Milli inkişaf strategiyasına fundamental elmi-nəzəri yanaşma

 

Aparıcı Qərb dövlətlərinin onilliklər boyu keçdiyi təkamül və inkişaf mərhələlərini qısa müddətdə adlayaraq iqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan artıq Cənubi Qafqazda mühüm rolu, mövqeyi ilə seçilən lokomotiv dövlətə çevrilmişdir. Bu isə heç də yalnız respublikanın zəngin təbii sərvətləri, intellektual resursları ilə şərtlənmir. Analoji tərəqqi yolu keçmiş əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu zəngin maddi-intellektual potensialın xalqın mənafeyinə uyğun səmərəli realizə edilməsi, hər bir fərdin maraq və mənafeyinə cavab verən milli inkişaf strategiyasının həyata keçirilməsi şəxsiyyət amili ilə bilavasitə bağlıdır. Ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla gerçəkləşdirdiyi müdrik və uzaqgörən siyasət XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil bir dövlət kimi bölgədə və dünyada layiqli yerini tapmasını, regional liderliyini təmin etmişdir.

 

Davamlı inkişaf və tərəqqi kursu

 

Hakimiyyətdə olduğu fərqli ictimai-iqtisadi formasiyalarda daim milli maraq və mənafeləri uca tutan, perspektivə hesablanan uzaqgörən siyasət yeridən ulu öndər Heydər Əliyev zamanın fövqünə qalxaraq elmi-nəzəri əsaslara söykənən sosial-iqtisadi strategiya əsasında uğurlu inkişaf magistralı müəyyənləşdirmişdir. Ümummilli lider qlobal dünya nizamı fonunda tamamilə fərqli - xalqın demokratik idealları, milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktiki və strateji məqsədləri olan milli inkişaf strategiyasını irəli sürərək uğurla həyata keçirmişdir. Müstəqilliyin ilk illərində cəmiyyətdə həllini gözləyən bir sıra problemləri - yeni iqtisadi-siyasi sistemin qaçılmaz reallıqlarının ictimai rəydə hələ yaxşı "həzm olunmadığını", dövlətçilik üçün daxili və xarici təhdidlərin aradan qalxmadığını, sivil siyasi münasibətlər sisteminin formalaşmadığını nəzərə alan ulu öndər Heydər Əliyev bir müddət "dəmir əl" siyasətinə üstünlük vermək məcburiyyətində qalmış, totalitar düşüncə tərzinin ziyanlı komplekslərindən azad olmamış cəmiyyətin liberal demokratik islahatlara tədricən hazırlanmasını vacib saymışdır. Bunun üçün dövlət idarəetmə sistemində institusional xarakterli islahatların həyata keçirilməsini təmin edən, iqtisadi inkişaf üçün etibarlı zəmin hazırlayan, qanunçuluğu, hüquq qaydalarını möhkəmləndirən böyük strateq demokratiyanı üstqurum kimi dəyərləndirərək onun bazisində, ana axarında iqtisadiyyatın dayandığını böyük müdrikliklə vurğulamışdır.

Ulu öndər müdrik siyasi addımları ilə ilk gündən sübuta yetirmişdir ki, demokratiya heç də özbaşınalıq və hərc-mərclik deyil, qanunların aliliyinə söykənən idarəetmə forması və siyasi mədəniyyətdir: onun müəyyən qanunauyğunluqlarından kənara çıxdıqda demokratiya insanların, dövlətin inkişafına deyil, demokratik idealların, prinsiplərin buxovlanmasına, məhvinə gətirib çıxarır. Böyük strateqin müdrikliklə irəli sürdüyü milli dövlətçilik modeli spesifikliyi və unikallığı ilə fərqlənməklə xalqın gələcək yaşam fəlsəfəsini, milli inkişaf prioritetlərini müəyyənləşdirmiş, demokratik dəyərləri özündə maksimum dərəcədə ehtiva etmişdir.

Uğurla reallaşdırılan bu strategiya nəticəsində ölkə iqtisadiyyatının strukturu mülkiyyət və təşkilati-hüquqi baxımdan köklü surətdə dəyişdirilmiş, bir sıra mərkəzi və dövlət idarəetmə orqanları ləğv edilmiş, digərlərinin tənzimləmə funksiyaları saxlanılmaqla təsərrüfat funksiyaları dayandırılmışdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında iqtisadi sahədə həyata keçirilən islahatların başlıca qayəsini həm də dövlətsizləşdirmə prosesinin sürətləndirilməsi - iqtisadi cəhətdən güclü və müstəqil milli şirkətlərin yaradılması, insanların biznes təşəbbüskarlığının, özünüifadə imkanlarının artırılması, demokratik dəyərlərin ictimai şüurda möhkəmlənməsi kimi mühüm prinsiplər təşkil etmişdir.

Böyük müdrikliklə əsaslandırılmış bu inkişaf modeli spesifikliyi ilə fərqlənməklə demokratik dəyərləri özündə maksimum ehtiva edən milli inkişaf prioritetlərini müəyyənləşdirmişdir. Məhz bunun nəticəsidir ki, Azərbaycan cəmi 17 il müddətində inanılmaz inkişaf yolu keçərək bir sıra Qərb dövlətlərinin onilliklər ərzində zərrə-zərrə əldə etdiyi iqtisadi tərəqqiyə nail olmuş, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində müəyyən uğurlar əldə etmişdir. Demokratiyanın davamlı milli inkişaf baxımından qaçılmazlığını və müstəsna əhəmiyyət daşıması fikri ictimaiyyət tərəfindən də birmənalı qəbul olunmuşdur.

70 il inzibati-amirlik sistemində yaşamış, milli ideallardan uzaqlaşdırılmış, iqtisadiyyatı səmərəsiz, köhnə texnologiya və infrastruktur üzərində qurulmuş bir respublikanın qısa müddətdə qazandığı nailiyyətlərin miqyası Azərbaycanla genişmiqyaslı əməkdaşlığa maraq göstərən beynəlxalq təşkilatlarda, habelə aparıcı Qərb dövlətlərində də heyrət doğurur. Respublikamızın iqtisadi yüksəliş və demokratikləşmə sahəsində həlledici nailiyyətlərə imza atmasını şərtləndirən amillər təbii olaraq siyasi və elmi-fəlsəfi çevrələrdə də geniş diskussiya mövzusuna çevrilmişdir. Bu da təsadüfi deyildir ki, son illərdə ictimai fikir tarixinin ayrı-ayrı tədqiqatçıları, tarixçilər, sosioloqlar və filosoflar Azərbaycanın unikallığı ilə fərqlənən milli inkişaf modelini konkret elmi postulatlar üzərində əsaslandırmağa, respublikamızda modernləşmə və demokratikləşmə xəttinin spesifik cəhətlərini, habelə növbəti inkişaf mərhələləri üçün qarşıda duran strateji vəzifələri müəyyənləşdirməyə çalışırlar.

 

Modernləşmə - gələcəyin uğur strategiyası

 

İntibah yolunda olan hər bir xalq çağdaş dünya reallıqlarına nəzərən gələcək inkişaf prioritetlərini düzgün müəyyənləşdirmək üçün ilk növbədə konkret zaman və məkan daxilində keçdiyi yolun uğurlu nəticələrindən bəhrələnməyə çalışır. Fəlsəfi nöqteyi-nəzərdən emprik təhlilə söykənən bu qiymətləndirmə üsulu həm də zamanı mənsub olduğu xalqın təminatlı gələcəyi baxımından idarə edərək uzaq hədəflərə hesablanmış praqmatik siyasət yeridən, milli inkişaf üçün dayanıqlı əsasların müəllifinə çevrilən fenomenal liderlərin tarixi xidmətlərini ön plana çəkir. Bu kontekstdə müstəqillik illərində keçilmiş yolun ayrı-ayrı mərhələlərini elmi-politoloji cəhətdən əsaslandırmaq, ulu öndər Heydər Əliyevin bir əsrə sığmayan çoxşaxəli fəaliyyətinin nəzəri əsaslarını mükəmməl konsepsiya formasına gətirmək istiqamətində də müəyyən cəhdlər edilir.

Bununla belə, etiraf etməliyik ki, həmin tədqiqatların çox az qismində müəlliflər əsl vətəndaş, şəxsiyyət və lider kimi xalqının qəlbində silinməz iz salmış Heydər Əliyevin siyasi portretini yaratmağa cəhd göstərmişlər. Bugünədək Heydər Əliyevin nurlu xatirəsinə həsr olunmuş yüzlərlə kitab və monoqrafiya işıq üzü görsə də, bunların heç biri elmi-nəzəri səviyyəsinə, praktik məzmun yükünə, faktoloji əhəmiyyətinə, aktuallığına və sanbalına görə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin böyük erudisiya, siyasi fəhm və peşəkarlıqla qələmə aldığı, ən yaxın tariximizin obyektiv salnaməsi olan əsərləri ilə müqayisə oluna bilməz. Görkəmli filosofun fundamental əhəmiyyətli əsərlərində uğurlu sosial-iqtisadi inkişaf modelinin məntiqi nəticəsi kimi inkişafının yüksək mərhələsinə qədəm qoymuş Azərbaycan dövlətinin və cəmiyyətinin iqtisadi, siyasi, sosial, elmi, fəlsəfi problemlərinin hərtərəfli təhlilinə də geniş diqqət ayrılır. Qloballaşan dünyanın yeni reallıqları şəraitində respublikamızda iqtisadi və siyasi islahatların əsas təmayülləri, demokratikləşmə prosesinin fundamental cəhətləri, qərbləşmə və modernləşmənin cəmiyyətə təsiri kimi fundamental cəhətlər obyektiv təhlil olunur.

Bu əsərlərin elmi-fəlsəfi dəyəri həm də onların cəmiyyətdə bir qayda olaraq böyük maraqla qarşılanması, yeni polemikalara, diskussiyalara yol açması ilə ölçülür. Sosial-iqtisadi inkişafın yeni mərhələsində demokratik transformasiyanın milli xüsusiyyətlərinin və bəzi fərqli spesifik cəhətlərinin, modernləşmə prosesinin mahiyyətinin, ümumilikdə ölkənin bugünkü və gələcək inkişaf prioritetlərinin elmi-nəzəri cəhətdən əsaslandırılması baxımından 2008-ci ildə "Azərbaycan" qəzetində işıq üzü görmüş "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" əsəri xüsusi əhəmiyyətə malikdir.

Əsərdə vurğulanır ki, ümumiləşdirilmiş şəkildə keçid dövrü cəmiyyətlərində modernləşmənin funksionallığını: birincisi, siyasi mədəniyyətin və inzibati idarəetmə şüurunun dəyişməsi və təkmilləşdirilməsi; ikincisi, kütləvi şüurun korreksiyası, yəni cəmiyyətin lider qrupunun modernləşdirmə potensialının reallaşdırılmasına mane olan ideya və davranış stereotiplərini tədricən aradan çıxarmaq məqsədilə liberal-demokratik dəyərləri kütləvi şüura yeritməsi; üçüncüsü, müəyyən ideoloji konstruksiyalara və milli ideyalara uyğun olaraq modernləşdirmə siyasətinin həyata keçirilməsi kimi səciyyələndirmək olar. Eyni zamanda qeyd olunur ki, müasir dünyanın inkişafının əsas faktoru olan modernləşdirmə dövlət, cəmiyyət və şəxsiyyət arasında qarşılıqlı münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırır.

Əsərdə SSRİ-nin dağılmasından sonra postsovet respublikalarında özünü qabarıq göstərən demokratik tranzit probleminə toxunulur, bu xüsusda Azərbaycanın keçdiyi tarixi inkişaf yolundan bəhs olunur. Elmi təməl üzərində reallaşdırılan iqtisadi, siyasi və hüquqi islahatlar nəzəri cəhətdən əsaslandırılır, eyni zamanda iqtisadi inkişafa adekvat olaraq həyata keçirilən demokratik təkamül konsepsiyasının mahiyyəti açıqlanır. Demokratikləşmə xətti Azərbaycan dövlətçiliyinin inkişafının əsas vektoru və milli inkişaf strategiyasının həlledici amili kimi dəyərləndirilir. Həmçinin vurğulanır ki, demokratiya və onun ardınca gələn liberallaşma vətəndaşa maksimum azadlıqlar verməklə azadlıq ideyasının və səmərəli dövlətçilik konsepsiyasının birləşməsinin mahiyyətini müəyyən edir.

 

Zamanın sürəti ilə ayaqlaşan ölkə

 

Akademik Ramiz Mehdiyevin "Azərbaycan 2003-2008: reallığa çevrilən qeyri-adi zaman" əsərində isə konkret zaman intervalında Azərbaycanın ictimai-siyasi həyatında baş verən proseslərin dərin elmi-fəlsəfi təhlili ilə yanaşı sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində qarşıda duran mühüm vəzifələrdən, əldə olunan uğurlardan söz açılır, 2003-2008-ci illərin konseptual siyasi-iqtisadi mənzərəsi verilir. Əsərdə vurğulanır ki, XXI əsrdə bəşəriyyəti ağuşuna almış qloballaşma dalğası xüsusən də müstəqilliyini yenicə qazanmış dövlətlər qarşısında zamanla ayaqlaşmaq, onun tələblərinə uyğun siyasət yeritmək, müasir dünya siyasətinin reallıqlarını düzgün dəyərləndirmək kimi mühüm vəzifələr müəyyənləşdirmişdir.

Filosof əvvəlki əsərlərində irəli sürdüyü bir konseptual tezisi daha da inkişaf etdirərək yazır ki, son 15 ildə Azərbaycanda həyata keçirilən milli demokratik keçidin mahiyyətini məhz iqtisadi firavanlıq müəyyənləşdirir. 2003-cü ildən ölkəyə inamla rəhbərlik edən cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi səmərəli inkişaf strategiyasını uğurla davam etdirməklə yanaşı yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Cənab İlham Əliyevin prezidentliyinin birinci dövründə məhz bu postulat əsas götürülmüş və iqtisadiyyat həyata keçirilən islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Şübhəsiz, hər bir dövlətdə demokratikləşmə prosesinin həyata keçirilməsi üçün ilk növbədə insanın azadlığını təmin edən iqtisadi mühit olmalıdır. Demokratik cəmiyyətin əsas təməl prinsiplərindən biri də fərdiyyətçiliyə əsaslanan iqtisadi münasibətlər sisteminin təşəkkülü, xüsusi mülkiyyət formasının genişlənməsi, orta sahibkarlar sinfinin mövqelərinin möhkəmlənməsidir. Eyni zamanda bu mühüm iqtisadi faktorların inkişafı üçün ümumi daxili məhsulun müəyyən bir səviyyəyə yüksəlməsi vacib məsələlərdən biri hesab olunur.

Əsərdə Azərbaycanın 2003-2008-ci illərdə keçdiyi inkişaf yoluna nəzər salınaraq bir sıra maraqlı mülahizələr də oxucuların diqqətinə çatdırılmışdır. Akademik Azərbaycanın yeni dünya nizamının reallıqlarına uyğun çevik və rasional siyasət yeritdiyini, maraq və mənafeyini etibarlı şəkildə təmin etdiyini, dünya miqyasında cərəyan edən proseslərə əsaslı təsir imkanları qazandığını da qətiyyətlə vurğulamışdır: "Ötən beş ilin başlıca yekununun statistik mənzərədən başqa, simvolik mənası da vardır. Qarşıya qoyulan hər bir məqsəd, hər bir söz, milli layihə, dövlət proqramları kimi praktik fəaliyyətdə həyata keçirilmiş, həm də son dərəcə qısa müddətdə gerçəkliyə çevrilmişdir. Zamanın "sürət" simvolu siyasi liderin həssas fəhmi sayəsində fəth edilmiş, sürət tempi milli məqsədlərə tabe olunmuşdur. Bu, Azərbaycanın XXI yüzillikdə "gecikən ölkələr" qismində tarixi proseslərin autsayderi deyil, dəyişikliklərin dinamik lideri olan ölkə imici qazanmasının nəticəsi kimi ötən beş ilin dövlətçilik tarixində həmişəlik qalacağına dəlalət edir. İnkişaf tempi uğurlarımızın səbəbidir, onun nəticəsi isə növbəti mərhələyə daha yüksək sürətlə, üstün start imkanları ilə qədəm qoymaq şansıdır".

"Azərbaycan 2003-2008: reallığa çevrilən qeyri-adi zaman" əsərində Azərbaycanın həlledici uğurlarının son illərə təsadüf etdiyi vurğulanmaqla yanaşı 2003-cü ildə cənab İlham Əliyevin dövlət başçısı seçilməsini zəruri edən amillərdən də söz açılır. Eyni zamanda bu tarixi seçimin Azərbaycanın demokratik inkişafında rolu, ölkənin siyasi sisteminin müasirləşməsində əhəmiyyəti, sosial-iqtisadi və mədəni-intellektual sferada aparılan islahatlara yeni ruh və müasirlik çalarları gətirməsi barədə fikirlər konkret arqumentlərlə əsaslandırılır. "Beş il əvvəl xalq öz seçimi ilə cənab İlham Əliyevə etimad göstərməsəydi, ölkənin tarixi hansı axarla gedərdi?" sualına müraciət edən görkəmli akademik özünəməxsus siyasi peşəkarlıqla bu suala cavab tapmağa çalışır.

Azərbaycan gerçəkliyində müəyyən kənar dairələrin xalqın iradəsi əleyhinə hansısa addım atmasının qeyri-mümkünlüyü konkret reallıqlar fonunda tam təsdiqini tapmışdır. Xalqın inamına söykənən cənab İlham Əliyev 2003-cü ilin Prezident, 2005-ci ilin parlament seçkiləri zamanı bəzi destruktiv qüvvələrin ölkəni yenidən ötən əsrin 90-cı illərinin əvvəlindəki xaos və anarxiyaya, vətəndaş qarşıdurmasına sürükləmək cəhdlərini puça çıxarmış, milli maraq, mənafe naminə böyük siyasi qətiyyət nümayiş etdirmişdir. Xüsusən də parlament seçkiləri ərəfəsində dövlətçiliyə yönəlmiş cinayətkar qəsdlərin zərərsizləşdirilməsi naminə atılan cəsarətli addımlar xalq-iqtidar birliyinin növbəti təzahürünə çevrilməklə ifrat radikalizm mərəzindən qurtula bilməyən qaragüruhun siyasi iflası ilə nəticələnmişdir. Bütün bunlara nəzərən Azərbaycanda dünya ölkələrinin heç birinə bənzəməyən inkişaf modelinin formalaşması faktı tam təsdiqini tapmışdır. Demokratik quruculuq yolu ilə gedən respublikamız həssas bir bölgədə yerləşsə də, onun həm iqtisadi, həm də siyasi sahələrdə özünəməxsus inkişaf modeli formalaşmışdır. Bir sıra postsovet dövlətlərində analoji tranzit "məxməri inqilab" ssenarilərinə əsaslandığı halda, Azərbaycanda demokratik inkişaf suverenlik və özünütəminetmə prinsiplərinə söykənir. Bu konseptual elmi-fəlsəfi yanaşma tərzi cılız iddialarını yeni müstəqil dövlətlərə qəbul etdirməyə çalışan, milli məxsusluğa arxa çevirib dünyaya yeni mövcudluq üsulu vermək istəyən ayrı-ayrı siyasi mərkəzlərə, ikili standartlardan çıxış edən beynəlxalq təşkilatlara tutarlı cavabdır.

 

Milli elitanın vəzifələri nədən ibarətdir

 

Əsrlər boyu milli elita hər bir xalqın, toplumun tarixində mühüm rol oynayan aparıcı təbəqə olaraq onun taleyi ilə bağlı taleyüklü qərarların qəbulu məsuliyyətini üzərinə götürmüş, ictimai düşüncənin düzgün məcrada inkişafında, ümumilikdə, cəmiyyətin milli ideallar ətrafında səfərbər olunmasında sosial-mənəvi cavabdehlik daşımışdır. Bəşər sivilizasiyasının təkamül mərhələləri də göstərir ki, milli elita hər bir xalqın, toplumun tarixində mühüm rol oynayan aparıcı təbəqə olaraq onun taleyi ilə bağlı taleyüklü qərarların qəbulu məsuliyyətini üzərinə götürmüş, ictimai düşüncənin düzgün məcrada inkişafında, ümumilikdə, cəmiyyətin milli ideallar ətrafında səfərbər olunmasında sosial-mənəvi cavabdehlik daşımışdır.

Akademik Ramiz Mehdiyevin "Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq" əsərində XX əsrdə milli elitanın transformasiyasını Azərbaycanın tarixi inkişaf mərhələləri və xüsusiyyətləri ilə əlaqələndirərək fərqli dövrlərdə dövləti, cəmiyyəti idarə etmiş siyasi qüvvələrin dövlətə idarəçilik xüsusiyyətindən, peşəkarlıq səviyyəsindən söz açmış, onların milli ideallara, xalqa hansı səviyyədə bağlı olduğunu konkret faktlar əsasında ortaya qoymuşdur. Əsərdə elitarizmin problem kimi meydana gəlməsi və tədqiqi tarixi öyrənilməklə yanaşı milli elitanın hər bir xalqın və cəmiyyətin idarəolunmasında rolu araşdırılmış, bu xüsusda emprik yanaşma olaraq Azərbaycanda təcrübəsi xüsusi önə çəkilmişdir. Akademik Ramiz Mehdiyev "elita" dedikdə haqlı olaraq dövlətin bütün hakim qruplarını, dövlət qərarları qəbul edən və onlara görə xalqın qarşısında şəxsi vətəndaş məsuliyyəti daşıyan insanları, habelə dövlət qulluqçuları olmayan, lakin hərəkətləri ilə ölkədəki sosial-siyasi, iqtisadi, mədəni və başqa proseslərə bu və digər şəkildə təsir göstərən insanları nəzərdə tutur. Müəllif mövcud nəzəriyyələrə əsaslanaraq elitanı taleyin qismətindən üzərinə millətin aqibətinin müəyyən edilməsində tarixi məsuliyyət düşən təbəqə kimi dəyərləndirir.

Danılmaz reallıqdır ki, bəzi aparıcı dövlətlərin hakim elitaları yeni müstəqillik əldə etmiş dövlətlərin müstəqil siyasət yeritməsini, milli maraqları üstün tutmasını həzm edə bilmirlər. Əksinə, onlar yeni müstəqillik qazanmış dövlətlərin daxilinə kobud müdaxilə yolu ilə formalaşdırdıqları kosmopolit elita vasitəsilə öz geosiyasi və iqtisadi maraqlarını təmin etməyə çalışırlar. Akademik məhz bu reallıq fonunda Azərbaycandakı bəzi elit qrupların siyasi bəsirətsizliyinin, naşılığının respublikamız üçün doğura biləcəyi potensial təhdidlərə diqqət çəkir. Əsərdə bu da vurğulanır ki, hazırda ölkə elitası yalnız milli birlik, həmrəylik, konsensus və razılıq mövqeyindən çıxış edərək dövlətin inkişafı üçün bazis yaratmalı, bununla da özünün vətənpərvərliyini, xalqa sevgisini, cəmiyyətə xidmət etmək istəyini nümayiş etdirməlidir.

 

Efir məkanının saflaşmasına mühüm töhfə

 

Akademik Ramiz Mehdiyevin 2009-cu ildə işıq üzü görmüş "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" əsəri isə özünün aktuallığı ilə cəmiyyətdə böyük rezonans doğurmuş, milli efir məkanındakı nöqsanlara, qüsur və çatışmazlıqlara vicdanlı, vətənpərvər alimin vətəndaş yanğısını ifadə etmişdir. Əsərdə televiziyaların üzləşdiyi real vəziyyət obyektiv və dolğun şəkildə təhlil edilmiş, şou-biznesin doğurduğu mənəvi böhranın səbəbləri səhih şəkildə açıqlanmış, eyni zamanda vəziyyətdən çıxış yolları göstərilmişdir.

Televiziyalar müasir dövrdə güclü ideoloji vasitə kimi insanların həyat tərzinə, hadisələrə baxışına əsaslı təsir göstərir, ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Hər bir ölkədə, ümumilikdə, dünyada baş verən ictimai-siyasi və mənəvi proseslərin qiymətləndirilməsi, ictimaiyyət tərəfindən dərk edilib dəyərləndirilməsi, əsasən kütləvi informasiya vasitələrinin obyektiv və çevik fəaliyyəti nəticəsində mümkün olur. Əsərdə təəssüflə vurğulanır ki, Azərbaycanın televiziya və radio kanalları bu missiyanın öhdəsindən layiqincə gələ bilmirlər. Eyni zamanda televiziyalarda peşəkarlıqdan tamamilə uzaq olan şou xarakterli verilişlərin artması, qeyri-peşəkarlıqla hazırlanan bir çox proqramların gənclərin dünyagörüşünə, mənəviyyatına mənfi təsir göstərməsi təəssüflə qeyd edilir.

Əsərdə kifayət qədər peşəkarlıqla diqqətə çəkilən məsələləri respublikanın televiziya kanallarının problemlərinə elmi-konseptual baxış kimi də dəyərləndirmək olar. Akademik Ramiz Mehdiyev "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsində efir məkanında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes verilişlərinin çəkisinin artmasını haqlı olaraq ictimai narahatlıq doğuran məsələ kimi qeyd etmişdir. Həmçinin göstərmişdir ki, respublikadakı demokratik və liberal şəraitin nəticəsi kimi son 10 ildə yaranmış özəl televiziya və radio kanalları bu gün proqram siyasəti ilə bağlı dərin böhran keçirir, üstəlik bu böhranın özünü qabarıq göstərən mənəvi təzahürlərini cəmiyyətə ötürür. Özləri də fərqinə varmadan mənəvi aşınma, milli-mənəvi, dini, mental dəyərlərdən uzaqlaşma kimi neqativ prosesin vaçitəçilərinə çevrilirlər. Cəmiyyətin yüksək milli ideallar uğrunda səfərbər edilməsində, xalqın özünəməxsusluğunu şərtləndirən dəyərlərin gənc nəslə aşılanmasında, yüksək bədii-estetik zövqün, musiqi duyumunun formalaşmasında, insanların maariflənməsində, obyektiv informasiya təminatında həlledici rol oynamalı olan televiziyaların əksəriyyətində bu gün tamam fərqli mənzərə hökm sürür. Bir vaxtlar jurnalist tədqiqatları, sənədli filmləri, müəllif proqramları, analitik, maarifləndirici verilişləri ilə böyük nüfuz qazanmış Azərbaycan televiziyalarının bu gün bütün mahiyyəti ilə primitiv tamaşaçı zövqünə hesablanan "şou-qalmaqallar"ının, ikrah hissi doğuran səviyyəsiz "maqazin" proqramlarının ümidinə qalması, ciddi maarifləndirici mövzulardan uzaqlaşması doğrudan da acınacaqlı mənzərədir.

Əsərdə vurğulanır ki, narahatlığın kökündə əslində, bu verilişlərin efir vaxtının böyük qismini "zəbt etməsi", ümumi səviyyə baxımından aşağı olması, qalmaqal yaratmaq məramı ruhunda köklənməsi, kütləvi tamaşaçı zövqünü korlaması, ən başlıcası, milli-mənəvi, əxlaqi-etik dəyərlərlə bir araya sığmaması dayanır. Telekanallardan cəmiyyətə sırınan mənəvi ucuzlaşmaya, yeknəsəkliyə, milli olmayan düşüncə və həyat tərzinə ziyalı alim kimi münasibətini ifadə edən cənab Ramiz Mehdiyev dərin araşdırma və təhlilə əsaslanan bu məqaləsində həm də yaranmış vəziyyətdən çıxış yollarını göstərmişdir.

 

İctimai və humanitar elmlərin inkişaf strategiyası müəyyənləşdirilməlidir

 

İqtisadi sahədə keçid dövrünün başa çatması elmlə iqtisadiyyatın qarşılıqlı təsir mexanizmləri əsasında qırılmaz vəhdətinin təmin edilməsini, innovativ biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılmasını, müxtəlif elm sahələrinin yeni dövrün tələblərinə uyğun müasirləşdirilməsini, habelə siyasi idarəetmədə elmi proqnozlardan məqsədyönlü istifadəni obyektiv zərurətə çevirir. İnsan kapitalının formalaşdırılmasını prioritet məqsəd kimi önə çəkən, dövlətin innovasiya inkişafında müasir biliklərin, nanotexnologiyaların roluna mühüm yer ayıran bu effektiv iqtisadi strategiyanın elmi cəhətdən təhlili və əsaslandırılması mövcud uğurların davamlılığının təmini baxımından son dərəcə vacibdir.

Məsələni aktuallaşdıran həm də odur ki, Azərbaycan iqtisadi sahədə keçid dövrü kimi xarakterizə edilən son dərəcə ağır və üzücü prosesi geridə qoyaraq sosial-iqtisadi modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Hazırda dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirilən səmərəli islahatların nəticəsi kimi respublikamızın sürətlə modernləşməsi elm və təhsil sferasında da adekvat modernləşməni, əsaslı keyfiyyət dəyişikliklərini zərurətə çevirir. Bu sahədə mövcud problemlərin aradan qaldırılması, elmlə idarəçiliyin səmərəli vəhdətinin təmini, bu sahəyə yönəldilən vəsaitlərin rentabelliliyinə nail olunması yeni mərhələdə qarşıda ciddi vəzifələr kimi durur. Reallıq göstərir ki, iqtisadi modernləşmə və demokratikləşməni təmin edən mühüm faktorlardan biri də məhz elmin, təhsilin səviyyəsinin durmadan yüksəldilməsi yolu ilə insan kapitalının formalaşdırılmasıdır.

Postkeçid mərhələsində ən müxtəlif elm sahələrində aparılan tədqiqatlar yüksək effektivlik əmsalı ilə yanaşı həm də dövlətin və xalqın ümdə maraqlarının qorunmasına xidmət etməli, cəmiyyətdə saf ideal və dəyərlərin, ümumən mənəviyyatın yüksəlişinə sanballı töhfəsini verməlidir. Modernləşmə istiqamətində davamlı tədbirlərin həyata keçirildiyi hazırki mərhələdə azərbaycançılıq ideologiyası ruhunda köklənən, mütərəqqi milli və bəşəri dəyərləri əxs edən yeni intellektual elitanın formalaşdırılmasında əsas ağırlıq isə məhz humanitar (ictimai) elmlərin üzərinə düşür. Bəşəriyyətin misligörünməmiş tərəqqi yolu keçdiyi ötən əsrdə sənayeləşmə, elmi-texniki, hərbi modernləşmə, kosmik tədqiqatlarla bağlı daha çox fundamental elmlər önə çıxmışdısa XXI əsrin obyektiv reallıqları ictimai və humanitar elmlərin ictimai həyatdakı rolunu əhəmiyyətli dərəcədə yüksəltmişdir.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ictimai və humanitar elmlərin problemlərinə həsr olunmuş "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsində haqlı olaraq qeyd etmişdir ki, Azərbaycanın davamlı tərəqqisi və iqtisadi sahədə keçid mərhələsini uğurla başa çatdırması elmi ictimaiyyət qarşısında yeni hədəflər müəyyənləşdirir: "Hazırda biz müasir Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələ yaşayırıq. Ölkəmizdə inkişafın yüksək sürəti təmin edilmişdir. İndi möhtəşəm və məsuliyyətli vəzifələrin öhdəsindən gəlmək üçün dövlətimizin kifayət qədər potensialı və təcrübəsi vardır. Dünyanı bürümüş maliyyə və iqtisadi böhran şəraitində bugünkü göstəricilərimiz çox böyük uğur kimi qiymətləndirilir. İqtisadi sahədəki yüksək nailiyyətlərimiz isə heç də asanlıqla qazanılmayıbdır. İndi cəmiyyətimiz qarşısında, ilk növbədə elmi elita qarşısında mühüm vəzifələrin həlli məsələsi dayanır. Əsas məqsədimiz ondan ibarətdir ki, yaxın illərdə təhsildə, elmdə, ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmalı və biliklərə əsaslanan iqtisadiyyatın qurulması prosesi intensivləşməlidir".

Ümumiyyətlə, respublikada demokratik inkişaf proseslərinin politoloji müşaiyətində akademik Ramiz Mehdiyevin tədqiqatları xüsusi rol oynayır və bu baxımdan onun gərgin zəhmət hesabına ərsəyə gətirdiyi əsərlər olduqca əhəmiyyətlidir. Görkəmli filosof bilavasitə içində olduğu siyasi hadisə və proseslərin, idarəetmə norma və metodlarının peşəkar planda fəlsəfi təsvirini verə bilməklə, həm də böyük cəsarət nümayiş etdirmişdir. Son illərdə Azərbaycanın müasir inkişaf strategiyası, ölkədə həyata keçirilən demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu, modernləşmə strategiyası ilə bağlı ən maraqlı, sanballı elmi-nəzəri araşdırmalara məhz görkəmli filosofun əsərlərində rast gəlmək olur. Əminliklə demək olar ki, akademik Ramiz Mehdiyevin respublikanın təcrübədə sınaqdan uğurla çıxmış milli inkişaf modelinin nəzəri-praktiki aspektlərini mükəmməl konsepsiya halına gətirməklə, habelə cəmiyyət üçün xüsusi aktuallıq kəsb edən bir sıra problemlərin həllinə yeni metodologiya ilə yanaşmaqla respublikanın fəlsəfi fikir tarixinə sanballı töhfələrini vermişdir.

 

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2010.- 16 aprel.- S.  4.