Heydər Əliyev və xarici
siyasətin Azərbaycan modeli
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi. Ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün səmərəli, praqmatik xarici siyasət kursunun müəyyən edilməsi zərurəti yaranmışdı.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Ulu öndər ilk növbədə keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı. Hələ Milli Məclisin Sədri seçilərkən Heydər Əliyev xarici siyasətin başlıca vəzifələrini və istiqamətlərini müəyyənləşdirdi: "Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətdir, Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır, elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin. Azərbaycanın indiyə qədər belə sağlam düşüncəli xarici siyasəti olmayıbdır". Heydər Əliyev bu sahədə buraxılan səhvlərə diqqəti yönəldərək qeyd edirdi: "Azərbaycanın bütün dövlətlərlə gərək bərabər hüquqlu əlaqəsi olsun, Türkiyə ilə, İran ilə, qonşu Gürcüstan ilə, Rusiya ilə də, Amerika ilə də, Avropa dövlətləri ilə də, Ərəbistan dövlətləri ilə də, müsəlman dövlətləri ilə də, türkdilli dövlətlərlə də, Mərkəzi Asiya dövlətləri ilə, Qazaxıstanla da bərabər hüquqlu əlaqələri olmalıdır". Heydər Əliyev Azərbaycanın xarici siyasətində yer tutan özünütəcrid xəttinin tamamilə yolverilməz və milli maraqlara zidd olduğunu vurğuladı. O, özünütəcrid xəttinin acı nəticəsi kimi dünyanın Azərbaycanı tanımamasını, problemlərimizi bilməməsini, haqq səsimizi eşitməməsini göstərir və belə siyasəti "özümüzün özümüzə vurduğumuz zərbə" adlandırırdı. Ölkənin mənafelərini qorumaq istiqamətində hərtərəfli ölçülüb-biçilmiş addımların atılmasının vacibliyini vurğulayan Heydər Əliyev Azərbaycanın dövlətçilik mənafelərini uca tutaraq, müxtəlif dövlətlərin bütövlükdə Qafqaz və bilavasitə respublikamız üzərində qurulmuş iqtisadi maraq və nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq çevik manevrlər və xüsusi taktiki gedişlər etdi. Bununla da xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər yarandı. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı.
İlk növbədə yaxın xariclə münasibətləri qaydaya salmaq, əlaqələri bərpa etmək lazım gəlirdi. Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə daxil olması bu yöndə atılmış ilk addımlardan biri idi. Bu quruma daxil olan keçmiş sovet respublikaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparıldı. Bu ölkələrlə iqtisadi, ticarət və mədəni əməkdaşlıq məsələlərinə xüsusi önəm verildi. Azərbaycanın tarixən bağlı olduğu Rusiya ilə münasibətlərində uğurlu dialoq və anlaşma mühitinin yaranması isə ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi, bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətli idi. Azərbaycan müstəqilliyə qovuşduqdan sonra Rusiya ilə əməkdaşlığın inkişafına həmişə böyük əhəmiyyət vermişdir. İki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin xüsusi rolu və xidmətləri olmuşdur.
İki ölkə siyasi və iqtisadi əməkdaşlığın dinamik inkişafında maraqlıdır. Bu gün Azərbaycan Cənubi Qafqazda Rusiya ilə bərabərhüquqlu münasibətlər sistemi yaratmağa nail olmuş yeganə dövlətdir. Rusiya ilə qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi, bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Moskva ilə Bakı arasında çox möhkəm siyasi və iqtisadi əlaqələr mövcuddur. İki ölkə arasında 2008-ci ilin iyulunda Bakıda imzalanmış Dostluq və Strateji Əməkdaşlıq haqqında Bəyannaməyə Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizliyin təmin olunmasının ayrıca bənd kimi salınması Rusiyanın niyyətlərinin ciddi olduğundan xəbər verir. Bu Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını ehtiva edən beynəlxalq norma və prinsiplər əsasında tezliklə tənzimlənməsi qeyd olunur.
İkitərəfli əməkdaşlıq sistemində Gürcüstan, Ukrayna və Moldova ilə yaradılan yeni əlaqələr də çox əhəmiyyətli olmuşdur. Bu ölkələrlə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin yeni mühüm uğuru idi. Ukrayna bizim üçün hər cəhətdən inkişaf etmiş böyük və zəngin ölkə olmaqla iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üçün əlverişli tərəfdaş kimi əhəmiyyətlidirsə, Gürcüstan da yaxın qonşu, Avropaya çıxışımız, orada yarım milyona yaxın soydaşımızın yaşaması, Qafqazın bugünkü dolaşıq düyünlərinin açılması və bu qaynar regionda sülhün və sabitliyin təmin edilməsi baxımından əhəmiyyətlidir. Azərbaycan və Gürcüstan arasında ikitərəfli strateji tərəfdaşlıq və dərinləşən əməkdaşlıq regionda sabitliyin göstəricisinə çevrilmişdir.
Bu illərdə Ermənistanın davam edən təcavüzünün qarşısının alınması və müharibənin dayandırılması xüsusi əhəmiyyət kəsb edirdi. Ən başlıcası isə erməni təcavüzünün mahiyyətini, ermənilərin vəhşiliklərini dünyaya yaymaq, Azərbaycan ətrafında yaradılmış informasiya blokadasını yarmaq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya birliyinin diqqətinə çatdırmaq kimi vacib işlər öz həllini gözləyirdi.
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ulu öndər Heydər Əliyevin geniş və çoxşaxəli fəaliyyətinin əsas məzmununu münaqişənin beynəlxalq normalara uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizama salınması təşkil edirdi. Vaxtilə dünya siyasətindən demək olar ki, təcrid olunmuş, informasiya blokadasında sıxılan, haqqı tapdandığı halda erməni təbliğatı sayəsində üstəlik dünya birliyinin də qınağına tuş gələn, ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi Azərbaycana hər cür yardım göstərilməsini qadağan edən "Azadlığı dəstək aktına 907-ci düzəliş" deyilən ədalətsiz sənədlə ayrı-seçkiliyə məruz qalan Azərbaycan yalnız Heydər Əliyevin fəal diplomatiyası nəticəsində dünyanın bütün demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatların ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti kökündən dəyişdi.
Münaqişənin həlli istiqamətində ən mühüm addımlardan biri atəşkəsin əldə edilməsi oldu. 1993-cü ilin sonları və 1994-cü ilin əvvəllərində ATƏT-in, MDB-nin və digər vasitəçilərin səyləri ilə aparılan danışıqlar nəticəsində 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs əldə edildi. 1993-1995-ci illərdə Azərbaycan Prezidentinin bir sıra xarici ölkələrə səfərləri, keçirdiyi görüşlər, eləcə də dünyanın ayrı-ayrı dövlətlərindən respublikamıza gələn nümayəndələrlə aparılan danışıqlar Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətli rol oynadı. Azərbaycana, onun problemlərinə dünya birliyinin münasibətindəki təkamül prosesi özünü ATƏT-in Budapeşt, Lissabon və İstanbul sammitlərində qabarıq şəkildə büruzə verdi. Lissabon sammitində ilk dəfə olaraq ATƏT-in 54 üzvündən 53-ü Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəklədi. Bu, Azərbaycanın xarici siyasətinin böyük uğuru olmaqla yanaşı ölkəmizin cəlb olunduğu münaqişənin nizama salınmasında keyfiyyətcə yeni mərhələ idi.
Etiraf etmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məqsədyönlü və səmərəli siyasət artıq özünün real nəticələrini verməkdədir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlmiş danışıqlar prosesində vaxt Azərbaycanın xeyrinə işləyir. Ölkəmiz ildən-ilə güclənir, beynəlxalq mövqelərini möhkəmləndirir və bütün bunlar münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına olan ümidləri artırır. Təhlillər göstərir ki, BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini tərk etməsi haqqında müvafiq qətnamələrinin mövcudluğu, Avropa Şurası və ATƏT-in qəbul etdiyi bir sıra qərarlarda Ermənistanın təcavüzkar dövlət olduğunun təsbit edilməsi, Prezident İlham Əliyevin hücumçu diplomatiyasının uğurlu nəticələri, informasiya müharibəsində münaqişə barədə erməni tərəfin dünyada yaydığı dezinformasiyanın getdikcə ifşa olunması, Azərbaycanın iqtisadi-hərbi baxımdan güclənməsi, nəhayət münaqişənin digər vasitələrlə həlli hüququnun ölkəmizdə qalması problemin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunacağına ciddi əsaslar verir.
Dünyanın ən qüdrətli ölkəsi ABŞ-la münasibətlərin qurulmasında və daim yüksələn xətlə inkişaf etdirilməsində Heydər Əliyevin xidmətləri misilsizdir. Müstəqil Azərbaycanla bu ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə yaradılmışdır. Lakin bu, hələ ilk addım idi. Bu yolla irəliləmək, bir sıra məsələlərə aydınlıq gətirmək, əlaqələri genişləndirmək, etimad, etibar qazanmaq, Azərbaycanı layiqincə təmsil etmək üçün çox iş görmək, böyük diplomatik fəallıq göstərmək tələb olunurdu. Bu, olduqca zəruri idi. Çünki dünyəvi dövlət qurmaq istəyən və çətin problemlərlə qarşılaşmış gənc, müstəqil bir ölkənin taleyində dünya siyasətində həlledici rolu olan bu fövqəldövlət mühüm rol oynaya bilərdi. Buna nail olmaq, mövcud imkanları reallığa çevirmək üçün ardıcıl, məqsədyönlü səy göstərmək, müxtəlif yollar axtarmaq, vasitələr tapmaq lazım gəlirdi. Nəhayət 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması bu yolda ən mühüm və ən başlıca amil, Azərbaycanla Qərb arasındakı münasibətlərdə dönüş nöqtəsi oldu. Belə ki, Azərbaycana, ölkəmizlə iqtisadi əməkdaşlığa, onun problemlərinə, geosiyasi əhəmiyyətinə maraq yarandı. Bu maraq ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, münaqişəli problemin dinc yolla həllinə tərəfdar olduğunu bəyan etməsilə nəticələndi.
Beynəlxalq münasibətlərə əsaslı təsir göstərən 2001-ci ilin 11 sentyabr terror hadisələrindən dərhal sonra Heydər Əliyevin bütün bəşəriyyət üçün təhlükə doğuran beynəlxalq terrorizmi pisləyən bəyanatla çıxış etməsi, Azərbaycanın antiterror koalisiyasında fəal iştirak edəcək dövlətlərdən biri olacağını qətiyyətlə bildirməsi ABŞ-ın respublikamıza olan etimadını daha da gücləndirdi və iki ölkənin münasibətlərində vacib keyfiyyət dəyişikliyinə səbəb oldu. Heydər Əliyevin antiterror koalisiyasına verdiyi dəstək və ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin gerçəkləşdirilməsi, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının Azərbaycan üzərindən Qərbə nəql edilməsi istiqamətində dövlətimizin başçısının göstərdiyi ardıcıl və qətiyyətli səylər nəticə etibarilə illər boyu xalqımızın haqlı narazılığına səbəb olan "Azadlığı dəstək aktı"na ədalətsiz 907-ci düzəlişin qüvvəsinin dayandırılmasına gətirib çıxardı. 2001-ci ilin oktyabrında ABŞ Prezidenti C.Buş və Dövlət katibi K.Pauell Konqresə müraciət edərək 907-ci düzəlişin aradan qaldırılmasının ABŞ-ın milli maraqlarına xidmət etdiyini vurğuladılar. Erməni lobbisinin ABŞ Konqresinə təsir imkanlarının miqyasını nəzərə alsaq 907-ci düzəlişin qüvvəsinin dayandırılması, heç şübhəsiz Heydər Əliyevin xarici siyasətinin böyük uğuru idi.
Azərbaycanın yeni xarici siyasət kursunda bütövlükdə Avropa dövlətləri ilə münasibətlər məsələsi yeni istiqamət təşkil edirdi. Hər bir ölkənin özünəməxsus xüsusiyyətlərini bütün incəliklərinə qədər nəzərə alan bu yeni kurs çevik taktiki gedişlərlə həyata keçirilirdi. Qısa müddət ərzində Azərbaycanın özünə Böyük Britaniya, Almaniya, Fransa, İtaliya kimi nüfuzlu müttəfiqlər qazanması Heydər Əliyev xarici siyasətinin Avropa istiqamətinin çox mühüm bir uğuru oldu. Ulu öndər Heydər Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində Avropanın siyasi və iqtisadi həyatında mühüm rol oynayan Belçika Krallığı, Hollandiya, Norveç və digər ölkələrlə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi Azərbaycanın Avropa ilə inteqrasiyasına yeni yollar açdı, beynəlxalq aləmdə nüfuzunun artmasına və mövqelərinin möhkəmlənməsinə kömək etdi.
Heydər Əliyevin ölçülüb-biçilmiş yeni xarici siyasət kursunda Azərbaycanla qonşu olan ölkələrlə, müsəlman ölkələri ilə münasibətlərə də xüsusi diqqət yetirilirdi. Bu baxımdan ulu öndər Heydər Əliyevin İrana, Türkiyəyə, Səudiyyə Ərəbistanı və Pakistana səfərləri və apardığı danışıqlar çox əhəmiyyətli oldu. Belə ki, İran və Türkiyə ilə münasibətlərdə xeyli və əhəmiyyətli dəyişikliklər edildi. İranla münasibətlərin yenidən qurulması, gərginliyin aradan qaldırılması, əməkdaşlığın genişləndirilməsi qısa zaman ərzində bu yeni xarici siyasət xəttinin düzgün və faydalı olduğunu göstərdisə, Türkiyə ilə münasibətlərdəki dərin düşünülmüş çox ağıllı dəyişikliklər ölkəmiz üçün, həm də ümumiyyətlə, ümumtürk birliyinin inkişaf edərək möhkəmlənməsi üçün çox əhəmiyyətli oldu. Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və söz sahibi olan iştirakçılarıdır. Hər iki ölkə özünün iqtisadi-enerji imkanlarından və geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi naminə səmərəli istifadə edir. Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və dərinləşən əməkdaşlıq regionda sabitliyin göstəricisinə çevrilmişdir.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan və Türkiyə də daxil olmaqla bütün türkdilli dövlətlərin ümumi maraq və mənafelər naminə konsolidasiyası istiqamətində inamlı addımlar artmışdır. Ötən ilin oktyabr ayında Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci sammitinin keçirilməsi isə ümumtürk birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü strategiyanın uğurlu davamıdır. İlk dəfə 2006-cı ildə türkdilli ölkələrin dövlət başçılarının sammitində Prezident Nursultan Nazarbayev Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması ideyasını irəli sürmüşdür. Ortaq mədəni irsə, dinə, dilə malik olan dövlətləri bir araya gətirdiyi üçün Assambleya böyük əhəmiyyətə malikdir. Türkdilli Ölkələrin Parlament Assambleyası parlamentlərarası ünsiyyətin demokratik forumu kimi təşəkkül tapacaq, bölgələrin əmin-amanlıq və inkişaf ərazilərinə çevrilməsi məqsədi ilə müxtəlif təşəbbüslərin irəli sürülməsinə və həyata keçirilməsinə əlverişli şərait yaradacaqdır.
Nəhayət türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ilin oktyabrında keçirilmiş IX zirvə görüşü Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan arasında münasibətlərin keyfiyyətcə yeni mərhələdə intensiv inkişafı, ümumi səylərin vahid məqsədlər naminə səfərbər olunması baxımından mühüm nəticələrlə yadda qalmışdır. Faydalı müzakirələrlə əlamətdar olan zirvə toplantısında türk dövlətləri arasında hərtərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin yaradılması vacibliyi önə çəkilmişdir. Eyni zamanda türkdilli dövlət başçıları ildə iki dəfə - rəsmi və qeyri-rəsmi görüşmək barədə razılığa gəlmişlər. Rəsmi imzalanmış Naxçıvan Bəyannaməsinə görə isə yaxın perspektivdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması nəzərdə tutulur.
Ölkəmiz İranla mütərəqqi və gələcəyə istiqamətlənmiş dialoq aparır və İran dövləti ilə xalqlarımızın mənafeyinə cavab verən mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında ikitərəfli siyasi, iqtisadi, mədəni münasibətlərin inkişafına müvəffəq olmuşdur. Hər iki dövlətin mühüm coğrafi mövqedə yerləşməsi və zəngin iqtisadi potensiala malik olması mövcud əməkdaşlığı daha da genişləndirmiş, Azərbaycanla İran arasında iqtisadi əlaqələrin sürətlə inkişafına, əmtəə dövriyyəsinin ildən-ilə artmasına gətirib çıxarmışdır.
Son illər qlobal və regional məsələlərin həllində Azərbaycan İslam Konfransı Təşkilatı ilə sıx əməkdaşlığını inkişaf etdirərək, onun siyasi rolunun artırılması, beynəlxalq problemlərin həllində təsiri və iştirakının gücləndirilməsi istiqamətində apardığı fəal siyasətini davam etdirmişdir. 2009-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi çox əlamətdar və mühüm hadisə olaraq Azərbaycanın İKT ilə apardığı səmərəli və faydalı əməkdaşlığın, bütövlükdə ölkəmizin İslam ümməti arasında qazandığı nüfuzun mühüm göstəricisi idi. Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun təşviqi, müxtəlif millətlər və dinlər arasında dözümlülüyün, qarşılıqlı anlaşmanın və tolerantlığın inkişafına xidmət edən səmərəli meyarların hazırlanması, beynəlxalq ictimaiyyətdə, ilk növbədə Avropada İslamın, onun mədəniyyət, dəyər və fəlsəfəsinin düzgün dərk edilməsi məqsədi ilə fəal səylər göstərmiş, geniştərkibli bir sıra iri beynəlxalq təşəbbüslər həyata keçirmişdir.
Heydər Əliyevin uğurlu xarici siyasət fəaliyyətinin daha bir məqamı Azərbaycanın nüfuzlu beynəlxalq və regional təşkilatlarla münasibətlərinin yaradılması və daha yüksək səviyyəyə qaldırması ilə diqqəti cəlb etmişdir. Beynəlxalq təşkilatlara üzv olmaq, onlarla səmərəli iş qurmaq Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün böyük əhəmiyyət kəsb edir. Məhz buna görə də Azərbaycan BMT, ATƏT, Avropa Şurası, MDB, GUAM, İKT, QİƏT, İƏT kimi beynəlxalq təşkilatların üzvü olmaqla bərabər, Avropa İttifaqı, NATO, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər təşkilatlarla da fəal əməkdaşlıq edir.
Azərbaycanın ardıcıl şəkildə Avratlantik məkana inteqrasiyası da Heydər Əliyevin xarici siyasətinin əsas istiqamətlərindən idi. 1994-cü ildə NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı yeni müstəqillik qazanmış ölkələrə təklif olunduqdan dərhal sonra Heydər Əliyev Brüsselə səfər edərək ölkəmizin bu proqrama qoşulması haqqında çərçivə sənədini imzalamışdır. Sonralar ulu öndər NATO-nun sammitlərində iştirak etmiş və Azərbaycanın Şimali Atlantika Alyansı ilə tərəfdaşlığının əsas prioritetlərini müəyyən etmişdir.
Ötən illərdə olduğu kimi, indi də Avropa və Avratlantik strukturlara inteqrasiya Azərbaycanın xarici siyasətinin mühüm istiqamətini təşkil edir. Avropa və Avratlantik birliyin dəyərləri ilə bölüşən Azərbaycan, çoxtərəfli Transatlantik təhlükəsizlik əməkdaşlığı proqramlarını uğurla inkişaf etdirərək Avropa qitəsində və onun sərhədlərindən kənarda təhlükəsizlik və sabitliyə töhfə verir. Bu gün NATO ilə regional və enerji təhlükəsizliyi, terrorizmlə mübarizə, kütləvi qırğın silahlarının yayılmaması, narkotiklərin qeyri-qanuni dövriyyəsi və insan alveri, sərhədlərin mühafizəsi, fövqəladə halların fəsadlarının aradan qaldırılması, təhlükəsizlik və digər sahələrdə islahatlar istiqamətində əməkdaşlıq uğurla inkişaf edir.
Heydər Əliyevin xarici siyasət kursunun digər bir mühüm prioriteti Avropa İttifaqı ilə münasibətlərin qurulması və inkişafı idi. Azərbaycan bu nüfuzlu qurumla əməkdaşlığında milli iqtisadiyyatı səmərəli inkişaf etdirməyi, iqtisadiyyatının Avropanın iqtisadi və maliyyə məkanına tam inteqrasiyasını və ümumavropa proseslərində, xüsusən Avropa təhlükəsizliyinin sabit və səmərəli arxitekturasının qurulmasında öz rolunu və əhəmiyyətini daim artırmağı qarşısına məqsəd qoymuşdur. Avropa İttifaqı ilə Azərbaycan arasında 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, demokratik institutların inkişafına dəstək, iqtisadi əməkdaşlıq və sərmayələrin təşviqi kimi mühüm proseslərdə çərçivə bazası rolunu oynamaqdadır. Avropa İttifaqının göstərdiyi yardım Azərbaycanda islahatlar prosesinin sürətləndirilməsinə, müxtəlif layihələrin həyata keçirilməsinə yönəldilmişdir. Bütün bunlar Heydər Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan iqtisadiyyatının inkişafına xidmət edən amillərdəndir. Bu siyasət bu gün də səylə davam etdirilir. Təsadüfi deyil ki, Azərbaycan dünyanın və dünya siyasətinin mərkəzinə çevrilmiş Avropanın ən mühüm istiqamətlər üzrə tərəfdaşı kimi tanınır. 2004-cü ildə Azərbaycanın Avropa İttifaqı tərəfindən "Yeni qonşuluq siyasəti"nə daxil edilməsi qarşılıqlı iqtisadi inteqrasiyanın və siyasi əməkdaşlığın genişlənməsinə təkan vermişdir. 2006-cı ildə "Yeni qonşuluq siyasəti" çərçivəsində ikitərəfli fəaliyyət planı imzalanmış və əməkdaşlığın əsas istiqamətləri müəyyənləşdirilmişdir. Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış "Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında" Anlaşma Memorandumu da birgə fəaliyyət üçün yeni imkanlar açır. 2009-cu ilin may ayından Azərbaycan Avropa İttifaqı ilə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində də əməkdaşlıq etməyə başlamışdır. Bu proqram üzrə Praqa zirvə görüşünün Birgə Bəyannaməsinin imzalanması Azərbaycan ilə Avropa İttifaqı arasında gələcək yaxınlaşma və əməkdaşlığın inkişafına yeni təkan vermişdir. Zirvə görüşü çərçivəsində Transxəzər enerji daşıyıcıları layihələrini dəstəkləyən və dövlətimizin enerji təhlükəsizliyinin təminatına yönələn maraqları əks etdirən "Cənub Dəhlizi-Yeni İpək Yolu" Bəyannaməsinin qəbul edilməsi, eyni zamanda ötən ilin dekabrında Avropa İttifaqının bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla assosiasiya sazişi ilə bağlı danışıqlara başlaması niyyətində olduğunu bəyan etməsi xüsusi diqqətə layiqdir.
Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində 2001-ci ilin yanvarında Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul edilərək ümumavropa ailəsinə qovuşmuş və burada öz layiqli yerini tutmuşdur. Bununla da ölkəmizdə hüquqi islahatların uğurla aparılması, demokratik, hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi kimi bəşəri dəyərlərə dönmədən əməl olunması özünün layiqli qiymətini almışdır.
Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursunun mühüm tərkib hissələrindən biri də 2001-ci ilin 11 sentyabr hadisələrindən dərhal sonra Azərbaycanın ABŞ başda olmaqla antiterror koalisiyasına qoşulması və terrorizmə qarşı mübarizədə öz səylərini əsirgəməməsidir. Erməni terrorundan əziyyət çəkən bir ölkə kimi Azərbaycan dövləti bu problemin aradan qaldırılması üçün beynəlxalq qurumlar və ayrı-ayrı ölkələrlə geniş əməkdaşlıq etmişdir. Azərbaycan beynəlxalq terrorizm və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə ilə bağlı çoxtərəfli və ikitərəfli çərçivədə beynəlxalq əməkdaşlığa fəal cəlb olunmuşdur. Terrorizmə qarşı mübarizəyə dair bütün beynəlxalq sənədlərə qoşulan Azərbaycan bu sahəyə dair daim məlumat mübadiləsi həyata keçirir və müvafiq məruzələr hazırlayır. Azərbaycanın sülhməramlıları Kosovo, İraq və Əfqanıstanda beynəlxalq birliyin digər üzvlərindən olan əsgərlərlə çiyin-çiyinə xidmət göstərmişlər.
Heydər Əliyevin şəxsi təşəbbüsü və nüfuzu, uzaqgörən siyasəti sayəsində tarixi İpək Yolunun bərpası ilə bağlı kommunikasiya layihələrinin həyata keçirilməsində Azərbaycanın həlledici rol oynaması, proqramın icraçı katibliyinin Bakıda yerləşməsi haqqında qərarın qəbul edilməsi də ölkəmizin iqtisadi inkişafına təkan verməklə yanaşı onun beynəlxalq və regional siyasətdə mövqeyinin güclənməsini şərtləndirmişdir.
Azərbaycanın Şərqlə Qərbin, Şimalla Cənubun əsas nəqliyyat yollarının kəsişdiyi məkanda yerləşməsi və regional avtomobil və dəmir yol şəbəkəsinə birləşən, sürətlə inkişaf edən milli nəqliyyat infrastrukturu ölkənin strateji əhəmiyyətini artırır. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin əsas hissəsi və 20-dək ölkəni internet, telekommunikasiya sistemləri, elektron informasiya resursları ilə təmin etməyə qadir olacaq Trans-Avrasiya Super İnformasiya Magistralı yaratmaq təşəbbüsü ilə çıxış etmişdir.
Azərbaycan diasporunun təşkilatlanması, dünya azərbaycanlılarının Azərbaycan Respublikası ilə əlaqələrinin hüquqi, siyasi, ictimai və mədəni əsaslarının gücləndirilməsi ulu öndər Heydər Əliyevin xarici siyasət konsepsiyasında mühüm yer tutmuşdur. Xarici ölkələrdə yaşayan soydaşlarımızla çoxşaxəli münasibətlər qurmaq, onları ideoloji-siyasi müstəvidə silahlandırmaq və ümummilli mənafelər naminə səfərbər etmək Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilmişdir. Bu sahədə dövlət siyasətinin məqsədi xaricdə yaşayan soydaşlarımızın milli özünəməxsusluğunu qorumaq və inkişaf etdirməkdən, Azərbaycanla əlaqələrini genişləndirməkdən, habelə digər hüquqlarını reallaşdırmaqdan ibarətdir. Ermənistanın həmin tarixi mərhələdə getdikcə genişlənən işğalçılıq siyasətini, erməni lobbisinin beynəlxalq ictimaiyyəti riyakarlıqla çaşdırmaq cəhdlərini ciddiliklə nəzərə alan ulu öndərimiz xarici ölkələrdə Azərbaycan diasporu və lobbisinin formalaşdırılması məsələsini mühüm dövlət siyasəti səviyyəsinə qaldırmışdır.
Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunun davamlılığını təmin edən Prezident İlham Əliyevin yüksək diplomatik məharəti sayəsində Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Bu gün dünyanı narahat edən bir sıra məsələlərdə böyük dövlətlərin başçıları Azərbaycanın - onun rəhbərinin mövqeyi ilə hesablaşırlar. Avropa və Asiyanın qovuşuğunda yerləşən mühüm geostrateji məkan kimi Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması üçün dayaq nöqtəsi kimi ən perspektivli tərəfdaş hesab edilir. Ölkəmiz bütün regional məsələlərdə əsas oyunçudur və regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz.
Qeyd olunmalıdır ki, qlobal miqyasda dünya siyasəti və diplomatiyasının müəyyən problemləri mövcuddur. Onları hətta "siyasət və diplomatiyanın ümumi böhranı" da (Ramiz Mehdiyev. "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə kursu") adlandırırlar. Bu şəraitdə Azərbaycan dövlətinin xarici siyasəti həm milli maraqları gözləyir, həm də dünya siyasətinin bütün subyektlərinin bərabərhüquqlu iştirakını təmin edən fəaliyyət modelinə üstünlük verir. Azərbaycanın xarici siyasətində çoxvektorluq üstünlük təşkil etdiyindən onun qlobal miqyasda geosiyasi çəkisi durmadan artır. Bu məqamları nəzərə alsaq belə nəticəyə gələ bilərik ki, Azərbaycanın regional və qlobal siyasətin müstəqil mərkəzi olmasında Heydər Əliyev tərəfindən müəyyən edilmiş çoxvektorlu xarici siyasət kursu həlledici rol oynamışdır. Həmin məqam ölkəmizin dinamik inkişafı üçün geniş perspektivlər açır.
Novruz MƏMMƏDOV,
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
xarici əlaqələr
şöbəsinin müdiri,
YAP Siyasi Şurasının
üzvü
Azərbaycan.- 2010.- 16
aprel.- S. 5.