Türkün soyqırımı
Ermənilərin azərbaycanlılara
və Anadolu türklərinə qarşı törətdikləri
soyqırımı cinayətləri faktların dili ilə
Soyqırımı bütöv əhali qruplarının, etnosların irqi, milli, etnik, yaxud dini əlamətlərə görə tamamilə və ya qismən məhv edilməsi deməkdir. Ermənilər türklər tərəfindən onlara qarşı soyqırımı törədildiyini iddia etsələr də, hələ indiyə qədər bununla bağlı tutarlı fakt ortaya qoya bilməyiblər. Türkiyə tərəfinin təkidinə baxmayaraq, Ermənistan arxivlərin birgə öyrənilməsini və araşdırılmasını istəməyib. Qondarma "soyqırımı"nı tanıyan ölkələr də tarixdə nəyin baş verdiyini araşdırmaq məqsədilə Türkiyəyə tədqiqatçı göndərməkdə maraqlı olmayıblar. Əslində isə tarix sübut edir ki, ermənilər soyqırımına məruz qalmamış, öz mənfur əməllərini, sərsəm "böyük Ermənistan" xülyalarını gerçəkləşdirmək üçün Azərbaycan və Anadolu türklərinə qarşı XX əsr boyu ən dəhşətli soyqırımı cinayətləri həyata keçirmişlər.
Naxçıvan bölgəsində
soyqırımları
Rusiyada çarizmin devrilməsi ermənilərin Azərbaycanda apardıqları türk-müsəlman soyqırımlarının yeni dalğasının başlanmasına təkan verdi. 1917-ci ilin əvvəllərindən 1918-ci ilin martınadək təkcə İrəvan quberniyasında 197 Azərbaycan kəndi erməni silahlı qüvvələri tərəfindən dağıdıldı və boşaldıldı. Onların da müəyyən hissəsi həmin quberniyaya daxil olan Naxçıvan qəzasına və digər qonşu qəzalara aid idi.
S.Şaumyanın vasitəçiliyi ilə sovet Rusiyasının himayə və yardımına nail olan ermənilər, xüsusilə də Andranikin silahlı quldur dəstəsi 1918-ci ilin iyun-avqust aylarında Naxçıvan mahalının dinc türk-müsəlman əhalisinə heç bir çərçivəyə sığmayan vəhşiliklə divan tutdular. Andranikin yürüşü zamanı ermənilər Yaycı kəndinin əhalisinin ciddi müqaviməti ilə üzləşsələr də, oranı viran qoymuşdular. Culfada Araz çayı üzərindəki körpünü yandırmış, Ordubadda 2000 türk-müsəlmanı qətlə yetirmişdilər. 300-ə qədər adam Arazı keçərkən boğulmuşdu. Yaycı kəndində ermənilər tarixdə bənzəri olmayan vəhşiliklər (insanların kürəyinə qaynar samovar bağlanmış, hamilə qadınların qarınları xəncərlə yırtılmış və s.) törətmişdilər.
Digər bir erməni silahlı dəstəsi 1918-ci ildə "Yaqon" ləqəbli quldurun başçılığı ilə Naxçıvan şəhərindən 40 km şimalda yerləşən Almalı yaşayış məntəqəsinin əhalisini qıraraq öz tarixi yurdlarından didərgin salmışdı. Təxminən 2000 kişi öldürülmüş, xeyli gənc qadın əsir aparılmışdı. Osmanlı ordu hissələrinin Kazım Qarabəkir paşanın komandanlığı ilə Naxçıvan bölgəsinə gəlişi mahalın əhalisini daha irimiqyaslı qırğınlardan xilas etdi. 1919-cu ilin əvvəlində erməni polkovniki Doluxanovun başçılıq etdiyi silahlı dəstə Şərur-Sədərək ərazilərində onları duz-çörəklə qarşılayan dinc əhaliyə qarşı zorakılıqlar törətdilər. Müsəlmanlar yaşayan 8 kənd mühasirəyə alındı, Dəmirçi kəndi dağıdıldı və qarət olundu, 60 nəfər həbs edilərək İrəvana göndərildi, 200 nəfər Arazı keçərkən çayda boğuldu. Yerli əhali ilə toqquşmada ağır itkilər verən erməni hərbi hissəsi geri çəkilməyə məcbur oldu.
1919-cu ilin birinci yarısında Naxçıvan mahalında həyata keçirilən ingilis və erməni idarəçiliyi zamanı da burada azərbaycanlı əhaliyə qarşı ağlasığmaz zorakılıqlar edildi. Təxminən iki aylıq "erməni idarəçiliyi" (may-iyul) müddətində yalnız Naxçıvan şəhərində 330-dək axtarış aparılmış, 500-600 nəfər həbs olunmuş, 100-150 nəfərə isə dəhşətli işgəncələr verilmişdi. Bölgənin yerli əhalisinin "erməni idarəçiliyi"nə qarşı bir həftəlik üsyanın (19-25 iyul) uğurla nəticələnməsi, yəni, daşnak silahlı dəstələrinin mahaldan çıxarılması yeni qırğınlarının qarşısını aldı.
Ermənilərin "yandırılmış torpaq" - etnik təmizləmə siyasəti nəticəsində Naxçıvan mahalı 1918-1920-ci illərdə böyük qaçqınlar ordusu problemi ilə də üz-üzə qaldı. Bir tərəfdən ermənilərin İrəvan ətrafında və Zəngəzurdan qovduqları türk-müsəlman əhali Naxçıvana pənah gətirmiş, digər tərəfdən isə Andranikin yürüşü və "erməni idarəçiliyi" zamanı bölgənin xeyli yerli sakini Cənubi Azərbaycana üz tutmuşdu. Erməni hərbi hissələrinin Ordubad mahalına 1920-ci ilin martındakı hücumları da çoxsaylı dinc əhalinin qırılması ilə nəticələnmişdi.
Şimali Azərbaycan Rusiya tərəfindən yenidən işğal olunduqdan sonra, sovet hakimiyyətinin ilk çağlarında da müsəlman əhali ermənilərin törətdikləri soyqırımlarına məruz qalmışdır. Belə dəhşətli qırğınlardan biri 1920-ci ilin yay aylarında həyata keçirilmişdi. Erməni silahlı qüvvələrinin Zəngibasar-Vedibasar-Şahtaxtı-Şərur istiqamətindəki qanlı yürüşü zamanı həmin ərazilərin dinc əhalisinə qarşı törədilən vəhşilik və zorakılıqlara dair rəsmi araşdırma-təhqiqatlar aşağıdakı dəhşətli faktları üzə çıxarmışdı: Zəngibasarda 48 kənd tamamilə yandırılmış, 18 qız və gənc qadın əsir aparılmış, 400-dən çox uşaq, 150 qoca kişi və qadın öldürülmüş, 100 xəstə yandırılmış, 816 qaçqın Arazda boğulmuş, 160 min nəfər isə Cənubi Azərbaycana keçərək orada evsiz-eşiksiz qalmışdır; Vedibasarda 118 kənd yandırılmış, 900 nəfər artilleriya atəşlərilə öldürülmüş, 6 qadın əsir aparılmış, 300-dən artıq uşaq və qoca qətlə yetirilmişdir. Dərələyəzdə 74, Şərur və Şahtaxtıda 76 kənd yandırılmışdır. Şərurda 810 xəstə yatağındaca qətlə yetirilmiş, 144 qadın əsir götürülmüş, 72 nəfər top atəşilə məhv edilmiş, 150 qoca və qadın öldürülmüşdür. Şahtaxtıda 3 qadın əsir aparılmış, 35 uşaq, 14 qoca kişi, 8 qadın və 9 xəstə qətlə yetirilmişdi.
Bütövlükdə, 1918-1921-ci illərdə erməni quldur dəstələri Naxçıvan bölgəsində 73727 nəfər türk-müsəlman əhalini vəhşicəsinə qətlə yetirmişlər.
1921-ci ilin yanvarında Naxçıvan əhalisinin referendum yolu ilə Azərbaycanın tərkibində qalmaq arzusunu qəti şəkildə bildirməsi, Moskva və Qars müqavilələri (1921) ilə diyara Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsi və Naxçıvan Muxtar Respublikasının yaradılması (1924) ilə bölgədə türk-müsəlmanların soyqırımına qismən son qoyuldu. Lakin "böyük Ermənistan" yaratmaq kimi sərsəm xülyalarla yaşayan erməni şovinistləri sonralar da bu siyasətdən əl çəkməmiş, öz cinayətkar aksiyalarını XX əsr boyu açıq və gizli şəkildə davam etdirmişlər.
Zəngəzur
qırğınları
Erməni-daşnak quldur dəstələri 1918-ci ildən 1920-ci ilin aprelinə qədər Zəngəzurda azərbaycanlılara qarşı soyqırımı cinayətləri törətmişlər. Bu müddət ərzində erməni quldur dəstələrinin həmin qəzanın müsəlman əhalisinə qarşı zorakılıq aktları hərdən səngisə də, zaman-zaman daha qəddarlıqla təkrar olunmuşdur. Qəzanın müsəlman əhalisinin vəziyyəti Azərbaycanın başqa əyalətlərinə nisbətən bir də ona görə ağır idi ki, erməni kəndlərindəki silahlı quldur dəstələri ilə yanaşı, bu qəzada Andranikin mütəşəkkil erməni əsgər və zabitlərindən ibarət nizami qoşunları da var idi. Nizami qoşunu və erməni quldur dəstələrini ətrafında cəmləşdirmiş Andranik Ermənistan hökumətinin tapşırığı ilə Azərbaycan ərazisinə soxulub müsəlman əhalidən ya Ermənistan hökumətinə tabe olmağı, ya da guya "Ermənistan Respublikasına daxil olan" bu qəzanın ərazisindən çıxmağı tələb edirdi. Qəzanın, demək olar ki, xarici aləmdən təcrid olunmuş və çox zəif silahlanmış müsəlman əhalisi Andranikin bu tələblərini rədd etdikdə ermənilər həmin əhaliyə qarşı görünməmiş vəhşiliklər törətmiş, kütləvi soyqırımları həyata keçirmişdilər.
Fövqəladə Təhqiqat Komissiyasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdıldığı göstərilir. Həmin kəndlərdə 3257 kişi, 2776 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdı. Şahidlərin ifadəsi əsasında tərtib olunmuş məruzədə ermənilərin törətdikləri cinayətlər haqqında ətraflı məlumat verilmişdir. Vaqudi kəndində erməni vandalları 400-dən yuxarı azərbaycanlı əhalinin sığınacaq tapdığı məscidə əvvəlcə əl qumbaraları atmış, sonra isə ona od vuraraq adamlarla birlikdə yandırmışdılar. Qaniçən quldurlar həmin kənddən qaçıb canını qurtarmaq istəyən uşaq və qadınların başlarını qılınc və xəncərlə üzmüş, İmişli kəndini qarət edərkən südəmər uşaqları süngülərə taxaraq göyə qaldırmış, öldürülənlərin meyitlərini tikə-tikə doğramışdılar. Göstərilənlər ermənilərin törətdikləri vəhşiliklərin cüzi bir hissəsi idi. Şahidlərin dediyinə görə, bütün bu cinayətlər bilavasitə Andranikin başçılığı ilə həyata keçirilmişdir.
Zəngəzurun müsəlman əhalisinə qarşı erməni basqınları, vəhşilikləri 1919-cu ilin dekabrından etibarən yenidən şiddətləndi. Müsəlmanlar yaşayan Oxçu, Şabadan, Atqız, Pordavdan kəndlərinə qarşı hərbi əməliyyatlar başlandı.
Andranikin "döyüşçüləri"nin vəhşilikləri misli görünməmiş həddə çatmışdı. Şahidlərin söylədiklərinə görə, Vaqudi kəndində 15 qız erməni yaraqlıları tərəfindən mənəvi və fiziki işgəncələrlə öldürülmüşdü. Həmin kənddə ermənilər qadınları öldürməzdən əvvəl zorlayır və döşlərini kəsirdilər. Meyitlər o qədər eybəcərləşdirilmişdi ki, onları tanımaq mümkün olmurdu. Quldur dəstələri bütün müdafiəsiz müsəlman kəndlərini talan etdikdən sonra hər yeri və hər şeyi oda qalayırdılar. Kəndlərdən hansısa biri müdafiə olunmağa cəhd göstərdikdə mühasirəyə alınır və yerlə-yeksan edilirdi. Bu hadisələrin iştirakçısı olan A.Lalayan yazırdı: "Türk qadınlarının və uşaqlarının, qocaların və yeniyetmələrin məhv edilməsində daşnak dəstələri maksimum "şücaət" göstərirdilər. Daşnak dəstələrinin ələ keçirdiyi kəndlər canlı insanlardan azad olunur və eybəcərləşdirilmiş meyitlərlə dolu xarabazarlığa çevrilirdi".
Erməni millətçilərinin Zəngəzurdakı dəhşətli cinayətləri və onlara layiqli cavab verilməməsi azərbaycanlı əhali arasında ümidsizlik doğururdu. 1920-ci il yanvarın 23-də Cəbrayıldan müəllim Hüseyn Axundzadənin və digərlərinin Azərbaycan Cümhuriyyəti parlamentinə və hökumətinə göndərdikləri teleqramda deyilirdi: "İkinci dəfə olaraq teleqraf edirik. Zəngəzur müsəlmanları sarıdan başınız sağ olsun. Zəngəzurlular nə qədər ağladılarsa da, nalələri Zəngəzur dağları, dərələri və obaları arasından bir tərəfə çıxmadı. Qızlar və gəlinlər ermənilərin əlinə keçmiş, onların namuslarına təcavüz edilmişdir. Zəngəzurda düşmən müqabilində bir az kişi qalıb. Lakin onlar da ümidsiz vəziyyətdədirlər. Heç bir tərəfdən kömək gəlməmişdir. Ermənilərin nizami orduları on min nəfərə çatmışdır və qüvvələri hər an artmaqdadır".
Həmin gün Cəlil Sultanovdan Azərbaycan parlamentinə və hökumətinə aşağıdakı məzmunda teleqram daxil olmuşdu: "İndicə aldığım səhih məlumata görə, yanvarın 19-da erməni nizami ordusu 10 top və çoxlu pulemyotlarla Xocahan və Qaladərəsi arasındakı bir sıra tatar (Azərbaycan) kəndlərinə hücum etmişlər. Dünənə qədər 15 kənd məhv edilmişdir". C.Sultanov əməliyyat yerindən parlamentə göndərdiyi üçüncü teleqramda yazırdı: "Bu gün axşam vaxtı qəza rəisi ilə birlikdə Cəbrayıla gəldim. Açıq səma altında Zəngəzurdan təzəcə gəlmiş on minlərlə lüt, ac qadın və uşaq qaçqınları gördüm. Zəngəzur qəzası İrəvandan on top və pulemyotlarla gəlmiş nizami ordu tərəfindən tamamilə məhv edilmişdir. Vuruşmada iştirak edən nizami erməni ordusunun sayı on minə çatır. Aldığımız məlumata görə, sabah Zəngəzur tərəfindən Cəbrayıl qəzasına hücum başlanır. Məqsəd Qarabağ erməniləri ilə birləşmək, nəticədə Naxçıvanla əlaqəni tamamilə kəsmək, beləliklə də həm Qarabağ, həm də Naxçıvan məsələsini birdəfəlik həll etməkdir. Qarabağın dağlıq hissələrinin erməniləri sürətlə üsyana hazırlaşırlar".
Yanvarın 24-də C.Sultanovun Cəbrayıldan göndərdiyi son teleqramda deyilirdi: "Bütün teleqramlarıma əlavə olaraq, hərbi əməliyyat yerindən məlum edirəm ki, Zəngəzur sarıdan başınız sağ olsun. Ermənilər öz qüvvələrini Cəbrayıl qəzasının sərhədində cəmləşdirirlər. Qarabağı xilas etmək lazımdır. Erməni xəyanəti və hiyləgərliyi qurbanlarının sayı hesaba gəlməzdir".
Aprel işğalından sonra Rusiyanın Zəngəzur məsələsi ilə bağlı yeritdiyi siyasət Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra köklü şəkildə dəyişdi. Belə ki, 1920-ci il aprelin sonunda 11-ci Qırmızı ordunun siyasi rəhbərliyi və Azərbaycan İnqilab Komitəsi sədrinin müavini M.D.Hüseynovun Ermənistan daşnak hökumətinə notasında Qarabağı və Zəngəzuru erməni qoşunlarından təmizləmək tələb olunurdusa, artıq həmin ilin dekabrında Azərbaycan Zəngəzuru Ermənistana "bağışlamağa" məcbur edildi. Bu, imperiyanın bölgədə yeritdiyi yeni müstəmləkəçilik siyasətinin təzahürü idi. Məkrli planlarını onilliklərə irəlicədən hesablayan ermənilər daim azərbaycanlıları bu bölgədən sıxışdırmış, nəhayət, ötən əsrin 80-ci illərinin sonunda SSRİ rəhbərliyindəki himayədarlarının köməyi ilə onları əzəli torpağından son nəfərinə kimi çıxarmışlar.
(Əvvəli və ardı
var)
Hazırladı: Rəşad
CƏFƏRLİ
Azərbaycan.- 2010.- 13 aprel.- S. 10.