Bir ailənin faciəsi
1937-ci il noyabr ayının 9-da acı bir xəbər Ağsu rayonunun Gəgəli kənd (o vaxt kənd Kürdəmir rayonunun tərkibində idi) camaatının ovqatını təlx etdi. "Gecə Musa kişinin oğlanları Polad bəylə Hacıbaba bəyi hökumət adamları yenə aparıblar". Bütün günü pıçıltıyla səslənən bu xəbər kolxoz idarəsindən tutmuş kənddən xeyli aralıda yerləşən dəyirmana, xırman yerinə, yataqdakı çobanlaradək çatdı. Günortadan sonra məlum oldu ki, qonşu kənddə yaşayan Mehdi kişinin oğlu Soltan bəyi də aparıblar.
Sovet hökumətinin qorxusundan kənd adamları nə Poladın, nə Hacıbabanın, nə də Soltanın evinə tərəf boylana bilirdilər. Qonşulardan bir-ikisi gecənin zil qaranlığında çəpərdən gizlicə həyətə keçib işığı yanmayan evin qapısına yaxınlaşsalar da, heç kəsi tapa bilmirlər. "Yəqin gəlinlər uşaqları da götürüb qayınatasıgilə gediblər" yozumuna bel bağlamaqdan başqa heç nəyə ümidləri qalmır.
Polad bəy də, Hacıbaba bəy də çoxuşaqlı ailədə böyümüşdülər. Ataları Musa kişi maldarlıqla məşğul olub. Uşaqları - Polad (1881), Babacan (1882), Məhyəddin (1883), Əlimusa (1884), Məmmədrza (1885) hər işdə atalarına kömək edirdilər. Polad ailənin ilki, qardaşların böyüyü idi. Qardaşlar böyüdükcə qoyun-quzu, mal-qara otarıb, gün-güzəran qurublar. Biri o birinin əlindən tuta-tuta təsərrüfatlarını genişləndiriblər, yavaş-yavaş var-dövlət sahibi olublar. Qardaşlar ömürləri boyu kənddən çıxmayıblar, nə təhsil görüblər, nə məktəbə gediblər. Nə yaş kağızları olub, nə pasportları. 1929-cu ildə qardaşları "kulak" adıyla məşhər ayağına çəkəndə, barələrində yuxarılara yerli-yersiz donos yazılanda ailəni yaxından tanıyan kənd sovetinin işçiləri rəsmi arayışlarda təxmini hesablamalarla qardaşlara təvəllüd tarixləri yazıblar.
Hamı bilirdi ki, Polad da, qardaşı Hacıbaba da mülkədar kimi çoxdan hökumətin "qara siyahı"sına düşüblər... Hacıbaba Cəbiyev kolxoz quruculuğunun əleyhinə çıxdığından hələ 1927-ci ildə səsvermə hüququndan məhrum edilmişdi. 1933-cü ildə "kulak" adıyla malı-mülkü əlindən alınmaqla üç il müddətinə sürgünə göndərilmişdi. Üstəlik 7 hektar əkin yerini, 1 kotanını, 1 malasını, 1 suvuranını, 2 dəvəsini, 2 camışını, 3 atını, 2 inəyini, 75 qoyununu, 15 keçisini, 3 öküzünü əlindən alıb kolxoza vermişdilər.
Sürgündən qayıdan Hacıbaba gecə-gündüz əlləşərək yenə özünə gün-güzəran qurmuşdu. Yarım hektar əkin yeri, atı, inəyi, ulağı vardı. Daim təsərrüfat işlərində çalışır, yeddi nəfərlik ailəsinin dolanışığına can atırdı. Amma əqidəsindən də dönmürdü, orda-burda, komsomolçuların, kommunistlərin, kolxozun əleyhinə də danışırdı. Odur ki, heç bir il keçməmiş qolçomaq, müttəhim, bitərəf Hacıbaba Musa oğlu Cəbiyev sovet hökumətinin və kolxoz quruluşunun əleyhinə təbliğat apardığına görə 1937-ci il noyabr ayının 9-da yenidən həbs olunur.
Bəs Hacıbaba kişi ilə bir gecədə "yoxa çıxan" böyük qardaşı, 56 yaşlı Poladın günahı nə imiş? Bəlkə, 1929-cu ildə Gəgəlidə kolxoz qurulan zaman əlindən aldıqları mülkü, 12 hektar əkin sahəsi, 1 pəyə, 2 mala, 1 suvuran, 2 baş dəvə, 2 at, 1 inək, 1 camış, 4 öküz, 150 qoyun, 20 keçi, 1 ulaq, 1 araba komsomolçulara, kolxoz yaradanlara azlıq edib?! Hamının böyük ehtiram göstərdiyi, hörmətini saxladığı Polad kişi kolxoza və artelə üzv yazılmaqdan imtina etdiyinə görə 1932-ci ildə üç il müddətinə həbsxanaya salınmışdı. Qayıtdıqdan sonra ailəsini başına yığıb əkin-biçinlə məşğul olurdu. Kolxoza da üzv yazdırmışdılar, yeri gəldikcə kolxozun mövsümi işlərində də çalışırdı. Bunu da gözləri götürməyən kommunistlər, komsomolçular elin-obanın hörmətli adamlarını, o cümlədən Polad bəylə Hacıbaba bəyi nüfuzdan salmaqla camaatın gözünün odunu alırdılar. Beləliklə, yeni quruluşa qulluq edənlər "gözü çıxmış qardaşından öyrən, dediyimə əməl et!" metodu ilə insanları incidir, qorxu altında saxlayırdılar. Etiraz edənləri həbsxanaya salırdılar. Yüz cür şər-şəbədə qoşub, "sən yeni hökumətin əleyhinə çıxmısan", - deyə beş-on gündən sonra kimsənin xəbəri olmadan ya güllələyir, ya da uzaq Sibirə, gedər-gəlməzə sürgün edirdilər. Polad Cəbiyev də bu üsulun qurbanı oldu. Ailənin digər üzvləri, xüsusilə qardaşları Babacan, Məhyəddin, Əlimusa və Məmmədrza kənddə gözümçıxdıya salındılar. Ailə başçılarını kolxoza, uşaqlarını isə məktəbə yaxın qoymurdular ki, siz xalq düşməninin qohumlarısınız. Beləliklə, Cəbiyevlər ailəsinin bir neçəsi təhqirə, təzyiqə dözməyərək ətraf kəndlərdə binə olmağa üz tutur.
Repressiyaya məruz qalan qardaşların respublika DTK arxivində mühafizə olunan şəxsi işlərindəki dindirmə protokollarında göstərilir ki, guya Polad Cəbiyev kiçik qardaşı Hacıbaba ilə birləşib, yaxın qohumlarını, dost-tanışlarını tərəflərinə çəkərək camaatı ruhdan salır, kolxoz quruluşuna qarşı çıxırlar. Hətta Polad qardaşı Hacıbaba ilə birlikdə özbaşına dövlətin torpağına toxum səpərək şəxsi təsərrüfat yaradıb. Şura hökumətinə qarşı çıxan banditləri uzun müddət ərzaqla təmin ediblər. 1935-ci ildə məhv edilmiş Şamaxı rayonundan olan Çaqan kənd sakini, siyasi bandit Molla Sadıxın bir neçə il hökumətdən gizlənməsinə şərait yaradıblar. Eləcə də kəndin bəzi müsavatçılarını Şamaxı rayonundakı Dədəgünəşli kəndindən olan müsavatçı Şeyxkərəmlə görüşdürüb, əlaqə qurub. Daim kolxozçular arasında təbliğat aparıb ki, köhnə quruluşa qayıdılsın. Kolxozun at tövləsini dağıdıb, bəzi şeyləri özünə götürüb və s. Bu cür böhtan xarakterli sözlər təhqiqat-dindirmə protokollarında kifayət qədərdir. Hörmətli kişilərin məhv edilməsinin irəlicədən düşünülmüş şəkildə aparılması onların adına açılmış saxta cinayət işinin hər cümləsində, hər səhifəsində hiss olunur.
Gəgəli kəndinin adlı-sanlı bəylərindən Polad və Hacıbaba Cəbiyevlərin düyünə düşən taleyi müdhiş payız gecəsi - noyabrın 9-da, cəmi-cümlətanı iyirmi gündən sonra yeni qurulmuş hökumətin "ədalət məhkəməsi"ndə həll olunmuşdu. Azərbaycan SSR XDİK xüsusi "Üçlüy"ü Polad və Hacıbaba Cəbiyev qardaşlarının əmlakları müsadirə olunmaqla güllələnməyə məhkum olunmaları haqqında qərar çıxarıb.
Polad kişinin, eləcə də qardaşı Hacıbaba bəyin ailəsi, qohumları, yaxınları uzun müddət bu faciədən, onların öldüsündən-qaldısından xəbərsiz olublar. Polad bəyin nəvəsi Adil Osmanov deyir ki, anam həmişə danışardı ki, atası, əmisi və yaxın qohumları qolçomaq adıyla gedər-gəlməzə göndəriləndən sonra kənddə olan qardaşlarını, xüsusilə ailə üzvlərini kolxozda, arteldə işləməyə qoymurdular. Dəfələrlə günün günorta çağı evimizdən xalça-palazımızı, həyətdən mal-qaramızı götürüb apardılar ki, siz mülkədar ailəsisiniz.
Sürgündən qayıdanın, türmədən çıxanın, uzaq ellərdən gələnin gizlincə qabağına yüyürüblər, evinə gediblər, ünvanına məktub yollayıblar ki, bəlkə itkinlərindən bir xəbər bilələr. Beləcə, illərlə axtarışda, səsdə-soraqda ata, əmi, baba yolu gözləyiblər. Şura hökumətinin qorxusundan yuxarılara yaza, soruşa bilməyiblər. Qorxublar ki, onları da tutarlar. Polad bəyin yeganə oğlu Məhəmmədi kənddəki məktəbə götürmürdülər, anasını kolxoza üzvlüyə qəbul etmirdilər. Məcbur olub gizlicə dost-tanış vasitəsilə familiyalarını dəyişib, babalarının adını özlərinə familiya yazdırırlar. Beləliklə, Polad bəyin həyat yoldaşı Xədicə, eləcə də uşaqları Musayev familiyasını götürdükdən sonra Məhəmməd və bacısı Lumu qonşu kənddəki məktəbə, Xədicə isə kolxoza işə düzəlir.
1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Polad kişinin yadigarı Məhəmməd Musayev "xalq düşməninin oğlu"dur adını üstündən götürmək üçün rayon hərbi komissarlığına rəsmi ərizə ilə müraciət edərək könüllü olaraq müharibəyə getmişdir. İstəyinə nail olmaq üçün çətinliklərə qatlaşıb, müharibənin odundan-alovundan keçib. Ən çətin əməliyyatlarda belə özünü irəli verməkdə, yoldaşlarına ekstremal vəziyyətdə kömək əli uzatmaqda qorxmazlıq nümunəsi göstərib. Bu fikirlər Məhəmmədin 1943-cü ilin qışında bacısı Lumuya yazdığı məktubdandır. Çevikliyinə və döyüş əməliyyatlarını layiqincə yerinə yetirdiyinə görə bu günlərdə hərbi hissə komandanlığı tərəfindən leytenant rütbəsinə layiq görüldüyünü bildirən Məhəmməd Musayev Gəgəli kəndinə, bacısına ünvanladığı üçkünc məktubun içərisində muştuluq kimi zabit geyimində, leytenant rütbəsində şəklini də göndərir. Ailənin mənəvi pasportuna çevrilən bu şəkili və məktubu bacısı və uşaqları neçə illərdir ki, ən əziz xatirə kimi saxlayırlar. "Bundan sonra Məhəmməddən məktub almadıq, onun nə qaldısından, nə də öldüsündən xəbər tuta bilmədik. Müharibədən sonra çox yerə müraciət etdik, bəlkə həlak olub, bəlkə əsir düşüb, bəlkə itkindir... heç bir məlumat verən olmadı". Ömrünün nəvəli-nəticəli günlərini yaşayan Lumu xanım repressiya qurbanı atası Polad bəyə qarşı olan haqsızlığı, əsgər qardaşı Məhəmmədin nə öldüsündən, nə də qaldısından xəbər tuta bilməməsini özünə bağışlaya bilmir.
Lumu xanım, eləcə də yaxınları müharibədən qayıtmayan qardaşı Məhəmmədin axtarışları ilə yanaşı, atası Polad bəyin, əmisi Hacıbaba bəyin taleyi ilə də çox maraqlanıb. Gah gizli, gah aşkar aidiyyəti təşkilatlara müraciətlər ediblər, bilmək istəyiblər Sovet hökuməti Polad bəyə, əmisi Hacıbaba bəyə nə cəza verib: Güllələyiblər? Yoxsa, müəyyən bir müddətə qazamata salıblar, ya sürgündədirlər?! Ailənin yaxın qohumu Qaroğlan Musayevin 1958-ci ildə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinə göndərdiyi müraciət-sorğudan sonra məlum olmuşdur ki, nə Polad Cəbiyev, nə də Hacıbaba Cəbiyev həyatda yoxdur. Hər iki qardaş Azərbaycan Respublikası Xalq Daxili İşlər Komissarlığı fövqəladə "Üçlüy"ünün qərarı ilə 1937-ci il noyabr ayının 29-da gecə saat 1-ə 10 dəqiqə işləmiş Bakıda güllələnib.
Sovet imperiyasının repressiya maşını yüzlərlə, minlərlə insanı cismən məhv etsə də, xalqımızın milli mentalitetini, həyata ümidini, inamını qıra bilmədi. Bəy, mülkədar, qolçomaq, millətçi, kolxoz quruluşunun, sovet hökumətinin düşməni və s. adlarla həyatlarına qəsd edilən dəyərli insanların adı, soyadı mənsub olduqları nəslin bugünkü davamçılarında yaşamaqdadır... 1941-1945-ci illər Böyük Vətən müharibəsinin iştirakçısı olmuş leytenant Məhəmməd Polad oğlu Musayevin yolunu, sorağını Gəgəlidə hələ də gözləyənlər var...
Cəbiyevlər nəslinin qol-budaq atmış digər ailələrində olduğu kimi, bu nəslin ləyaqətli davamçısı Adil Osmanovun ailəsində də elinin, obasının təəssübünü çəkən, xalqını və vətənini müstəqil görmək arzusuyla repressiyaya məruz qalmış babasının adını yaşadan iki yaşlı Polad və nənəsinin adını daşıyan dörd yaşlı Xədicə böyüyür.
Rəhman SALMANLI
Azərbaycan.- 2010.- 13
aprel.- S. 10.