Çin Dağlıq Qarabağ
münaqişəsinin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həllinə
tərəfdardır
Aprelin 15-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) Çin-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Ley Minqçiunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Oqtay Əsədov əvvəlcə Çində baş vermiş zəlzələ nəticəsində həlak olan insanların yaxınlarına başsağlığı vermiş, yaralananların tez sağalmasını arzulamışdır.
Azərbaycan-Çin münasibətlərinin tarixindən danışan Milli Məclisin Sədri ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra əlaqələrimizin yeni müstəvidə inkişaf etdiyini bildirdi. Qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Çinə səfərləri zamanı imzalanmış çoxsaylı sənədlər əlaqələrimizin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradıb, münasibətlərimizin genişlənməsi üçün imkanlar açıb.
Ölkəmizdə həyata keçirilən islahatlardan danışarkən Oqtay Əsədov dedi ki, indi Azərbaycan regionda lider dövlətdir. Amma Ermənistanın torpaqlarımızın 20 faizini işğal altında saxlaması bu inkişafa ciddi maneə törədir. Milli Məclisin Sədri Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar nümayiş etdirdiyi mövqeyə, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyinə görə Çin dövlətinə və hökumətinə minnətdarlıq etdi. Ölkələrimiz arasında iqtisadi-ticarət dövriyyəsinin də artdığını bildirdi, münasibətlərimizin genişlənməsində parlamentlərin rolunu xüsusi qeyd etdi.
ÜXNY-nın Çin-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Ley Minqçiu Azərbaycanda olmasından məmnun olduğunu, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi. Qeyd etdi ki, səfərin məqsədi parlamentlərimiz arasında münasibətlərin genişləndirilməsinə dair fikir mübadiləsi aparmaqdır. Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, nümayəndə heyətlərimizin beynəlxalq təşkilatlarda, eləcə də BMT-də əməkdaşlığının fayda gətirdiyini qeyd etdi.
Ley Minqçiu xüsusi qeyd etdi ki, Çin Azərbaycanın müstəqilliyinə və suverenliyinə hörmətlə yanaşır, Dağlıq Qarabağ münaqişəsinin də məhz beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. Bu siyasət dəyişməzdir.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2010.- 16
aprel.- S. 2.