Sahibkarlıq sahəsində
yoxlamaların nizama salinması və istehlakçıların hüquqlarının
qorunmasının təmin
edilməsinə dair bəzi tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
İstehlakçıların
hüquqlarının qorunması məqsədilə
aparılan yoxlamaların müasir standartlara uyğun olaraq tənzimlənməsi,
aparılan yoxlamalar zamanı səlahiyyətlərindən
sui-istifadə hallarının qarşısının
alınması, şəffaflığın təmin edilməsi,
həmin yoxlamalar zamanı alınan nəticələrə
uyğun olaraq istehlakçıların hüquqlarının
effektiv müdafiəsini təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
1.1.
istehlakçıların hüquqlarının müdafiəsi
məqsədilə aparılan yoxlamaların vahid
qaydasını hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. sahibkarlıq sahəsində
yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə
edilməsini mümkün edən Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi tərəfindən
aparılan vahid məlumat reyestrinin formasını və
aparılması qaydasını hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
2. Müəyyən
edilsin ki, sahibkarlıq sahəsində aparılan hər bir
yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən
reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə
bilər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 aprel 2010-cu il.
Azərbaycan.- 2010.- 14
aprel.- S. 1.