Zaman bizi gözləmir
Mənə məktublar gəlir, xüsusilə rayonlardan gələn məktublar toxunulan məsələlərə, məzmununa, bəzən təfəkkürünə, dilinin zənginliyinə görə yaxşı mənada fərqlənir. Bəzisinə elə həmin an, bəzisinə isə qocalığıma, vaxtımın az, işimin çox olduğuna görə bir az gec cavab yazıram, bir qisminə isə heç cavab yaza bilməmişəm. Neyləyim, olanım budur, gücüm çatanı eləyirəm. Məndən səlahiyyətim və gücüm çatanı istəyin, soruşun. Ondan artığına yalnız sükutla cavab verirəm. Onu da deyim ki, axır vaxtlar zərflərdə çoxlu kitablar alıram.
Bu günlərdə bir
bağlama aldım. İçində iki kitab vardı. Mənə
bu məktubu yazdıran, həmin bağlama oldu.
Üzümü Şükür Lətifoğluna tutsam da, əziz
oxucular, bəzi fikirlərimi sizinlə bölüşmək
istəyirəm. Qəribə bir məntiqsizlik var. Bir yandan
kasıblıqdan, dolanışıqdan gileylənirlər, hər
yandan da qalın-qalın kitablar çap etdirirlər. Axı
bu kitabların hər birinin nəşri xeyli vəsait tələb
edir. Hərdən elə kitablar gətirirlər, yaxud göndərirlər...
Mən Prezident təqaüdü alıram, qazancımı
beş il yığsam, elə bir kitabı çap etdirə
bilmərəm. Elə həmin o qalın kitabların sahibləri
məktubda və yaxud kitabı özü gətiribsə,
birbaşa kasıblıqdan, dolana bilməməyindən
şikayətlənir. Hətta yardım istəyəni də
olur. Deyirəm, bala, bu kitabın çapına gör nə qədər
pul xərcləmisən. Balalarının boğazından kəsib
kitabının çapına niyə verirsən? Sonra da
yardım istəyirsən? Deyir ki, sonra övladlarımın
kitabımı çap etdirməyə imkanı olmayacaq. Mən
bunu gələcək nəsillər üçün edirəm.
Qardaş, sən öz balalarını ac qoyma!
"Yaxşı əlyazmalar yanmır" - deyiblər. Sənin
əsərlərin qiymətlidirsə elə həmin gələcək
nəsillər onu bundan də nəfis şəkildə
çap edəcək. Bəzi kitab müəllifləri də
deyir ki, özüm kasıbam, amma kitabıma sponsor tapıram,
çap etdirirəm.
Mən də mətləbimə
elə buradan başlamaq istəyirəm. Sponsorluğu bir proses
kimi alqışlayıram. Ədəbiyyat, mədəniyyət,
mətbuat yerli varlı təşkilatlara arxalanmalıdır.
Mən "yerli" sözünü xüsusi
vurğulayıram. Kənar yerdən göndərilən vəsait
özünə lazım olan ideologiyanı sənə sifariş
verəcək. Yerli təşkilatlar, varlılar da ədəbiyyat,
mədəniyyət sahəsini, yazıçıları, bəstəkarları,
rəssamları, kinonu, teatr adamlarını kənar qrantlara,
ona bənzər yardımlara möhtac eləməməlidir. O
pullar bizim zəngin qədim ədəbiyyatımıza, incəsənətimizə
təxribat gətirir. Kompüterə virus kimi daxil olur.
Şübhəsiz, hörmətli Prezidentimiz İlham Əliyev
bu sahəyə xüsusi diqqət verir. Çox böyük
layihələr həyata keçirir. Klassik ədəbiyyatımızın
kirilcə olan hissəsini latın qrafikasına keçirdi və
keçirir. Böyük bir xəzinənin qapısını
yetişməkdə olan gəncliyimizin üzünə
açdı. Sənət adamlarına təqaüdlər
ayırıb. Neçə-neçə xəstələnmiş
məşhur sənət adamını ölümün
ağzından alıb, neçə-neçə evsiz sənətkarın
mənzil şəraitini yaxşılaşdırıb. Bu da
dahi öndərimiz Heydər Əliyevdən qalan
işıqlı bir ənənədir, indi də layiqli
davamçısı İlham Əliyev tərəfindən
imkanlarımız artdıqca, daha geniş miqyasda davam etdirilir.
Bu var, lakin mən üzümü imkanlı insanlara tuturam. Bu
sərvəti harada qazanırsız qazanın. Amma sizin
var-dövlətinizdən də güclü,
arxalandığınız vətəniniz Azərbaycan var! Ona
görə başqa ölkələrdə ürəklə
iş qura bilirsiniz! Ona görə başqa ölkələrdə
sizin üstünüzə ayaqlana bilmirlər ki, arxanızda
Azərbaycan var! Bu ölkədəki ədəbiyyat da, incəsənət
də, mədəniyyət də sizin sərvətinizdir. Onun
da artmasına, tanınmasına, təbliğinə sizin
yardımınız gərəkdir. Deməyin ki, bilmirik, bizdə
milyonçuluğun ənənəsi olmayıb. Olub,
özü də çox gözəl nümunələr var.
Yadınıza milyonçu Zeynalabdin Tağıyevi salın. Nə
qədər işlər gördü. Nərimanov kimi
insanı oxutdu, yetişdirdi. Əlbəttə ki, sonrakı
yetmiş il olmasaydı, nə qədər milyonçular
yetişərdi. Tağıyev sərvətini qoruya bilmədi,
amma etdiyi yaxşılıqlar, xeyriyyəçiliyi onu sovet
repressiyasından qorudu. Yetmiş ildə xalq onun məzarını
da ziyarətgaha döndərdi.
Respublikanın rayonlarında
çox böyük işlər görülür. Rayon mərkəzləri
gözəlləşir, Olimpiya İdman kompleksləri,
mehmanxanalar tikilir, parklar salınır, ucqar kəndlərə
yollar salınır. Qaz çəkilir. Gəzdikcə,
gördükcə fərəhimi gizlədə bilmirəm. Hərdən
də biri kefimə soğan doğrayır.
- Əşi, bu idman kompleksi
nəyə lazımdı? Ondansa bir zavod tikəydilər.
Beləsinə nə deyim?
Bala, bu idman kompleksi də zavoddur. Özü də onun
buraxdığı məhsuldan bahalısı, əzizi, əvəzolunmazı
yoxdur! O bizim balalarımızı sağlamlaşdırır.
Həm mənəvi, həm də fiziki cəhətdən
sağlamlaşdırır. Mütləq deyil ki, hamı
dünya çempionu olsun. Hər kəs öz evinin sevimlisi,
sağlam düşüncəli, sağlam canlı
övladı, gələcyinin çörəkqazananı
olacaq. Bəzən bizə də deyirlər,
Yazıçılar Birliyinin 1500 üzvü var. Bu qədər
yazıçı nəyə gərəkdi? İxtisar edilsin!
Kimi? Kimi ixtisar edək? Yazıçılar Birliyinin 1500
üzvünün 99 faizi ali təhsillidir. Bunlardan akademiklər,
akademiyanın müxbir üzvləri var. 40 nəfərdən
artıq elmlər doktoru var. Yüzə yaxını elmlər
namizədidir. Bu, əsl mənada bir ziyalı birliyidir.
Yazıçılar, şairlər, tənqidçilər, tərcüməçilərdir.
Heç eşitmisiniz ki, bu zümrədən olan insanlar
öz xalqına, vətəninə ziyan vermək
üçün çalışsın? Bizim
yazıçı ailəmizdə beləsi olmayıb, olmayacaq
da! Yazıçılar bir-biri ilə mübahisə edə
bilər, yalnız daha yaxşı əsər yazmaq uğrunda
mübahisə münaqişəyə də dönə bilər.
Bunun da özəyində, nüvəsində vətənə
daha keyfiyyətli əsərlə xidmət etmək arzusu, istəyi
durur. Bunların böyük bir qismi uzaq kənd məktəblərində
balalarımıza dərs deyir. Balalarımıza ədəbiyyatı
daha dərindən öyrədir, mədəniyyətimizi,
milli keyfiyyətlərimizi uşaqlara aşılayır.
Zavoda gəlincə
xalqımın milyoner oğlanları yaxşı bilir ki,
hansı zavodu tiksə dünyadakı zavodları rəqabətdə
üstələyə bilər. Tiksin, qazansın,
rayonlarımızın inkişafına, rifahına kömək
olsun. Əgər bunu bacarmırsa onda onun milyonerliyi
şübhəlidir. Pulları ya qumarda udub, ya da oğurluqdu!
Allah beləsinin yardımından xalqımızı qorusun!
Milyonçularımız tələssin, yoxsa onların yerini
yadlar gəlib tutacaq. Rayonlarımızda səfalı yerlər
qollarını açıb turizmin və yüngül sənayenin
inkişafı üçün sizi gözləyir. Mən bu
sahəni yaxşı bilmirəm. Bəlkə artıq oralarda
işə başlayanlar, danışıq aparanlar var.
"Müqəddəs yer boş qalmır" - deyiblər.
Ağdaş rayonundan Şükür Lətifoğlu da məktubla mənə iki kitab göndərib, fikrimi ona yazmağımı xahiş edib. Şükürü çoxdan tanıyıram, şairdi. Kitabın biri "Peyğəmbərnamə"dir, müqəddəs dinimizə Şükürün hədiyyəsidir. Hədiyyənin pisi, yaxşısı olmur. Onu müzakirə etməzlər. İkinci kitab "Ağdaş şəhidlərinin qəhrəmanlıq dastanı"dır. Şükür kitabının giriş sözündə yazır: "İsti yay günlərində gah yol maşınları ilə, gah da piyada 60 kənddə, şəhərdə isə 27 ünvanda olmuşam, 181 şəhidin ailəsinə baş çəkmişəm. Topladığım zəngin materiallar əsasında qəhrəmanlıq dastanını başa çatdırmışam". Bu kitabda qiymətli olan canlı şahidlərin dedikləridir. Şübhəsiz bu, Şükürün ağır zəhmətinin bəhrəsidir. Vətəni sevirəm demək azdır, vətənə sevgini belə nümayiş etdirmək, göstərmək lazımdır. Bu sənədlər gələcəkdə beynəlxalq məhkəmə qarşısında erməniləri diz çökdürəcək. Daş, torpaq ovulur, düzlənir, gedir, kitab yaşayır. Fevral ayında Prezident İlham Əliyev Ağdaş rayonunda Habil Əliyev adına musiqi məktəbinin, Olimpiya idman kompleksinin açılışını etdi. Bu əhəmiyyətli və memarlıq cəhətdən yaraşıqlı obyektlər gələcəyin həmişəyaşar abidələridir. Şükür Lətifoğlunun bu kitabı da ağdaşlı şəhidlər üçün qoyulmuş bir abidədir. Mən Şükürün imkanlarına bələd olduğum üçün bilirəm ki, kitabın çapı sponsor köməyinin bəhrəsidir. Belə kitablara köməyi ürəkdən alqışlayıram. Arzu edirəm ki, bütün rayonlarımızda belə ziyalılar tapılsın, şəhidlərin ailələri ilə görüşsün. Qaçqınlar bütün rayonlara səpələnib, o kitabda onlara da yer ayrılsın. Onların dilindən şişirtmədən yazıb sənədləşdirsinlər. Zaman dayanıb bizim ağıllanmağımızı gözləməyəcək! O şahidlər də ömür yolçusudur, sıraları seyrəlir, qalanların da yaddaşı yorulur. Gecikə bilərik...
Fikrət QOCA,
xalq şairi
Azərbaycan.- 2010.- 13 aprel.- S. 11.