Avropa Şurası
Parlament Assambleyasının
sədri Azərbaycana
rəsmi səfərə
gəlmişdir
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlu aprelin 13-də Azərbaycana rəsmi səfərə gəlmişdir.
Heydər Əliyev adına Beynəlxalq hava limanında AŞ PA sədrini Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılamışlar.
Mövlud Çavuşoğlu hava limanında jurnalistlərə demişdir: "Mən dəfələrlə qardaş Azərbaycanda olmuşam, amma bu mənim AŞ PA sədri kimi ilk rəsmi səfərimdir. Səfər çərçivəsində bir sıra görüşlər keçirəcək, Azərbaycan ilə AŞ PA arasında əlaqələrin inkişafı, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edəcəyəm".
AŞ PA sədri səlahiyyətləri dövründə Ermənistana, Gürcüstana, Rusiyaya və digər ölkələrə səfər edəcəyini, keçirəcəyi görüşlərdə münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərə önəm verəcəyini bildirmişdir. M.Çavuşoğlu AŞ PA-da Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitənin yaradılması istiqamətində danışıqların davam etdiyini demişdir.
AŞ PA sədri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını
və Şəhidlər
xiyabanını ziyarət
edəcək, Gəncə
şəhərində də
olacaqdır.
Azərbaycan.- 2010.- 14
aprel.- S. 3.