Dərbənd Azərbaycan Dövlət Dram Teatrı yenidən Bakıda

 

Ümummilli lider Heydər Əliyev Azərbaycanın milli-mənəvi sərvətlərindən olan dilimizin saflığını, paklığını, təmizliyini qoruyub saxlamağı harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıya tövsiyə etmişdir: "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir. Hər bir dili yaşadan və inkişaf etdirən onun xalqıdır. Dilimiz zəngindir, çox ahəngdar dildir, dilimizin söz ehtiyatı çox böyükdür. Şəxsən mən bu dili sevirəm".

Azərbaycan dilini mənəvi sərvət kimi müxtəlif xalqların dilləri arasında qoruyub saxlayanlar, əlbəttə, təkcə ayrı-ayrı fərdlər deyil. Vətənimizdən uzaqlarda doğma ana dilimizin keşiyini çəkən kollektivlər də var. Onlardan biri 1904-cü ildə fəaliyyətə başlamış, 1944-cü ildə səhnə pərdələri müvəqqəti olsa da bağlanmış, lakin 1994-cü ildə yenidən qapılarını tamaşaçılarının üzünə açmış, 1998-ci ildən isə dövlət teatrı statusu qazanmış Dərbənd Azərbaycan Dövlət Dram Teatrının kollektividir. Dağıstan Respublikası Mədəniyyət Nazirliyinin bu kollektivə rəsmi dövlət statusu verməsi heç də təsadüfi deyil.

Teatrın kollektivinin hazırladığı tamaşalar təkcə Rusiya Federasiyasının ərazisində deyil, qonşu dövlətlərin nəinki mədəni mərkəzlərində, böyük tamaşa salonlarında, hətta, ən ucqar yaşayış məntəqələrində belə yüksək alqışlarla qarşılanmışdır.

Yaradıcı heyəti əsasən soydaşlarımızdan ibarət olan teatr yenidən respublikamıza qastrol səfərlərinə başlayıb. Gənc Tamaşaçılar Teatrının bu kollektivə doğmalıq göstərərək, tamaşaçılarını və böyük sənətkarlar yetişdirən səhnəsini həmkarlarının ixtiyarına verməsi də, təbii ki, səbəbsiz deyil. Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru, Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisi Şahlar Xalikov da gənc tamaşaçılara məhz bu barədə məlumat verərək bildirdi ki, Azərbaycan-Rusiya, eləcə də Azərbaycan-Dağıstan mədəni əlaqələrinin genişlənməsinə xidmət edən belə tədbirlər davamlılığı ilə diqqəti cəlb edir: "Biz Azərbaycan və Dağıstan respublikalarının mədəniyyət və turizm nazirliklərinə, şəxsən nazir Əbülfəs Qarayevə, nazir müavini Ədalət Vəliyevə dostlarımız olan Gənc Tamaşaçılar Teatrının kollektivinə, həmçinin Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, keçmiş mədəniyyət naziri Polad Bülbüloğluna təşəkkürümüzü bildiririk ki, doğma dilimizin səhnə təbliğində bizə imkan yaradırlar".

Teatrın baş rejissoru, Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynova isə qastrola gətirdikləri əsərin müəllifinin Gənc Tamaşaçılar Teatrının ədəbi-dram hissə müdiri, yazıçı-dramaturq Rafiq Rəhimli olduğunu bildirdi: "Bu səhnəni və sizləri bizimlə görüşdürən Gənc Tamaşaçılar Teatrının kollektivi teatrımızla daim birgə olub. Onu deməliyəm ki, bu teatrın və ümumiyyətlə, Azərbaycanın sevimli aktyorlarının çoxu ilə biz əməkdaşlıq etmişik. Həmin ənənə bu gün də davam edir. Mən Rafiq Rəhimlinin əsərinə bu səhnədə tamaşa etdikdən sonra "Sönmüş talelər"in bizim kollektiv tərəfindən də səhnəyə çıxarılması üçün müəllifdən xahiş etdim. Tamaşa barəsində isə yalnız onu deməliyəm ki, dünya gənclərinin, hətta, yeniyetmələrin bu gün dəhşətli dərəcədə aludə olduqları bir bəladan xilasına həsr edilmiş "Sönmüş talelər"i bir ibrət dərsi də adlandırmaq olardı. Beləliklə, yüz deməkdənsə bir dəfə göstərmək daha yaxşıdır. Tamaşalarımızın təkcə paytaxt Bakıda deyil, respublikanın şimal regionunda göstərilməsi də nəzərdə tutulub. Abşeron, Şamaxı, Ağsu, Qəbələ, Oğuz, Quba, Xaçmaz rayonlarındakı tamaşaçılarımız, çox güman ki, bizi səbirsizliklə gözləyirlər".

Verilən məlumatlardan onu da öyrəndik ki, Dərbənd Azərbaycan Dövlət Dram Teatrı Rusiya Federasiyası ərazisində yeganə Azərbaycan teatrıdır. Teatr kollektivinin tamaşaya qoyduğu "Sönmüş talelər"in səhnə ömrünə gəlincə, çox güman ki, onun marşrutu uzaq və çoxistiqamətli olacaq.

Əsərin mövzusu olduqca aktualdır: "ağ ölüm"ə qarşı mübarizə. Quruluşçu-rejissoru Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynova, quruluşçu-rəssamı Naidə Alimetova, orkestr rəhbəri əməkdar artist Sevda Bəybalıyevadır.

İstər baş rolun ifaçısı Gündüz, istərsə də onun anası Əsməgül teatr sənətinin əsası olan, Stanislavskinin yaşama və göstərmə məktəbinin yetirmələri kimi diqqəti cəlb etdilər. Bəşəri fəlakət olan narkotikə və narkobiznesə qarşı birgə mübarizə bu səhnə əsərində öz həllini tapmışdır desək, daha doğru olardı.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2010.-  14 aprel.- S.  6.