Azərbaycanda parlament seçkilərinin tam demokratik keçirilməsi üçün bütün şərait yaradılıb

 

Aprelin 20-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov iclası açıq elan etdikdən sonra deputatlar gündəliyə təqdim olunan məsələlərə münasibət bildirərək onları təsdiq etdilər.

Daha sonra cari məsələlər ətrafında müzakirələr aparıldı. Deputat Vahid Əhmədov Azərbaycanın bəzi rayonlarında baş verən torpaq sürüşmələri, onun doğurduğu fəsadlar barədə danışaraq bu sahədə yaranan problemlərin aradan qaldırılması istiqamətində dövlət orqanlarının, o cümlədən Fövqəladə Hallar Nazirliyinin gördüyü işlərdən danışdı. O, sürüşmə nəticəsində meydana çıxan problemlərin həlli məqsədilə müvafiq dövlət strukturları tərəfindən görülən işlərin miqyasının daha da genişləndirilməsinin vacibliyini bildirdi.

Deputat Siyavuş Novruzov qeyd etdi ki, Prezident İlham Əliyevin Azərbaycanın milli, dövlət maraqlarını ardıcıl və cəsarətli şəkildə müdafiə etməsi bəzi ölkələri, qurumları, orqanları, o cümlədən də daxildə müəyyən qüvvələri narahat etməyə başlayıb: "Biz indi bir sıra müxtəlif ölkələrin Azərbaycana qərəzli şəkildə yanaşmasının, işğalçı Ermənistana isə yardım edilməsinin şahidi oluruq. Hesab edirəm ki, Milli Məclisin deputatları bu məsələ ilə bağlı öz kəskin mövqelərini bildirməli, həmvətənlərimizi, ayrı-ayrı qruplara xidmət edən insanları ona çağırmalıyıq ki, Azərbaycanın, vətənin maraqları hər şeydən üstün tutulmalıdır. Biz Azərbaycanın ərazisi olan Dağlıq Qarabağa qeyri-qanuni yardım edilməsinin də şahidi olmuşuq və etirazımızı bildirmişik. Biz BMT-də ölkəmizin ərazi bütövlüyü müzakirə olunan zaman ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərdən olan ABŞ-ın heç olmasa bitərəf qalmaq əvəzinə ölkəmizin əleyhinə səs verməsinin şahidi olmuşuq və buna da etirazımızı bildirmişik. İndi onu da görürük ki, işğalçı ölkənin prezidenti ABŞ-a dəvət olunur və onunla görüş keçirilir, Türkiyəyə təzyiqlər edilir, qardaş ölkənin müəyyən güzəştlərə getməsinə çalışılır. Belə olan halda bəzi qüvvələrin Azərbaycanda mitinqlər, yürüşlər keçirməklə Azərbaycan əleyhinə olan qüvvələrə dəstək verməsi hesab edirik ki, eyni dəyirmandan tökülən suyun nəticəsidir".

Siyavuş Novruzov mitinq, yürüş keçirmək istəyən qüvvələrə qanunvericliklə müəyən olunmuş yerlərdə belə tədbirləri keçirməyi məsləhət gördü. Bu məsələyə münasibət bildirən Milli Məclisin Sədri Oqtay Əsədov qeyd etdi ki, Azərbaycanda "Sərbəst toplaşmaq haqqında" qanun var və bu qanunun tələblərinə hamı riayət etməlidir.

Deputat Əli Əhmədov diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı son dövrlərdə müşahidə olunan vəziyyətə cəlb etdi. Onun sözlərinə görə, münaqişənin həlli istiqamətində bəzi müsbət meyillərin olmasına baxmayaraq, təəssüflə qeyd etmək lazımdır ki, problemin çözümü üçün vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən arzuolunan işlərin həyata keçirilməsi müşahidə olunmur: "Türkiyənin, onun rəsmi nümayəndələrinin münaqişənin nizama salınması istiqamətində səyləri bütövlükdə proseslərə bir dinamika verib. Biz bunu xüsusi qiymətləndirir və bu istiqamətdə göstərdiyi səylər üçün Türkiyə rəsmilərinə təşəkkürümüzü bildiririk". Əli Əhmədov onu da bildirdi ki, Türkiyə Ermənistanla sərhədlərin açılmasının yalnız Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra mümkün olduğunu bəyan edib. Lakin təəssüf ki, Minsk qrupuna həmsədrlik edən bəzi dövlətlər buna qarşı əks mövqe nümayiş etdirirlər: "Buna son zamanlar ABŞ tərəfindən daha çox cəhd edilir. Bu da nə ABŞ-la Azərbaycan arasında olan münasibətlərin, nə Amerikanın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün üzərinə götürdüyü vasitəçilik missiyasının xarakterinə, nə də ABŞ-ın bütün dünyada demokratiyanın, haqqın, ədalətin carçısı kimi imic formalaşdırmaq istəklərinə uyğun gəlir. Ona görə də hesab edirəm ki, Azərbaycan vətəndaşlarının haqlı narahatlıqlarını ifadə etmək, münaqişənin həlli üçün təcavüzkar tərəfə qarşı Minsk qrupunun həmsədrlərinin hər birinin təsirli tədbirlər görməsi üçün Azərbaycan parlamenti, deputatlar, ölkədə fəaliyyət göstərən siyasi təşkilatlar, partiyalar öz mövqelərini açıq şəkildə bildirməlidir. Bu istiqamətdə fəaliyyət göstərməli, həmin ölkələrə məktublar ünvanlanmalıdır. Fikrimcə, bu, münaqişənin həlli üçün Azərbaycanın hər bir vətəndaşının, siyasi təşkilatının verdiyi töhfəni artırar".

Milli Məclis Sədrinin müavini Bahar Muradova seçkilər məsələsinə toxundu və qeyd etdi ki, Azərbaycanın müvafiq qanunvericiliyinə uyğun olaraq dəfələrlə yüksək səviyyədə seçkilər keçirilib: "Bu seçkilər bütün beynəlxalq standartlara uyğun olub və əhalinin mütləq əksəriyyətinin rəğbətini qazanıb. Ona görə də mən növbəti parlament seçkilərinin demokratik keçirilməyəcəyinə dair səslənən bəzi fikirlərin Azərbaycanın mütləq əksəriyyəti tərəfindən qəbul edilmədiyi qənaətindəyəm. Bu mütləq əksəriyyət ədalətli mövqedən çıxış edir. Biz Azərbaycanın son iki onillikdəki inkişafının düzgün yeridilən siyasətin nəticəsinin və Azərbaycan xalqının mütləq əksəriyyətinin bu siyasəti dəstəkləməsinin şahidiyik".

Bahar Muradova onu da bildirdi ki, iki gün əvvəl Azərbaycanda keçirilən beynəlxalq seminarın iştirakçılarının, o cümlədən nüfuzlu beynəlxalq və yerli təşkilatların, parlament və hökumət nümayəndələrinin, ATƏT-in, Avropa Şurasının, digər qurumların təmsilçilərinin respublikamız barədə səsləndirdiyi fikirlər ölkəmizdə bugünkü reallığın əks olunması baxımından xüsusi qeyd edilməlidir: "Onlar haqlı olaraq bildirdilər ki, Azərbaycanda seçkilərin demokratik keçirilməsinə maneə ola biləcək heç bir problem yoxdur. Bu səviyyədə seminarın keçirilməsinin özü isə Azərbaycan hakimiyyətinin siyasi iradəsinin göstəricisidir". Milli Məclis Sədrinin müavini daha sonra qeyd etdi ki, Azərbaycan dövlətinin ayırdığı qrantlar hesabına seçki maarifçiliyinə xidmət edən xeyli sayda layihələr həyata keçirilir: "Ölkəmizin qeyri-hökumət təşkilatları Azərbaycan dövlətinin ayırdığı vəsait hesabına çox yüksək səviyyədə seçki maarifçiliyi, təbliğat işi aparırlar. Burada siyasi partiyalar, QHT-lər, vətəndaş cəmiyyətinin digər üzvləri iştirak edir və çox yüksək səviyyədə seçkiyə hazırlıq gedir. Bəzi qüvvələr isə bu prosesdə iştirak etmədən onun barəsində fikir yürüdürlər ki, bu da obyektiv ola bilməz".

Daha sonra gündəlikdə olan məsələlərin müzakirəsinə başlandı. İlk məsələ kimi gündəliyə salınmış "Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında Azərbaycan Respublikasının qanununun layihəsi barədə (üçüncü oxunuş)" Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verdi. Üçüncü oxunuşda müzakirəyə təqdim olunan layihə qanunvericilik təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən göndərildiyi üçün edilən düzəlişlər Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin əməkdaşları ilə birlikdə həyata keçirilib: "təkliflər nəzərə alınaraq layihəyə 21 yeni müddəa əlavə edilmiş, 10 müddəa çıxarılmış, 300-dən çox dəyişiklər edilmişdir" - deyən Eldar İbrahimov layihədə edilmiş düzəlişlər barədə ətraflı məlumat verdi. Bundan sonra qanun layihəsi müzakirə olunaraq qəbul edildi.

İclasda "Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında" parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verdi. Onun sözlərinə görə, Azərbaycan həm Qərb istiqamətində ölkələr və təşkilatlarla yüksək səviyyədə əlaqələr yaradır, həm də Şərq aləmində xüsusi nüfuza, çəkiyə malik olan dövlətlərlə, qurumlarla analoji münasibətlər qurur. O buna bariz nümunə kimi qeyd etdi ki, bu gün Azərbaycan 47 ölkəni birləşdirən Avropa Şurasının, 52 ölkənin yer aldığı İslam Konfransı Təşkilatının üzvüdür". Sonra layihə ilə bağlı müzakirələr aparıldı və qəbul olundu.

"İslam Konfransı Təşkilatının Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının qanununun layihəsi barədə", "Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında" qanun layihələri ilə bağlı məlumatları da deputatlara parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çatdırdı. Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyinin Azərbaycanda fəaliyyət göstərməsi Milli Məclisin Sədri Oqtay Əsədov və digər deputatlar tərəfindən yüksək qiymətləndirildi. Daha sonra qeyd olunan qanun layihələri müzakirə edilərək qəbul olundu.

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında", "Azərbaycan Respublikasının Ailə Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə", "Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları"na əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə", "Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli-miqdarına görə siyahıları"nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə" layihələr müzakirə edilərək qəbul edildi.

Bundan sonra Azərbaycan Respublikası Hesablama Palatasının sədri Heydər Əsədov ötən ilin yekunları ilə bağlı hesabat məruzəsi ilə çıxış etdi. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasət nəticəsində qlobal maliyyə böhranının tüğyan etdiyi 2009-cu ildə Azərbaycan iqtisadiyyatının dayanıqlığı nəinki qorunub saxlanmış, eyni zamanda onun müxtəlif sahələrində pozitiv dinamika qeydə alınmışdır: "Bütün irimiqyaslı investisiya və sosialyönümlü layihələrin heç biri təxirə salınmamış, sosial ödənişlərdə, digər daxilolma xərclərində heç bir ləngimələrə yol verilməmişdir".

Ötən il 31 audit yoxlaması həyata keçirildiyini bildirən Heydər Əsədov dedi ki, təşkilatlarda yoxlamalar zamanı aşkarlanan nöqsanların aradan qaldırılması üçün 30-dan çox təkliflə çıxış ediblər: "Cinayət xarakterli əməliyyatlar da daxil olmaqla pozuntular aşkarlanıb - artıq ödəmələr, saxta sənədlərlə pul köçürmələri, qanunvericilik aktlarının pozulması halları ortaya çıxıb. Müəyyən etdiyimiz qanun pozuntularının aradan qaldırılmasına, hazırkı təlimatlarla qanunvericilik arasında olan ziddiyyətlərin həllinə, şəffaflığın artırılmasına, büdcə prosesinin təkmilləşdirilməsinə, maliyyə intizamının gücləndirilməsinə yönəlmiş 30-dan artıq təkliflə hökumətə müraciət etmişik. Baş nazir təkliflərimizi müvafiq strukturlara göndərib, onlar araşdırılır. Artıq büdcə sistemi və satınalmalarla bağlı təklifimiz qəbul olunub".

Heydər Əsədovun sözlərinə görə, 2009-cu ildə aparılan yoxlamalar zamanı əsassız ödəmələrə görə 81 min dollar və 463 min manat məbləğində vəsait nağd formada alınaraq banklara və kassalara daxil edilib: "Əlavə dəyər vergisinə görə 18 milyondan artıq, mənfəət vergisinə görə 11 milyon 400 min, pul sazişlərinə görə 6 milyon 300 min manat vəsaitin büdcəyə köçürülməsi təmin edilib. 643 min manatlıq keyfiyyətsiz iş yenidən yerinə yetirilib. 1 milyon 700 min manatlıq maliyyələşmə azaldılıb".

Heydər Əsədovun çıxışından sonra deputatlar Hesablama Palatasının hesabatına münasibət bildirdilər. Deputat Nizami Xudiyev, Siyavuş Novruzov və digərləri hesabatı yüksək qiymətləndirərək Hesablama Palatasının fəaliyyətindən razılıqlarını ifadə etdilər. Hesabat səsverməyə qoyularaq Milli Məclis tərəfindən nəzərə alındı və parlament dünənki işini yekunlaşdırdı.

 

 

Azərbaycan.- 2010.-  21 aprel.- S.  3.