Prezident Lex Kaçinskinin onu müşayiət edənlərin faciəvi ölümü ilə bağlı Polşanın Azərbaycandakı səfirliyində matəm kitabı açılmışdır

 

Polşa Prezidenti Lex Kaçinskinin onu müşayiət edən nümayəndə heyətinin təyyarə qəzasında həlak olması ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində matəm kitabı açılmışdır.

Faciə ilə bağlı başsağlığı vermək üçün Azərbaycanda yaşayan polyaklar, eləcə ölkəmizin vətəndaşları, Bakıdakı beynəlxalq təşkilatların təmsilçiləri diplomatik nümayəndəliyə gələrək hadisədən kədərləndiklərini bildirir, matəm kitabına başsağlığı sözlərini yazır səfirliyin binası qarşısına gül dəstələri düzürlər.

Dəhşətli faciə nəticəsində həlak olanların xatirəsinə ehtiramlarını bildirmək istəyənlər aprelin 12-dən 14-dək saat 11.00-dan 17.00-dək Polşanın Bakıdakı diplomatik nümayəndəliyinə gələ bilərlər.

Qeyd edək ki, faciə ilə bağlı Polşanın Azərbaycandakı səfirliyində 7 günlük matəm elan olunmuşdur. Polşa səfirliyinin önündəki dövlət bayrağı yarıyadək endirilmişdir.

Prezident Lex Kaçinski Azərbaycan ilə Polşa arasında ənənəvi dostluq əlaqələrinin inkişafına, xalqlarımız arasında qarşılıqlı anlaşma etimadın möhkəmlənməsinə sanballı töhfələr vermişdir. Öz əvəzsiz xidmətləri ilə həm Polşada, həm də beynəlxalq aləmdə iz qoymuş Lex Kaçinskinin xatirəsi dünyanın müxtəlif ölkələrini əhatə edən milyonlarla insanın qəlbində əbədi yaşayacaq hörmətlə yad ediləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  13 aprel.- S.  1.