Regionların inkişafında
keyfiyyətcə yeni mərhələ
Təcrübə göstərir ki, istənilən dövlətdə iqtisadi islahatın uğurları təkcə ölkənin malik olduğu təbii-bioloji resurslarla deyil, həm də cəmiyyətin yeniliklərə adekvat reaksiyası ilə şərtlənir. Azərbaycanda son illər həyata keçirilən iqtisadi islahatlar məhz bu reallığa söykənərək cəmiyyətdəki yeniliklərin mahiyyətindən irəli gəlmişdir. Uğurla gerçəkləşdirilən yeni neft strategiyasının 2003-cü ildən daha yüksək nəticələrə yol açması, respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoyması - ümumi daxili məhsulun artım tempi, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə çoxalması iqtisadi sektorda islahatların genişləndirilməsinə, sosial-mədəni modernləşməyə imkan yaratmışdır.
Bütün bunların nəticəsi kimi, respublikamız ötən il iqtisadi sahədə keçid dövrünü başa vuraraq inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Yeni mərhələnin səciyyəvi cəhətlərindən biri də milli iqtisadiyyatın dayanıqlı və sabit inkişafı üçün qeyri-neft sektorunun daha da gücləndirilməsi, bu sahədə liberallaşma prosesinin dərinləşdirilməsidir. Bu mənada hökumətin respublikanın bölgələrinin inkişafına xüsusi qayğı ilə yanaşması, ilk növbədə bölgələrin disproporsional inkişafının qarşısını almaq, qeyri-neft sektorunu, sahibkarlığı milli iqtisadiyyatın intibah prosesinin lokomotivinə çevirməkdir. "Bizim iş üslubumuz belədir: bölgələrdə problemi müəyyən etmək, onun həlli üçün lazım olan yolları müəyyən etmək, axtarmaq və tədbirlər planı hazırlamaq. Bunu etmək üçün artıq bizim maliyyə imkanlarımız da var" - deyən dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu strategiya nəticəsində Azərbaycan hazırkı qlobal böhran şəraitində belə, dünyanın ən sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətlərindən biri kimi tanınır.
Dünya iqtisadiyyatını ciddi sınaqlarla üz-üzə qoyan 2009-cu il Azərbaycan üçün də müəyyən çətinliklər yaratsa da, respublikada qlobal maliyyə-iqtisadi böhrana qarşı həyata keçirilmiş məqsədyönlü qabaqlayıcı tədbirlər sistemliliyi və səmərəliliyi ilə diqqəti çəkmiş, bütün makroiqtisadi paramertlər üzrə inkişafı təmin etmişdir. Hökumətin çevik və işlək fəaliyyət mexanizmlərinə əsaslanmaqla müəyyənləşdirdiyi sığortalayıcı mexanizmlərin hər bir mərhələ üzrə işə salınması, daxili maliyyə mənbələrinin bu destruktiv prosesə qarşı səfərbər edilməsi son nəticədə respublikanın qlobal böhrana potensial müqavimət əzmini gücləndirmişdir.
Bir sıra dünya ölkələrində iqtisadi inkişafa ciddi zərbə vuran qlobal maliyyə böhranına baxmayaraq, respublikamızın 2009-cu ildə ümumi daxili məhsulun 9,3 faizlik artımına nail olması sistemli və düzgün koordinasiya olunmuş preventiv tədbirlərin nəticəsidir. Maliyyə resurslarının səmərəli realizəsi hökumətin qarşısında duran vəzifələri həyata keçirməyə, iqtisadiyyatın inkişafı üçün zəruri maliyyə əsaslarının formalaşdırılmasına da əlverişli imkanlar yaratmışdır. Ötən ilin antiböhran paketinə potensial gəlirlərin vergiyə cəlb olunması, xərclərin daha şəffaf idarə edilməsi, büdcədən maliyyələşən müəssisə və təşkilatlar üzrə maliyyə əməliyyatlarının beynəlxalq standartlara cavab verən mühasibat uçotu qaydalarına uyğunlaşdırılması, kommunal, istehlak, enerji, yanacaq, qaz, su sərfiyyatının qənaətlə işlədilməsi, kommunal sektorda fəaliyyət göstərən təşkilatlar tərəfindən alınan materialların dəyərinin vaxtında və tam ödənilməsi kimi vacib məsələlər da xüsusi qeyd olunmalıdır.
Qlobal böhran şəraitində daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi respublikanın neft amilindən asılılığını əhəmiyyətli dərəcədə azaltmışdır. Cənab İlham Əliyev demişdir ki, qeyri-neft sektorunda qazanılan iqtisadi uğurlar Azərbaycanın iqtisadiyyatının neftdən asılı olması ilə bağlı qərəzli iddiaları alt-üst edir. Ötən il qeyri-neft sektorunda 3,2 faizlik artımın baş verməsi də, ilk növbədə, regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir.
İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadi inkişafın sabit tempini qorumaq üçün regionların yüksəlişində tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir. Bu baxımdan dövlət başçısı İlham Əliyevin hələ 6 il əvvəl - 11 fevral 2004-cü il tarixdə imzaladığı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair (2004-2008-ci illər) Dövlət Proqramı" aktuallığına, əhəmiyyətinə və miqyasına görə xüsusi diqqət mərkəzində olmuş, bu mükəmməl konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il hökumətin xüsusi müşavirələri keçirilmişdir. Birinci Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər regionlarda sahibkarlığın inkişafını sürətləndirmiş, oradakı əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan kifayət qədər səmərəli istifadəyə imkan vermiş, iqtisadiyyatın tarazlı və davamlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına etibarlı zəmin yaratmışdır. Hökumət Dövlət Proqramı əsasında 2004-2008-ci illər ərzində respublikanın regionlarında kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına yardım göstərmiş, o cümlədən emal müəssisələrinin yaradılmasını, xidmət və digər infrastruktur obyektlərin, turizmin inkişafını və bütün bunların fonunda çoxlu yeni iş yerinin açılmasını təmin etmişdir. Dövlət Proqramı regionların tarazlı inkişafına yönəlməklə yanaşı, həm də yerlərdə enerji infrastrukturunun, nəqliyyat-kommunikasiya sisteminin bərpası, habelə elmi-texniki tərəqqi, mədəni yüksəliş, müasir informasiya texnologiyalarının tətbiqi məsələlərinin həllini özündə ehtiva etmişdir.
Regional inkişafa kompleks məsələ kimi yanaşan dövlət başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramında nəzərdə tutulmamış bir sıra məqsədlərin gerçəkləşdirilməsi üçün 2009-2013-cü illəri əhatə edən yeni analoji proqramın hazırlanmasını diqqət mərkəzində saxlamışdır. Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi isə bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir.
Yeni Dövlət Proqramında müəyyən edilmiş məqsədlərə nail olmaq üçün qarşıdakı həmin müddətdə ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi; infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi; sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi və sahibkarlığın inkişafının daha da sürətləndirilməsi; iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi; ixracyönümlü məhsul istehsalının stimullaşdırılması; müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması; əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması; əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi; yoxsulluğun səviyyəsinin azaldılması və digər zəruri tədbirlər nəzərdə tutulur.
2010-cu il martın 13-də Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı Biznes Mərkəzində - "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunları ilə bağlı keçirilən konfrans respublikamızda bölgələrin inkişafı sahəsində həyata keçirilən tədbirlərin sistemliliyini və səmərəliliyini bir daha təsdiqləyir. Konfransda dərin məzmunlu nitq söyləyən dövlət başçısı İlham Əliyev II Dövlət Proqramının icrası zamanı böyük uğurların əldə olunduğunu razılıqla qeyd etmişdir: "Dövlət Proqramının birinci ilinin yekunları çox ümidvericidir. Baxmayaraq ki, 2009-cu il bütün dünya üçün çox çətin, ağır il olmuşdur, sınaq ili olmuşdur. Azərbaycan bütün bu çətin sınaqlardan şərəflə çıxa bilmişdir. 2009-cu ildə, bundan əvvəlki illərdəki kimi, Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olmuşdur. 2009-cu ildə iqtisadi artım 9,3 faiz təşkil etmişdir. Sənaye istehsalının artımı 8,6 faiz, inflyasiya isə 1,5 faiz olmuşdur... 2009-cu il bir daha göstərdi ki, dünyanın neft bazarında baş verən hadisələrdən asılı olmayaraq, Azərbaycan uğurlu inkişafını davam etdirəcəkdir".
Konfransın yekunları deməyə əsas verir ki, II Dövlət Proqramı bölgələrin davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirməklə yanaşı, iş adamlarının fəaliyyətinin genişlənməsinə də yaxşı imkanlar açmışdır. Proqramda özəl sektorun dəstəklənməsi ilə bağlı nəzərdə tutulan kompleks tədbirlər göstərir ki, zəngin iqtisadi biliklərə, menecment təfəkkürünə malik olan, dünyada baş verən iqtisadi prosesləri dərindən bilən Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi tərəqqisində sahibkarların rolunu düzgün dəyərləndirir və onlara hərtərəfli dəstəyini əsirgəmir.
Bu sahədə yürüdülən siyasətin başlıca hədəflərindən biri də əlverişli biznes və investisiya mühiti yaratmaqla sahibkarlığın inkişafına daxili və xarici investisiyalar cəlb etmək, qeyri-neft sektorunun ümumi daxili məhsulda çəkisini durmadan artırmaqdır. Ölkəyə investisiya qoyuluşları sahəsində dövlət siyasətini vahid mərkəzdən tənzimləmək, respublikanın investisiya cəlbediciliyini daha da artırmaq baxımından hələ 2006-cı ildə Dövlət İnvestisiya Şirkətinin yaradılmasının mühüm əhəmiyyəti olmuşdur. Şirkətin başlıca vəzifəsi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin etmək, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Şirkət, eyni zamanda xarici sərmayədarlarla birgə layihələr həyata keçirməklə, onlarda inam və etimadın güclənməsini təmin edir. Qürur doğuran haldır ki, bu gün Azərbaycan investisiya cəlbediciliyinə görə dünyanın öndə olan dövlətlərindəndir. 2009-cu ildə Azərbaycan iqtisadiyyatına 9,2 milyard dollar investisiya qoyulmuşdur və bunun da 7,3 milyardı, yaxud 67 faizi daxili sərmayədir. Bütün dünyada maliyyə resurslarının məhdudlaşdığı, sahibkarların investisiya qoyuluşlarına son dərəcə ehtiyatlı yanaşdığı bir şəraitdə bu, kifayət qədər qənaətbəxş göstəricidir.
2009-cu ildə Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapitalının artırılmasına 70 milyon manat vəsait yönəldilməsi, eyni zamanda Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2100 sahibkarlıq subyektinə 130 milyon manat güzəştli kreditlər verilməsi bunu bir daha təsdiqləyir. Konfransda vurğulandığı kimi, 2009-cu ildə sahibkarlara verilmiş güzəştli kreditlərin məbləği 2008-ci ilin müvafiq göstəricisindən 1,5 dəfə çoxdur. Bu kreditlərin 70 milyon manatı dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna ayrılmış vəsait hesabına təmin edilmişdir. Güzəştli kreditlər hesabına qeyri-neft sektorunda 94 iri, o cümlədən 52 istehsal, emal və infrastruktur layihələr maliyyələşdirilmişdir.
Hökumət qlobal böhran şəraitində belə, özəl sektora müəyyən büdcə itkisi hesabına başa gələcək güzəştli addımlarını davam etdirir. Vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması məqsədilə fərdi sahibkarlara tətbiq edilən gəlir vergisi 2010-cu il yanvarın 1-dən 35 faizdən 20, müəssisələrin mənfəət vergisi 22 faizdən 20, fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endirilmişdir. Eyni zamanda sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək məqsədləri üçün hüquqi şəxslərin vergi tutulan əməliyyatlarının illik həcmi 90 min manatdan 150 min manatadək artırılmış, ƏDV və aksizlər üzrə elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılmışdır.
Biznes mühitinin liberallaşdırılmasına xidmət edən bu tədbirlər respublikamızın beynəlxalq miqyasda investisiyalara açıq ölkə imicini gücləndirir, qeyri-neft sektoruna marağı artırır. 2008-ci ildə Dünya Bankının Azərbaycanı bir nömrəli "İslahatçı ölkə" elan etməsi, 2009-cu ildə Ümumdünya İqtisadi Forumunun Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə bütün MDB ölkələrindən irəli - dünyada 51-ci hesab etməsi də məhz əlverişli biznes mühitinin nəticəsidir. Bu isə ilk növbədə ölkədə özəl sektorun fəaliyyəti üçün son dərəcə münbit və liberal şəraitin yaradılması ilə bağlıdır. Prezident İlham Əliyev Bakı Biznes Mərkəzində keçirilən konfransda bu məqama xüsusi toxunmuş, respublikada qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini qeyd etmişdir: "Neft-qaz üzərində qurulmuş iqtisadiyyat artıq rəqabət qabiliyyətliliyinə görə mükafatlar və yüksək qiymətlər alır. Bu, böyük nailiyyətdir. Bu bizi sevindirir. Ona görə ki, biz bu bölgədə yenə də birinciliyi əldən vermirik və verməyəcəyik. Ona görə sevindirir ki, bu, ölkəmizin uzunmüddətli inkişaf strategiyasını müəyyən edir. Biz irəliyə baxmalıyıq: 50 ildən sonra nə olacaq?! Azərbaycanın enerji mənbələri artıq tükənməyə başlayandan sonra iqtisadiyyatımız nəyin hesabına inkişaf edəcək, biz hansı yollarla inkişaf edəcəyik?! Biz bu gün bu vacib infrastrukturu yaratmaqla, biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlarla, investisiyaları cəlb etməklə Azərbaycan haqqında dünyada real və müsbət rəy formalaşdırırıq".
Azərbaycan qeyri-neft sektorunun prioritetliyinə əsaslanan inkişaf yolu seçməklə yanaşı, tarixən arqar-sənaye respublikası kimi tanınmış və ixtisaslaşmışdır. Son illərdə institusional baxımdan torpaq və aqrar islahatların uğurla başa çatması, kənd təsərrüfatı istehsalçıları üçün yeni imkanlar yaranması qarşıdakı illərdə də sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə malik bütöv iqtisadi sistemin - müstəqil milli iqtisadiyyatın formalaşdırılması prosesi ilə səciyyəvi olacaqdır. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edəcəkdir. Proqrama görə, Azərbaycanın kənd təsərrüfatında ənənəvi sahələr olan taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, pambıqçılığın, tütünçülüyün, çayçılığın, ipəkçiliyin və digər sahələrin inkişafı prioritet vəzifə olaraq qalır. Aqrar bölmənin inkişafı istiqamətləri sırasında normativ- hüquqi bazanın, elmi-metodik təminatın və kadr hazırlığı sisteminin təkmilləşdirilməsi; aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafı, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılması; aqrar bölməyə maliyyə dəstəyinin artırılması; aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi; aqrar sektora xidmət edəcək və bazar prinsipləri əsasında fəaliyyət göstərəcək yeni strukturlara dəstək verilməsi; kənd təsərrüfatında suvarma və meliorasiya təminatının yaxşılaşdırılması; torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi kimi tədbirlər mühüm yer tutur.
Son illərdə kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə və toxum məhsulları ilə təmin edilməsi məqsədi ilə "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması, onların gəlir vergisindən azad edilməsi, güzəştli şərtlərlə yanacaq və motor yağları ilə təmini də sahibkarlığa göstərilən qayğının mühüm tərkib hissəsi kimi xüsusi vurğulanmalıdır. Respublikanın regionlarında soyuducu anbarların inşası da fermerlərin maraqlarına cavab verməklə onların istehsal etdikləri kənd təsərrüfatı məhsullarının etibarlı saxlanılmasına və dünya bazarlarına çıxarılmasına imkan yaradır. Məhsulların əksəriyyətinin, məsələn, meyvələrin saxlanma şəraiti qənaətbəxş olmadığından onlar tez xarab olurlar. Bu təşəbbüs sayəsində yalnız bu problemin həlli yönündə deyil, məhsulların emal edilməsi sahəsində də böyük nəticələr əldə etmək olar.
Xüsusi vurğulamaq lazımdır ki, Milli Məclisdə son dövrdə qəbul olunmuş "Pambıqçılıq haqqında", "Ekoloji təmiz kənd təsərrüfatı haqqında", "Arıçılıq haqqında" və digər qanunlar kənd təsərrüfatı sahəsində dövlət siyasətinin daha səmərəli və məqsədəmüvafiq surətdə həyata keçirilməsinə imkan yaratmışdır.
Dövlət başçısı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" da qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Son bir ildə hər iki Dövlət Proqramlarının icrasının yüksək peşəkarlıqla əlaqələndirilməsi daha böyük nəticələr əldə edilməsinə səbəb olmuşdur.
Ümumilikdə, regional inkişaf sahəsində əldə olunmuş yüksək nəticələr deməyə əsas verir ki, respublikamız qlobal böhranın son fazasını da uğurla adlayaraq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 2010-cu ilin əvvəllərindən respublikada böhranın əlamətləri əhəmiyyətli dərəcədə aradan qalxmış, neftin qiymətlərinin nəzərdə tutulmuş həddən yuxarı olması dövlət büdcəsi gəlirlərinin artımına yaxşı imkanlar yaratmışdır. Bütün bunların nəticəsi kimi may ayında Milli Məclisdə dövlət büdcəsinə yenidən baxılması, bütün sahələr üzrə artımların baş verməsi gözlənilir. Prezident İlham Əliyev də yeni regional inkişaf proqramının icrasının birinci ildönümünə həsr olunmuş iclasda 2013-cü ilədək ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələlərin həllini tapacağına ümidvar olduğunu vurğulamışdır. Bütün bunlar isə ölkədə həyata keçirilən çoxşaxəli dövlət siyasətinin əsasında insan və şəxsiyyət amilinin dayandığını bir daha təsdiqləyir.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Azərbaycan.- 2010.- 13
aprel.- S. 7.