14. Azərbaycan dayanıqlı bank sisteminə malikdir

 

İqtisadi sahədə keçid dövrü başa çatıb

 

"Bank sektoru hər bir ölkənin iqtisadiyyatının inkişafında çox mühüm rol oynayır. Düzdür, bizim dövlət investisiya layihələrimiz, investisiya proqramımız çox böyükdür və milyardlarla vəsaitlə ölçülür, ancaq bununla bərabər, bank sektorundan verilən kreditlərin, xüsusilə iqtisadiyyatın real sektoruna verilən kredit resurslarının da çox böyük əhəmiyyəti var"

 

İlham ƏLİYEV

 

Maliyyə sisteminin ən mühüm elementlərindən sayılan bankların iqtisadi inkişafda rolu kifayət qədər böyükdür və məhz bu qurumlar istənilən dövlətin iqtisadiyyatında tərəqqinin əsas təkanverici qüvvələrindən hesab olunur. Azərbaycanın yeni müstəqillik tarixini əhatə edən dövrdə də banklar özünəməxsus inkişaf yolu keçib və hazırda ölkəmizdə dayanıqlı bank sistemi formalaşıb. Lakin ölkəmizdə bazar iqtisadiyyatı təmayüllü bank sisteminin yaradılma prosesinin keçdiyi mərhələlər elə də asan olmayıb və yalnız görülən həlledici tədbirlər, atılan qətiyyətli addımlar sayəsində mövcud inkişaf səviyyəsi əldə olunub.

 

Bank sisteminin təkmil hüquqi bazasının hazırlanmasına gedən yol

 

Müstəqillik tariximizin ilk illərində mövcud olan gərgin siyasi şərait və iqtisadiyyatda gedən deqradasiya prosesləri bank sisteminin fəaliyyətində təsirsiz ötüşməyərək onun çətin bir vəziyyətə düşməsinə gətirib çıxardı. Bu da öz növbəsində bank sistemində təşkilati və idarəetmə prinsiplərinin pozulmasına, eləcə də bu maliyyə institutlarının təklif etdiyi xidmətlərin sosial-iqtisadi inkişafin tələblərinə cavab verməməsi ilə nəticələndi. Hətta iş o yerə gəlib çıxdı ki, bankların fəaliyyəti dövlətin iqtisadi siyasətinin həyata keçirilməsinə yox, daha çox başqa istiqamətlərə meylləndi. Beləliklə, maliyyə sisteminin ən mühüm halqalarından olan banklar ciddi tənəzzül dövrünü yaşamağa başladı. Lakin ümummilli liderin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə yaradılan sabitlik, siyasi və iqtisadi inkişaf dövrünün başlanması bank sisteminin tərəqqisinə də öz töhfəsini verdi.

1990-cı illərin əvvəllərində Azərbaycanın bank sisteminin, o cümlədən Mərkəzi Bankın yaradılması üçün hüquqi baza dövlət müstəqilliyinin elan edilməsindən bir qədər əvvəl formalaşdırılmışdı. Belə ki, "Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında" Azərbaycan Respublikasının 1991-ci il 25 may tarixli Konstitusiya Qanununun "Bank sistemi və pul tədavülü" adlanan 14-cü maddəsi bütövlükdə məhz bu məsələləri əhatə edirdi. Azərbaycanda müstəqil bank sisteminin və milli pul vahidinin tədavülünün hüquqi əsaslarını təsbit etməklə yanaşı həmin maddə Milli Bankın (indiki Mərkəzi Bank) da statusunu və səlahiyyətlərini müəyyən edirdi. Belə ki, Milli Bank kredit, pul tədavülü, hesablaşmalar və valyuta münasibətləri sahəsində dövlət siyasətini yeridən, bütövlükdə bank sisteminin fəaliyyətini tənzimləyən və ehtiyat bank funksiyalarını icra edən ali emissiya idarəsi elan edildi. Düzdür, Milli Bankın yaradılması prosesinin özü bundan sonrakı dövrə, 1992-ci ilin 11 fevral tarixinə təsadüf etdi. Bundan sonra "Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında", "Azərbaycan Respublikasının Milli Bankı haqqında" qanun qəbul olundu və rubla bərabər, milli valyuta - manat tədavülə buraxıldı.

Azərbaycanın bank sistemində və milli valyutanın tədavül prosesində köklü dəyişikliklər isə 1994-cü ilin əvvəllərindən etibarən özünü göstərməyə başladı. Xüsusən də, 1994-cü il yanvarın 1-dən başlayaraq manatın ölkənin yeganə ödəniş vasitəsi elan olunması artıq maliyyə sferasında tamamilə yeni bir mərhələnin başlanmasından xəbər verirdi. Bunun ardınca ən önəmli məqamlardan biri də 1995-ci il 12 noyabr tarixdə keçirilən referendumda qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 19-cu maddəsinin II bəndində pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququnun yalnız Milli Banka mənsub olmasının bir daha təsdiq edilməsi oldu. Eyni zamanda həmin bənddə Milli Bankın dövlətin müstəsna mülkiyyətində olması da təsbit edildi. Yeni Konstitusiyanın qəbulu Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində keyfiyyətcə yeni mərhələnin başlanmasından xəbər verirdi. Məhz buna görə də bütün sahələrdə olduğu kimi, bank qanunvericiliyi sahəsində də yeniliklər zəruri idi.

Buna görə də 1996-cı il 10 iyun tarixdə "Azərbaycan Respublikasının Milli Bankı haqqında", 14 iyun tarixdə isə "Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" qanunlar yeni redaksiyada qəbul edildi. Yeni bank qanunları respublikanın bank sisteminin qabaqcıl dünya bank təcrübəsinə yaxınlaşmasına, kredit təşkilatlarının yaradılmasına imkan yaratdı. Bütün bunlar ölkədə bazar prinsiplərinə əsaslanan ikipilləli bank sisteminin (birinci pillədə Azərbaycan Respublikası Milli Bankı, ikinci pillədə kommersiya bankları və digər bank olmayan kredit təşkilatları) inkişafında da mühüm rol oynadı. Dövlət banklarının restrukturizasiyası və sağlamlaşdırılması tədbirlərinin həyata keçirilməsi, özəl bank sisteminin institusional formalaşmasının təmin edilməsi bu maliyyə qurumlarının inkişafını daha da sürətləndirirdi. Bank islahatlarının növbəti mərhələsində, 2000-ci ildən başlayaraq həyata keçirilən özəl bankların intensiv sağlamlaşdırılması tədbirləri bank sisteminin davamlılığının möhkəmlənməsinə və maliyyə vasitəçilik funksiyasının yaxşılaşmasına mühüm şərait yaratdı. Bank sisteminin və onu tənzimləyən normativ bazanın inkişafının yeni dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə Prezident Heydər Əliyevin 2002-ci il 26 dekabr tarixli fərmanı ilə verilən tapşırıq əsasında 2002-2004-cü illər ərzində hazırlanan "Azərbaycan Respublikasının Milli Bankı haqqında" və "Banklar haqqında" Azərbaycan Respublikasının qanunları 2004-cü ildə qəbul edilib qüvvəyə mindi. Yeni qanunların hazırlanması prosesində keçmiş nəsil qanunların üstün cəhətlərinin saxlanılması ilə yanaşı həm də müasir dövrün tələbləri nəzərə alınmışdı.

 

Kommersiya banklarının inkişafında yeni mərhələ

 

2004-cü ilin dekabrın 10-da "Azərbaycan Respublikasının Milli Bankı haqqında" qəbul edilən və 12 fəsil, 66 maddədən ibarət olan yeni qanun isə Milli Bankın hüquqi vəziyyətini, onun məqsəd və funksiyalarını, dövlət qurumları arasında yerini və rolunu daha dəqiq müəyyən edərək ölkənin baş bankının məsuliyyətinin və fəaliyyətinin şəffaflığının artırılması üçün müvafiq mexanizmləri də özündə ehtiva edirdi. Bundan başqa, yeni qanun Milli Bankın bütün funksional sahələri üzrə fəaliyyətinin daha səmərəli və effektiv həyata keçirilməsi üçün imkan yaratdı. Pul və valyuta siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi, ölkənin ödəniş sisteminin tənzimlənməsi və inkişafı, bank nəzarətinin həyata keçirilməsi, dövlətin beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanması və idarə edilməsi - bunlar Milli Bankın əsas funksiyalarından oldu.

Onu da xatırladaq ki, "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" 18 mart 2009-cu il tarixli Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq "Azərbaycan Respublikası Milli Bankı" "Azərbaycan Respublikasının Mərkəzi Bankı" adlandırılıb. Bununla əlaqədar olaraq "Azərbaycan Respublikasının Milli Bankı haqqında" qanuna və digər qanunvericilik aktlarına müvafiq əlavə və dəyişikliklər edilib.

Əlbəttə ki, bank sisteminin inkişafı özəl, kommersiya banklarının inkşafına da təsirsiz ötüşməyə bilməzdi. Artıq belə bankların inkişafı 1990-cı illərin əvvəlləri ilə müqayisədə xeyli fərqlənirdi. Xüsusən də, uğurlu neft strategiyası nəticəsində ölkənin əldə etdiyi böyük maliyyə gəlirlərinin və bu əsasda bankların maliyyə resurslarının strateji məqsədlərə effektiv ötürülməsinə hazır olmalarını nəzərə alaraq yeni, 2002-2005-ci illərə inkişaf strategiyası hazırlandı.

Strategiyanın əsas məqsədini neft gəlirlərinin qeyri-neft sektoruna səmərəli və təhlükəsiz transformasiyası, əhalinin və regionların bank xidmətlərinə çıxış imkanlarının artırılması və bu əsasda yoxsulluğun azaldılması üçün bank sisteminin maliyyə vasitəçilik funksiyasının inkişaf etdirilməsi, bank sisteminin davamlılığının və etibarlılığının möhkəmləndirilməsi, bank xidmətləri bazarında azad və sağlam rəqabət mühitinin təmin edilməsi təşkil edirdi. Həmin dövrdə qanunvericilik sahəsində də həlledici addımlar atıldı. 2004-cü il yanvarın 16-da "Banklar haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edilərək həmin ilin martın 30-da qüvvəyə mindi. "Banklar haqqında" yeni qanun beynəlxalq standartlara, o cümlədən bank nəzarəti üzrə Bazel prinsiplərinə tam uyğun olmaqla ölkənin bank sisteminin etibarlılığının artırılması istiqamətində əsaslı islahatların aparılmasına təkan verərək əmanətçilərin və kreditorların maraqlarının daha səmərəli qorunmasına zəmin yaradırdı.

Bu dövrdən başlayaraq Azərbaycanın bank bazarında nağd olmayan ödənişlərə keçid prosesi getdikcə sürətlənməkdədir. Nağd olmayan ödəmələrə keçmənin dünya təcrübəsi, xalqın maliyyə imkanlarının banklara cəlb edilməsi ölkədəki iqtisadi vəziyyəti keyfiyyət baxımından yaxşılaşdırdığını və bunun da xalqın sosial vəziyyətini yüksəltdiyini göstərir.

Bank sistemində 2005-ci ilin yanvar ayından etibarən Azərbaycanda "İnternet Bankçılığı" və "Mobil Bankçılıq" ödəniş sistemləri tətbiq edilməyə başlayıb. Bu fəaliyyətlər Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun tövsiyələrinə əsasən həyata keçirilib.

2005-ci il həm də ipoteka kreditləşdirilməsi sektoru üçün uğurlu başlanğıc oldu. 15 aprel 2005-ci ildə "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edildi və ipoteka kreditlərinin əsasını təşkil edən girov təminatının bütün hüquqi aspektlərinin tənzimlənməsini, o cümlədən təminat hüquqlarının ipoteka kağızı ilə rəsmiləşdirilməsi qaydalarını müəyyən etdi.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 2005-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondu yaradıldı, daha sonra ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi qaydaları təsdiq edildi. Azərbaycan İpoteka Fondunun (AİF) yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizmlərini yaratmaq, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərmək idi.

Ölkədə ipoteka krediti sisteminin davamlığını təmin etmək məqsədilə hazırda dövlət büdcəsi vəsaiti hesabına sosial (güzəştli) ipoteka kreditləşdirmə mexanizmlərini təkmilləşdirməklə bütövlükdə kommersiya sekyuritizasiya sisteminə keçid üzrə tədbirlər işlənib hazırlanır. Real vəziyyətdə isə sosial ipotekanı şəhid ailələrinin üzvləri, Milli qəhrəmanlar, məcburi köçkünlər və onlara bərabər şəxslər, dövlət qulluğunda ən azı 3 il iş təcrübəsi olanlar, elmlər namizədləri və ya doktorluq elmi dərəcəsi olan şəxslər, idman sahəsində xüsusi xidmətləri olan şəxslər ala bilər. Bundan əlavə sosial ipotekanın alınmasına Müdafiə, Milli Təhlükəsizlik nazirlikləri hərbi sistemində, Daxili İşlər Nazirliyi Daxili Qoşunları, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidmətində ən azı 3 il qulluq edən şəxslər iddia edə bilər. Bu isə ipoteka kreditindən əhalinin daha geniş təbəqəsinin faydalanması, həmçinin bunun tikinti sektorunda dinamik inkişafa münbit şərait yaradılması deməkdir.

 

Əmanətçilərin banklara inamının daha da güclənməsinə təkan verən addım

 

Bank rəqabətinin güclənməsi, bank xidmətlərinin çeşidinin artırılması, investisiyaların genişlənməsi və bank xidmətləri bazarında bu kimi digər meyillərin artması bankları müxtəlif mənbələrdən vəsait cəlb etməkdə maraqlı edir. Belə bir şəraitdə əmanətçilərdən cəlb edilmiş vəsaitlərinin etibarlı qorunması xüsusi aktuallıq kəsb edir. Bu məqsədlə əmanətlərin sığortalanması mexanizmlərinin yaradılması üçün görülən tədbirlərin nəticəsi olaraq 29 dekabr 2006-cı ildə "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib.

Bu qanun Azərbaycan Respublikasındakı banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya mexanizmlərini müəyyən edir. Qanunun 1-ci maddəsinə uyğun olaraq əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. 2007-ci ilin avqust ayının 12-dən Əmanətlərin Sığortalanması Fondu artıq fəaliyyətə başlayıb. 2009-cu ildə Milli Məclisin qəbul etdiyi yeni qanunla sığortalanan əmanətlərin məbləği 6 min manatdan 30 min manatadək artırılıb. Bu da öz növbəsində əmanətçilərin banklara inamının daha da güclənməsinə təkan verib. Görülən bu tədbir nəticəsində bankların maliyyə vəsaiti cəlb edilməsilə bağlı durumları daha da yaxşılaşıb.

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində də Azərbaycanda mühüm işlər həyata keçirilib.

Bununla bağlı olaraq "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və 2009-cu il 25 fevral tarixindən qüvvəyə minib. Qanunun tələblərindən irəli gələrək Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti yaradılıb və əsasnaməsi, strukturu, ştat cədvəli 2009-cu ilin iyul ayında təsdiq edilmişdir. Hazırda Maliyyə Monitorinq Xidmətinin fəaliyyətə başlaması üçün müvafiq işlər görülür.

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində Mərkəzi Bank beynəlxalq əməkdaşlığa da xüsusi önəm verir. Bu istiqamətdə xüsusilə Azərbaycanın 2002-ci ildən üzvü olduğu Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Komitə (MONEYVAL) ilə əlaqələr inkişaf etdirilir.

Bütün bunlar onu göstərir ki, ölkənin malik olduğu böyük iqtisadi qüdrətin və maliyyə imkanlarının bazasında diversifikasiya olunmuş iqtisadiyyatın qurulması və resursların qeyri-neft sektorunun kapitallaşmasına yönəldilməsində maliyyə-bank sektoru müstəsna rol oynayır. Müəyyən edilmiş strateji hədəflərə nail olunması üçün bank fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, bank sisteminin etibarlılığının və sağlamlığının artırılması, bank xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, bank sistemində şəffaflığın səviyyəsinin artırılması və bazar intizamının möhkəmləndirilməsi, səmərəli bank nəzarətinin təşkili kimi konkret vəzifələr qarşıya qoyularaq uğurla icra edilir.

Bunun nəticəsidir ki, ötən il özünün zirvə nöqtəsinə çatan qlobal maliyyə böhranının Azərbaycanın bank sektoruna da təsiri hər hansı ciddi fəsadların yaranmasına gətirib çıxarmayıb. Bunu mərkəzi ABŞ-da yerləşən və tanınmış beynəlxalq reytinq agentliyi olan "Standard & Poor's" da təsdiq edib. Agentlik bildirib ki, Azərbaycan Mərkəzi Bankının dünya iqtisadi və maliyyə böhranına reaksiyası adekvat və vaxtında olub: "Azərbaycan Mərkəzi Bankı böhrana adekvat və vaxtında reaksiya verib. Təkrar maliyyələşdirmə dərəcəsi və öhdəliklər üzrə rezerv tələbləri bir neçə dəfə azaldılıb ki, bu da bank sektorunda 350 milyon manat (sektor öhdəliklərinin həcminin 3,5faizi) məbləgində likvidliyi təmin edib. Bundan əlavə, Azərbaycan Mərkəzi Bankı bəzi kommersiya banklarında likvidliyə birbaşa dəstək göstərib".

"Standard & Poor's" agentliyinin "Bank sektorunda risklərin təhlili adlı hesabatında o da bildirilib ki, AMB müxtəlif tədbirlər, o cümlədən əmanətlərin sığortalanması mexanizmlərindən istifadə sayəsində əmanətçilərin bank sisteminə inamının adekvat səviyyəsini saxlaya bilib: "Regionun bəzi digər ölkələrinin bank sistemlərindən fərqli olaraq Azərbaycanın bank sistemi dünya böhranı başlandıqdan sonra yaranan çaxnaşma ilə əlaqədar xeyli həcmdə əmanətlərin götürülməsindən qaça bilib". O da xatırladılıb ki, 2009-cu ilin yanvarından bank sektorunun təkrar kapitallaşmasının stimullaşdırılması məqsədilə mənfəət vergisinə güzəşt tətbiq edilir. Ümumiyyətlə, 2012-ci ilə qədər bank sektoru mənfəət vergisindən azad edilib ki, bu da həm onların kapitallaşmasına, həm də böhran şəraitində maliyyə problemilə üzləşməməsinə münbit şərait yaradır.

"Standard & Poor's" agentliyinin ekspertlərinin qiymətləndirmələrinə görə, hökumət bank sistemində problemlərin artmasına yol verməmək məqsədilə dəstək göstərməyə hazır olduğunu nümayiş etdirib. Bununla yanaşı 2008-ci ilin oktyabrından 2009-cu ilin mayına kimi uçot dərəcəsinin 15 faiz 2 faizdək endirilməsi, həmçinin məcburi ehtiyat normalarının azaldılması ilə bağlı Azərbaycan Mərkəzi Bankının gördüyü tədbirlərin respublikanın bank sektorunda 1 milyard dollar məbləğində əlavə likvidliyi təmin etdiyi bildirilib.

"Standard & Poor's" xarici investorların Azərbaycanın bank sektorunda iştirakına hər cür münbit şəraitin yaradıldığına da xüsusi diqqət yetirib: "Dövlət Azərbaycan banklarının müdafiəsini təmin edir, lakin eyni zamanda xarici investorları da alqışlayır. 2008-ci ildə və 2009-cu ilin əvvəlində xarici banklar Azərbaycanın bank bazarına çox fəal şəkildə, o cümlədən nümayəndəliklərin açılması ilə, əsasən "Vneşntorqbank", "Kommerzbank" və "Citigroup Inc"la ölkənin bank sektoruna daxil olublar". Bildirilir ki, yaradılan münbit şərait nəticəsində 2005-ci ildən sonrakı dövr ərzində ölkədə xarici iştiraklı bankların ümumi payı iki dəfə artaraq 30 faizi ötüb.

Bununla yanaşı hesabatda o da xüsusi olaraq qeyd edilir ki, Azərbaycanda bankların filial şəbəkələri sürətli templə inkişaf edir: "Azərbaycanda bankın bir şöbəsinə orta hesabla 14 min nəfər düşür. Bu göstərici Ukraynada olduğundan çoxdur. Azərbaycanın bank sistemi indiyədək digər MDB ölkələri ilə müqayisədə dünya bazarında iqtisadi sarsıntılara qarşı xeyli davamlılıq göstərib. Bir neçə bank risk-menecment sistemini inkişaf etdirməyə hazır olduqlarını nümayış etdirib. Onların sırasında xarici iştiraka malik banklar da var".

Bildirilir ki, banklar gəlirlər potensialının maksimum artırılması məqsədilə biznesi genişləndirməyə hazırlaşırlar. Odur ki, pərakəndə bank xidmətləri seqmentində fəaliyyət ən populyar strategiyaya çevrilir ki, bu da diversifikasiyadan mənfəəti təmin edir: "Pərakəndə xidmətlər sektorunun hesabına diversifikasiyanın səviyyəsinin artırılması bazarda bankların mövqeyinin möhkəmlənməsinə müsbət təsir göstərir".

 

Bank sektorunun inkişaf miqyası daha da genişlənəcək

 

Bununla yanaşı beynəlxalq səviyyədə də qeyd edilir ki, son illər Azərbaycan bank tənzimlənməsinin və nəzarətin təkmilləşdirilməsində, onların qabaqcıl beynəlxalq praktikaya uyğunlaşdırılmasında xeyli uğurlara nail olub. Bununla əlaqədar Mərkəzi Bank xarici administrasiyanın və digər mexanizmlərin tətbiqinin köməyilə intervensionist və qabaqlayıcı tədbirlər görmək imkanlarına malikdir, banklarda diaqnostika problemləri alətləri təkmilləşdirilir.

Mərkəzi Bankın 2010-cu il pul siyasətinin əsas istiqamətləri barədə bəyanatından isə aydın olur ki, bu il ərzində ölkəmizdə bank sektorunda bir sıra mühüm yeniliklər ola bilər. Məsələn, ipoteka kreditləşməsinin genişləndirilməsi məqsədilə Azərbaycanda bu il tikinti-əmanət bankları yaradılması istisna deyil. Bəyanatda həmçinin hökumətin ipoteka kreditləşməsini genişləndirmək niyyətində olduğu xüsusi vurğulanır. Bunun üçün dövlət büdcəsində nəzərdə tutulan sosial ipoteka mexanizminin də tətbiqi davam etdiriləcəyi diqqətə çatdırılır. Bəyanata görə, ipoteka mexanizminin təkmilləşməsi çərçivəsində yeni ipoteka modelinin hazırlanması məqsədilə yaşayış, tikinti-əmanət banklarının fəaliyyətə başlaması üçün müvafiq tədbirlər həyata keçiriləcək.

Beynəlxalq təcrübəyə əsasən yaşayış-tikinti əmanəti bankları belə borcalanlar üçün 2 mərhələdən ibarət kreditləşmə proqramı təklif edir. Birinci mərhələ yığım funksiyası daşıyır. Bu mərhələ ərzində borcalan qabaqcadan razılaşdırılmış və bankın faiz ödədiyi məbləği hər ay banka depozitə qoyur. Depozitdə ilkin ödəniş üçün tələb olunan kifayət qədər məbləğ yığıldıqdan sonra proqramın ikinci mərhələsi - kreditləşmə mərhələsi başlayır. Bu mərhələnin əvvəlində bank borcalana kredit verir. Belə kreditlər üzrə faiz dərəcələri adətən digər kreditlər üzrə faizlərdən əhəmiyyətli dərəcədə aşağı olur.

Bununla yanaşı Mərkəzi Bankın 2010-cu il üçün pul siyasəti çərçivəsində həyata keçirəcəyi siyasətə əsasən ölkənin baş bankı öz mandatından irəli gələrək 3 faiz səviyyəsində orta illik rəsmi inflyasiya proqnozunun reallaşmasına dəstək verəcək. Bildirilir ki, bu hədəfin reallaşması orta və uzunmüddətli iqtisadi dayanıqlığın təmin olunmasında mühüm vasitədir. Eyni zamanda məcmu tələbin amillərindən, qlobal iqtisadiyyatın bərpası prosesinin daxili inflyasiyaya təsirindən asılı olaraq bu proqnoz il ərzində dəqiqləşdirilə bilər.

Mərkəzi Bank 2010-cu ildə də manatın məzənnəsinin sabitliyinin qorunması siyasətini həyata keçirəcək. Qeyd olunur ki, neftin qiymət proqnozunun ən konservativ ssenarisində belə ölkənin tədiyə balansında kifayət həcmdə profisitin proqnozlaşdırılması manatın məzənnəsinin sabitliyi üçün fundamental əsasdır. Məzənnə siyasəti yeridilərkən ölkənin beynəlxalq rəqabət qabiliyyətinin qorunması da nəzərə alınacaq.

2010-cu ildə maliyyə sabitliyinin qorunması tədbirləri başlıca olaraq bank sistemində risklərin çevik idarə olunmasına yönələcək. Bu vəzifəni həyata keçirmək üçün Mərkəzi Bank 2010-cu ildə aşağıdakı istiqamətlərdə müvafiq tədbirləri reallaşdıracaq: bank sektorunda maliyyə ehtiyatlanması və kapitallaşma siyasətinin davam etdirilməsi; likvidlik göstəricilərinin məqbul səviyyədə saxlanması; bank sektorunun kontr-tsiklik davranış çərçivəsinin gücləndirilməsi; bank sektorunun kredit portfelinin keyfiyyətinə nəzarətin gücləndirilməsi; bank sektorunda korporativ idarəetmə və risk menecmenti potensialının artırılması.

Bütün bu hədəflərə nail olmaq üçün bank nəzarəti alətləri təkmilləşdiriləcək, ilk növbədə erkən xəbərdarlıq sistemlərinin inteqrasiyası həyata keçiriləcək, yeni prudensial hesabat sisteminin tətbiqinə başlanacaq. Eyni zamanda konsolidasiya olunmuş bank nəzarətinin metodologiyası inkişaf etdiriləcək, stress-testlərin standartlaşması və vahid modelinin qurulması təmin ediləcək.

İqtisadiyyatın kapitallaşma tələbatına uyğun maliyyə resurslarına çıxışın yeni mexanizmlərinin və institutlarının təşviqinin təmin olunması, xüsusilə regionlarda bu prosesin sürətlənməsinə diqqət verilməsi pul siyasətinin əsas istiqamətlərindəndir. Həmçinin bank olmayan kredit təşkilatlarının fəaliyyəti genişləndiriləcək, mikromaliyyələşmə şəbəkəsinin genişlənməsi dəstəklənəcək.

Beləliklə, bütün bunlar Azərbaycanda daim inkişaf etməkdə olan və möhkəm dayaqlara malik bank sektorunun cari il ərzində də tərəqqi göstəricisinə görə fərqlənənlər sırasında yer alacağını təsdiq edir. Bu isə Azərbaycanın maliyyə sisteminin daha da güclənməsinə xidmət etməklə yanaşı ümumi iqtisadi inkişafda da vacib rol oynayır.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.- 14 aprel.- S.  4.