Gənclər və idman naziri
Küveyt nümayəndə heyəti ilə
görüşmüşdür
Aprelin 12-də gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə səfərdə olan Küveytin Gənclər və İdman Məsələləri üzrə Dövlət Komitəsinin sədri, general Feysəl Musaid Əl-Cəzzafın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
A.Rəhimov nazirliyin fəaliyyəti haqqında qonaqlara məlumat verərək bildirmişdir ki, ölkəmizdə həm gənclər siyasəti, həm də idman sahəsində mühüm islahatlar aparılmışdır. Nazir Azərbaycanda 170-ə yaxın gənclər təşkilatının fəaliyyət göstərdiyini və nazirliyin daim onlarla sıx əməkdaşlıq etdiyini vurğulamışdır.
Ölkəmizin idman sahəsində qazandığı uğurlardan danışan nazir demişdir ki, Azərbaycanda 26 olimpiya idman kompleksi fəaliyyət göstərir və hazırda 10 yeni kompleksin tikintisi davam edir. Ölkəmizin müxtəlif beynəlxalq idman yarışlarının təşkilində böyük təcrübəsi var. Belə ki, təkcə 2009-cu ildə Azərbaycanda 50-yə yaxın Avropa və dünya səviyyəli beynəlxalq yarış keçirilmişdir.
A.Rəhimov Küveytin "LOYAC" gənclər təşkilatının Azərbaycana səfərini və "İrəli" İctimai Birliyi ilə əməkdaşlıq protokolunun imzaladığını məmnunluqla xatırlatmışdır.
Feysəl Musaid Əl-Cəzzaf səfərlərinin Azərbaycanla daha yaxından tanış olmaq məqsədini daşıdığını və bu səfərin iki ölkə arasında idman və gənclər siyasəti sahələrində əməkdaşlığın daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyinə əmin olduğunu bildirmişdir.
Görüşdə Azərbaycanla Küveyt arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyi qeyd olunmuşdur.
Aprelin 18-dək davam edəcək səfər çərçivəsində Azərbaycanla Küveyt arasında gənclər və idman sahələrində əməkdaşlığa dair memorandum da imzalanacaqdır.
Azərbaycan.- 2010.- 13
aprel.- S. 2.