Azərbaycan Prezidenti İlham Əliyev Bakının "Nizami" kinoteatrının binasında aparılan təmir və yenidənqurma, Fəvvarələr bağında görülən abadlıq işlərinin gedişi ilə tanış olmuşdur

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 20-də Bakının "Nizami" kinoteatrının binasında həyata keçirilən təmir və yenidənqurma, Fəvvarələr bağında görülən abadlıq işlərinin gedişi ilə tanış olmuşdur.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə "Nizami" kinoteatrının binasında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış oldular.

Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə son illər paytaxtda və regionlarda tarixi binaların, maddi mədəniyyət abidələrinin təmiri və əsaslı şəkildə yenidən qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. "Nizami" kinoteatrının binasında həyata keçirilən əsaslı yenidənqurma işləri də bu silsilə tədbirlərin davamıdır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına məlumat verərək bildirdi ki, fəaliyyətə başlamasından ötən 76 ildə kinoteatrda bir dəfə də olsun əsaslı təmir işləri aparılmamış, su və kanalizasiya xətlərinin nasazlığı nəticəsində binanın özülü yararsız hala düşmüşdür. Ona görə də ilk növbədə, binanın yükdaşıyan konstruksiyaları gücləndirilmiş, sonra isə müvafiq bərpa və yenidənqurma işlərinə başlanmışdır.

 Bildirildi ki, yeni layihəyə əsasən kinoteatrın binasında dörd zalın inşası nəzərdə tutulmuşdur. Avropa standartlarına cavab verən kinoteatrda akustika, filmlərin nümayişi, səs və işıq sistemləri ən müasir standartlar səviyyəsində olacaqdır. Birinci mərtəbədə ticarət köşkləri, ikinci mərtəbədə kafe, dördüncü mərtəbədə kafe-klub, mətbuat mərkəzi, beşinci və altıncı mərtəbələrdə isə milli və Avropa mətbəxini özündə cəmləşdirən 250 nəfərlik restoranın və inzibati otaqların yaradılması nəzərdə tutulmuşdur. Binanın zirzəmisi olmadığından havalandırma sistemləri müxtəlif mərtəbələrin daxilində yerləşdirilmişdir.

Qeyd olundu ki, layihədə kompleksdə yanğınsöndürmə, xəbərvermə, videomüşahidə, tüstüsovurma, yanğın və tüstünün ilkin mərhələdə aşkar olunması üçün mühafizə-siqnalizasiya yolları haqqında səsli xəbərvermə, eləcə də yanğınsöndürmə üçün 450 kubmetrlik su anbarının tikintisi nəzərdə tutulub. Layihədə, eyni zamanda, sərnişin və yük liftlərinin, yükqaldıran mexanizmlərin və sistemlərin quraşdırılmasının da nəzərə alındığı qeyd edildi. Yeni layihəyə əsasən kinoteatrda, həmçinin elektrik təchizatı məqsədilə 1600 kilovatlıq iki transformator məntəqəsi yaradılacaq və dizel generatoru quraşdırılacaqdır.

Məlumat verildi ki, daxili dizayn işlərində ən müasir üsullardan istifadə olunacaqdır. Əsaslı təmir və yenidənqurma işlərinin 2010-cu ilin sonlarında başa çatacağı nəzərdə tutulmuşdur.

Bərpa işlərinin gedişi ilə tanış olan dövlət başçısı yenidənqurma tədbirlərinin vaxtında və yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı müvafiq göstərişlərini verdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Fəvvarələr bağında görülən abadlıq işləri ilə də tanış oldular.

Dövlət başçısına bildirildi ki, bağda yenidənqurma tədbirləri artıq tamamlanmaq üzrədir. Fəvvarələr bağındakı meydançaların və fəvvarələrin bəziləri artıq hazırdır, bəzilərində isə yenidənqurma işləri tezliklə başa çatdırılacaqdır. Paytaxtın bu istirahət guşəsində işıq dirəkləri tam quraşdırılmış, oturacaqlar hazır vəziyyətdədir. Bağda yaşıllaşdırma tədbirlərinin davam etdiriləcəyi, yeni yaşıllıq zolaqlarının salınacağı bildirildi.

Qeyd olundu ki, Fəvvarələr bağının ətrafındakı yaşayış binalarının fasadlarında aparılan abadlıq işləri də tamamlanmaq üzrədir. Bağda abadlıq işlərinin yaxın vaxtlarda başa çatacağı və bu istirahət guşəsinin paytaxt sakinlərinin istifadəsinə veriləcəyi vurğulandı.

Prezident İlham Əliyev yenidənqurma işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 21 aprel.- S.  2.