Postkeçid mərhələsi iqtisadi nəzəriyyənin modernləşməsini obyektiv zərurətə çevirir

 

İctimai və humanitar elmlər: zaman kontekstində baxış

 

Qlobal böhranın mənfi təsirlərindən səmərəli şəkildə sığortalanaraq sosial-iqtisadi modernləşmənin yeni keyfiyyət mərhələsinə uğurla transformasiya edən Azərbaycanın bütövlükdə regionda ən nüfuzlu dövlətlərdən birinə çevrilməsi, ilk növbədə elmi əsaslar üzərində irəli sürülmüş milli iqtisadi inkişaf modelinə əsaslanır. Beynəlxalq təşkilatlar tərəfindən ciddi maraqla qarşılanaraq geniş elmi müzakirələrə səbəb olan bu model özünəməxsus cəhətləri ilə əlverişli coğrafi və geoiqtisadi məkanda yerləşən respublikamızı yeni iqtisadi fenomenə çevirmiş, davamlı və sabit inkişaf yoluna çıxarmışdır. Bu model öz unikallığı ilə Azərbaycana hər bir mərhələdə dinamik inkişafa zəmin yaradan məqsədyönlü tədbirlər sistemini ifadə edərək çevik və işlək mexanizmlər əsasında həyata keçirmək imkanı yaratmışdır.

 

Son iki ildə iqtisadi cəhətdən ən inkişaf etmiş dövlətləri də real təhdidlərlə üzləşdirən dünya maliyyə-iqtisadi böhranı "İnkişafın Azərbaycan modeli" ilə bağlı müzakirələrə yeni nəfəs vermiş, respublikamızda Azərbaycanın bazar iqtisadiyyatı sisteminə sürətli keçidin spesifik cəhətləri, habelə çətin bir vəziyyətdə ümumi daxili məhsulun yüksək inkişaf tempini şərtləndirən amillər nüfuzlu iqtisadçıların elmi müzakirə mövzusuna çevrilmişdir. Təcrübə göstərir ki, hər bir ölkədə inkişaf proseslərinin davamlı və sabit olmasını təmin edən başlıca amillərdən biri də məhz iqtisadi islahatların elmi təməl üzərində aparılması, bu sahələrin qarşılıqlı əlaqəsinin futuroloji planda proqnozlaşdırılması, elmi-nəzəri, fəlsəfi əsaslarının işlənib hazırlanmasıdır. Dünyada cərəyan edən mürəkkəb iqtisadi və siyasi prosesləri özünəməxsus siyasi məharətlə təhlil edib milli tərəqqi üçün son dərəcə səmərəli strategiya müəyyənləşdirən dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirilən islahatların nəticəsi kimi Azərbaycanın iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması elm və təhsil sferasında da adekvat modernləşməni, əsaslı keyfiyyət dəyişikliklərini zərurətə çevirir. Sürətli iqtisadi və sosiomədəni tərəqqi yolu keçən Azərbaycanda elmin inkişaf təmayüllərinin respublikanın müasir reallıqlarına nəzərən müəyyənləşdirilməsi, bu sahədə mövcud problemlərin mərhələlərlə aradan qaldırılması, elmlə idarəçiliyin üzvi vəhdətinin təmini, elmə yönəldilən vəsaitlərin rentabelliliyinə nail olunması yeni mərhələdə qarşıda mühüm vəzifələr kimi durur.

Son illər ən yeni tariximizin ictimai şüurda adekvat dərkinə imkan yaradan sanballı əsərləri, elmi-fəlsəfi məzmunlu məqalələri ilə respublikanın ictimai-siyasi, iqtisadi həyatının ən aktual problemlərini özünəməxsus konseptual təhlil süzgəcindən keçirən, demokratik və iqtisadi modernləşməni milli intibahın vahid formulu kimi əsaslandıran Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsinin ("Azərbaycan" qəzeti, 8 dekabr, 2009-cu il) elmi mühitdə böyük rezonansa səbəb olması, hədsiz maraqla qarşılanması bu mənada təsadüfi deyildir. Görkəmli elm və dövlət xadimi kimi mövcud problemlərə yanaşmada əsl vətəndaş, ziyalı yanğısı nümayiş etdirən cənab Ramiz Mehdiyev elmin mövcud problemlərini postkeçid dövrünün reallıqları kontekstində obyektiv canlandırmış, problemləri açıq şəkildə göstərmiş, vəziyyətdən çıxış yolu ilə bağlı dəyərli təkliflərini, tövsiyələrini vermişdir.

Məqalənin ideya qayəsində yer alan ümumi fikir bundan ibarətdir ki, ictimai və humanitar elmlərin hazırkı qeyri-qənaətbəxş durumu, onların dürüst inkişaf strategiyasının hələ də zənginləşdirilməməsi, tədqiqat işlərinin çağdaş dövrün tələblərinə cavab verməməsi, cəmiyyətin proqressiv ruhda köklənməsinə yönələn dəyərli elmi yeniliklərin yox dərəcəsində olması ölkə rəhbərliyini ciddi narahat edir. İnkişafın "Azərbaycan modeli" ilə bağlı sanballı tədqiqatların olmaması da əsərdə ciddi problemlərdən biri kimi önə çəkilir, ictimai elmlərin bu sahədə zamanın çağırışlarına cavab verməsi vacibliyi qeyd olunur. Akademikin bu haqlı qənaəti ilə də tam razılaşmaq olar ki, hazırda elmin əyalət ab-havasından, ətalətdən qurtularaq zamanla ayaqlaşmasını, iqtisadi inkişaf prosesində təkanverici amilə çevrilməsini ilk növbədə Azərbaycanın dövlətçilik maraqları tələb edir.

Hazırkı reallıqda Azərbaycanın milli inkişaf modelinin konkret elmi prinsiplər əsasında tədqiqi xüsusi əhəmiyyət kəsb edir və bu kontekstdə məqalədə respublikanın iqtisadçı alimləri qarşısında ciddi vəzifələr qoyulur. İqtisadi sahədə keçid dövrünün başa çatması elmlə iqtisadiyyatın qarşılıqlı təsir mexanizmləri əsasında qırılmaz vəhdətinin təmin edilməsini, innovativ biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılmasını, güclü insan kapitalının formalaşdırılması iqtisadi nəzəriyyənin də yeni dövrün tələblərinə uyğun müasirləşdirilməsini, habelə idarəetmədə elmi proqnozlardan məqsədyönlü istifadəni obyektiv zərurətə çevirir. Bu və digər aktual məsələləri özünəməxsus mükəmməl elmi yanaşma ilə diqqətə çəkən akademik Ramiz Mehdiyev "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsində yazır: "...Dünyanı bürümüş maliyyə və iqtisadi böhran şəraitində bugünkü göstəricilərimiz çox böyük uğur kimi qiymətləndirilir. İqtisadi sahədəki yüksək nailiyyətlərimiz isə heç də asanlıqla qazanılmayıbdır. İndi cəmiyyətimiz qarşısında, ilk növbədə elmi elita qarşısında mühüm vəzifələrin həlli məsələsi dayanır. Əsas məqsədimiz ondan ibarətdir ki, yaxın illərdə təhsildə, elmdə, ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmalı və biliklərə əsaslanan iqtisadiyyatın qurulması prosesi intensivləşməlidir".

Postkeçid dövrünün inkişaf xüsusiyyətlərinin elmi cəhətdən əsaslandırılması və proqnozlaşdırılması üçün ilk növbədə respublikanın son 15 ildə inamla gerçəkləşdirdiyi iqtisadi islahatları elmi-fəlsəfi təhlil prizmasından dəyərləndirmək, əldə olunan nəzəri-təcrübi qənaətləri ümumiləşdirmək lazımdır. Fikrimizcə, bu istiqamətdə elmi həllini gözləyən ən mühüm vəzifələrdən biri ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi milli inkişaf modelinin spesifik cəhətlərinin araşdırılması, onun nəzəri əsaslarının inkişaf etdirilməsidir. Çünki müstəqillik qazandıqdan sonra respublikamız məhz ulu öndərin müdrikliklə müəyyənləşdirdiyi dövlətçilik fəlsəfəsinə istinadla demokratiya və sosialyönümlü bazar iqtisadiyyatı prinsiplərini özündə maksimum dərəcə əks etdirən ümumbəşəri yolla irəliləmişdir. Ümummilli lider demokratik həyat tərzinin diktə etdiyi gerçəklik kimi bazar iqtisadiyyatı prinsiplərinə sadiq qalaraq Azərbaycanın özünəməxsus sosial-iqtisadi inkişaf modelini irəli sürmüş və onu əsaslandırmışdır. Bu zaman böyük öndər respublikanın özünəməxsus cəhətlərini, coğrafi-siyasi mövqeyini, təbii ehtiyatlarını, intellektual və insan resurslarını ciddiliklə nəzərə almış, ictimai şüur səviyyəsində bazar iqtisadiyyatının bütün tələblərinin hələlik tam qəbul olunmadığı faktını diqqətdən qaçırmamışdır. Heydər Əliyev qısa zamanda özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, dövlətsizləşdirməni özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran sosialyönümlü inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur. Azərbaycan könüllü olaraq qoşulduğu demokratiya yolunun iqtisadi bazisə əsaslanan təkamül modelini özünün dayanıqlı inkişaf strategiyası kimi qəbul etmişdir.

Böyük strateq Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin geniş tətbiq olunması ilə yanaşı cəmiyyətin aztəminatlı təbəqəsi üçün sosial yardım sisteminin formalaşdırılmasına, sosial ədalət prinsipinin bütün səviyyələrdə bərqərar olmasına çalışmışdır. Əslində, həmin modelin unikallığı da məhz bundan ibarətdir ki, azad bazar iqtisadiyyatının formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər vətəndaşların sosial müdafiəsi tədbirlərini inkar etmir.

Ümumiyyətlə, 90-cı illərin ortalarından davamlı inkişafa zəmin formalaşdıran milli inkişaf modelinin prioritet istiqamətləri sırasında:

1) sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü bütöv iqtisadi sistemin - müstəqil milli iqtisadiyyatın formalaşdırılması;

2) ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunması;

3) milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyasının təmini məsələləri mühüm yer tutmuşdur.

Yeni minilliyin başlanğıcında formalaşan mürəkkəb və ziddiyyətli dünya nizamı böyük siyasət ustadının məharətlə əsaslandırdığı bu inkişaf modelinin respublikamız üçün müstəsna əhəmiyyətini tam sübuta yetirir. Respublikamızın son 17 ildə iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər də məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. Son illərdə bu inkişaf modelinin yeni dövrün tələblərinə uyğun daha da təkmilləşdirilməsinə xidmət edən kompleks islahatlar Azərbaycanı zəif və tənəzzül edən iqtisadi sistemə, düzgün siyasi institusional quruluşa, marginallaşmış ictimai şüura malik sosiumdan yeni davranış normaları və stereotipləri, davamlı siyasi sistemi və mərhələlər üzrə formalaşmaqda olan demokratik təsisatları, bazar sisteminə xas iqtisadi strukturu olan əlverişli geopolitik məkana çevirməyə imkan vermişdir. Bu gün dünyanın ən müxtəlif iqtisadi mərkəzləri respublikanın davamlı iqtisadi yüksəlişi timsalında XXI əsrin yeni iqtisadi fenomenini görür, Azərbaycan modelinin mahiyyətini öyrənməyə çalışırlar. Bütün bu nailiyyətlərin fundamental nəzəri əsaslarının yaradılması isə iqtisadi nəzəriyyə fənni sahəsində elmi tədqiqatların əsasını təşkil etməli, bu istiqamətdə dissertasiyaların mövzu aktuallığına, keyfiyyətinə diqqət artırılmalıdır.

"İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsində haqlı olaraq müasir elmin vacib sahələri ilə yanaşı iqtisad elminin də mövcud vəziyyətinin qənaətbəxş olmaması vurğulanmış, ölkədə həyata keçirilən iqtisadi islahatların, onların nəticələrinin təhlil edilməsi, sosial-iqtisadi inkişafın sürətləndirilməsinin nəzəri əsaslarının və müasir iqtisadi modelin işlənib hazırlanması vacib vəzifə kimi qarşıya qoyulmuşdur: "Bizdə iqtisad elmindəki mövcud vəziyyəti bütövlükdə qənaətbəxş hesab etmək olmaz. Ölkəmizin iqtisadi inkişafının vahid konsepsiya çərçivəsində təqdimi məsələsi hələ də öz həllini tapmaq mərhələsindən çox uzaqdır. Məlumdur ki, həyata keçirilən iqtisadi islahatlar və dəyişikliklər məhz vahid iqtisadi siyasət çərçivəsində nəzəri cəhətdən təhlil olunmalıdır. Lakin bu istiqamətdə heç bir irəliləyiş gözə çarpmır. Bununla yanaşı indiyədək sosial-iqtisadi inkişafımızın sürətləndirilməsinin nəzəri əsasları da işlənilməyibdir".

Əsərdə vurğulandığı kimi, respublikanın müasir inkişaf mərhələsində iqtisadçı alimlər qarşıda dayanan digər vacib məsələlərdən biri də elmi-innovasion yeniliklərin iqtisadiyyatda əlaqələndirilməsi və istehsal prosesində tətbiqi, iqtisadi idarəetmə sistemində səmərəliliyi, çevikliyi təmin edən işlək mexanizmlərin hazırlanmasıdır. İqtisad elminin istənilər bir sahəsi ilk növbədə cəmiyyətin iqtisadi tərəqqisinə, insan resurslarının inkişafına, dövlətin ideoloji və siyasi cəhətdən qüdrətlənməsinə, iqtisadiyyatın davamlı inkişafına öz töhfəsini verməklə praktiki funksiyasını həyata keçirir. Respublikanın dinamik inkişafı və dünya iqtisadiyyatına uğurla inteqrasiyası genişmiqyaslı strateji araşdırmaların aparılmasını, islahatların səmərəliliyinə dair müxtəlif proqnozların verilməsini, cəmiyyətdaxili sosial-siyasi vəziyyətin təhlilini, sosioloji sorğuların keçirilməsini, respublikanın müvafiq qurumları tərəfindən aparılan strateji xarakterli tədqiqatların əlaqələndirilməsini tələb edir.

Reallığa adekvat makroiqtisadi proqnozların irəli sürülməsi, ölkənin gələcək iqtisadi inkişaf təmayüllərinin düzgün müəyyənləşdirilməsi ilk növbədə Azərbaycanın dövlətçilik maraqları, xalqın milli təhlükəsizliyi ilə bağlı məsələdir. Yəni iqtisadi idarəetmə və islahatlar sahəsində mühüm qərarların qəbul edilməsi mərhələsinə qədər zəruri olan elmi araşdırmaların aparılması hazırda əsas tələblərindən biridir. İqtisadi nəzəriyyə sahəsindəki tədqiqatlar özünün kreativliyi - praktik tətbiq imkanları ilə diqqəti cəlb etməlidir. Lakin etiraf etməliyik ki, iqtisadi elm sahələri hələlik ölkənin bugünü və gələcəyi ilə bağlı praktik əhəmiyyətə malik strateji tədqiqatların hazırlanmasında o qədər də fəal təsir bağışlamır. Son illərdə iqtisadi sahədə elmi müdafiələrin sayının artmasına baxmayaraq Azərbaycanın iqtisadi inkişafına təkan verə biləcək sanballı elmi-tədqiqatların azlığı təəssüf hissi doğurur. Eyni zamanda iqtisadi nəzəriyyənin dünyadakı müasir inkişaf meyillərinin öyrənilməsi və tətbiqində də müəyyən lənglik müşahidə olunur.

Məqalədə açıqlanan qüsurların aradan qaldırılması baxımından iqtisad elmlərinin nəzəri və metodoloji əsaslarını təşkil edən iqtisadi nəzəriyyənin yeniləşməsi hazırda mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Azərbaycanda direktiv-planlı təsərrüfat sistemindən bazar iqtisadiyyatı sisteminə keçidin rəsmi ideologiyada ciddi dəyişikliklərə səbəb olması yaxın keçmişdə marksist-leninçi prinsiplərə əsaslanan iqtisadi nəzəriyyənin dünyagörüşü cəhətlərində əks olunmaya bilməzdi. Ötən əsrin 90-cı illərindən siyasi iqtisadın tədrisindən tez-tələsik imtinanın özü iqtisadi təhsil sahəsində bu ideoloji dönüşün ümumiyyətlə təzahürü oldu. Ümumi iqtisadi nəzəriyyənin tədrisində siyasi iqtisad dərsliklərinin yerini neoklassik nəzəriyyəyə söykənən və Qərbdə əsas cərəyan, müasir iqtisadi fikrin, necə deyərlər "meystrim"i (əsas cərəyanı) hesab olunan dərsliklər tutmuşdur. Bununla əlaqədar olaraq xüsusilə iqtisad yönümlü ali məktəblərdə öyrənilən əsas (baza, fundamental) fənnin hansı səviyyədə tədris olunması və onun hansı funksiyanı yerinə yetirməsi məsələsi aktual olaraq qalır. Bununla bağlı müxtəlif, bəzən tamamilə əks fikirlər söylənilir. Ən qızğın diskussiyalar siyasi iqtisadın tədrisində müxtəlif ənənələrin uyğunlaşdırılması, baza tədris fənninin konseptual məzmunu, iqtisad elmləri sistemində iqtisadi nəzəriyyənin yeri və rolu məsələləri ətrafında aparılır. Bütün bunların kökü çox vaxt metodoloji, o cümlədən iqtisadi nəzəriyyədə klassik və neoklassik cərəyanların, siyasi iqtisadla "ekonomiks"in predmeti və metodu arasındakı fikir ayrılığındadır. Hesab edirik ki, bu fənlərin hazırda bakalavr və magistratura pillələrində tədrisi prinsipial əhəmiyyət daşıyır.

İqtisad elminin özünün inkişaf yolu, həmçinin onun tədrisinin gələcək tədris modelinin seçilməsi xeyli dərəcədə bir-birilə əlaqədardır. Amma elmdə seçim fərdi olduğu halda, tədrisdə bu, minlərlə şəxsə, özü də gələcəyin mütəxəssisi olacaq gənclərə aiddir. Buna görə də tədrisdə bu və ya digər "model"ə üstünlük verilməsinin ictimai əhəmiyyəti var və tədrisdə hansısa bir metodoloji yönümə deyil, bütün mümkün metodoloji yönümlərə tənqidi yanaşma, onların ölkənin hazırkı postsovet gerçəkliyində iqtisadi inkişafın problemlərini həll etməyə qabil olmalarının, yəni dövrün tələblərinə cavab verib-verməmələrinin aydınlaşdırılması ilə müşayiət olunmalıdır. Bu, bütövlükdə iqtisadi nəzəriyyənin nailiyyətlərini nəzərə almağa imkan yaradar və milli müstəvidə iqtisadi nəzəriyyənin inkişafına rəvac verər.

İqtisadi nəzəriyyə təkcə iqtisadiyyat sahəsində fundamental nəzəri əsasın formalaşdırılması üçün deyil, həm də ümumi və xüsusi iqtisad elmlərinin tədqiqat metodologiyasını inkişaf etdirmək, təsərrüfata dair qərarlar qəbul olunmasını əsaslandırmaq üçün zəruridir. Hazırkı dünya iqtisadi böhranı iqtisadi nəzəriyyənin "əsas cərəyanı" hesab olunan, neoliberal nəzəriyyəyə əsaslanan ekonomiksin dünyanın qarşılaşdığı iqtisadi problemləri, yəni müasir dövrdə cəmiyyətin qarşılaşdığı yeni problemləri təkbaşına həll etməyə qadir olmadığını bir daha üzə çıxarmışdır. İqtisadi nəzəriyyə müasir dövrün problemlərinə (postindustrializmin getdikcə güclənən meylləri, iqtisadi proseslərin artan beynəlmiləlləşməsi, sabiq sosialist ölkələrində keçid vəziyyəti, müasir maliyyə böhranı) cavabları yeni ideyaların, yəni yeni istiqamətlərə yol açan konsepsiyaların və ya nəinki ictimai həyatda əvvəllər rast gəlinməyən prosesləri, həm də çoxqütblü dünyanın inkişaf məntiqini izah etməyə qabil olan nəzəri modelin axtarışlarında tapmağa çalışır. Buna görə də yeni ideyaların və konsepsiyaların işlənib hazırlanması hazırda toplanmış qiymətli elmi dəyərləri özündə birləşdirən iqtisadi nəzəriyyənin yeniləşməsi yolu ilə iqtisadi təhlilin metodoloji prinsiplərinin köklü surətdə dəyişdirilməsini və dövrün tələblərinə uyğun gələn yeni metodlardan daha səmərəli istifadə olunması məsələsini aktuallaşdırır.

İqtisadi nəzəriyyə bütün iqtisad elmləri sisteminin təməli kimi çıxış edir. Bu ilk növbədə onunla izah olunur ki, bu elm, fundamental qanunlar olan, yəni iqtisadi hadisələrin mahiyyətini bütövlükdə əks etdirən iqtisadi münasibətlər sisteminin ümumi qanunauyğunluqlarını öyrənir. İqtisad elmləri sistemində iqtisadi nəzəriyyənin fundamental rolunun qnoseoloji əsası məhz bununla əlaqədardır. Məhz buna görə də bu elm dünyagörüşü xarakteri daşıyır, yəni iqtisadi problemlərə ümumiləşdirilmiş prinsiplər müstəvisindən sistemli yanaşma metodlarını formalaşdırır. Deməli, iqtisadi nəzəriyyə artıq öz tədqiqat predmetinə görə başqa iqtisad elmləri üçün metodoloji resurs rolunda çıxış edir. İqtisadi nəzəriyyənin müəyyənləşdirdiyi kateqoriyalar, qanunlar, onların arasında olan qarşılıqlı əlaqə digər iqtisad elmlərinin tədqiqat metodologiyasının əsası kimi çıxış edir. Bu metodoloji əsas üzərində inkişaf edən iqtisad elmlərinin sonradan formalaşaraq müstəqil elm sahəsinə çevrilməsinin özü də iqtisadi nəzəriyyənin elmi məntiqinə söykənir.

Ayrı-ayrı ölkələrin iqtisadiyyatının sahə strukturu bir-birindən xeyli dərəcədə fərqləndiyınə görə, milli iqtisad elmi həmişə özünəməxsus struktura, həm də öz spesifik xüsusiyyətlərinə görə fərqlənməlidir. İqtisadi nəzəriyyə hətta ayrı-ayrı ölkələrin iqlim, tarixi və dıgər xüsusiyyətlərini nəzərə almaqla onların iqtisadi, sosial həyatının ümumi mənzərəsini əks etdirməlidir. Məlumdur ki, sahə elmləri arasında elələri vardır ki, onlar da getdikcə daha çox bu məsələlərin təhlilinə geniş yer verir, ümumbəşəri elmi dəyərlərdən bəhrələnir. İdarəetmə nəzəriyyəsi, statistika nəzəriyyəsi, mühasibat və maliyyə uçotu, təhlil və audit bu qəbildəndir. Bu tipli iqtisad elmləri milli inkişafda qlobal meyllərin təzahür formalarını və onların praktikada reallaşmasını təmin edən tövsiyələr verməlidir.

Struktur baxımından iqtisadi nəzəriyyə özündə makroiqtisadiyyatı və mikroiqtisadiyyatı ehtiva edir. Mikro və makroiqtisadiyyat səviyyəsində elmi-nəzəri təhlil iqtisadi nəzəriyyənin predmetidir. Metodoloji baxımdan iqtisadi nəzəriyyənin mikro və makroiqtisadi səviyyələri heç də ayrı-ayrı müstəqil elm deyildir. Qərbi Avropa ölkələrinin aparıcı universitetlərinin təcrübəsinə istinad edərək son illərdə bir sıra MDB ölkələrində, o cümlədən Azərbaycanda bakalavr tədris pilləsində yeni tərtib edilən tədris planlarında iqtisadi nəzəriyyənin mikroiqtisadiyyat və makroiqtisadiyyat kimi müstəqil iki fənn şəklində müəyyənləşdirilməsi iqtisad elmlərinin anatomiyası sayılan iqtisadi nəzəriyyənin səmərəli, hərtərəfli öyrənilməsini və mənimsənilməsini çətinləşdirir. Digər tərəfdən, bu halda belə təsnifatlaşdırma iqtisadi nəzəriyyənin iqtisad elmləri sistemində rolunu və yerini kölgədə qoyur. Sevindirici haldır ki, Q.V.Plexanov adına Rusiya İqtisad Akademiyasında bakalavr və beşillik mütəxəssis hazırlığı tədris pillələri üzrə tərtib edilən yeni tədris planlarında, məşhur Amerika iqtisadçısı P.Samuelsonun sözləri ilə desək, sosial elmlərin tacı olan iqtisadi nəzəriyyə fənninin adı onun öyrənilməsi, dərk edilməsi baxımından - mikro və makroiqtisadiyyat sahələrinə bölünməklə - əvvəlki illərdə olduğu kimi qorunub saxlanılmışdır. Fikrimizcə, bu baxımdan respublikamızda iqtisad yönümlü ali məktəblərin yeni tədris planlarında iqtisadi nəzəriyyə fənninin adının saxlanılması şərtilə onu "mikroiqtisadiyyat-1,2" və "makroiqtisadiyyat-1,2" hissələrinə bölünməsi, tədris olunan saatların miqdarının əvvəlki illərdə olduğu kimi 4 semestri əhatə edərək 240 saat qalması onun tədrisinin yaxşılaşdırılmasına təkan verərdi. Bununla əlaqədar olaraq iqtisad yönümlü ixtisasların təsnifatlaşdırılmasının fundamental əhəmiyyətini ayrıca vurğulamaq lazımdır. İlk növbədə iqtisad yönümlü ixtisasların təsnifləşdirilməsinin funksional prinsipin tələblərinə uyğunlaşdırılması faydalı olardı. Bu müstəvidə həmin ixtisasların Avropada formalaşmış müvafiq standartlara uyğun olaraq iqtisadiyyat və menecment istiqamətlərinə ayrılması ilkin addım kimi qəbul edilməlidir. İkincisi, iqtisadi nəzəriyyə kimi fundamental xarakterli fənnin tədrisi və onun saatlarının bölgüsü respublikada iqtisadiyyat qrupuna daxil edilən ixtisaslardakı kimi maliyyə, dünya iqtisadiyyatı, marketinq, kommersiya və digər qruplara daxil olan ixtisaslarda da eyni olmalıdır. İqtisad profilli universitetlərdə bu elmin ayrı-ayrı sahələrinin mənimsənilməsi eyni dərəcədə vacib olsa da, onların tədris saatları arasında ciddi fərqlərin mövcudluğu kadr hazırlığı prosesində heç də müsbət presedent deyildir.

Müasir dövrdə iqtisadi münasibətləri öyrənən iqtisadi nəzəriyyəsiz iqtısad elmini inkışaf etdirmək mümkün deyildir. Yeni iqtisadi sistemə keçid şəraitində iqtisad elminin inkışafı, elmi tədqiqatların vahid metodoloji axara salınması əhəmiyyətli dərəcədə iqtisadi nəzəriyyə elminin əldə etdiyi nəticələrin dərinliyindən və istıqamətlərindən asılıdır. Bu elm iqtisadi siyasətin və təsərrüfat fəaliyyətinin əsası olmaqla yanaşı, ölkənin iqtisadi quruluşu və insanların səmərəli fəaliyyəti haqqında elmi, sistemləşdirilmiş biliklər işləyib hazırlamalıdır. İqtisadi nəzəriyyə müasir dövrdə yeni iqtisadi sistemin formalaşmasının daha səmərəli yollarını müəyyən etməyə imkan verən milli iqtisadi modellərin işlənib hazırlanmasının elmi əsaslarını müəyyənləşdirməlıdir.

Müasir dövrdə iqtisadi nəzəriyyənin rolunun artması heç də onun bir elm kimi nə predmetinin və məqsədinin istiqamətinin dəyişməsi, nə də onun bütün iqtisad elmləri sistemi arasında əriməsi demək deyildir. İqtisadi nəzəriyyə ilə digər iqtisad elmləri arasında fərqləndirici sədlərin tamamilə aradan götürülməsi, onların qovuşması iqtisadi nəzəriyyənin zəifləməsini, rolunun və məqsədinin tam inkarını ifadə edərdi və bu da bütün iqtisad elmlərinə böyük zərbə vurmuş olardı. İndi sosial-iqtisadi problemlərin tədqiq edilməsində iqtisadi nəzəriyyəyə diqqətin artmasından digər nəticələr çıxartmaq lazımdır. Müasir sosial-iqtısadi problemlərin qarşılıqlı əlaqəli xarakter alması, onların kompleks öyrənilməsini tələb edir. Müxtəlif iqtisad elmlərinin ixtisaslaşmasını saxlamaqla onların qovuşması deyil, kooperasiya olunması zəruridir. Söhbət heç də sadə kooperasiyadan deyil, elmlər arasında əmək bölgüsünə əsaslanan kooperasiyadan gedir. İqtisad elmlərinin məhz belə kooperasiyası şəraitində iqtisadi nəzəriyyənin iqtisad elmlərinin inkişafında və tədrisində sistem formalaşdırıcı rolu, metodoloji funksiyası və həmin elmlərin zənginləşməsi göstəricilərindən biri olması daha qabarıq şəkildə üzə çıxır.

Bütün bunlara nəzərən əminliklə demək olar ki, akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsi ictimai-humanitar, o cümlədən iqtisadiyyatla bağlı elm sahələrindəki mövcud problemlərə obyektiv təhlil prizmasından yanaşan, onların həlli üçün fundamental əsaslar yaradan sanballı əsər kimi aktuallığını və əhəmiyyətini qoruyub saxlayır. Bununla zaman-zaman ən müxtəlif elm sahələrinin modernləşməsi və Azərbaycanın müasir inkişaf tempinə uyğunlaşdırılması ilə bağlı səslənən təkliflər real iş müstəvisinə yönəldilmiş, səmərəli təşəbbüskarlığa və təşkilatlanmaya zəmin hazırlanmışdır. Respublikanın elm adamları ürəkdən inanır ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən effektiv islahatlar nəticəsində respublikamızın maliyyə imkanlarının genişlənməsi elmin maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsinə, bu sahədə mövcud problemlərin həllinə imkan yaradacaqdır.

 

 

Əlican BABAYEV,

Azərbaycan Dövlət İqtisad

Universitetinin "İqtisadi

nəzəriyyə-1" kafedrasının müdiri,

iqtisad elmləri doktoru, professor

 

Azərbaycan.- 2010.-  13 aprel.- S.  6.