2010-cu ildə Azərbaycan
iqtisadiyyatı uğurlu inkişafını davam etdirir
Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi
- Nazirlər Kabinetinin bugünkü
iclası 2010-cu ilin birinci rübünün yekunlarına həsr
edilib. 2010-cu ildə Azərbaycan iqtisadiyyatı uğurlu
inkişafını davam etdirmişdir. Bütün
sosial-iqtisadi göstəricilərimiz yüksək səviyyədədir.
Nəzərə almalıyıq ki, 2009-cu il dünya tarixində
böhran ili kimi qalmışdır və 2009-cu ildə
iqtisadiyyatımız, təxminən 10 faiz
artmışdır. Bu artımın üzərində əlavə
artıma nail olmaq əlbəttə ki, böyük uğur
hesab oluna bilər. Bəzi ölkələr var ki, 2010-cu ildə
müsbət dinamika nümayiş etdirir. Ancaq nəzərə
almalıyıq ki, o ölkələrdə 2009-cu ildə
iqtisadiyyat 7, 10, 15 faiz tənəzzülə
uğramışdır. Əlbəttə ki, bu tənəzzüldən
sonra müəyyən dərəcədə inkişaf
dinamikası da mümkündür.
Azərbaycanın uğuru
ondan ibarətdir ki, 2004-2009-cu illərdə
iqtisadiyyatımız 2,8 dəfə artmışdır. Bunun
üzərində əlavə iqtisadi artıma nail olmaq bir
daha göstərir ki, apardığımız siyasi, iqtisadi və
sosial islahatlar öz nəticələrini verməkdədir. İlin
birinci rübündə iqtisadiyyat 5,4 faiz artmışdır.
Sənaye istehsalı 5,6 faiz, sevindirici haldır ki, qeyri-neft
sektoru 2,8 faiz, kənd təsərrüfatı 1,5 faiz
artmışdır. İnflyasiya cəmi 3,8 faiz təşkil
etmişdir ki, bu da öz növbəsində, sosial məsələlərin
həlli üçün bizə əlavə imkanlar
yaradır. Demək olar ki, qiymət artımı çox az səviyyədədir.
Nəzərə alsaq ki, əhalinin pul gəlirləri
artır, - bunun ən gözəl göstəricisi banklara
qoyulan əmanətlərin 30 faizdən çox
artmasıdır, - görərik ki, inflyasiyanın bu
aşağı səviyyədə saxlanması insanların
rifah halına mənfi təsir göstərmir.
Bir sözlə, bütün makroiqtisadi göstəricilərimiz bir daha sübut edir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. Azərbaycan öz müsbət inkişafını gücləndirir və davam etdirir.
Büdcə xərcləri tam şəkildə təmin edilir. Əlbəttə ki, buna büdcə gəlirləri zəmin yaradır və bu məsələ ilə də bağlı heç bir problem yoxdur. Valyuta ehtiyatlarımız artır. Həm keçən il və həm də bu ilin birinci rübündə strateji valyuta ehtiyatlarımız artmışdır. Bu gün Azərbaycanın valyuta ehtiyatları 22,3 milyard dollar təşkil edir. Bu, çox böyük məbləğdir. İstənilən ölkə üçün böyük məbləğdir. Xüsusilə nəzərə alsaq ki, Azərbaycanın həm ərazisi, həm əhalisi o qədər də böyük deyil və ölkə iqtisadiyyatına qoyulan sərmayələr də yüksək səviyyədədir, əlbəttə ki, biz gələcəkdə də valyuta ehtiyatlarımızın artımını görəcəyik. Çünki əvvəlki illərdə görülən işlər, xüsusilə neft-qaz siyasətimiz imkan verir ki, biz çox böyük məbləğdə valyuta ehtiyatlarımızı yığaq ki, öz növbəsində həm iqtisadi, həm infrastruktur, həm sosial məsələlərin həlli üçün onlardan istifadə edək və güclü bir maliyyə resursları əldə edək.
Artıq Azərbaycan öz maliyyə imkanları ilə dünya bazarlarına çıxır. Mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycan Dövlət Neft Fondunu başqa ölkələrdə müştərək şəkildə investisiyaların qoyulmasına cəlb edir və biz buna müsbət baxırıq. Bu, onu göstərir ki, Azərbaycan dünya miqyasında çox müsbət imicə malik olan ölkədir. Aparıcı beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığımız uğurludur, bərabərhüquqludur. Biz bərabərhüquqlu tərəfdaş kimi növbəti illərdə dünya iqtisadiyyatına daha da çox inteqrasiya edəcəyik.
Dövlət İnvestisiya Proqramı icra edilir. Proqramın icrası ilə bağlı heç bir problem yoxdur. Nə maliyyə problemi, nə də ki, texniki problem. Bizim həm texniki imkanlarımız artır və həm də keçən il nəzərdə tutulmuş bütün investisiya layihələri uğurla icra edilir. Əminəm ki, bütün investisiya layihələrimiz vaxtında və böyük keyfiyyətlə icra ediləcəkdir.
İlin birinci rübündə ölkə iqtisadiyyatı üçün önəmli hadisələr baş vermişdir. Əlbəttə ki, bütün ölkədə müxtəlif obyektlər, yeni iş yerləri açılır. Eyni zamanda, ölkəmizin sənayeləşməsi üçün çox vacib olan nəhəng tikinti-infrastruktur obyektləri də inşa edilməyə başlanmışdır. Xüsusilə vurğulamaq istəyirəm ki, bu yaxınlarda Bakıda yeni, müasir gəmiqayırma zavodunun təməl daşı qoyulmuşdur. Bu zavoda çox böyük ehtiyac vardır. Çünki biz donanmamızı müasirləşdirməliyik. Həm Xəzər Dəniz Gəmiçiliyinin, həm də Dövlət Neft Şirkətinin donanmalarını müasirləşdirməliyik. Eyni zamanda, tikiləcək yeni müasir gəmiqayırma zavodu bizə imkan verəcək ki, istənilən növ gəmiləri - katerləri, hərbi döyüş gəmilərini istehsal edək. Bu, eyni zamanda Azərbaycanın döyüş potensialının gücləndirilməsinə xidmət göstərəcəkdir.
Biz Xəzərdə öz mövqelərimizi möhkəmləndiririk. İstər neft-qaz əməliyyatları, istər infrastruktur, istərsə də donanmanın gücü baxımından Azərbaycan, əlbəttə ki, Xəzərdə çox güclü mövqelərə malikdir. Gəmiqayırma zavodunun işə başlaması nəticəsində biz artıq idxaldan asılı olmayacağıq. Son illər ərzində xaricdən kifayət qədər müxtəlif tipli gəmilər alınmışdır ki, bu da öz növbəsində Azərbaycanın iqtisadi potensialını gücləndirən amillərdən biridir.
Mən gəmiqayırma zavodunu xüsusilə vurğulamaq istəyirəm. Çünki bu, bir də onu göstərir ki, həm Azərbaycan dövləti və hökuməti ölkəmizin müasirləşməsi istiqamətində çox düzgün və vaxtında addımlar atır, eyni zamanda xarici tərəfdaşlar Azərbaycan ilə birgə işlər görmək əzmindədirlər. Gəmiqayırma zavodunun səhmdarları arasında Azərbaycan qurumları və eyni zamanda, xarici tərəfdaşlar da vardır. Onlar da böyük həcmdə investisiyalar qoyacaqlar. Yəni bu, özlüyündə göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün cəlbedici ölkə kimi öz funksiyalarını, imkanlarını genişləndirir. Əminəm ki, bu istiqamətdə atdığımız addımlar Azərbaycanın sənaye potensialının gücləndirilməsinə xidmət göstərəcəkdir.
Sənaye potensialımızın gücləndirilməsi üçün başqa addımlar da atılır. Böyük tədbirlər, ixtisaslaşdırılmış texnoparkların tikintisi nəzərdə tutulur. Hərbi sənaye kompleksinin inkişafı sürətlə gedir və mən bu ilin birinci rübündə müdafiə sənayesi kompleksini təşkil edən iki böyük zavodun açılışında iştirak etmişəm. Bütün bu istiqamətlərdə planlarımız icra edilir.
Keçən ay ölkəmizin sosial-iqtisadi inkişafını təmin edən dövlət proqramının müzakirəsini keçirdik. Regionların inkişafı geniş şəkildə müzakirə edildi. Mən o iclasda səslənən fikirləri təkrarlamaq istəmirəm. Bütün vəzifələr qoyuldu, istiqamətlər müəyyən edildi, konkret tapşırıqlar verildi ki, regionların inkişafı sürətlə getsin, bütün maliyyə resursları səfərbər olunsun. Dövlət investisiya layihələri, eyni zamanda regionların inkişafını təmin edir. Bank sektorunun inkişafı və əlavə resursların əldə edilməsi kreditləşməni asanlaşdırır. Eyni zamanda, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən dövlət xətti ilə kifayət qədər böyük məbləğdə vəsait ayrılır, texnika alınır. Yəni regionların, kənd təsərrüfatının, emal sənayesinin inkişafı üçün praktiki addımlar atılır. Bu addımlar artıq bir neçə ildir ki, atılır. Biz bu addımların səmərəsini, nəticələrini görürük. Bunu həm iqtisadi göstəricilərdə, eyni zamanda gündəlik həyatda görürük.
Bir sözlə, Azərbaycan qarşıda duran əsas vəzifələrdən biri olan iqtisadiyyatın şaxələndirilməsi məsələlərini uğurla icra edir. Əgər belə olmasaydı, biz bu böhran aylarında özümüzü o qədər arxayın hiss etməzdik. Əgər iqtisadiyyatımız artıq şaxələndirilmiş iqtisadiyyat olmasaydı, Azərbaycan rəqabətqabiliyyətliliyinə görə mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən MDB məkanında birinci yeri tutmazdı. Məhz ona görə biz birinci yeri tutmuşuq ki, iqtisadiyyatımız çoxşaxəlidir, bir sektordan asılı deyildir. Neft-qaz sənayesi, güclü neft-qaz potensialımız, o sektora cəlb edilən investisiyalar, onlardan düzgün istifadə edilməsi bizə imkanlar yaratdı ki, iqtisadiyyatımızı şaxələndirək. Bu gün biz buna nail ola bilmişik və dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə Azərbaycan 51-ci yerdədir. Bu, çox böyük uğurdur, böyük nəticədir. Əminəm ki, biz bu yüksək yerləri daim əlimizdə saxlayacağıq.
Bu yaxınlarda növbəti sevindirici xəbər gəldi ki, dünyanın ən mötəbər beynəlxalq təşkilatlarından biri olan Dünya İqtisadi Forumu Azərbaycanı informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə MDB məkanında birinci yerə layiq görmüşdür. Nəzərə alsaq ki, informasiya-kommunikasiya texnologiyaları Azərbaycanda cəmi 5-6 ildir inkişaf etməyə başlamışdır, bu da çox gözəl göstəricidir. Biz qısa müddət ərzində böyük uğurlara nail ola bilmişik. Bu, həm iqtisadi inkişaf, həm müasirlik, həm də təhsil deməkdir.
İnformasiya-kommunikasiya texnologiyalarının gələcək inkişafımızda çox önəmli rolu olacaqdır. Çünki bütün dünyanın elmi-texniki tərəqqisi bu istiqamətdə inkişaf edəcəkdir. O ölkələr ki, bu sahədə birinciliyi əldə edir, yaxud da, apardıqları islahatlarla bu istiqamətdə uğurlar qazanır, onlar gələcəkdə daha da böyük imkanlara malik olacaqlar.
Birinci rübdə bizim neft-qaz sənayesində çox əlamətdar hadisələr baş vermişdir. "Çıraq" layihəsinə start verilmişdir. Bu da çox böyük layihədir. Əlbəttə ki, "Azəri-Çıraq-Günəşli" yataqları üzrə "Əsrin müqaviləsi"nin icrası çərçivəsində görüləcək işlərdir. Ancaq əhəmiyyəti nəzərə alınaraq bu layihəyə xüsusi bir istiqamət, xüsusi bir ad verildi. "Çıraq" layihəsi əlavə 6 milyard dollar investisiyanın qoyuluşunu tələb edir. Minlərlə yeni iş yerinin açılmasını təşkil edəcəkdir. O iş yerlərinin 90 faizindən çoxu Azərbaycanda açılacaqdır. Beləliklə, Azərbaycanda həm neft hasilatının artımı təmin ediləcək, həm də ki, hasilatın sabit vəziyyətdə saxlanması üçün əlavə imkanlar yaranacaqdır. Bu, uzun illər bundan sonra hasilatı yüksək səviyyədə, sabit səviyyədə saxlayacaqdır. Bu da ölkəmizin inkişafı üçün çox vacibdir ki, biz öz gələcək planlarımızı elə quraq ki, əldə ediləcək əlavə mənfəət həm ehtiyatların artırılmasına yönəldilsin, eyni zamanda investisiya xərclərinin təmin edilməsi daha da geniş vüsət alsın.
Azərbaycanda investisiya layihələri
uğurla icra edilir. Son illər ərzində on milyardlarla dollar
vəsait qoyulubdur, daxili investisiyalar xarici investisiyaları
böyük fərqlə üstələyir. Bizim siyasətimiz
ondan ibarətdir və maliyyə böhranından belə
uğurlu çıxmağımızın səbəbi də
ondadır ki, biz əldə edilmiş gəlirləri həm əmanət
kimi çox etibarlı şəkildə saxlamışıq
və ehtiyatlarımız artıb. Eyni zamanda, ölkənin tələbatını
ödəmək üçün investisiya şəklində
sənaye istehsalına, infrastruktur layihələrinə
qoymuşuq ki, həm iş yerləri açıldı, həm
də iqtisadiyyatın şaxələndirilməsi
üçün əlavə imkanlar yarandı.
Biz bu siyasəti gələcəkdə
də davam etdirəcəyik. Həm valyuta ehtiyatlarımız
artacaq, eyni zamanda dövlət investisiya proqramı elə
tutulmalıdır ki, əsas vəzifələr icra edilsin. Bu
il üçün nəzərdə tutulmuş investisiya layihələri
hesab edirəm ki, bizi tam şəkildə təmin edir. Əlbəttə
ki, gələcək illərdə biz başqa sahələrə
investisiyanın cəlb edilməsini təmin edəcəyik.
Sosial məsələlərin
həllinə gəldikdə, iqtisadi inkişaf bu məsələlərin
həlli üçün başlıca şərtdir. Əgər
güclü iqtisadi siyasət olmasa, heç bir sosial layihəni,
sosial proqramı icra etmək mümkün olmayacaqdır. Biz
bütün sosial proqramları uğurla icra edirik. Pensiyalar,
maaşlar vaxtaşırı artırılır. Bu il də
maaşların və pensiyaların artımı nəzərdə
tutulur. Ünvanlı sosial proqram uğurla icra edilir. Bütün
sosial proqramlar, sosial ödəmələr vaxtında təmin
edilir.
Sosial obyektlərin tikintisi
istiqamətində çox böyük işlər
görülür. Təkcə bu ilin birinci rübündə
proqrama dövlət büdcəsində nəzərdə
tutulmayan layihələr əlavə edildi. Çünki yerlərdən
xahişlər daxil oldu ki, bəzi rayonlarda tibbi xidmətin
lazımi səviyyədə olmaması insanları narahat edir.
Baxmayaraq, son illərdə demək olar ki, hər bir bölgədə
ən müasir tibbi avadanlıqla təchiz edilmiş müasir
xəstəxanalar, müalicə diaqnostika kompleksləri tikilmişdir
və onlar insanlara gözəl xidmət göstərir. Hələ
ki biz bu problemi tam şəkildə həll edə bilməmişik.
Ona görə yerlərdən gələn təkliflər,
xahişlər əsasında göstəriş verildi ki,
Prezidentin Ehtiyat Fondundan əlavə vəsait ayrılsın,
Ağcabədi, Beyləqan, İmişli və Saatlı
rayonlarında yeni müasir xəstəxanaların tikintisi,
yaxud da mövcud xəstəxanaların əsaslı təmiri
məsələləri öz həllini tapsın. Yəni biz
bu məsələlərə həmişə çox
çevik reaksiya veririk. Yenə də deyirəm, biz
çalışırıq ki, dövlət büdcəsində
bütün məsələləri həll edək. Deyə
bilərəm ki, əksər hallarda mütləq buna nail
oluruq. Ancaq olur ki, il ərzində hansısa məsələ
ortalığa çıxır, biz buna operativ reaksiya verməliyik.
Belə məqsədlər üçün biz Prezidentin
Ehtiyat Fondundan istifadə edirik və bundan sonra da edəcəyik
ki, insanları narahat edən əsas problemləri maksimum dərəcədə
və qısa müddət ərzində aradan qaldıraq.
Artıq bizim iclaslarda elektrik
enerjisi, qaz təchizatı məsələləri daha
geniş şəkildə müzakirə olunmur. Çünki
bu məsələlərin böyük hissəsi həllini
tapıbdır. Düzdür, qazlaşdırma prosesi davam edir
və davam etməlidir ki, bütün insanlar, bütün
yaşayış məntəqələri maksimum dərəcədə
təmin olunsun. Ancaq bu problemlər görülən tədbirlər
nəticəsində ciddi sosial problem kimi artıq aradan
qalxıb. Bu gün səylərimiz bu əsas infrastruktur layihələrinin
- içməli su, kanalizasiya məsələlərinin həllinə
yönəldilibdir. Bu istiqamətdə də artıq işlər
başlanmışdır. Mən istəyirəm ki, daha da
sürətlə başlasın və bütün rayon mərkəzlərini
əhatə etsin. İstəyirəm ki, bütün rayon mərkəzlərində
işlər tezliklə başlasın, çünki
insanları bu gün ən çox narahat edən məsələlər
məhz içməli su və kanalizasiya məsələləridir.
Onu da deməliyik ki, bizim əksər yaşayış məntəqələrində
heç vaxt, heç bir dövrdə kanalizasiya
olmamışdır. İçməli su həmişə
problem olmuşdur. Ancaq biz bu ciddi problemi çox ciddi həll
etməliyik. Elə etməliyik ki, bu problem Azərbaycandan
yığışdırılsın və insanlar tam şəkildə
öz haqlı hüquqlarından istifadə edə bilsinlər.
Bir sözlə, 2010-cu ilin
birinci rübü sosial-iqtisadi inkişaf baxımından
çox uğurludur. Mən əminəm ki, gələcək
aylarda biz bu müsbət dinamikanı saxlayacağıq və
Dövlət İnvestisiya Proqramı çərçivəsində
dövlət büdcəsində nəzərdə tutulmuş
bütün vəzifələr uğurla icra ediləcəkdir.
Hesab edirəm ki, biz Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
işində həlledici mərhələyə qədəm
qoymuşuq. Mən bu barədə öz fikirlərimi dəfələrlə
ictimaiyyətlə bölüşürəm, Azərbaycanın
mövqeyini bildirirəm. Ancaq hadisələr çox sürətlə
inkişaf edir və əlbəttə ki, danışıqlar
prosesinin indiki mərhələsi haqqında da mən həm
öz fikirlərimi bildirmək, həm də Azərbaycan
dövlətinin rəsmi mövqeyini bir daha açıqlamaq
istəyirəm. Dəfələrlə qeyd etmişik və
demişik ki, bu münaqişə öz həllini ancaq beynəlxalq
hüquq normaları əsasında tapa bilər. BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsi icra edilməlidir,
işğalçı qüvvələr bütün
işğal edilmiş torpaqlardan
çıxarılmalıdır, Azərbaycan vətəndaşları
- qaçqınlar, köçkünlər işğal
edilmiş bütün ərazilərə, o cümlədən
Dağlıq Qarabağa qayıtmalıdırlar və
Dağlıq Qarabağın statusu ondan sonra müəyyən
oluna bilər. Bununla bərabər, bu status ancaq və ancaq Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
mümkündür. Azərbaycan dövləti bundan kənarda
heç bir statusa heç vaxt razılıq verməyəcəkdir.
Biz razılıq vermədiyimiz təqdirdə heç kim
qanunsuz qurum olan Dağlıq Qarabağı müstəqil
qurum kimi tanımayacaqdır.
Bizim vətəndaşlarımız
işğal edilmiş torpaqlara qayıdandan sonra Dağlıq
Qarabağın keçici, yəni müvəqqəti statusu
öz həllini tapa bilər. Ancaq o stasus, yenə də deyirəm,
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
olmalıdır. Bütün mərhələlərdə,
danışıqların ilk günlərindən Azərbaycanın
mövqeyi ondan ibarət olmuşdur ki, Dağlıq Qarabağa
dünyada mövcud olan ən yüksək muxtariyyət statusu
verilə bilər. Biz bu mövqedə qalırıq və ermənilərdən
fərqli olaraq heç vaxt etnik təmizləmə əməliyyatları
aparmamışıq, belə niyyətimiz də yoxdur. Bəzi
hallarda biz Ermənistandan çox sadəlövh və gülməli
bəyanatlar eşidirik ki, əgər Azərbaycanın istədiyi
məsələ öz həllini taparsa, Azərbaycanın təklifi
qəbul olunarsa, o zaman Dağlıq Qarabağda ermənilər
qalmayacaqdır. Qoy onlar bizi öz arşını ilə
ölçməsinlər. Azərbaycan xalqı başqa millətlərə
qarşı heç vaxt ayrı-seçkilik etməmişdir.
Biz Ermənistandan fərqli olaraq monodövlət deyilik. Bizdə
bütün xalqlar, bütün dinlərin nümayəndələri
bir ailə kimi yaşayırlar. Bizim xüsusiyyətimiz
bundadır. Bizim düşüncəmiz bundadır. Ermənistan
isə bəlkə də dünyada tək ölkədir ki, yəni
ada olmayan ölkədir ki, orada erməni millətindən
başqa millət yaşamır. Baxmayaraq ki, bugünkü Ermənistan
Azərbaycanın əzəli torpaqları üzərində
qurulubdur, İrəvan xanlığının əhalisinin əksəriyyəti
azərbaycanlılar idi. Bu, bizim tarixi
torpağımızdır. Ancaq azərbaycanlılar müxtəlif
tədbirlərlə, müxtəlif yollarla indiki Ermənistandan
qovuldu. Nəinki azərbaycanlılar, bütün başqa millətlər
də Ermənistandan ya qovuldu, ya öldürüldü, ya
sıxışdırıldı, ya da elə dözülməz
şərait yaradılmışdır ki, onlar orada qala bilmirlər.
Ona görə Azərbaycan dövləti heç vaxt heç
kimə qarşı etnik təmizləmə siyasəti
aparmamışdır və aparmayacaqdır. Əgər beynəlxalq
hüquq normalarını əks etdirən təkliflər Ermənistan
tərəfindən qəbul edilərsə, o zaman
Dağlıq Qarabağda erməni icması ilə bərabər
Azərbaycan icması da yaşayacaq, yaşamalıdır və
onların orada, azərbaycanlıların orada yaşaması həm
tarixi ədaləti tam təsdiq edəcək, həm də ki,
beynəlxalq hüquq normalararına tam uyğundur.
Bugünkü mərhələdə
Ermənistan öz mövqeyini bildirməlidir. Uzun illərdir
ki, biz Minsk qrupunun həmsədr ölkələrinin dövlət,
hökumət başçılarına mövqeyimizi
bildirmişik. Ermənistan danışıqları süni
şəkildə uzadır. Ermənistan danışıqlarda
səmimi deyildir və danışıqları sadəcə
olaraq, bir bəhanə kimi aparır və çox ləng
aparır. Müəyyən mərhələlərdə
razılaşdırılmış məsələlərə
yenidən qayıtmaq istəyir, yenidən onları ortaya qoyur
ki, sadəcə olaraq vaxt udsun. Hesab edirlər ki, vaxt
keçdikcə bu status-kvo vəziyyəti daha da möhkəmlənəcək
və on ildən, iyirmi ildən sonra artıq qeyri-qanuni qurum
olan Dağlıq Qarabağın elə bil ki, legitimləşdirilməsi
üçün daha da əlverişli imkanlar olacaqdır.
Dəfələrlə həm
Minsk qrupunun səfirlərini, həm də dövlət və
hökumət başçılarını məlumatlandırmışıq
ki, bizim şübhələrimiz var və bu şübhələr
elə boş yerə yaranmayıb. Bu şübhələrin əsası
var ki, Ermənistan sadəcə olaraq vaxt uzadır,
danışıqları belə bir əbədi prosesə
çevirmək istəyir, sanki bu danışıqlarda
iştirak edir, ona görə onlara qarşı sanksiyalar tətbiq
edilməməlidir. Danışıqların uğurlu
olmaması səbəbini müxtəlif yollarla Azərbaycanın
üzərinə yıxmaq istəyir.
Artıq biz o mərhələyə
yaxınlaşmışıq ki, Ermənistanın bu məkrli,
riyakar və yalançı siyasəti davam edə bilməz.
Biz o mərhələdəyik ki, onlar Minsk qrupunun həmsədrləri
olan ölkələrin təklifinə cavab verməlidirlər.
Yenilənmiş Madrid prinsipləri əsasında iki tərəfə
təqdim edilmiş təklif üç ölkənin təklifidir.
Düzdür, bu təklifin formalaşmasında və indiki vəziyyətə
gətirib çıxarılmasında Azərbaycan
diplomatiyasının çox böyük rolu vardır. Əgər
biz mərhələnin əvvəlindəki təkliflərə
baxsaq, yəni Praqa prosesi adlandırdığımız mərhələnin
əvvəlinə, prosesin əvvəlinə baxsaq, görərik
ki, o təkliflərdə bizi qane etməyən
çoxsaylı məqamlar var idi. Çox böyük təhlükəli
məqamlar var idi, nə vaxtsa Dağlıq Qarabağı Azərbaycandan
ayıra biləcək müəyyən mexanizmlər orada
görünməkdə idi. Əlbəttə ki, biz onu
heç vaxt qəbul edə bilməzdik.
Son illər ərzində,
son 5 il ərzində Praqa prosesi çərçivəsində
bizim səylərimiz nəticəsində və eyni zamanda,
hesab edirəm ki, həmsədr ölkələrin məsələyə
yeni bucaqdan baxışı nəticəsində biz
bugünkü yenilənmiş Madrid prinsipləri əsasında
verilmiş təklifləri görürük və müzakirə
edirik. Ona görə bu, böyük bir proses idi. Müxtəlif
dövrlərdə Ermənistan tərəfi bu prosesdən
müxtəlif yollarla çıxmaq istəyirdi. Bəzən
danışıqları tərk etməklə, bəzən
çox müəmmalı səbəblər gətirərək
danışıqları yarımçıq tərk etməklə,
sadəcə olaraq, heç kimə demədən
danışıqlardan uzaqlaşmaqla özlərini bir növ
gülünc vəziyyətə salırdılar. Ancaq biz
görürük ki, onlar hər şeyə razıdırlar.
Özlərini gülünc vəziyyətə salmağa
razıdırlar. Özlərini qeyri-konstruktiv mövqeyin sahibi
olan ölkə kimi təqdim etməyə hazırdırlar, təki
bu proses əbədi proses olsun, danışıqlar getsin və
dünya da sanki arxayınlaşsın ki, burada hər şey
sakit olacaq, müharibə olmayacaq, onlar danışırlar, qoy
danışsınlar.
Artıq biz o xəttə
çatmışıq ki, Ermənistan tərəfi və əlbəttə
ki, Azərbaycan tərəfi öz mövqeyini bildirməlidir.
Biz öz mövqeyimizi bildirmişik. Həm keçən ilin
noyabr ayında Münxen şəhərində Ermənistan
prezidenti ilə apardığım danışıqlarda və
son dəfə Soçidə Rusiya Prezidenti Medvedevin təşəbbüsü
ilə növbəti üçtərəfli görüş
əsnasında Azərbaycan rəsmi şəkildə öz
mövqeyini bildirib ki, prinsip etibarilə yenilənmiş Madrid
prinsipləri üzərində verilən təklif bizim
üçün məqbuldur, o təklifdə bizim üçün
narahatedici məqamlar çox azlıq təşkil edir.
Orada kiçik istisnalar etməklə
o təklif əsas kimi götürülməlidir və bu təklifin
əsasında sülh sazişi hazırlanmalıdır. Ancaq əfsuslar
olsun ki, Ermənistan tərəfi bu günə qədər
öz mövqeyini bildirməyib. İki aydan çox vaxt ərzində
sadəcə olaraq mövqe bildirməyib. Ondan sonra bizə
çatan məlumata görə onların o təklifə
verdikləri əlavələr əslində bizi prosesin əvvəlinə
gətirib çıxaracaqdır. Bunu nə biz qəbul edə
bilərik, nə də ki, Minsk qrupunun həmsədr ölkələri.
Ona görə bizə söz verilib ki, bu müddət ərzində
Ermənistan tərəfi ilə çox ciddi iş
aparılacaq və onlara sübut etməyə
çalışacaqlar ki, bu təklifi qəbul etsinlər.
Biz də bu mərhələdəyik.
Ona görə biz əlbəttə ki, vəziyyəti,
bölgədə gedən prosesləri təhlil edirik və
Ermənistandan cavab gözləyirik ki, onlar üç ölkənin
- Rusiya, Fransa və Amerikanın təklifinə müsbət
cavab verəcəklər və belə olan halda biz
danışıqları fəal şəkildə
aparacağıq, artıq danışıqların yeni mərhələsi
başlayacaq, konkret saziş üzərində işlər
başlanacaqdır. Əgər onlar bu təklifi qəbul etməsələr,
onda hesab edirəm ki, danışıqlar öz mənasını
itirəcək və sadəcə, imitasiya naminə,
görüntü yaratmaq üçün danışıqlar
aparmaq bizim üçün qəbuledilməzdir.
Mən müxtəlif
dövrlərdə, müxtəlif mərhələlərdə
demişəm ki, biz imitasiya naminə danışıqlar
aparmayacağıq. O vaxta qədər aparacağıq ki, bizdə
ümid var ki, onlardan bir nəticə çıxacaqdır. Əgər
gördük ki, burada heç bir ümid yoxdur, onda
danışıqlar dayanmalıdır və əlbəttə
ki, bu prosesdə yeni mərhələ başlanacaqdır. O mərhələ
nədən ibarət olacaq, bunu hələ ki demək tezdir. Hər
halda biz istənilən ssenariyə hazırıq. Öz
hazırlıq işlərimizi görürük ki, vəziyyətə
uyğun şəkildə addımlarımızı ataq. Ancaq
mən hesab edirəm və bir daha bunu vurğulamaq istəyirəm,
indiki mərhələdə artıq hamı
üçün, həm də həmsədr ölkələr
üçün bəllidir ki, Ermənistan tərəfi
danışıqları pozur. Həmsədr ölkələr
əgər əvvəllər buna bir növ göz yummaq istəyirdilərsə,
artıq bu gün bunu etmək mümkün deyildir.
Çünki onlar üçün də bəllidir ki, Ermənistan
tərəfi danışıqları əslində pozur. Belə
olan halda mən tam əminəm ki, Ermənistan tərəfi
ilə ciddi iş aparılmalıdır. Ermənistanı
hansısa yollarla stimullaşdırmaq, onlara ümid vermək,
onların işğalçı siyasətinə yenə
göz yummaq siyasəti ona gətirib çıxara bilər
ki, danışıqlar pozulacaqdır.
Ona görə mən hesab
edirəm ki, indiki həlledici mərhələdə
bütün ölkələr, xüsusilə Minsk qrupunun həmsədr
ölkələri çox həssas olmalıdırlar. Vəziyyətlə
bəlkə də yaxından
Bu gün Dağlıq
Qarabağı kənarda qoyub bölgədə başqa məsələləri
həll etmək nə dərəcədə
düzgündür?! Tamamilə yanlışdır, tamamilə
səhvdir və Azərbaycanın milli maraqlarına zidd olan
mövqedir. Milli maraqlarımıza zidd olan mövqe
nümayiş etdirənə biz hansı mövqeni
nümayiş etdirə bilərik?! Əgər bizim
maraqlarımız pozulursa, maraqlarımızı pozanın
maraqlarını necə müdafiə edə bilərik, necə
dəstəkləyə bilərik?! Ölkələrin
böyüklüyündən-kiçikliyindən
asılı olmayaraq, dünyada hər şey
qarşılıqlıdır. Bunu biz icad etməmişik.
Dünya birliyi bu əsasda fəaliyyət göstərir. Nə
iqtisadi potensial, nə hərbi güc, nə əhali, nə ərazi
ikitərəfli münasibətlərdə rol oynaya bilməz.
Əgər belə olsa, onda BMT gərək öz fəaliyyətini
dayandırsın. Bütün ölkələr bərabər
hüquqlara malikdirlər və bütün ölkələr
bərabərhüquqlu münasibətlər qururlar,
qurmalıdırlar. Hər halda Azərbaycan o ölkələrdəndir
ki, ancaq bu yanaşmanı qəbul edir.
Əlbəttə ki, əgər
bizim maraqlarımız kənara qoyulursa, əgər
torpaqlarımızın işğalına göz yumulursa və
işğalçı dövləti çətin,
ağır iqtisadi vəziyyətdən çıxarmaq
üçün min bir səy göstərilirsə, Azərbaycan
ictimaiyyəti bunu necə qəbul edə bilər?! Nə
üçün işğalçı ölkəyə təzyiqlər
göstərilmir?! Nə üçün Azərbaycan
bugünkü danışıqlarda demək olar ki, ən
böyük konstruktivlik nümayiş etdirir, Ermənistan
danışıqları pozur?! Ermənistanı bu ağır
vəziyyətdən çıxarmaq cəhdlərini biz
görürük. Nə üçün məhz Türkiyə-Ermənistan
sərhədləri açılsın və Ermənistana elə
bil ki, nəfəs gəlsin?!
Birincisi, Türkiyə-Ermənistan
sərhədlərinin açılması Türkiyə və
Ermənistanın işidir. Buna heç kim
qarışmamalıdır. Nə biz qarışmalıyıq,
nə də ki başqaları. Baxmayaraq ki, ölkələrin
bəziləri hesab edir ki, hər işə
qarışmalıdır. Bu, iki ölkə arasında olan
münasibətlərdir. Qoy bu iki ölkə münasibətləri
həll etsin. Əlbəttə ki, bu ölkələr
münasibətləri həll edəndə regionda gedən prosesləri
nəzərə alacaqlar, tarixi nəzərə alacaqlar, tarixi
münasibətləri nəzərə alacaqlar. Heç
şeydən xəbəri olmayan, bölgədə gedən
proseslərdən xəbəri olmayan tərəflər təzyiqlə,
şantajla, qara yaxmaqla nəyə nail olmaq istəyirlər?!
Biz bunu belə qəbul edirik. Bu açıq şəkildə
Azərbaycanın maraqlarına zidd olan bir siyasətdir. Azərbaycan
dövləti öz siyasətində adekvat addımlar atır
və atacaqdır.
O ki qaldı
danışıqlar prosesinə, bir daha demək istəyirəm,
biz hələ ümid edirik ki, Ermənistan tərəfi təklif
edilən varianta müsbət cavab verəcəkdir. Əgər
belə olarsa, biz sülh danışıqlarını daha fəal
şəkildə aparacağıq və danışıqlarda
yeni mərhələ, yəni müsbət mərhələ
açıla bilər.
***
Sonra
çıxışlar oldu.
Azərbaycan.- 2010.- 15
aprel.- S. 1, 2.