Azərbaycan-Türkiyə münasibətləri
dərin inam və etimada söykənir
Azərbaycan və
Türkiyə arasında mövcud çoxşaxəli əlaqələr
bir sıra özünəməxsus cəhətlərinə
görə seçilir. İki xalqın dil, din, mədəniyyət,
mənəvi dəyərlər baxımından
yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması
rəsmi Ankara ilə Bakının əlaqələrinə təsir
göstərən mühüm amillərdəndir. Bütövlükdə,
Avrasiya bölgəsinə böyük təsir imkanlarına
malik Türkiyə Respublikası ilə Azərbaycanın
münasibətlərinin inkişafında ötən illər
ərzində mühüm nəticələr əldə
edilmişdir.
Ümummilli lider Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" müdrik kəlamı Azərbaycanla Türkiyə arasında qarşılıqlı əlaqələrin dərin tarixi köklərini ifadə edərək siyasi, iqtisadi və mədəni əməkdaşlığın təməl prinsiplərini müəyyənləşdirmişdir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın digər qonşuları ilə yanaşı, qardaş Türkiyə ilə də münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu öndər Heydər Əliyev ilk gündən bəyan etmişdi ki, tarixi köklərin, ənənələrin və mədəniyyətin eyniliyi ilə bağlı olduğumuz dövlətlərlə əməkdaşlıq Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən biridir. Bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Türkiyə ilə Azərbaycanın milli mənafeləri, dövlət maraqları, tarixin sınaqlarından çıxmış dostluq telləri iki xalqın əlaqələrinin, taleyüklü məsələlərin həllində birgə mövqedən çıxış etməsini zərurətə çevirmişdir. Təqdirəlayiq haldır ki, bu gün Azərbaycan və türk diasporları da bir çox məsələlərdə həmrəylik, sıx birlik nümayiş etdirir və ortaq mövqedən çıxış edirlər. Türk və Azərbaycan diasporlarının əməkdaşlığı sayəsində müxtəlif ölkələrdə birgə tədbirlər, aksiyalar həyata keçirilir. İki qardaş ölkənin nümayəndələri beynəlxalq təşkilatlarda bir-birlərinə yaxından dəstək olurlar.
ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma "erməni soyqrımı"nın tanınmasını nəzərdə tutan 252 saylı qətnamənin qəbulundan sonra Azərbaycan böyük bir ədalətsizliyə yol verildiyni bəyan etdi. Prezident İlham Əliyev türkiyəli həmkarı Abdullah Güllə telefon əlaqəsi saxlayaraq ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbul edilmiş qərarla bağlı öz etirazını bildirdi. Dövlət başçısı bunu ədalətsiz, tarixi həqiqətləri kobudcasına təhrif edən, bölgədə gərginliyin artmasına xidmət edə biləcək qərar kimi xarakterizə etdi.
Prezident İlham Əliyev hələ türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayındakı çıxışında "Ən yaxşı müdafiə hücumdur" taktikasından çıxış edərək türk dünyasına qarşı aşkar düşmənçilik siyasəti aparan bədnam ermənilərin yerində oturdulması vacibliyini önə çəkmişdi: "Bəzi hallarda bizim haqqımızda süni şəkildə mənfi rəy formalaşdırılır və bunun arxasında Türkiyə və Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan erməni lobbisinin fəaliyyəti dayanır. Biz bunu çox gözəl bilirik və hiss edirik. Bizim əleyhimizə çox böyük, mütəşəkkil, böyük maliyyə dəstəyinə malik olan və bəzi riyakar siyasətçilər tərəfindən dəstəklənən erməni lobbisi fəaliyyət göstərir. Biz onların təbliğatını ifşa etməliyik, darmadağın etməliyik, ancaq müdafiə naminə yox. Biz hücüm etməliyik, çünki həqiqət bizim tərəfimizdədir".
Bir müddət əvvəl ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində "erməni soyqrımı"nın tanınmasını nəzərdə tutan qətnamənin qəbulu, habelə bəzi Avropa ölkələrinin də bu məkrli kampaniyaya qoşulması ermənilərin saxtakarlıq mövqeyindən geri çəkilmək niyyətində olmadığını göstərir. Bu baxımdan xaricdəki diaspor və lobbi təşkilatlarımız da xüsusi fəallıq göstərməli, erməni məkrinə qarşı effektiv əks-hücum tədbirləri təşkil etməlidirlər. Ermənilərin törətdikləri terror və soyqırımı ilə bağlı təbliğat yalnız daxildə deyil, xaricdə geniş aparılmalı və ayrı-ayrı dövlətlərin parlamentləri və hökumət qurumları ilə bu sahədə iş gücləndirilməlidir. Ermənistanın təcavüzkarlıq siyasəti bu ölkənin ali sənədində də əksini tapmışdır. Ermənistan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası açıq şəkildə ortaya qoyulmuşdur. Ermənilər kompakt yaşadıqları ölkələrdə də təxribatla məşğul olur, əsassız ərazi iddiaları ilə çıxış edirlər. Azərbaycan və Türkiyə tərəfi bütün mümkün vasitələrdən istifadə edərək erməni məkrinin əsl mahiyyətini beynəlxalq miqyasda açıb göstərməlidirlər.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri, burada keçirilən yüksək səviyyəli görüşlər iki qardaş ölkənin bütün məsələlərdə həmrəy olduğunu bir daha nümayiş etdirdi. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, parlamentin sədri Məhmət Əli Şahin, xarici işlər naziri Əhməd Davudoğlu və digər rəsmi şəxslərlə aparılan danışıqlarda bir daha vurğulandı ki, Azərbaycan-Türkiyə əlaqələri bundan sonra da dinamik inkişaf edəcəkdir.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Ankaradakı Qazi Universitetində "Azərbaycanın müasir vəziyyəti və Azərbaycan-Türkiyə əlaqələri mövzusunda"kı məruzəsi son dərəcə maraqla qarşılanmışdır. Natiq qeyd etmişdir ki, müstəqil Azərbaycanın dövlət quruculuğu 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlamışdır. "Əsrin müqaviləsi" imzalandıqdan sonra ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesi güclənmişdir. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev ölkə həyatının modernləşməsini, iqtisadi və siyasi sistemin Avropa standartları səviyyəsinə qaldırılmasını, rəqabətədavamlı innovasiyalı cəmiyyət quruculuğunu prioritet sahələr elan etmişdir: "Azərbaycan Cənubi Qafqazın ən dinamik inkişaf edən ölkəsidir və ümumi daxili məhsulun artım həcminə görə dünyada da liderdir. Xarici siyasət isə balanslaşdırılmış təməldə aparılır. Bu siyasətdə qardaş Türkiyənin xüsusi yeri vardır. Bizim münasibətlərimizin regionda və dünyada analoqu yoxdur. Müstəqilliyinin ilk günlərindən Türkiyənin dəstəyini hiss edən Azərbaycan indi güclənmiş və Türkiyəyə də dəstək olmuşdur".
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdə də qardaş ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğu, Azərbaycanın və Türkiyənin dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərlərinin bu münasibətlərin möhkəmlənməsinə töhfə verdiyi vurğulanmışdır. Tərəflər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparmışlar. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri ölkəmizin işğal olunmuş torpaqları azad edilməyənə qədər Ermənistanla imzalanmış protokolların ratifikasiya olunmayacağına dair Türkiyənin parlament rəhbərliyinin bəyanatlarından məmnunluğunu ifadə etmişdir. Bu qəti mövqe üçün Prezident İlham Əliyevin Türkiyə rəhbərliyinə təşəkkürünü çatdırmışdır.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri İstanbuldakı "Çırağan" sarayında Türkiyənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə də görüşmüş, Azərbaycan-Türkiyə əlaqələri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud durum, qondarma "erməni soyqrımı"na qarşı aparılan mübarizədə Azərbaycanın gördüyü işlər barədə jurnalistlərin verdiyi sualları ətraflı cavablandırmışdır. Jurnalistlərlə görüşdə Azərbaycanın mövqeyi bir daha bəyan edilmişdir: "Biz, torpaqlarımızı işğaldan istənilən şəkildə azad etmək hüququna malikik. Eyni zamanda, Azərbaycan Türkiyə əleyhinə erməni lobbisi və onların havadarlarının fəaliyyətinə qarşı mübarizədə qardaş ölkəni dəstəkləyir. Prezident İlham Əliyev ABŞ Konqresi Xarici Əlaqələr Komitəsinin qondarma "erməni soyqırımı" qərarından sonra bəyanat verərək qardaş Türkiyənin yanında olduğunu bildirmişdir". Qeyd edək ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin keçirdiyi yüksək səviyyəli görüşlər, səsləndirdiyi fikirlər Türkiyənin nüfuzlu "Hürriyyət", "Sabah", "Star", "Haber-türk", "Zaman" qəzetlərində geniş yer almışdır.
Bu səfər Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə inkişaf etdiyini, dərin inam və etimada əsaslandığını bir daha təsdiq etdi. İki qardaş ölkə arasında münasibətlərin hazırkı səviyyəsi deməyə əsas verir ki, qarşılıqlı faydalı əməkdaşlıq daha böyük nəticələrin əldə olunacağına imkan yaradacaq.
E.HACIALIYEV
Azərbaycan.- 2010.- 13
aprel.- S. 1.