Bakıda "Rusiya və Azərbaycan:
regionlararası əməkdaşlığı genişləndirmək
yolu ilə strateji tərəfdaşlığı möhkəmləndirməyə
doğru" mövzusunda "dəyirmi masa"
keçirilmişdir
"Avrasiya Tədqiqatları İnstitutu" İnkişaf Fondu tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentləri administrasiyalarının, xarici işlər nazirliklərinin, Milli Məclisin və Dövlət Dumasının təmsilçiləri, nazirlik, dövlət komitələri və şirkətlərinin, Rusiya regionlarının nümayəndələri, iş adamları, ekspertlər iştirak etmişlər.
Tədbirin təşkilatçısı - "Avrasiya Tədqiqatları İnstitutu" İnkişaf Fondunun prezidenti Valeri Tursunov bildirmişdir ki, "dəyirmi masa" Rusiya və Azərbaycanın regionları arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək, ikitərəfli əlaqələri daha da genişləndirmək, ölkələrimizin vətəndaş cəmiyyətləri arasında dialoqun inkişafı məqsədini daşıyır.
"Dəyirmi masa"nın aparıcılarından biri - Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri akademik Ziyad Səmədzadə tədbirin iki ölkənin ictimai-siyasi həyatında vacibliyini qeyd etmişdir. Bildirmişdir ki, Azərbaycan-Rusiya əlaqələrinin inkişafı artıq yeni mərhələyə qədəm qoymuşdur. Komitə sədri ölkələrimiz arasındakı münasibətlərin zəngin tarixindən danışaraq son illər aparılan siyasət nəticəsində əməkdaşlığın daha da möhkəmləndiyini və inkişaf etdiyini vurğulamışdır.
Tədbirin açılışında Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Rusiya Prezidenti Administrasiyasının Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Sergey Vinokurov, Dövlət Dumasının MDB və həmvətənlərlə əlaqələr komitəsinin sədri Aleksey Ostrovski çıxış etmiş, forumun işinə uğurlar arzulamışlar.
Əli Həsənov qonaqları Azərbaycan Prezidenti İlham Əliyevin adından salamlamış və demişdir ki, son on ilə yaxın bir müddətdə Azərbaycan ilə Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq istiqamətində inkişaf etməkdədir. Ümumiyyətlə, Azərbaycan xalqı ilə rus xalqını 200 ildən artıq bir müştərək tarix birləşdirir. Əcdadlarımız ötən müddətdə hansı şəraitdə, hansı dövlətin bayrağı altında yaşamasından asılı olmayaraq bir-biri ilə iqtisadi, siyasi, sosial, mədəni əlaqələr qurmuş, bir-birindən görüb-götürmüşlər.
Prezident Administrasiyasının şöbə müdiri vurğulamışdır ki, dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri əlaqələrimizin uğurlu inkişafına töhfədir. Dövlətlərarası münasibətlərin ruhu bu əlaqələrin təkcə prezidentlər və hökumətlər səviyyəsində deyil, digər sahələrdə də inkişafını tələb edir.
Sergey Vinokurov Azərbaycan ilə Rusiya arasında münasibətlərin intensiv inkişaf etdiyini və strateji tərəfdaşlıq xarakteri daşıdığını xüsusi vurğulamışdır. O, regionlararası əlaqələrin strateji tərəfdaşlığı möhkəmləndirmək istiqamətində mühüm amil kimi dəyərləndirərək bildirmişdir ki, ölkələrimiz energetika, neft-qaz, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları sahəsində səmərəli əməkdaşlıq edir, bir sıra uğurlu investisiya layihələri həyata keçirir. Rusiyanın 70 regional subyekti Azərbaycanın regionları ilə əməkdaşlıq haqqında saziş imzalamışdır. Daha 11 subyekt isə sazişi imzalamağı planlaşdırır. Hər il Rusiyadan Azərbaycana 1,5 milyard, Azərbaycandan Rusiyaya isə 500 milyon dollarlıq məhsul göndərilir. Rusiyada Azərbaycan diasporu, Azərbaycanda isə rus icması fəaliyyət göstərir.
"Dəyirmi masa"da "Rusiya və Azərbaycanın regionlararası əlaqələrinin səmərəli inkişafına şərait yaradılmasında dövlət orqanlarının rolu", "Rusiya və Azərbaycanın təsərrüfat subyektlərinin regionlararası əməkdaşlığı - vəzifələr, problemlər və təkmilləşdirmə yolları", "Rusiya və Azərbaycanın regionlararası əməkdaşlığının inkişaf perspektivləri iki ölkənin strateji tərəfdaşlığının möhkəmləndirilməsi amili kimi" mövzularında müzakirələr aparılmışdır.
"Rusiya-Azərbaycan münasibətləri müasir mərhələdə" mövzusunda məruzə ilə çıxış edən Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxin də dövlətlərimiz arasındakı münasibətlərin qarşılıqlı hörmət və etimad üzərində qurulduğunu, Azərbaycanın Rusiyanın xüsusilə Şimali Qafqazdakı subyektlərinə münasibətinin yüksək dərəcədə nəzakətli olduğunu vurğulamışdır. Diplomat tədbir iştirakçılarını regionlararası əməkdaşlıqda gənclərlə bağlı siyasətə, sərhədyanı əməkdaşlığın, bilavasitə iki ölkənin regionlarının əlaqələrinin genişləndirilməsinə daha çox diqqət yetirməyə çağırmışdır.
"Dəyirmi masa"da Azərbaycan Xarici İşlər Nazirliyi V Avropa şöbəsinin müdiri Asəf Mehdiyevin "Azərbaycan və Rusiyanın dövlət hakimiyyəti orqanları regionlararası sahədə ikitərəfli əlaqələrin inkişafının lokomotivi kimi", Moskva vilayəti sənaye nazirinin müavini Mixail Savinin "Azərbaycan Respublikası ilə ikitərəfli regionlararası əlaqələrin möhkəmləndirilməsində Moskva vilayətinin iştirakı", Azərbaycan Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Niyaz Əlizadənin "Regionlararası əməkdaşlığın inkişafında Azərbaycan və Rusiya ticarət-sənaye palatalarının rolu", Rusiya Energetika Nazirliyi Beynəlxalq əməkdaşlıq departamenti direktorunun müavini Mixail Plyoşkinin "Qafqazın energetikası - Xəzər regionunda Rusiya-Azərbaycan enerji layihələrinin problemləri, vəzifələri və perspektiv inkişafı" mövzularında məruzələri, ümumiyyətlə 23 məruzə dinlənilmişdir.
Müzakirələrdə ölkələrimizin regionları arasında işgüzar əlaqələrin bundan sonra da möhkəmləndirilməsi, regionlararası əlaqələr sahəsində beynəlxalq hüquqi aktların hazırlanması, Rusiya və Azərbaycanın müvafiq qanunları və aktlarının uyğunlaşdırılmasının sürətləndirilməsi, regionlararası əlaqələrin səmərəliliyinin qarşılıqlı faydalı əsasda təkmilləşdirilməsi, birgə müəssisələr yaradılması təcrübəsinin genişləndirilməsi, qeyri-hökumət təşkilatlarının əməkdaşlığının dərinləşdirilməsi, sərgi-yarmarka fəaliyyətinin gücləndirilməsi, Xəzərdə inteqrasiya proseslərinin genişləndirilməsi forması kimi Xəzər iqtisadi əməkdaşlıq təşkilatının yaradılması məqsədəuyğun hesab edilmişdir.
İkitərəfli regionlararası məsələlərin müzakirəsi üçün mərkəzi və regional hakimiyyət orqanlarının iştirakı ilə hər il forumlar keçirilməsi qərara alınmış, hər iki ölkənin ticarət və sənaye palatalarına 2010-cu ilin ikinci yarısında Moskvada tərəflərin hakimiyyət orqanları, ictimai təşkilatları, işgüzar dairələri təmsilçilərinin iştirakı ilə biznes forumu təşkil etmək tövsiyə olunmuşdur.
Azərbaycan Ticarət və Sənaye Palatası ilə Stavropol diyarı, Volqoqrad, Saratov vilayətləri, Dağıstan Respublikası ticarət və sənaye palataları arasında sazişlər imzalanmışdır.
"Dəyirmi masa"nın iştirakçıları yekun bəyannamə qəbul etmişlər. Sənəddə belə bir fikir əminliklə vurğulanır ki, "Rusiya Federasiyası və Azərbaycan Respublikasının regionlararası əməkdaşlığının bundan sonrakı inkişafı bütün Cənubi Qafqaz və Xəzəryanı dövlətlər üçün yaxşı nümunə, regionlarda inteqrasiya proseslərinin katalizatoru olacaqdır. Bu proseslər regional təhlükəsizliyə və siyasi sabitliyə müsbət təsir edəcək, xalqların rifahının yüksəlməsinə yardım göstərəcəkdir".
AzərTAc
Azərbaycan.-
2010.-16 aprel.- S. 3.