TÜSİAB-ın 16-cı ümumi yığıncağı keçirildi

 

Aprelin 11-i 2010-cu il tarixdə Azərbaycan Türk Sənayeçi və İş adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) Bakı Əyləncə Mərkəzinin "Eliza" salonunda keçirdiyi 16-cı ümumi yığıncağında Türkiyə Respublikasının Bakıdakı səfiri Hulusi Kılıç, Kipr Türk Respublikasının Bakıdakı səfiri Zeki Gazioğlu, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev və digər rəsmi qonaqlar iştirak etdi.

TÜSİAB-ın 15 ildir Azərbaycan iqtisadiyyatında mühüm yerə sahib olduğunu vurğulayan Hulusi Kılıç türk iş adamlarının, digər xarici iş adamlarından fərqli olaraq, əldə etdikləri gəlirləri Azərbaycanda yeni iş yerlərinin açılmasına sərf etdiklərini bildirərək, yeni seçiləcək olan idarə heyəti sədrinə də müvəffəqiyyətlər arzuladı. TÜSİAB üzvlərinin 85 faizinin iştirak etdiyi ümumi yığıncaqda Yavuz Keleş təkrarən TÜSİAB İdarə Heyətinin sədri seçildi. İdarə heyətinə namizədliyini irəli sürən 20 namizəddən 14-ü toplanılan səs sayına görə idarə heyətinə üzv seçildi. Eyni zamanda, qurumun təftiş və disiplin strukturlarının üzvləri də seçildi.

Yığıncağın sonunda Divan Heyəti və TÜSİAB üzvləri idarə heyətinin sədri Yavuz Keleşi sədr seçilməsi münasibətilə təbrik etdilər. İdarə heyətinin sədri ümumi yığıncağın demokratik bir şəkildə, birlik və həmrəylik içində keçdiyini qeyd edərək, yeni idarə heyəti ilə bugünəqədərki TÜSİAB-ın fəaliyyətini qaldığı yerdən davam etdirəcəyini, bundan sonra da hər iki ölkəyə və iş adamlarına faydalı olacaqlarını və daha böyük nailiyyətlərə imza atmaq üçün səylə çalışacaqlarını söylədi. Sonda bütün üzvlərə, Divan Heyətinə və əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.

 

 

Azərbaycan.- 2010.-  14 aprel.- S.  7.