Demokratiya modellərinin Konstitusiyada təsbiti

 

Hazırda dilimizdə ən çox işlədilən terminlərdən biri demokratiyadır. Bu da təsadüfi deyil. Antik dövrdə yaranan və 2500 ildən çox tarixi olan demokratiya termini bu gün ictimai həyatın müxtəlif sahələrində istifadə olunur. Demokratiyanın genezisi və tarixinin, ayrı-ayrı demokratik institutların formalaşması haqqında nəzəri biliklərin öyrənilməsi isə konstitusiyalı dövlət quruculuğu yolunda inkişaf edən ölkələr üçün mühüm əhəmiyyət kəsb edir.

 

Dünya təcrübəsi də göstərir ki, müasir dövrdə demokratik dövlətlərin konstitusiyaları üçün müxtəlif tarixi vaxtlarda yaranan demokratiya modellərinin konvergensiyası xarakterikdir. Lakin Konvergensiya nəzəriyyəsi yalnız hadisələrin mütərəqqi xarakterli keyfiyyətlərinin inteqrasiyasını nəzərdə tutur. Bu mənada demokratiya modellərinin konvergensiyası Azərbaycan Respublikası Konstitusiyasının da prioritet prinsiplərindəndir. Bu prosesin mahiyyətini müəyyən etmək üçün həmin demokratiya modellərinin dialektikanın qanunları metodologiyasını bilmək vacibdir.

Çoxluğun hakimiyyətinə əsaslanan dövlət idarəçiliyinin ilk tarixi forması birbaşa demokratiyadır. Antik demokratiya təcrübəsi bəşər övladına göstərdi ki, bazar meydanında, küçələrdə kütlə ədalətli, rasional qərarlar qəbul edə bilməz. Tarixi reallıqlara görə demokratiya müəyyən hallarda (əgər qanunla məhdudlaşmazsa, idarəçilik aparatına səriştəsiz insanlar gətirilərsə və s.) ayrı-ayrı qüvvələrə demokratik institutlardan sui-istifadə etmək imkanı yarada bilər. Orta əsrlər dövründə mütləq hakimiyyətin məhdudlaşdırılması, habelə azadlıq, bərabərlik və humanistlik ideyaları qədim və orta əsrlərin demokratik dəyərləri kimi qiymətləndirilə bilər.

Siyasi və demokratik təfəkkürün inkişafında isə yeni dövrdə yaranan liberalizm konsepsiyasının da müəyyən rolu olmuşdur. Məhz liberalizm sosial təfəkkür tarixində ilk dəfə konstitusiya və digər institutlar vasitəsilə siyasi hakimiyyətin səlahiyyətlərini məhdudlaşdırır, azlığın hüquqlarını çoxluğun despotiyasından müdafiə edərək şəxsiyyətə ayrılmaz, fundamental hüquqlar verir və onu siyasi sistemin əsas elementi qismində təsdiq edir.

Müasir konstitusiyalara konvergensiya olunan konstitusionalizm, hakimiyyətlər bölgüsü, xalq suverenliyi, parlamentarizm və digər demokratik xarakterli konsepsiyalar liberalizmin əsas ideyaları hesab olunur. Bu mənada liberalizm demokratiyanın inkişafına mühüm töhfələr versə də, onun ideyaları uzun illər demokratiya praktikası ilə mütənasiblik təşkil etmədi. Belə ki, klassik liberal demokratiyanın əsas prinsipləri antik demokratiyadakı kimi əhalinin hamısına - aşağı təbəqəyə, fəhlə sinfinə, qadınlara şamil edilmirdi və ona görə də xalqın hakimiyyəti ola bilməzdi. Sözsüz ki, bu cür yanaşma liberalizmin reallaşdığı ölkələrdə sosial ziddiyyətlərin getdikcə kəskinləşməsinə səbəb oldu.

Belə bir şəraitdə liberal demokratiyanın qüsurlarını aradan qaldırmaq və həqiqi xalq hakimiyyəti yaratmaq cəhdi sosial demokratiya modelinin formalaşmasına təsir göstərdi. Sosial demokratiya özünün prinsiplərini, məqsəd və vəzifələrini hüquqi dövlətçilik formasında həyata keçirməklə insanları müxtəlif amillər üzündən bu və ya digər məsələdə şəxsiyyətinə və ləyaqətinə mənfi təsir edəcək dərəcədə başqalarının asılılığında olmaqdan xilas etdi.

Dövlətin iqtisadi və sosial münasibətlərə fəal müdaxilə etməsi hesabına konstitusion - hüquqi tənzimetmənin predmeti genişləndi, siyasi sistemin yeni elementlərinin konstitusion statusu müəyyən edildi, Əsas Qanuna insan və vətəndaşların hüquq və azadlıqlarının yeni qrupu (sosial-iqtisadi hüquqlar) daxil edildi. Sosial demokratiya modelinin mütərəqqi ideyalarının Azərbaycan Respublikasının Konstitusiyasında təsbiti ölkəmizdə sosial-iqtisadi siyasət prioritetlərinin düzgün müəyyənləşdirilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, qlobal problem olan yoxsulluğun aradan qaldırılmasına və ölkə əhalisinin layiqli həyat səviyyəsinin təmin edilməsinə şərait yaratmışdır.

Demokratiyanın kəmiyyət və keyfiyyət dəyişmələri XX əsrdə yeni plüralist və reprezentativ xarakterli demokratiya modellərinin yaranmasını şərtləndirdi. Plüralist demokratiya modeli müxtəlif, bəzən bir-birinə zidd qüvvələrin, qrupların, partiyaların, ictimai təşkilatların siyasi proseslərdə öz proqramlarına uyğun olaraq sərbəst iştirak etməsinin zəruriliyini müəyyən edir. Çünki, bu qrupların müxtəlif konstitusion vasitələrlə öz siyasi məqsədlərini hökumətə, parlamentə, seçicilərə çatdırmaq imkanları daha böyükdür.

Dialektik mülahizələrə görə ziddiyyət dünyanı hərəkətə gətirən varlığın ümumi forması, mübarizə isə inkişafın qaynağıdır. Bu ziddiyyətlərin, mübarizənin mütləqləşdirilməsi filosofların çoxu tərəfindən bu gün də təhlükəli amil kimi qiymətləndirilir. Bu baxımdan, siyasi və ideoloji plüralizmin təzahürü kimi yaranan və siyasi həyatda iştirak edən ictimai birliklər tərəfindən ümumxalq maraqlarına xidmət edən vahid prinsiplərin inkarı və onların yeritdiyi radikal mübarizə siyasəti heç bir vaxt demokratiyanın inkişafına xidmət edə bilməz. Azərbaycanın 1991-1992-ci illərdəki "demokratiya" təcrübəsi yuxarıda qeyd etdiyimiz fikrin əyani göstəricisidir. Belə ki, həmin dövrdə müxtəlif siyasi qüvvələrin vəzifə uğrunda apardıqları qeyri konstitusion mübarizəsi, idarəçilik qabiliyyəti, səriştəsi olmayan şəxslərin populist çıxışlarla dövlət idarəçiliyində vəzifə qazanıb dövlətçilik irsini total inkar etməsi ölkədə demokratiyanın tamamilə əksi olan kleptokratiya (siyasi hakimiyyətdə təmsil olunan rəhbərlər öz şəxsi maraqlarını ümumxalq maraqlardan üstün tutur) rejiminin yaranmasına səbəb oldu.

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu rejimə son qoyuldu. Azərbaycan xalqı ümummilli lider ətrafında sıx birləşərək demokratik, hüquqi dövlət quruculuğu yoluna qədəm qoydu və hazırda bu yolla inamla addımlayır.

Bu gün Azərbaycan Respublikasının Konstitusiyasına konvergensiya olunan plüralist demokratiya modelinin mütərəqqi ideyaları əsasında cəmiyyətimiz ulu öndər Heydər Əliyevin xalqımıza bəxş etdiyi azərbaycançılıq məfkurəsi, onun dövlətçilik irsi, müstəqil dövlətimizin milli Konstitusiyasının ideyaları ətrafında sıx birləşərək iqtisadi sahədə keçid dövrünü uğurla başa vurub, postindustrial, informasiya cəmiyyəti quruculuğuna qədəm qoymuşdur.

XX əsr reprezentativ xarakterli demokratiya modellərinin meydana gəlməsi elektorat probleminin də yeni səviyyədə aktuallaşmasına səbəb oldu. Müasir dünyada demokratik cəmiyyətdə inkişaf və idarəetmə məsələlərinin daha çox elitarlıq prinsipinə əsaslanması, yüksək intellektə və qabiliyyətə malik elitanın həlledici rol oynaması elmi həqiqətdir.

Demokratik dövlət quruculuğunun uğurla həyata keçirilməsi üçün yüksək siyasi və hüquqi mədəniyyətə malik olan, bacarıqlı, peşəkar kadrların, siyasi elitanın formalaşması xüsusi önəm kəsb edir. Təcrübə göstərir ki, meritokratiya, yəni rəhbər vəzifələrə sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq savadlı, bacarıqlı insanların seçilməsi prinsipi demokratiyanın əsasını təşkil edir.

Azərbaycanda 1993-cü ildən başlayaraq bu günə qədər seçki sistemini tənzimləyən normativ-hüquqi aktların və seçki təcrübəsinin retrospektiv təhlili göstərir ki, respublikada seçkilər institutu daim inkişaf edir. Ölkəmizdə demokratik seçki qanunvericiliyinin formalaşması və bütövlükdə seçki qanunvericiliyinin unifikasiyası məqsədilə qəbul olunan və dövlət başçısının təşəbbüsü ilə təkmilləşdirilən Seçki Məcəlləsi yeni dövrün tələblərinə cavab verir və ölkəmizdə seçkinin azad, ədalətli keçirilməsi üçün yaxşı zəmin yaradır. Bununla yanaşı müasir dövrün tələbələrinə uyğun olaraq seçki sisteminin daim təkmilləşdirilməsi seçkilərdə absenteizmin qarşısının alınması probleminin də həllini vacib sayır. Bu sahədə hüquq elminin də üzərinə mühüm vəzifələr düşür.

Elitar demokratiya nəzəriyyəsinə alternativ kimi yaradılan partisipator model isbat edir ki, xalqın siyasi həyatda iştirakı yalnız seçkilərlə məhdudlaşmır. Bu model həm də ictimai həyatın mühüm məsələlərinin müzakirəsində və siyasi qərarların qəbul edilməsində vətəndaşların bilavasitə referendumla iştirakını nəzərdə tutur. Partisipator demokratiya modelinin əsas institutlarına referendum və seçkilər aiddir. Müasir demokratik konstitusiyalarda xalq hakimiyyətinin həyata keçirilmə mexanizmində hər iki institutdan istifadə olunur.

Azərbaycan Respublikasının konstitusiya qanunvericiliyində də xalq hakimiyyətinin bilavasitə ifadəsi olan referendumlara xüsusi yer verilir. Bu instituta maraq qanunauyğundur və tarixən əsaslıdır. Belə ki, mühüm qərarların qəbulunda xalqın iştirakı vətəndaşı vətəninin taleyi üçün məsuliyyətli edir, onda həmrəylik hissini yarada bilir.

Azərbaycan Respublikasında 2009-cu il martın 18-də keçirilən konstitusiya referendumunun nəticəsi partisipator demokratiyanın bu mülahizələrini bir daha təsdiq etdi. Vətəndaşlarımız ölkəmizdə insan hüquqlarının daha etibarlı təminatı və konsolidasiyalı demokratiya quruculuğu sahəsində mühüm referendum aktı qəbul etdi. Bu gün biz fərəh hissi ilə deyə bilərik ki, ölkəmiz demokratik rejimin bərqərar edilməsinin üç fazasını uğurla keçib: milli konsensusa nail olunub, hazırlıq fazası keçilib, demokratik rejim bərqərar edilib. Lakin daha uzağa baxan Azərbaycanın məqsədi konsolidasiyalı demokratiyadır. Bu gün bütün sivil cəmiyyətlərdə olduğu kimi insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını qarşısına ali məqsəd kimi qoyan Azərbaycan Respublikası ictimai, sosial inkişafa zəmin yaradan konsolidasiyalı demokratik cəmiyyət quruculuğu uğrunda yorulmadan mübarizə aparır. Dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasəti, dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilməsi ölkəmizdə gedən demokratikləşmə strateji xəttinin davamlı və dönməz olduğuna inamı bir daha artırır.

 

 

Ceyhun SÜLEYMANOV,

DİN-in Polis Akademiyasının

"Dövlət və hüquq nəzəriyyəsi"

kafedrasının rəisi, dosent,

əməkdar müəllim

 

Azərbaycan.- 2010.- 13 aprel.- S.  11.