Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılmışdır

 

Aprelin 15-i görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anım günüdür.

Bu münasibətlə Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı və Azərbaycan Tibb Universitetinin (ATU) birgə təşkilatçılığı ilə Zərifə xanım Əliyevanın əziz və unudulmaz xatirəsini anma tədbiri keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə əklil qoyulmuş, xatirəsinə ehtiram göstərilmişdir.

Akademik Zərifə xanım Əliyevanın xatirəsini anma tədbiri ATU-da davam etdirilmişdir.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Zərifə Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən söz açmışdır. M.İbrahimqızı demişdir ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılmışdır. O, ATU-da oftalmologiya ixtisası üzrə təhsil alan yuxarı kurs tələbələri arasında akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş müsabiqə keçirildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu müsabiqəni keçirməkdə məqsəd Zərifə xanım Əliyevanın elmi irsinin öyrənilməsinə və təbliğinə kömək etməkdir. Müsabiqəyə aprelin 28-də akademik Zərifə xanım Əliyevanın doğum günündə yekun vurulacaqdır.

Aprelin 27-28-də, həmçinin YAP Nəsimi rayon təşkilatının təşəbbüsü ilə akademik Zərifə Əliyevanın əziz xatirəsinə həsr edilmiş leykozlu uşaqlara və süd vəzi xərçəngindən əziyyət çəkən qadınlara kömək məqsədi ilə "Canımız bir, qanımız bir" devizi altında qanvermə aksiyası keçiriləcəkdir.

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışan ATU-nun prorektoru, professor Sabir Əliyev qeyd etmişdir ki, görkəmli alim aktual mövzulara həsr edilmiş tədqiqatlar aparmış, bir sıra göz xəstəliklərinin müalicəsinə, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsinə böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması məqsədi ilə dəyərli elmi tədqiqatlar aparmışdır.

ATU-nun oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinur Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan danışmışdır. Qeyd edilmişdir ki, Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatmışdır. Zərifə xanım Əliyeva qədirbilən övlad, məşhur alim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi.

Alimin yüksək insani keyfiyyətlərindən danışan ATU-nun oftalmologiya kafedrasının dosenti Solmaz İsayeva bildirmişdir ki, Zərifə xanım Əliyeva ləyaqətli, humanist, xeyirxah, mehriban insan olmuşdur. Peşəsində qazandığı uğurlar da bu xüsusiyyətləri ilə bağlıdır. Xeyirxahlıq onun həyat tərzi idi. Akademik Zərifə xanım Əliyevanın fitri istedada malik novator alim, pak və nəcib bir insan kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  16 aprel.- S.  2.