Mirzə Fətəli
Axundzadənin 200 illik
yubileyinin keçirilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
2012-ci ildə böyük Azərbaycan mütəfəkkiri, milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi tamam olur.
Bütün həyatı boyu doğma vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan çalışaraq yeni dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai-siyasi məsələlərə daim fəal münasibət ifadə edən və zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açan Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin təntənəli surətdə keçirilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri
13 aprel 2010-cu il
Azərbaycan.- 2010.- 14
aprel.- S. 2.