar arasındakı aşırımlar bütövlükdə Bakı hamamlarına bir yaraşıq vermişdir. Abşeron hamamlarında suyu isitmək üçün hovuzun altında tağ tavan örtüklü "külxan" adlanan xüsusi qurğu quraşdırılardı. İki otaqdan ibarət olan hamamın döşəməsi altındakı zirzəmidə ustanın quraşdırdığı su kanalı nisbətən dərin qazılardı. Çünki memar hamamı tikən zaman fikirləşərdi ki, suyun yolu tutulsa, insanlar həmin yeri təmizləmək üçün rahatca ora düşə bilsinlər. İsti hava həm də "külxan"a birləşərək həmin kanallardan keçməklə tüstü bacasından bayıra çıxardı. Bakıda hamamları neftlə, təzəklə, odunla isidərdilər.
Vaxtı ilə Bakı hamamları istirahət, görüş və söhbət etmək üçün də münasib sayılardı. Otən əsrlərdə qadınlarımız oğlanları üçün qız bəyənib, seçmək məqsədilə hamama gələrdilər. Kişi hamamlarında isə kişilər qəlyan çəkər, dərdlərini həmsöhbətləri ilə bölüşərdi.
Şərq memarlığının inciləri sayılan Bakı hamamları barəsində suallarımızı cavablandıran əməkdar memar çox maraqlı məsələlərə də toxundu.
- Şamil müəllim, ötən əsrlərin yadigarı olan Bakı hamamlarının Şərqdə inşa olunan hamamlardan fərqli xüsusiyyətləri hansılardır?
- Mən Cənubi Azərbaycanda olarkən burada inşa edilən qədim hamamların arxitekturası ilə yaxından tanış olmuşam. Buradakı hamamlara yalnız pilləkanla düşüb, içəriyə daxil ola bilərsən. Hamamlarda ayrıca soyunub-geyinmə, çimmə otaqları vardır. Arxitektura baxımından bu hamamlar orta əsr memarlığındakı kimi eyni tikililərdir. Ancaq tikilinin içəri interyerində və görünüşündə Şərq memarlığına xas olan naxışlı kaşıdan da istifadə edilib.
Türkiyənin İstanbul şəhərində Şərq memarlığının incisi hesab olunan Sinan hamamı ilə tanışam. Tikili XVI əsrdə türk memarı Sinan Xoca tərəfindən inşa edildiyinə görə, Sinan hamamı kimi tanınmışdır.100 il ömür sürən Sinan ustanın türk memarlığına bəxş etdiyi məscidlər, türbələr, hamamlar, körpülər əzəməti və görünüşü ilə insanı valeh edir. Böyük türk memarı və mühəndisi olan Sinan Xocanın şah əsəri isə Ədirnədəki Səlimiyyə camesi hesab olunur. Sinan hamamı 2 otaqdan ibarətdir. Hamam bayırdan görünüşü ilə insanın diqqətini cəlb edir. Şərq memarlığına uyğun olaraq bu tikilidə 2 günbəz inşa edilib. Memar hamamın birinci günbəzinin altındakı otağı qadınların, digər günbəzin altındakı otağı isə kişilərin istifadəsi üçün nəzərdə tutaraq inşa edib. Memarlıq üslubuna görə Bakı hamamları ilə Avropa hamamları arasındakı fərqə nəzər yetirsək görərik ki, şəhərimizdə inşa olunan hamamlar Abşeron relyefinə uyğun olaraq daşdan tikilib.
- Bu abidələr içərisində hansı hamamlar daha çox diqqəti cəlb edir?
- Qeyd edim ki, İslam dininin adət-ənənələrinə uyğun olaraq hamamlar məscidlərin yaxınlığında inşa olunub. Abşeronda hamamlar ötən əsrlərdən bəri tikilini öz vəsaiti hesabına inşa etdirən sahibləri ilə də tanınıb. Şəhərimizdəki 3 böyük hamamdan - Axund hamamından, Sirkin binasının və Təzəpir məscidinin yaxınlığındakı hamamlardan bir vaxtlar müntəzəm istifadə edilərdi. Digər Bakı hamamlarına isə kişilər və qadınlar növbə üzrə, yəni həftənin müəyyən günlərində gələrdilər. Bildirim ki, İçərişəhərdə Kiçik Qala küçəsindəki tağvari formada tiklən hamam həmişə qədimliyi ilə seçilib.
Bakının Buzovna, Mərdəkan, Kürdəxanı kəndlərindəki hamamlar da memarlıq üslubuna görə qədim tarixə malikdir. Ötən əsrin 80-cı illərində Bakının Kürdəxanı kəndində olarkən buradakı qədim hamamın arxitekturası ilə tanış olmaq qərarına gəldim. İçəri daxil olarkən xoşagəlməz mənzərə ilə rastlaşdım. Min bir əziyyətlə tikilən hamamın təmizliyindən əsər-əlamət belə yox idi. Bildirim ki, Bakının boyük əraziyə malik Maştağa kəndində vaxtı ilə 23 hamam fəaliyyət göstərmişdi. Demək olar ki,ötən əsrlərdə bu kəndin hər bir məhəlləsində hamam inşa edilib. Sonradan sovet hakimiyyəti illərində Azərbaycanda bir çox hamamlar inşa edildi. Ancaq yeni tikilənlər bizim köhnə hamamlarımızı əvəz edə bilmədı.
- Məlumdur ki, bu gün şəhərimizdə qapısı bağlı qalan hamamlarımız çoxluq təşkil edir. Sizcə, tarixi abidə kimi onların bərpası, qorunması məqsədəuyğun olardımı?
- İndi hər
bir ailənin evində hamam var. Yəni bu sahədə problem yoxdur. Amma qədim tikililərin
qorunması vacibdir. Təəssüf ki, bizim qədim
hamamların, ümumiyyətlə memarlıq abidələrimizin
bərpası bəzən düzgün şəkildə həyata
keçirilmir. Deyək ki, tarixi qədim olan tikilidəki kərpicin
üzərinə rəngli boya çəkməklə onun bərpa
edilməsi mümkün deyil. Bu gün hamamlarımızın
memarlıq üslubunun qorunmasına layiqli dəyər verilməlidir.
Axı, vaxtı ilə Qərb hamam tikməyi də Şərqdən
öyrənib. Memarlıqda olan qotika üslubunu da məhz
avropalılar elə Şərqdən mənimsəyiblər.
Sizin sualınıza isə belə cavab verərdim ki, mən
Bakının qədim hamamlarının yenidən xalqın
istifadəsinə verilməsini daha məqsədəuyğun
hesab edirəm.
Söhbəti yazdı: Təranə
CƏBİYEVA
Azərbaycan.- 2010.- 11
aprel.- S. 7.