Sosial-iqtisadi inkişafın müasir mərhələsində auditor xidməti

 

2009-cu ildə dünya iqtisadiyyatında qlobal maliyyə böhranı davam etmişdir. Dünyanın aparıcı dövlətləri qlobal maliyyə böhranından ciddi əziyyət çəkdiyi halda, ölkəmizin iqtisadi göstəricilərində bu, o qədər də hiss olunmamışdır. Bütövlükdə, respublikamız qlobal böhranı kifayət qədər hazırlıqlı qarşılamış, yaradılmış irihəcmli valyuta ehtiyatları iqtisadiyyatın yüksək maliyyə dayanıqlığını təmin etmişdir. Çevik pul və məzənnə siyasəti makroiqtisadi sabitliyin və dayanıqlığın qorunmasını, antiböhran tədbirlərinin səmərəsini şərtləndirmişdir. Möhtərəm Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, son bir ilin təcrübəsi göstərir ki, Azərbaycanın seçdiyi antiböhran siyasəti inkişaf etmiş iri dövlətlərin, dünya iqtisadi təsisatlarının həyata keçirdiyi çoxsaylı tədbirlərdən qat-qat təsirli, uğurlu və düzgündür, bu siyasət gələcəkdə də Azərbaycana böyük nailiyyətlər bəxş edəcəkdir.

 

2009-cu il Azərbaycanın iqtisadi həyatı mühüm hadisələrlə yaddaqalan olmuşdir. Başqa sözlə, il ərzində ölkədə irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, əhalinin sosial təminatının yaxşılaşdırılması istiqamətində atılan addımlar ölkənin iqtisadi qüdrətinin artdığının göstəricisidir. Bu müsbət tendensiya iqtisadi sferada fəaliyyət göstərən beynəlxalq təşkilat və qurumların diqqətindən qaçmamış, onların illik hesabatlarında Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş ölkələrlə bir sırada müəyyənləşdirilmişdir.

Bu cür ciddi irəliləyiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin möhkəm siyasi iradəsinin, ölkədə biznes mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması üzrə hökumətin qarşısında qoyduğu vəzifələrin uğurla həyata keçirilməsi sayəsində mümkün olmuşdur. Görülmüş ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsində sahibkarlıq fəaliyyətində mühüm inkişaf müşahidə olunmuş, iqtisadiyyatın liberallaşmasının dərinləşdirilməsi istiqamətində ciddi nailiyyətlər əldə edilmişdir. Eyni zamanda iqtisadi artım əhalinin rifah səviyyəsinin yüksəlməsi üçün görülən konkret tədbirlər, struktur-texnoloji müasirləşmənin həyata keçirilməsi və ölkənin rəqabət üstünlükləri sayəsində təmin edilmişdir. Sosial-iqtisadi inkişafda yeni nailiyyətlərin əldə edilməsi həm də islahatların düşünülmüş şəkildə aparılması, şəffaflığın təmin edilməsi, iqtisadiyyatın müasirləşməsi, sosial dəyişikliklərin keçirilməsinə kompleks yanaşma zəminində baş vermişdir.

Bütün bunlar isə ölkədə bazar infrastrukturlarının, o cümlədən bütün dünyada maliyyə nəzarətinin sivil forması kimi qəbul edilən auditor xidmətinin inkişafı üçün yeni-yeni imkanlar açmışdır.

Azərbaycan Respublikasının Auditorlar Palatası ölkə iqtisadiyyatının mühüm infrastruktur sahəsi olan auditor xidmətinin inkişafı və onun beynəlxalq standartlara uyğun şəkildə təşkili və tənzimlənməsi istiqamətində fəaliyyətini 2009-cu ildə də davam etdirmişdir.

Bütövlükdə, Palata öz fəaliyyətini "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında" Əsasnaməyə, Azərbaycan Respublikası Prezidentinin "Daxili audit haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2007-ci il 29 iyun tarixli və "Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2007-ci il 16 avqust tarixli fərmanlarına, Prezidentin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"ya, habelə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Palatanın kollektivinə və üzvlərinə ünvanladığı 2006-cı il 4 aprel tarixli təbrik məktubundan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Auditorlar Palatasının kompleks tədbirlər planına və Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) tamhüquqlu üzvlüyünə qəbul edilməsi ilə əlaqədar Palatanın götürdüyü öhdəliklərə müvafiq olaraq qurmuşdur.

Eyni zamanda Palata tərəfindən 2009-cu il ərzində sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamlarda icrası tələb olunan məsələlərin auditor xidməti sahəsində həllinə nail olmaq, bu xidmət növünün tənzimlənməsini təkmilləşdirmək, ölkədə auditor xidməti bazarının mövcud vəziyyətini öyrənmək, bu sahədə gedən prosesləri təhlil etmək, xidmətin inkişaf problemlərini müəyyənləşdirmək və auditor xidmətinin inkişafı üzrə kompleks tədbirlərin hazırlanmasını təmin etmək üçün müvafiq işlər həyata keçirilmişdir.

Auditorlar Palatasının əsas vəzifələrindən biri Azərbaycan Respublikasında auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəlmiş normativ aktların layihələrini, tədbirlər sistemini işləyib hazırlamaqdır. Buna uyğun olaraq, milli və beynəlxalq təcrübənin daim öyrənilməsi əsasında auditin aparılmasına dair standartların, qaydaların, təlimatların, metodik göstərişlərin və proqramların, tövsiyələrin işlənib hazırlanması, auditor xidmətinə dair mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi üzrə işlər 2009-cu il ərzində də Palatanın fəaliyyətində xüsusi yer tutmuşdur.

Hər şeydən əvvəl, auditor xidməti sahəsində beynəlxalq təcrübədəki yeniliklər və bir sıra xarici ölkələrin qanunvericiliyi öyrənilərək, habelə aidiyyatı qurumların (Azərbaycan Respublikasının Ədliyyə, Maliyyə, Vergilər, İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Mərkəzi Bankın) rəy və təklifləri nəzərə alınaraq "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununun yeni layihəsi işlənib hazırlanmışdır.

Məcburu auditdən kecməli olan təsərrüfat subyektlərinin auditdən yayınmaları ilə əlaqədar inzibati cərimələrin tətbiq edilməsini nəzərdə tutan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi də hazırlanmış və müvafiq qaydada baxılmaq üçün təqdim edilmişdir. Həmçinin, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının 48-ci bəndinin "Qanunvericiliyə uyğun olaraq məcburi auditin obyekti olan təsərrüfat subyektlərinin auditdən yayınma hallarının qarşısının alınması üçün tədbirlərin görülməsi"ni nəzərdə tutan yarımbəndinə müvafiq olaraq, məcburi auditin obyekti olan təsərrüfat subyektlərinin auditdən yayınması hallarının qarşısının alınması məqsədilə qanunvericiliyə əsasən məcburi auditdən keçməli olan təsərrüfat subyektlərinin Auditorlar Palatası tərəfindən təqdim edilmiş siyahısı respublika mətbuatında dərc etdirilmişdir.

Palata tərəfindən aparılan tədqiqatlar zamanı müəyyən edilmişdir ki, lisenziya alınması üçün müraciətlərin azalması meylini yaradan əsas amillərdən biri ixtisaslı gənc kadrların bu sahəyə axınının zəif olması, sahibkarlıq fəaliyyətinin bir növü olan, yüksək hazırlıq və ixtisas biliyinin olmasını tələb edən auditor peşəsinə başlamazdan əvvəl böyük məbləğdə rüsumun ödənilməsi zərurətidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 noyabr tarixli 180 nömrəli qərarı ilə auditor fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması üçün ödənilən dövlət rüsumu 110 manat müəyyən edildiyi halda, hazırda həmin məbləğ 2200 manat təşkil edir. Halbuki müvafiq rüsum Rusiya Federasiyasında təxminən 30, Qazaxıstanda 100, Gürcüstanda 50, Özbəkistanda 80, Moldovada isə 20 ABŞ dolları həcmindədir. Bir sıra ölkələrdə isə məsələn, Latviya Respublikasında belə rüsum ümumiyyətlə tutulmur. Göründüyu kimi, respublikamızda auditor fəaliyyətinə xüsusi razılıq (lisenziya) alınması, üçün ödənilən dövlət rüsumu digər gövlətlərdə olduğundan xeyli yüksəkdir.

2009-cu il dekabrın 31-nə respublikamızda cəmi 48 auditor şirkəti və 43 sərbəst auditor fəaliyyət göstərmişdir. Audit sahəsində mütəxəssislərin sayının az olması təsərrüfat subyektlərinə kəmiyyət və keyfiyyət baxımından yetərli auditor xidməti göstərilməsinə imkan vermir. Palata tərəfindən auditor fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə (müddəti uzadılan lisenziyalar nəzərə alınmadan) 2001-ci ildə 52, 2002-ci ildə 40, 2003-cü ildə 39, 2004-cü ildə 23, 2005-ci ildə 24, 2006-ci ildə 39, 2007-ci ildə 19, 2008-ci ildə 18 və 2009-ci ildə cəmi 13 lisenziya verilmişdir. Göründüyü kimi, son illərdə auditor fəaliyyəti göstərmək üçün verilən lisenziyaların sayı nəzərəçarpacaq dərəcədə azalmış və həmin azalma meyli bu gün də davam edir .

Auditorlar Palatasına edilən çoxsaylı müraciətləri, auditor xidmətinin digər sahibkarlıq fəaliyyəti növlərindən öz xüsusiyyətləri ilə fərqlənməsini və xarici təcrübə nəzərə alınaraq, bu fəaliyyət növünə lisenziya verilməsinə görə dövlət rüsumunun məbləğinə yenidən baxılaraq rüsumun beynəlxalq meyarlara uyğun olaraq müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilmişdir.

Auditorlar Palatasının Beynəlxalq Mühasiblər Federasiyasına tamhüquqlu üzvlüyü ilə əlaqədar götürdüyü öhdəliklərə və həmin təşkilatla imzalanmış 2008-ci il 21 aprel tarixli memoranduma əsasən Palatada yaradılmış redaksiya heyəti tərəfindən 2009-cu ildə Beynəlxalq Audit və İnformasiyanın Düzgünlüyünün Təsdiqlənməsi Standartları Şurası tərəfindən işlənib hazırlanmış və Beynəlxalq Mühasiblər Federasiyası tərəfindən qəbul edilərək dərc etdirilmiş 32 adda beynəlxalq audit standartının, habelə "Peşəkar Mühasiblərin Etika Məcəlləsi"nin Azərbaycan dilinə tərcümə edilməsi, redaktəsi və nəşri üzrə işlər başa çatdırılmış, bununla da cari ilin 1 yanvar tarixindən etibarən ölkəmizdə beynəlxalq audit standatrlarının tətbiqinə başlanması üçün tələb olunan normativ baza təmin edilmişdir.

Beynəlxalq audit standartlarının tətbiqi Azərbaycanda həyata keçirilən iqtisadi islahatların ayrılmaz hissəsidir, ölkəmizdə bazar iqtisadiyyatına keçid mərhələsinin başa çatmasına uyğun olaraq və dövlət başçısının tövsiyə və tapşırıqları əsasında həyata keçirilir. Eyni zamanda beynəlxalq audit standartlarının tətbiqi qarşımıza ciddi vəzifələr qoyur. Bunlara beynəlxalq audit standartlarının tətbiqinin hüquqi və normativ bazasının davamlı olaraq təkmilləşdirilməsi və müntəzəm yenilənməsi, auditin keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, auditor kadrların hazırlanması və ixtisasartırmasının təkmilləşdirilməsi, Azərbaycan auditinin normativ bazasının monitorinqi və beynəlxalq audit standartlarının tətbiqinə uyğunlaşdırılması daxildir.

Keçən il Palata tərəfindən auditor xidmətinin təşkili və tənzimlənməsi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən 14 fiziki şəxsə və 8 hüquqi şəxsə auditor xidməti göstərmək üçün yeni lisenziya verilmişdir. Beləliklə, 2010-cu il 1 yanvar tarixinə respublika ərazisində 132 fiziki şəxs auditor lisenziyasına malik olmuşdur. Onların 44 nəfəri sərbəst auditor kimi, qalanları 50 auditor təşkilatının tərkibində fəaliyyət göstərmişdir.

2009-cu ildə sərbəst auditorlar və auditor təşkilatları tərəfindən təsərrüfat subyektləri ilə 32.722.431,6 manat məbləğində 4.321 müqavilə bağlanmış, həmin müqavilələrin 6.161.978,5 manat məbləğində 521-i ilin əvvəlinə qalıq kimi, 26.560.453,1 manat məbləğində 3.800-ü isə hesabat dövründə bağlanmışdır ki, bunun da xüsusi çəkisi xarici auditor təşkilatlarının filial və ya nümayəndəlikləri üzrə sayına görə 4,1% və məbləğinə görə 32,3%, xarici investisiyalı auditor təşkilatları üzrə sayına görə 7,9% və məbləğinə görə 36,3%, yerli auditor təşkilatları üzrə sayına görə 44,3% və məbləğinə görə 25,9%, sərbəst auditorlar üzrə sayına görə 43,7% və məbləğinə görə 5,5% təşkil etmişdir. Bağlanmış müqavilələrdən 23.655.804,8 manat məbləğində 3.752-si yerinə yetirilmişdir. Yerinə yetirilmiş müqavilələrin 2.830-u və ya 75,4%-i məcburi audit obyektlərini, 922-si və ya 24,6%-i auditor xidmətinin könüllü istifadəçilərini əhatə etmişdir.

2008-ci və 2009-cu illər müqayisə edildikdə, göstərilmiş auditor xidmətinin xüsusi çəkisi: say etibarı ilə xarici investisiyalı auditor təşkilatları üzrə 7,2%-dən 7,6%-ə qədər və sərbəst auditorlar üzrə 40,2%-dən 43,2%-ə qədər yüksəlmiş, xarici auditor təşkilatlarının filial və ya nümayəndəlikləri üzrə 5,4%-dən 4,3%-ə qədər və yerli auditor təşkilatlar üzrə 47,2%-dən 44,9%-ə qədər azalmışdır; həcm etibarilə xarici auditor təşkilatlarının filial və ya nümayəndəlikləri üzrə 58,2%-dən 29,9%-ə qədər, xarici investisiyalı auditor təşkilatları üzrə 19,7%-dən 36,8%-ə qədər, yerli auditor təşkilatları üzrə 18,6%-dən 27,1%-ə qədər və sərbəst auditorlar üzrə 3,4%-dən 6,1%-ə qədər azalmışdır.

"Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Auditorlar Palatası sərbəst auditorların və auditor təşkilatlarının fəaliyyətini və apardıqları auditlərin keyfiyyətinin audit standartlarına uyğunluğunu yoxlayır və işlərinə nəzarət edir.

Ötən il 31 auditor təşkilatının və 28 sərbəst auditorun (2008-ci ildə müvafiq olaraq 33 və 31) maliyyə-təsərrüfat fəaliyyəti və apardıqları auditlərin keyfiyyətinin audit standartlarına uyğunluğu yoxlanılmışdır. Müəyyən olunmuşdur ki, sərbəst auditorların və auditor təşkilatlarının böyük əksəriyyəti işlərini audit standartlarının, peşə etikası məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə uyğun quraraq sifarişçilərə yüksək keyfiyyətli xidmət göstərmişlər. Eyni zamanda bəzi auditorlar və auditor təşkilatları fəaliyyətlərində müəyyən nöqsan və çatışmazlıqlara da yol vermişlər, o cümlədən bir gün ərzində 2, bəzən isə 3 təsərrüfat subyektində audit aparıldığına dair auditor rəyinin verilməsi, ayrı-ayrı audit standartlarının və sahəvi auditlərin aparılmasına dair proqramların tələblərinə, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın həyata keçirilməsi ilə bağlı Auditorlar Palatasının Fəaliyyət Planının (2007-2011-ci illər)" "Auditor xidmətinin dəyərinin ödənişləri üzrə nağd ödəmələrin azaldılması" bəndinə, "Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin tövsiyə olunan minimum hədləri barədə" Auditorlar Palatası Şurasının qərarının tələblərinə tam əməl edilməməsi halları da aşkar olunmuşdur.

Yoxlamaların nəticəsindən asılı olaraq, aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə 24 sərbəst auditora və 22 auditor təşkilatının rəhbərlərinə məktub göndərilmiş, 9 halda yoxlamaların nəticələri Palata rəhbərliyinin yanında müzakirə edilmişdir.

Auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə, beynəlxalq təcrübəyə əsaslanaraq Auditorlar Palatası Şurasının qərarı ilə Azərbaycan Respublikasında auditor xidmətinin keyfiyyətinə nəzarət üzrə yeni Əsasnamə təsdiq edilmişdir.

2010-cu ildən etibarən auditorların beynəlxalq standartlara uyğun olaraq audit aparacağını nəzərə alaraq "Beynəlxalq audit və maliyyə hesabatı standartlarının tətbiqi" mövzusunda ixtisasartırma kursunun tədris proqramı və tədris qrafiki işlənib hazırlanaraq təsdiq edilmiş, 2009-cu ilin sentyabr-noyabr aylarında kurslar təşkil edilmişdir.

Həmçinin auditor fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalarının qüvvədə olma müddətinin uzadılması ilə bağlı və auditor adı almaq üçün 2009-cu ildə iki dəfə imtahan təşkil edilmiş, həmin imtahanlarda auditor adı almaq üçün müraciət etmiş 13 nəfər, lisenziyalarının qüvvədə olma müddətinin uzadılması üçün müraciət etmiş 7 nəfər müvəffəq nəticə əldə etmişdir.

Palatanın iş planına uyğun olaraq 2009-cu ildə 5 dəfə daxili auditin əsasları üzrə kurslar təşkil edilmiş, həmin kurslarda üst-üstə 42 nəfər iştirak etmişdir. Kursun nəticələrinə görə dinləyicilərə sertifikatlar verilmişdir. Daxili auditor kadrlarının hazırlanması üzrə kursların 2010-cu ildə də davam etdirilməsi nəzərdə tutulmuşdur.

Ötən il Azərbaycan Pespublikasının Auditorlar Palatası ilə Böyük Britaniyanın Sertifikatlı İmtiyazlı Mühasiblər Assosiasiyasının (ACCA) Azərbaycan Respublikasında akkreditə olunmuş tədris mərkəzi - "G&R Business Services" MMC arasında partnyorluq sazişi bağlanmışdır. Məqsədi "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli Qanununun və "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" ilə müəyyən edilmiş vəzifələrin icrasının, təsərrüfat subyektlərinin maliyyə və vergi hesabatlarında şəffaflığın təmin edilməsi, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin görülməsi üçün auditor və mühasiblərin peşə biliklərinin beynəlxalq standartlara müvafiq surətdə və bütün dünyada qəbul edilmiş qabaqcıl təcrübə əsasında təkmilləşdirilməsi məqsədilə Beynəlxalq Mühasiblər Federasiyasının tamhüquqlu üzvü olan Azərbaycan Respublikası Auditorlar Palatası və "G&R Business Services"in birgə fəaliyyətlinin daha səmərəli təmin edilməsidir. Bu fəaliyyətin ilkin nəticəsi olaraq ötən il sazişi imzalamış tərəflərin təşkilatçılığı ilə Beynəlxalq Mühasibat Uçotu Standartları üzrə milli diplomların verilməsi üzrə kurslar təşkil olunmuş, yekunda isə imtahanlar keçirilmişdir. İmtahanda 42 nəfər iştirak etmiş, onlardan 29 nəfəri milli diploma layiq görülmüşdür.

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Azərbaycan Respublikasının Vergilər və Maliyyə nazirlikləri, Azərbaycan Respublikasının Hesablama Palatası və Azərbaycan İqtisadçılar İttifaqı ilə birgə təşkil etdiyimiz "Böhrandan sonrakı iqtisadiyyatda maliyyə resurslarının səmərəli idarə olunmasında şəffaflığın rolu" mövzusunda beynəlxalq elmi-praktik konfrans ilin mühüm hadisələrindən biri kimi qeyd edilə bilər.

Konfransda Azərbaycan Respublikasından 42, Türkiyə, Rusiya, Polşa, Ukrayna, Qazaxıstan, Özbəkistan, Litva, Latviya, Rumıniya və Gürcüstandan 27 dövlət qurumu, elmi-tədqiqat və təhsil müəssisəsi, audit və mühasibatlıq üzrə peşə birlikləri təmsil olunmuşdur.

Konfransın təkcə plenar iclasında yerli və xarici iştirakçıların 30-dan artıq məruzəsi dinlənilmişdir. Bir faktı qeyd etməyə dəyər ki, plenar iclasda böyük maraqla dinlənilən məruzələrin demək olar yarısı xarici ölkələrin və beynəlxalq maliyyə qurumlarının mütəxəssisləri tərəfindən edilmişdir. Konfrans iştirakçılarının ümumi qənaətinə görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş demokratik, dünyəvi dövlət quruculuğu modeli və bazar prinsiplərinə əsaslanan sosial-iqtisadi inkişaf siyasəti Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir və bu siyasət Azərbaycan Respublikasının regionda iqtisadi cəhətdən lider dövlətə çevrilməsi, dünya təsərrüfat sisteminə uğurla inteqrasiya etməsi üçün möhkəm təməl yaratmışdır. Azərbaycanda həyata keçirilən çevik iqtisadi siyasət, həmçinin dövlət büdcəsinə, onun gəlir və xərclərinin dinamikasına və strukturuna da müsbət təsir göstərmişdir.

Xarici ölkələrin audit təcrübəsinin öyrənilməsi məqsədilə Palatanın nəzdində daimi fəaliyyət göstərən "Xarici audit təcrübəsi məktəbi" yaradılmışdır. Burada müntəzəm olaraq məşğələlər keçirilmiş, ezamiyyətdə olmuş Palata əməkdaşlarının və Azərbaycana ezamiyyətə gəlmiş xarici ölkələrin audit qurumları nümayəndələrinin həmin məşğələlərdə çıxışları təşkil edilmişdir. Məşğələlər zamanı söylənilmiş təklif və tövsiyələr auditor xidmətinin normativ hüquqi bazasının təkmilləşdirilməsi üzrə işlər aparılarkən nəzərə alınmışdır.

Respublikamızda aparılan iqtisadi islahatlar, sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər auditor xidmətinin inkişaf istiqamətlərinin elmi-praktik cəhətdən əsaslandırılmasını zəruri edir. Bu mənada auditin müstəqil bir sahə kimi tədqiqi, onun problemlərinin öyrənilməsi və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi nöqteyi-nəzərindən Auditorlar Palatasının Azərbaycan Dövlət İqtisad Universiteti ilə keçirdiyi birgə sosioloji sorğunun böyük əhəmiyyəti vardır. Hər il olduğu kimi, 2009-cu ildə də "Auditor xidmətinin aktual problemləri" mövzusunda keçirilmiş sosioloji sorğunun məqsədi Azərbaycanda auditor xidmətinin təşkilini və müasir inkişaf səviyyəsini təhlil edərək qiymətləndirmək, xidmətin aktual inkişaf problemləri üzrə araşdırmalar aparmaq və bu istiqamətdə təkliflər hazırlamaq olmuşdur.

Sorğuda təsərrüfat subyektlərinin bütün növ təşkilati-hüquqi formalarını əhatə etməklə 245 respondent iştirak etmişdir, iqtisadiyyatın ixtisaslaşmış sahələri baxımından isə respondentlər sənaye, kənd təsərrüfatı, kommersiya, sığorta, bank və digər sahələri təmsil etmişlər.

Aparılmış sorğunun nəticələri göstərir ki, bu gün auditor xidmətinin sürətli inkişafına, auditor xidmətləri bazarında tələblə təklifin həmahəng uzlaşmasına, xidmətin keyfiyyətinin yüksəlməsinə, auditor xidmətinin rolunun və əhəmiyyətinin bütün səviyyələrdə tanınmasına mane olan bir sıra amillər, həllini gözləyən problemlər də mövcuddur. Eyni zamanda sorğunun nəticəsi göstərir ki, ötən illərlə müqayisədə 2009-cu ildə auditor xidmətinin keyfiyyəti yüksəlmiş və ona tələbat daha da artmışdır.

Auditorlar Palatasında beynəlxalq audit norma və standartlarına müvafiq olaraq auditor xidmətini müasir tələblər baxımından inkişaf etdirmək, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən sərbəst auditorların və auditor təşkilatlarının apardıqları auditlərin keyfiyyətinə səmərəli nəzarətə nail olmaq, Azərbaycan Respublikasının qanunvericilik aktlarına, beynəlxalq və milli audit standartlarına müvafiq olaraq peşə etikası qayda və normalarına riayət edilməsi üzrə tədbirləri həyata keçirmək məqsədilə Auditorlar Palatasında audit norma və standartlarının hazırlanması, auditin keyfiyyətinə nəzarət və təkrar audit üzrə komissiyalar, habelə auditorların peşə etikası komissiyası fəaliyyət göstərir.

Azərbaycan Respublikasında son onillikdə bir sıra qlobal layihələrin reallaşdırıldığı, çoxsaylı dövlət proqramlarının qəbul olunaraq uğurla icra olunduğu danılmaz faktdır. Belə proqramlardan biri də Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"dır. Təbii ki, hər bir proqramın müvəffəqiyyətlə həyata keçirilməsi üçün işlək mexanizmlərin olması zəruridir, əks halda proqramın reallaşdırılması problematik olardı. Odur ki, "Milli Strategiya"nın tam və vaxtında icrasını təmin etməkdən ötrü 2007-2011-ci illər üçün "Fəaliyyət Planı" da qəbul olunmuşdur.

"Milli Strategiya"nın və "Fəaliyyət Planı"nın icrasına, digər orqanlarla yanaşı müstəqil maliyyə nəzarəti orqanı olan Azərbaycan Respublikasının Auditorlar Palatası da cəlb olunmuşdur. Belə ki, "Fəaliyyət Planı"nın VI fəslində bilavasitə Palata tərəfindən həyata keçiriləcək tədbirlərin dairəsi əks olunmuşdur, bir sıra digər fəsillərdə isə görüləcək işlərin bir qisminin ümumi xarakter daşıması Palatanın üzərinə də əlavə vəzifələr qoymuşdur.

Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi istiqamətində 2009-cu ildə görülmüş işləri qruplaşdırmalı olsaq ilk növbədə, səlahiyyətli dövlət orqanlarının qərarı (sifarişi) ilə müvafiq yoxlamaların aparılmasında auditorların iştirakını qeyd etmək lazımdır. Ötən il bütövlükdə auditorlarımız 20-dək belə sifarişin icrasına cəlb olunmuş və tapşırıqları yüksək səviyyədə icra etmişlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 oktyabr tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi auditin obyekti olan təsərrüfat subyektləri üzrə "Daxili audit haqqında" Azərbaycan Respublikası Qanununun mərhələlərlə tətbiqi müddətləri"nə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş təsərrüfat subyektlərində - banklar, sığorta şirkətləri, ictimai əhəmiyyətli qurumlar, holdinqlər, səhmdar cəmiyyətləri, məhdud məsuliyyətli cəmiyyətlər və bank olmayan kredit təşkilatlarında daxili auditin təşkili vəziyyətinin öyrənilməsi ilə əlaqədar müvafiq məktublar göndərilmiş, habelə həmin təsərrüfat subyektləri Palata tərəfindən müvafiq metodik ədəbiyyatla təchiz edilmişdir.

Beynəlxalq Daxili Auditorlar İnstitutundan (IIA) və digər beynəlxalq daxili audit qurumlarından Auditorlar Palatasına daxil olmuş 45 adda müxtəlif səpkili sənəd və materialların tərcümə olunması, xidməti istifadə üçün müvafiq ünvanlara çatdırılması təmin edilmişdir. Həmçinin Avropa Daxili Audit İnstitutları Konfederasiyası (ECIIA) tərəfindən 2009-cu ildə nəşr edilən "Avropada banklarda daxili audit" adlı kitab xidməti istifadə üçün Azərbaycan Respublikası Mərkəzi Bankına, Azərbaycan Beynəlxalq Bankına və "Kapital Bank"a təqdim edilmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan auditorlarına tövsiyə etmişdir ki, müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və tətbiqini genişləndirmək çox vacibdir. Bu rəhbər tövsiyəni əsas götürən Auditorlar Palatası son illərdə 20-dək ölkənin mühasibat və audit qurumları ilə işgüzar əlaqələr qurmuş və əməkdaşlıq sazişləri imzalamışdir, o cümlədən Auditorlar Palatasının 2009-cu il üzrə iş planına müvafiq olaraq, Tiflis şəhərində Azərbaycan Respublikası Auditorlar Palatası ilə Gürcüstan Parlamenti yanında Auditor fəaliyyəti şurası arasında əməkdaşlıq barədə saziş imzalanmış, Azərbaycan Respublikası Auditorlar Palatası və Rusiya Auditorlar Kollegiyası arasında 19 mart 1999-cu ildə Moskva şəhərində imzalanmış əməkdaşlıq haqqında sazişə müvafiq əlavə və dəyişikliklər edilərək Bakı şəhərində tərəflər arasında yeni saziş imzalanmış, Rumıniya Maliyyə Auditorları Palatası ilə əməkdaşlıq haqqında Anlaşma memorandumu və Özbəkistan Respublikası Auditorlar Palatası ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması barədə saziş imzalanmışdır.

Xarici əməkdaşlıq sahəsində böyük önəm verdiyimiz istiqamətlərdən biri də beynəlxalq mühasibat və audit təşkilatlarına üzv olmaqdır. Qeyd etmək xoşdur ki, Azərbaycan Respublikasının Auditorlar Palatası 2008-ci ildə Beynəlxalq Mühasiblər Federasiyasının həqiqi üzvlüyünə qəbul edilmişdir. Belə bir dünyəvi və mötəbər maliyyə qurumuna üzvlüyə qəbul təkcə Auditorlar Palatasının nailiyyətlərinin müvafiq beynəlxalq tələblərə uyğun gəldiyini göstərmir, bu, həm də və ən əsası, ölkəmizdə maliyyə-mühasibat və şəffaflıq istiqamətində aparılan islahatlara verilən yüksək qiymətdir. IFAC-dan əlavə, Auditorlar Palatası Avropa Mühasiblər və Auditorlar Konfederasiyasında, Avrasiya Mühasiblər və Auditorlar Şurasında da ölkəmizi təmsil edir. Auditorlarımızın beynəlxalq əlaqələrindən danışarkən MDB məkanında birinci olaraq beynəlxalq Daxili Auditorlar İnstitutuna üzvlüyü, həm Avropanın, həm də Asiyanın Daxili Auditorlar Konfederasiyalarında ölkəmizi təmsil etməyimizi də vurğulamaq istərdim.

Ümumiyyətlə, Auditorlar Palatası beynəlxalq əlaqələrin təşkili və inkişafına ciddi fikir verir. Bu sahədə ötən il də bir sıra tədbirlər nəzərdə tutulmuş və həyata keçirilmişdir. O cümlədən il ərzində təmsilçilərimiz Vaşinqtonda, Romada, Malayziyada, Rusiya Federasiyasının Krasnodar şəhərində, Gürcüstanda, Rumıniyada, Polşada keçirilən beynəlxalq konfranslarda iştirak etmişlər.

Ölkədə auditor xidmətinin təşkili və dövlət tənzimlənməsi ilə bağlı qarşıda duran vəzifələrin həyata keçirilməsinə müvafiq təbliğat-informasiya və nəşriyyat fəaliyyəti, təşkilati-protokol tədbirləri vasitəsilə təminat yaratmaq sahəsində işlər gündəlik fəaliyyətimizdə mühüm yer tutur.

Əvvəlki illərdə olduğu kimi, 2009-cu ildə də aylıq "İqtisadiyyat və audit" elmi-praktik jurnalının nəşri davam etdirilmiş, abunəçilərdən savayı, ümumi tirajın bir hissəsi müəyyən olunmuş siyahı əsasında Palatanın struktur bölmələrinə və AzDİU-dakı "Audit" laboratoriyasına pulsuz paylanmış, sərbəst qalan nüsxələr Palatanın keçirdiyi müxtəlif miqyaslı tədbirlərdə təbliğat vasitəsi kimi yayılmışdır.

Auditor xidmətinin tənzimlənməsinə və təbliğinə xidmət edən elmi-praktik, metodik və məlumat-reklam xarakterli ədəbiyyatın çapa hazırlanması, nəşr etdirilməsi və yayılması istiqamətində aparılmış işlər sırasında 316 səhifə həcmində 500 nüsxə tirajla nəşr etdirilmiş "Audit. Qanunvericilik və normativ sənədlər" toplusunun V cildini, "Sahəvi auditlərin aparılmasına dair proqramlar" toplusunun yenidən işlənmiş və tamamlanmış, 500 nüsxə tirajla çap olunmuş 282 səhifəlik 3-cü nəşrini, 2010-cu il üçün cib, divar və stolüstü təqvimləri qeyd etmək olar.

İlin mühüm hadisəsi kimi, beynəlxalq audit standartlarının və "Peşəkar Mühasiblərin Etika Məcəlləsi"nin ingilis dilindən tərcüməsini və üst-üstə 800 səhifədən ibarət materialların vahid toplu halında 500 nüsxə tirajla nəşr etdirilməsini göstərmək olar. Həmçinin, "Böhrandan sonrakı iqtisadiyyatda maliyyə resurslarının səmərəli idarə olunmasında şəffaflığın rolu" mövzusunda keçirilmiş konfransın materiallarından ibarət irihəcmli toplunun çap edilməsi, "Audit" dərs vəsaitinin 600 səhifədən artıq həcmdə olan 2-ci nəşrinin son illərdə iqtisadi qanunvericilikdə baş vermiş yeniliklər nəzərə alınmaqla əsaslı şəkildə yenidən işlənməsi və tamamlanması da 2009-cu ildə təmin edilmişdir.

Hər bir ölkədə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə demokratiyanın mühüm ünsürlərindən biri kimi qiymətləndirilir. Bu mənada çox səciyyəvidir ki, ulu öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətində daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri də bu məsələ olmuş, ölkəmizdə beynəlxalq tələblərə cavab verə biləcək nəzarət sisteminin əsası qoyulmuş, bir sıra vacib normativ-hüquqi aktlar işlənib hazırlanmış və qəbul edilmişdir.

Xüsusilə əlamətdardır ki, qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla şəffaflığın artırılması, iqtisadi inkişaf üçün maneələr törədən, qanunun aliliyini və sosial ədalət prinsiplərini pozan korrupsiyaya qarşı mübarizə Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışlarında, imzaladığı fərman və sərəncamlarda daim öz əksini tapır və maliyyə vəsaitələrinin səmərəli istifadə edilməsi, təkmil nəzarət mexanizminin möhkəmləndirilməsi ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsinin mühüm istiqaməti kimi təsbit olunur. 2007-ci ildə cənab Prezident demişdir "Biz bütün maliyyə sistemində şəffaflığı təmin etməliyik və belə olan halda Azərbaycanda həm korrupsiyanın aradan qaldırılması məsələsi öz həllini tapa bilər, həm də xərclər Azərbaycanın iqtisadiyyatının inkişafına daha məqsədyönlü şəkildə xidmət göstərə bilər". Şəffaflıq isə, öz növbəsində maliyyə resurslarından səmərəli istifadənin təmin olunması, təkmil maliyyə tənzimlənməsi sisteminin tətbiqi ilə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində və səviyyələrində nəzarət işinin düzgün qurulmasını tələb edir.

Son vaxtlarda maliyyə şəffaflığının artırılması sahəsində Azərbaycanda bir sıra mühüm təşkilati-hüquqi tədbirlər həyata keçirilmişdir. Bu mənada ölkə Prezidentinin müvafiq fərmanları ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yeni Əsasnaməsinin təsdiq edilməsi və dövlət maliyyə nəzarəti qurumlarına daha geniş səlahiyyətlər verilməsi, "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununa şəffaflığın təmin edilməsi sahəsində çox mühüm əhəmiyyət kəsb edən əlavələrin edilməsi və bu qurumun öz fəaliyyətini ölkənin ali maliyyə nəzarəti orqanı kimi qurmaq istiqamətində həyata keçirilən tədbirləri qeyd etmək lazımdır. Maliyyə resurslarından istifadənin vəziyyəti və şəffaflığın artırılması bir sıra mühüm tədbirlərin həyata keçirilməsini də zəruri edir. Bu tədbirlərin əsas istiqamətləri ölkə Prezidenti cənab İlham Əliyevin məruzə və çıxışlarında, imzaladığı mühüm sənədlərdə əksini tapmışdır. O cümlədən "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"da maliyyə nəzarəti sahəsində qanunvericiliyin və maliyyə nəzarətini həyata keçirən orqanların işinin, maliyyə nəzarəti prosedurlarını tənzimləyən normaların təkmilləşdirilməsi, habelə maliyyə nəzarəti orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, yerli büdcənin icrasına nəzarət mexanizmlərinin və prosedurlarının təkmilləşdirilməsi, vəsaitlərin formalaşması və təyinatı üzrə xərclənməsi prosesində şəffaflığın təmin edilməsi üzrə tədbirlər nəzərdə tutulmuşdur.

O ki, qaldı Auditorlar Palatasına, cari ildə qarşımızda duran mühüm vəzifələr sırasında "Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyasının (2011-2015-ci illər)" hazırlanması, "Auditor xidməti haqqında" Azərbaycan Respublikası Qanununun yeni layihəsinin qəbulu və tətbiqi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, beynəlxalq audit standartlarının tətbiqinə dair IFAC-ın metodiki vəsaitlərinin tərcüməsi və tətbiqi istiqamətində tədbirlərin həyata keçirilməsi, o cümlədən IFAC-ın Beynəlxalq Təhsil Standartlarının, Keyfiyyətə Nəzarətə dair Beynəlxalq Standartlarının və IFAC tərəfindən ötən il nəşr etdirilmiş "Kiçik və orta müəssisələr üçün keyfiyyətə nəzarət üzrə təlimat"ın, habelə beynəlxalq daxili audit standartlarının şərhinin Azərbaycan dilinə tərcümə və nəşr etdirilməsini qeyd edə bilərəm. Beynəlxalq mühasibat və audit təcrübəsinin Azərbaycanda tətbiqi ilə əlaqədar "Böyük dördlüyə" daxil olan auditor təşkilatlarının təmsilçilərindən və təcrübəli auditorlardan ibarət metodik komissiyanın yaradılması, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və İctimai Sektor üçün Beynəlxalq Mühasibat Uçotu Standartlarına dair beynəlxalq tədbirlərdə iştirak edilməsi və əldə olunan təcrübənin Azərbaycanda tətbiqinə dair tövsiyələrin hazırlanması, keyfiyyətə nəzarətin səmərəli həyata keçirilməsi və onun IFAC-ın üzvlüyə dair 1¹-li Öhdəlik Tələblərinə (SMO) müvafiqliyi ilə əlaqədar tədbirlərin davam etdirilməsi və Palatanın üzvləri tərəfindən peşə etikası məcəlləsinin tələblərinə əməl edilməsinin monitorinqi də vacib işlərimizdəndir. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun auditorlar qarşısında qoyduğu öhdəliklərin yerinə yetirilməsi istiqamətində auditorların fəaliyyətlərinə Palatanın öz səlahiyyətləri çərçivəsində nəzarətinin həyata keçirilməsi, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlar və xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlığın davam etdirilməsi, səlahiyyətli dövlət orqanlarının sifarişi ilə auditor araşdırmalarının və məcburi audit obyektlərində daxili auditin təşkili ilə əlaqədar tədbirlərin həyata keçirilməsi üzrə işlərə isə artıq başlanmışdır. Bütün bu işlər və digər tədbirlər bütövlükdə ölkədə audit qanunvericiliyinin təkmilləşdirilməsinə, auditin normativ və metodik bazasının genişləndirilməsinə, institusional potensialının gücləndirilməsinə, auditin keyfiyyətinə nəzarətin beynəlxalq təcrübəyə müvafiq olaraq yenidən təşkilinə, kadr hazırlığına, qabaqcıl beynəlxalq təcrübənin əldə edilməsinə və geniş tətbiqinə rəvac verəcəkdir.

 

 

Vahid NOVRUZOV,

Azərbaycan Respublikası

Auditorlar Palatasının sədri,

iqtisad elmləri doktoru, professor

 

Azərbaycan.- 2010.- 13 aprel.- S.  10.