Polis Akademiyasında Böyük Vətən müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş tədbirlər keçirilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqramı"n təsdiq edilməsi haqqında müvafiq sərəncamının icrası ilə əlaqədar Daxili İşlər Nazirliyinin Polis Akademiyasında silsilə tədbirlər həyata keçirilmişdir.

Bu tədbirlər çərçivəsində DİN-in Veteranlar Şurasının sədri Bəylər Hüseynov, daxili işlər orqanlarının veteranları və müharibə iştirakçıları Qüdrət Süleymanov və Xasay Rüstəmovla görüşlər təşkil olunmuş, daxili işlər orqanlarında xidmət etmiş Sovet İttifaqı qəhrəmanları X.Məmmədov, S.Kazımov və M.Quliyevin məzarlarının, müharibədə həlak olanların xatirə komplekslərinin, qardaşlıq qəbiristanlıqlarının ziyarətləri təşkil edilmişdir.

Bundan əlavə, 1941-1945-ci illər müharibəsi iştirakçılarının cəbhədə keçdiyi döyüş yolu və daxili işlər orqanlarında xidməti fəaliyyəti barədə söhbətlər aparılmış, fakültələrin divar qəzetlərində bu tarixi hadisə ilə bağlı müntəzəm materiallar dərc olunmuş, ümumi kitabxanada Böyük Vətən müharibəsinə və Qələbənin 65 illiyinə həsr olunmuş sərgilər təşkil edilmişdir.

Polis Akademiyasında həmçinin Böyük Vətən müharibəsi veteranı, respublika Veteranlar Şurasının Rəyasət Heyətinin üzvü, general-mayor Bahadur Hüseynovla, Bakı Şəhər Veteranlar Şurasının sədr müavini, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Bəhram Şeydayevlə, Yasamal rayon Veteranlar Şurasının sədri Almaz Qasımova, Böyük Vətən müharibəsi veteranı, qırıcı-təyyarəçi, istefada olan mayor Damət Nəbiyevlə, Böyük Vətən müharibəsi veteranı, I qrup əlil Bəkir Məmmədovla, Bakı Şəhər Veteranlar Şurasının Rəyasət Heyətinin üzvü, Dəmir Yol Veteranlar Şurasının sədri Əminağa Nəsirovla görüş keçirilmişdir.

Qonaqlar və akademiyanın zabit-müdavim heyəti ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoymuş, akademiyada fəaliyyət göstərən "Heydər Əliyev irsinin öyrənilməsi üzrə ideoloji mərkəz"in işi ilə tanış olmuşlar. Klubda davam edən tədbirdə akademiyanın rəisi, polis general-mayoru Ramiz Nağıyev İkinci dünya müharibəsində qələbənin əldə olunmasında Azərbaycan xalqının göstərdiyi misilsiz rəşadətdən danışmışdır. Natiqlər ön və arxa cəbhədə şücaət göstərən Azərbaycan oğul və qızlarının igidlikləri barədə ətraflı söz açmış, iştirakçıları maraqlandıran suallara cavab vermişlər.

Tədbirin sonunda qonaqlara xatirə fotoalbomları təqdim olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  14 aprel.- S.  3.