Turizm sənayesinin inkişafı Azərbaycan dövlətinin prioritet vəzifələrindəndir

 

2010-2014-cü illərdə Turizmin inkişafına dair Dövlət Proqramının qəbulu bu istiqamətdə aparılan uğurlu siyasətin əyani ifadəsidir

 

Zəngin təbiəti, əlverişli geopolitik mövqeyi, qonaqpərvər insanları ilə seçilən Azərbaycanda son illər turizmin inkişafı ilə bağlı bir sıra radikal addımlar atılıb.

Azərbaycanın turizm potensialının güclənməsi sosial-iqtisadi dirçəliş fonunda indi daha aydın duyulur. Ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı, müasir turizm infrastrukturunun yaradılması qeyri-neft sektorunda turizmin daha perspektivli mövqeyini ortaya qoyur.

Aprelin 13-də "Hyatt Regency" otelində Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi toplantıda 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələr geniş müzakirə olunmuşdur. Müvafiq dövlət qurumları təmsilçilərinin və tanınmış turizm şirkətləri nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2010-cu il 6 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramının bir sıra parametrləri üzərində geniş dayanılmış, turizm sənayesinin inkişafı ilə bağlı həyata keçiriləcək tədbirlər barədə açıqlama verilmişdir. Proqramda turizmin inkişafına istiqamətlənən qanunvericilik sənədlərinin hazırlanmasına, beynəlxalq investisiyaların cəlb edilməsinə, turizm potensialının geniş təbliğinə xüsusi önəm verildiyini diqqətə çatdıran mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, hələ 2002-2005-ci illərdə bu sahənin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi nəticəsində turizm potensialının artırılmasına münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir. 2002-ci ildə ölkəmizdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 94 olduğu halda, ötən il bu rəqəm 3700-ə çatmışdır. Bu obyektlərdəki ümumi yerlərin sayı 2002-ci illə müqayisədə təxminən 3 dəfə çoxdur.

Son illər görülən kompleks tədbirlərin nəticəsi olaraq Azərbaycana gələn turistlərin sayı ilbəil artır, ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin şəbəkəsi genişlənir. Hazırda respublikada 123 turizm müəssisəsi lisenziya əsasında fəaliyyət göstərir və 2002-ci ilə nisbətən onların sayı üç dəfə artmışdır. Bununla yanaşı turizmin inkişafı və bu sektorun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi ən mühüm vəzifələrdən biri kimi qarşıda durur. Əbülfəs Qarayev bildirdi ki, son illər Azərbaycanda əldə olunmuş sosial-iqtisadi irəliləyişlər, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi bu vəzifənin imkanlara adekvat səviyyədə həllinə şərait yaradır.

Mədəniyyət və Turizm Nazirliyinin turizm sənayesinin inkişafında göstərdiyi uğurlu fəaliyyət diqqətəlayiqdir. Nazirlik ölkəmizin beynəlxalq aləmdə daha yaxından tanınmasında, siyasi nüfuzunun yüksəlməsində turizmin böyük rol oynadığını daim nəzərə alır, ölkəyə turist axınının güclənməsi üçün səmərəli yollar axtarır. Azərbaycanın aparıcı turizm şirkətlərinin və otel biznesi nümayəndələrinin ardıcıl olaraq London, Berlin, Moskva, Afina, Tokio, İstanbul, Vyana, Pekin və digər şəhərlərdə keçirilən sərgi və yarmarkalarda iştirakı ölkəmizə daha çox turist cəlb edilməsində mühüm rol oynayır. Belə tədbirlərdə dünyanın nüfuzlu turizm şirkətlərinin nümayəndələri Azərbaycan haqqında əsl həqiqəti dərindən öyrənirlər, ölkəmizin zəngin mədəni və tarixi irsi, xalqımızın məişəti, mətbəxi, qonaqpərvərliyi ilə yaxından tanış olmaq imkanı qazanırlar. Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov bununla bağlı tədbir iştirakçılarına geniş məlumat verdi, aprelin 28-dən 30-dək Bakıda beynəlxalq turizm sərgi-konfransının keçiriləcəyini bildirdi. O, dünyada turizmin inkişaf tendensiyaları, Azərbaycanda turizmin tarixi mərhələləri üzərində də geniş dayandı.

Toplantıda çıxış edənlər ölkəmizdə 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramının məqsəd və vəzifələri, fəaliyyət istiqamətləri, proqramın maliyyələşdirilməsi ilə bağlı fikirlərini bildirdilər, konkret təklif və mülahizələrini çatdırdılar. Turizm haqqında qanunvericilik aktlarının təkmilləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, sahənin kadr təminatı, statistika, tədqiqat, tanıtma, marketinq və digər məsələlərlə bağlı qarşıda duran vəzifələr geniş təhlil edildi, müvafiq qurumların üzərinə düşən təxirəsalınmaz vəzifələr müəyyənləşdirildi.

Toplantıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Mehman Tağıyev iştirak edirdi.

 

 

Akif CABBARLI

 

Azərbaycan.- 2010.-  14 aprel.- S.  3.