Azərbaycan NATO ilə əməkdaşlığa
xüsusi önəm verir
Aprelin 12-də Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan NATO Parlament Assambleyasının (PA) Siyasi Komitəsinin NATO tərəfdaşlığı üzrə Alt Komitəsinin sədri Rayner Stinnerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Ziyafət Əsgərov Polşa Prezidentinin və onun xanımının, eləcə də dövlət başçısını müşayiət edən yüksək vəzifəli dövlət məmurlarının faciəli şəkildə həlak olmasından və bu səbəbdən də Polşa nümayəndələrinin bu görüşdə iştirak etməməsindən təəssüfləndiyini bildirmiş, Polşa xalqına başsağlığı vermişdir.
Ölkəmizin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov bildirmişdir ki, Azərbaycan NATO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Bu gün əməkdaşlığımız yüksək səviyyədədir və ölkəmizin Müdafiə Nazirliyi də NATO ilə bir sıra uğurlu tədbirlər həyata keçirir.
Azərbaycanın iqtisadi inkişafı, müxtəlif sahələrdə həyata keçirilən islahatlar onun beynəlxalq nüfuzunu daha da artırır. Hazırda ölkəmiz iqtisadi inkişafına görə dünyanın öndə gedən dövlətləri sırasındadır. Lakin bununla yanaşı problemlərimiz də vardır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən Z.Əsgərov bildirmişdir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və qərarlara məhəl qoymur. Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olsa da, Ermənistan beynəlxalq hüquqa meydan oxumağa davam edir və belə davam edərsə, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə işğaldan azad etmək hüququndan istifadəyə məcbur olacaqdır. Bu gün dünya ölkələri işğalçı Ermənistana təzyiq etməkdənsə, Türkiyəyə təzyiqlər göstərirlər. Dünyanın müxtəlif ölkələri XX əsrin əvvəllərində baş vermiş hadisələrə "erməni soyqırımı" adı verməyə çalışır, lakin 1992-ci ildə Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımına biganə yanaşırlar. Həmin ölkələr ikili standartlardan əl çəkməli, həqiqəti qəbul etməlidirlər. Təcavüzkar isə layiq olduğu cəzanı almalıdır.
Ətraflı məlumata görə minnətdarlığını bildirən Rayner Stinner sonuncu dəfə ölkəmizdə 2004-cü ildə olduğunu və ötən 6 ildə Azərbaycanın çox sürətlə inkişaf etməsinin şahidi olduğunu diqqətə çatdırmışdır. Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə yeni məlumatlar aldığını deyən qonaq münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirmişdir.
Bildirilmişdir ki, NATO PA-nın üzvü olan dövlətlər bu münaqişənin həlli üçün əllərindən gələn köməyi göstərməyə hazırdırlar.
Sonra
görüşdə tərəfləri maraqlandıran digər
məsələlər ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.- 2010.- 13 aprel.- S. 2.