Vətənə xidmət məqamı yetişdi

 

Oğullar əsgər gedir

 

 Ağdamda gənclərin hərbi xidmətə yola salınması həmişə toy-bayrama, əsl el şənliyinə çevrilir. Növbəti belə mərasimdə hərbi komissarlığın həyəti yenə qələbəlik idi. Çağırışçılar rayon mədəniyyət şöbəsinin özfəaliyyət ansamblının ifa etdiyi oynaq musiqi sədalarına uyğun yorulmaq nə olduğunu bilmədən meydanda həvəslə rəqs edirdilər.

Mərasimdə çıxış edən rayonun hərbi komissarı, mayor Namiq Osmanovun çıxışında əsas fikir işğal altında olan torpaqlarımızla bağlı oldu. Dedi ki, Ağdamda gənclərin hərbi xidmətə yola salınmasının toy-bayram kimi qeyd edilməsi artıq ənənəyə çevrilmişdir. Bu gün rayonumuzun daha bir qrup gəncini ordu sıralarına yola salırıq. Vətənə xidmət şərəf işidir, müqəddəs borcdur.

Ayaq Qərvənd kənd sakini Gülmalı Rzayevin çıxışı da çağırışçılara, sözün həqiqi mənasında, qol-qanad verdi, yüksək əhvali-ruhiyyə bəxş etdi:

- Oğlum Sərvər hərbi xidmətdən bu günlərdə qayıdıb. Ordumuzun gücündən, qüdrətindən saatlarla söhbət edir. Əsgərlikdə bərkə-boşa düşüb, sınaqdan çıxmış etibarlı dostlar qazanıbdır. Sağ olsun ki, onu hərbi xidmətə yola salarkən verdiyim öyüd-nəsihətlərə layiqincə əməl edib. Nümunəvi xidmət etdiyinə görə hərbi hissə komandiri mənə minnətdarlıq məktubu göndərib.

Sizə də tövsiyəm var. Doğulduğunuz ailənin, boya-başa çatdığınız elin, hamımızın qürur yeri olan Ağdamın adını uca tutun. Unutmayın ki, yaxşı sorağınız bizə fərəh gətirəcəkdir.

Ərazisinin üçdə iki hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Ağdamda gənclərin hərbi vətənpərvərlik tərbiyəsi ruhunda yetişməsinə böyük önəm verilir. Rayonda yaradılmış sağlam mənəvi-psixoloji mühit Qarabağın bu dilbər guşəsində vətənin layiqli, mərd övladlarının formalaşmasını zərurətə çevirir. İndi Ağdamda hər kəs inanır ki, doğma torpaqlara böyük qayıdışa az qalıb. Yurdun hər qarışını cənnətə döndərmək üçün ürəklərinin odunu, əllərinin hərarətini əsirgəməyən ağdamlılar Qarabağın azadlığı uğrunda silaha sarılıb müqəddəs savaşa atılmağa hər an hazırdırlar.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov gəncləri həqiqi hərbi xidmətə yolasalma mərasimindəki çıxışında rayonda hökm sürən ruh yüksəkliyini vuğuluyaraq qeyd etdi ki, respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı müdrik və uzaqgörən, eyni zamanda qətiyyətli və prinsipial siyasətini qarabağlılar birmənalı şəkildə bəyənir və müdafiə edirlər. Cəbhə bölgəsinə gündən-günə artan dövlət qayğısını ağdamlılar böyük razılıqla qarşılayırlar. Rayon əhalisinin həyat tərzi, dolanışıq səviyyəsi sürətlə yaxşılaşır. İşğal altında olan torpaqlarımızın azad edilməsindən başqa əsas problemimiz yoxdur. Söz yox ki, bu problemi güclü ordu həll edəcəkdir. Nizami Sadıqov bildirdi ki, bu gün Azərbaycan müasir silahlarla təchiz olunmuş qüdrətli orduya malikdir. Heç şübhəsiz, düşmənlərimiz bundan ciddi şəkildə narahatdırlar. Xalqımız öz ordusuna güvənir, Ali Baş Komandanına etibar edir. İnanır ki, ulu öndər Heydər Əliyev siyasi kursunu yaradıcılıqla davam etdirən cənab İlham Əliyev tezliklə böyük qələbəyə imza atacaqdır. Natiq çıxışını çağırışçılara müraciətlə yekunlaşdırdı:

- Sizin üzərinizə son dərəcə məsul və şərəfli vəzifə düşür. Bu gün siz hərbi xidmətə yola düşürsünüz. Həyatınızın bu yeni mərhələsinə inamla qədəm qoymalısınız. Orduda ləyaqətlə xidmət edin. Komandirlərin hər bir tapşırığını məsuliyyətlə yerinə yetirin, hərbi sirlərə əzmlə yiyələnin. Düşmənə sarsıdıcı zərbələr vurmağa hər an hazır olun. Arxadan, ailənizdən isə nigaran qalmayın. Prezidentin genişmiqyaslı fəaliyyəti sayəsində artan dövlət qayğısı hər bir azərbaycanlı ailəsinin firavan həyatına, yaxşı dolanışığına yetər.

Mərasimin sonunda yola salınan çağırışçıların siyahısı oxundu. Nəcəfov Famil Tacir oğlu, Novruzov Nihad Şamil oğlu, Abbasov Fərhad Xaliq oğlu və başqaları adları çəkildikcə sıradan ayrılır, müqəddəs kitabımız Qurani-Kərimin altından keçib, dövlətimizin atributlarından biri olan üçrəngli bayrağımızı öpərək, onları hərbi xidmət keçəcəkləri hissələrə aparacaq avtobusda yerlərini tutdular.

Maşın ləngər vurub yerindən tərpəndi. Oğlunun əsgər getməsindən qürurlanan anaların qəlbində isə kövrək duyğular baş qaldırır, ürəklərdən qopan istək dodaqlarda pıçıltıya çevrilirdi: "Sağ gedib, salamat qayıdın..."

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2010.-  14 aprel.- S.  7.