Fəlsəfə və sosial idrak

 

İctimai və humanitar elmlər: zaman kontekstində baxış

 

Fəlsəfə, ictimai və humanitar elmlər kompleksi üçün köklü transformasiyalar şəraitində sosial idrakın yararlığı məsələsi xüsusi əhəmiyyət daşıyır. Ciddi problemlərin həlli zərurətindən doğan yetərli idraki müstəvinin qurulması, səmərəli üsul və yanaşmaların, yeni metodoloji-qnoseoloji zəminlərin, anlayışlar sisteminin işlənib hazırlanması, adekvat təsəvvürlər sisteminin, leksika və prosedurların təklif edilməsi, yəni, bütövlükdə optimal epistemologiyanın formalaşdırılması mühüm, təxirəsalınmaz vəzifəyə çevrilir. Belə ki, metodoloji qeyri-müəyyənlik və yaxud dövrünü yaşamış, artıq səmərəsizliyi və hətta yanlışlığı bəlli olan metodologiyalara müraciət, həmçinin qnoseoloji qərarsızlıq, innovasion tələblərə cavab verən elmi ideya və prinsiplərin yoxluğu nəinki konkret problemlərin həllini çətinləşdirir, eyni zamanda fəlsəfə və digər sosiohumanitar elmlərin öz daxilində yaşanan böhranı dərinləşdirir. Nəticədə həm elmlərin öz inkişafında tənəzzül baş verir, həm də onların qarşısında qoyulan sosial sifarişlər ödənilmir.

 

Bu gün söhbət sadəcə olaraq hansısa metodoloji yanaşmadan, elmi prinsipdən getmir; məsələnin məğzi mövcud olan idraki müstəviyə, təhlil arsenalına nəyisə əlavə etməkdə, yaxud da anlayışlar sistemində hansısa dəyişiklər aparmaqda deyil. Vacibdir ki, idraki konsept özü köklü surətdə yeniləşsin, zamanın tələblərinə cavab verən məzmun-mahiyyət daşısın. Və yalnız belə əsaslı konsept əvəzlənməsi, epistemoloji yeniləşmə mühitində yeni idraki "alət"lərin axtarışı, işlənib hazırlanması, tətbiqi və bu zəmində aktual problemlərin səmərəli həlli mümkündür. Nə qədər ki, bu istiqamətdə, yəni müvafiq epistomoloji silaha yiyələnməkdə ləngliyə, səhlənkarlığa yol verib vaxt itirəcəyiksə bir o qədər də Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı məqaləsində haqlı olaraq tutduğu iradlardan, o cümlədən fəlsəfə ilə həyat, sosiohumanitar elmlərlə ictimai praktika arasında yaranmış uçurumdan xilas ola bilməyəcəyik.

Həmin məqalədə vurğulanır ki, fəlsəfi tədqiqatların aparılması sahəsində prioritet istiqamətlər müəyyənləşdirilməli, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu Azərbaycanda ictimai və humanitar elmlərin yeni konsepsiyasının formalaşdırılmasına başçılıq etməli və yeni ideyaların, bir növ bayraqdarı olmalıdır. Bu, ilk növbədə o deməkdir ki, institut öz başlıca prioritetlərini dəqiq bilməli və rəhbər tutmalıdır. Bəs başlıca prioritetlər hansılardır və onların reallaşması nəyi tələb edir? Fikrimcə, başlıca prioritetlər Azərbaycan fəlsəfəsinin müasir dünyanın və ictimai həyatın tələblərinə, qabaqcıl elmin epistemologiya sahəsində əldə etdiyi səviyyəyə müvafiqliyi kontekstində qavranılmalı və reallaşdırılmalıdır. Ən əvvəl müasir dünyada qərarlaşan postneoklassik elmi paradiqmanın mahiyyətinə varmaq, onu mənimsəyərək milli zəmində inkişaf etdirmək lazımdır. Dünyanın elmi şəbəkəsinə sanballı fikir-əməl sahibi kimi qoşulmaq, elmi əlaqələri inkişaf etdirmək və beynəlxalq münasibətlər sisteminin fəal, nüfuzlu aktoru olmaq üçün bu vacibdir. Ona görə də durmadan bu yöndə çalışmalı, müasir dünya elminin ab-havasına, ideya və prinsiplərinə həssas olmalı, cəmiyyətimizi və bəşəriyyəti qayğılandıran aktual problemlərin həllinə öz töhfəmizi verməliyik. Öz zəkası və zəhməti hesabına ortaya yararlı məhsul qoymayanları, yalnız birtərəfli qaydada bəhrələnməyi hədəf götürənləri tarix və zaman bağışlamır. Eynilə, elmi fəaliyyəti dar məkan-zaman çərçivəsində, qapalı şəbəkədə, "bizim özümüzünkü" anlamında qurmaq son nəticədə maddi və mənəvi ehtiyatları tükəndirir, cəmiyyəti iflasa aparır.

İnteqrativ missiya, təfəkkür və əməldə nizamyaradıcı funksiya daşıyan fəlsəfə elminin ümdə vəzifəsi yaşadığımız dövrün təkcə xüsusi, ümumi (lokal, regional, qlobal) təqdimatda mahiyyətinə varmaqdan və səciyyəvi xüsusiyyətlərini işıqlandırmaqdan ibarətdi ki, bununla da zəmanəmizin özünüdərki həyata keçirilir. Özünüdərki reallaşdırmaqla fəlsəfə digər mühüm funksiyanı da ödəmək üçün imkan və güc əldə edir. Söhbət ictimai mühitin, bəşəri və sosial gedişatın, insan həyatının, iqtisadi, siyasi və mədəni-mənəvi proseslərin elmi meyarlar, tarixi ənənə və perspektivlər, sosiomədəni dəyərlər səviyyəsindən rasionallığının açılmasından, bütövlükdə isə idraki və əməli-praktiki fəaliyyətin rasionallıq zəminlərinin yaradılmasından, düşüncə və hərəkət konstruktivliyinin etibarlı şəbəkəsinin qurulmasından gedir. Bu, şübhəsiz ki, olduqca ağır, böyük zəhmət və istedad tələb edən missiyadır. Eyni zamanda fəlsəfə və filosoflar üçün ən şərəfli işdir. Bütün görkəmli filosofların yaradıcılığını saf-çürük etsək görərik ki onların ən əhəmiyyətli xidməti, bəlkə də məhz bu missiyanı həyata keçirməkdən ibarət olub.

Bu missiya əbədidir. O, heç vaxt fəlsəfənin üzərindən götürülmür, əksinə dünya yaşadıqca daha da çox öz reallaşmasını tələb edir. Aydındır ki, artan surətlə mürəkkəbləşən, qloballaşan müasir dünyada fəlsəfənin, o cümlədən Azərbaycan fəlsəfəsinin qarşısında duran həmin missiya xüsusi diqqət, fədakarlıq və əhəmiyyətli səylər birliyi tələb edir. Bəlkə də ola bilsin, elə bir tarixi inkişaf mərhələsinə qədəm qoymuşuq ki, artıq bu missiyanı həyata keçirmək ayrı-ayrı təşəbbüslər, fərdi yaradıcılıq səviyyəsində mümkün deyil, mütəşəkkil ümumi səylər birliyi, insani-intellektual resursların tam yeni struktur-funksional səviyyədə təşkili, koordinasiyası, idarə olunması lazımdır.

Bütün hallarda bir həqiqət danılmazdır: bu müstəsna əhəmiyyətli vəzifənin həllində Azərbaycan fəlsəfəsinin üzərinə düşən "əmək bölgüsü"nü, idraki borcu o vaxt uğurla ödəyə bilərik ki, müasir dünya elminin əldə etdiyi epistemoloji zirvəyə yüksələk. Bir sözlə, fəlsəfəmiz istər ümumən qabaqcıl dünya elmində, istərsə də müasir iqtisadiyyatın, təsərrüfat mədəniyyətinin və yaxud da müasir siyasi proseslərin, mədəni əlaqələrin təşkilində, təkamülündə və idarə olunmasında mühüm rol oynayan postneoklassik ideya və prinsipləri, təfəkkür tərzini, idraki yanaşmaları lazımınca və intensiv əxz etməli, yeni koqnitiv fəzanın yaranmasına öz töhfəsini verməlidir. Fəlsəfəmizin milliliyini biz yalnız bu yolla, yəni dünyaya yeni bəşəri sərvət təqdim etməklə, ağıllı nümunə ortaya qoymaqla təminatlandıra bilərik. Milliliyə hörmət və xidmət boşboğazlıqla, lovğalıqla, təkəbbürlə, asan yolla nəyəsə sahibliklə alınmır, durmadan və ardıcıl surətdə zəhmət, məqsədli fədakarlıq, məsuliyyətli-nizamlı iş, tarixi-irsi potensiala məxsus olan fəzilətli keyfiyyətlərin inkişafını tələb edir. Hörmətli akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı səfərbəredici məqaləsi bizi məhz bu istiqamətdə fəallığa səsləyir.

Başlıca hədəf heç də elmin elm naminə, fəlsəfənin və başqa sosiohumanitar elmlərin "özləri üçün inkişafına" nail olmaqdan ibarət deyil. Məqsəd daha böyükdür: sürətlə yeniləşən dünyada Azərbaycan öz layiqli yerini tutsun, milli maraqlarını uğurla həyata keçirməklə bugününü və gələcəyini təmin etsin, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli strategiyanın uğurlu inkişafının davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və başçılığı ilə irəli sürülmüş "XXI əsr - kreativ, zəngin və qüdrətli Azərbaycan" proyekti, tərəqqi konsepti həyata keçirilsin.

Əslində, bütün elmlər ayrı-ayrı idrak sahələri üzrə rasionallıq şəbəkəsini qurmaqla məşğuldur. Və hər biri bu funksiyanı həyata keçirmək üçün müvafiq epistemoloji bazaya malik olmalıdır. Bu səbəbdən də hər bir elm sahəsi üçün adekvat qnoseoloji-metodoloji zəminlərin, idraki üsul və formaların, kateqorial aparatın və prosedurların axtarışı, qurulması onun inkişaf tarixinin ayrılmaz xüsusiyyəti olub. Fəlsəfə isə yeganə elm sahəsidir ki, onun vasitəsilə ayrı-ayrı rasionallıq konsept-şəbəkələri və epistemologiyalar vahid əsasda və yüksək bir səviyyədə ümumiləşmə əldə edir, varlığın dərki və özünüdərki prosesinin alətinə çevrilirlər; bununla da onlar gerçəkliyin, insan həyatının, ictimai praktikanın müəyyənləşməsində öz töhfələrini vermiş olurlar. Ona görə də fəlsəfədə epistemologiya və yaxud fəlsəfi epistemoloğiya problemi dedikdə, başqa elmlərdən təcrid olunmuş halda sxolastik "idraki nəticə"lər ortaya qoymaq nəzərdə tutulmur. Əksinə, daha çox və intensiv surətdə digər elmlərə yaxınlaşmaq, onlarla qarşılıqlı fayda verən sinergizmdə olmaq təqdir edilir. İstər riyaziyyat, fizika, kimya və biologiya olsun, istərsə də iqtisadiyyat, tarix, sosiologiya və psixologiya - hər birinin taleyi, inkişaf səviyyəsi həmişə fəlsəfə ilə bağlı olub. Məntiqi olaraq bu, həm də o deməkdir ki, fəlsəfə özünün inkişafı ilə yanaşı, başqa elmlərin də durumuna və inkişafına məsuldur. Məhz bu səbəbdən də akademik Ramiz Mehdiyev öz yazılarında, o cümlədən "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı məqaləsində sosiohumanitar elmlərdə yaranmış vəziyyətin təhlilini verərkən və çıxış yollarını göstərərkən fəlsəfənin üzərinə düşən məsuliyyəti önə çəkir. Fəlsəfə humanitar və ictimai elmlərin gücünü və qüdrətini, sosial sifarişlərə çevik reaksiya vermək qabiliyyətini göstərən epistemoloji kamilliyə onlarla bir yerdə cavabdehdir. Ramiz Mehdiyevin həmin məqalədə səsləndirdiyi "Biz ümumən Azərbaycan elmini əyalət ab-havasından xilas edərək onun dünya elm məkanına inteqrasiyasina can atmalıyıq" cağırışı, şübhəsiz ki, fəlsəfənin təsirli iştrakı ilə baş verə biləcək epistemoloji yeniləşmə əsasında öz müsbət cavabını tapa bilər. Bu yeniləşmənin aparıcı istiqaməti isə postneoklassik nəzəriyyələrə, konseptlərə, ideya və təsəvvürlər sisteminə doğrudur. Əlbəttə ki, bu istiqamətə yönümlənmə tamamilə klassik və neoklassik arsenaldan imtina etməyi nəzərdə tutmur.

Sual olunur: postneoklassik epistemologiyanın səciyyəvi xüsusiyyətləri, başlıca ideya və prinsipləri hansılardır? Aydınlıq gətirmək üçün bəzi məqamlara nəzər salaq.

I. Etibarlı epistemologiya gerçəkliyə müvafiq olmaqla yanaşı elmdə aparıcı meylləri, səciyyəvi xüsusiyyətləri nəzərə almaqla yaradılır. Bu meyl və xüsusiyyətlər nədən ibarətdir?

1. Müasır dövrdə elə bir ciddi tədqiqat obyekti yoxdur ki, yalnız ayrıca bir fənn tərəfindən öyrənilsin. Hər bir tədqiqat obyekti elmlər kompleksinin ümumi diqqət mərkəzində dayanır. Şübhəsiz, hər bir fənn bu obyekti öz kontekstindən öyrənir. Belə olduqda, ayrı-ayrı elmlərin eyni obyekt barədə əldə etdikləri biliklərin "ümumi məxrəc"ə gətirilməsi və bu biliklər arasında mübadilənin reallaşması məsələsi qarşıya çıxır. Buradan da biliklərarası sinergizmin təmin olunması zərurəti ortaya çıxır ki, bu da ümumən, elmlərin vahidliyi problemi ilə bağlıdır. Beləliklə, yeni epistemologiya məhz elmlərin vahidliyi zəminində qurularsa, məhsuldar və evristik olar.

2. Bu gün əsas məsələ idrak obyektlərinə məxsus ziddiyyətləri, xüsusi "nöqtələr"i və ekstremal anları aşkarlamaqdan, təkamül istiqamətlərini və mərhələlərini aydınlaşdırmaqdan, optimal mövcudolma, fəaliyyət və inkişaf şərtlərini, imkanlarını müəyyənləşdirməkdən, obyektdaxili və xarici mühitlə əlaqələrdə meydana çıxan problemləri çözməkdən ibarətdir. Son onilliklərdə bu mənada elmi dünyagörüşün əsaslı yeniləşməsinə bir sıra qeyri-ənənəvi elmlərin rolu böyük olub. Xüsusiyyətlər nəzəriyyəsi, fəlakətlər nəzəriyyəsi(yeni mərhələsi), xaos nəzəriyyəsi (yeni baxışda), yenidənqurmalar nəzəriyyəsi, bifurkasiyalar nəzəriyyəsi, kritik hallar nəzəriyyəsi, kateqoriyalar və funktorlar nəzəriyyəsi, Lütfi Ə. Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi, qeyri-səlis məntiq, yumşaq hesablamalar nəzəriyyəsi, neyrokompütinq, xaotik kompütinq, təkamül kompütinq, ehtimal hesablamalar, Soft Kompütinq, qeyri-ənənəvi məntiqin digər sahələri, C. Sorosun refleksivlik nəzəriyyəsi bu qəbildəndir.

3. Bütün bu göstərilən fənlərin vahid bir elm sahəsi əhatəsində epistemoloji sintezləşməsi baş verib ki, bu da mürəkkəb sistemlər nəzəriyyəsidir. Elmlərin tarixi inkişafının təbii nəticəsi olan mürəkkəb sistemlər nəzəriyyəsi öz təşəkkülü və intişarı baxımından bir neçə idraki "qola" borcludur. Bunlar aşağıdakılardır:

a. Mürəkkəblik fenomeninin xüsusi olaraq öyrənilməsi. Bu istiqamətdə, yəni mürəkkəbliyin "keyfiyyət ölçülərinin" aşkarlanıb öyrənilməsində Q.Çeytin, A.Kolmoqorov, L.Zadə, Q.Nikolis, İ.Priqojin, İ.Stengers, Q.Kastler, G.Haken, P.Anoxin, L.Bertalanfi, İ.Şmalqauzen, V.Frankl, A.Şeroziya, K.Mayntser, E.Laslo, C.Soros kimi mütəfəkkirlərin xidmətləri danılmazdır. Öz metodoloji və qnoseoloji potensialına görə onların yaradıcılığı böyük evristik qüdrətə malik mənbə, tükənməz intellektual sərvətdir. Yalnız riyazi, fiziki və kimyəvi, bioloji və psixoloji obyektlərin və yaxud iqtisadi proseslərin tədqiqində deyil, sosial qurumların, siyasi institut və hadisələrin, antropoloji proseslərin, geosiyasi münasibətlərin və s. reallıqların mövcudolma və inkişaf dialektikasını dərindən anlayıb müvafıq proqnozlar, ehtimallar irəli sürmək üçün L.Zadə, İ.Priqojin, G.Haken, V.Frankl, C.Soros və b. tərəfindən işlənilmiş model və konsepsiyalar olduqca məhsuldardır.

b. Özünütəşkil və sinergetik effektlərin, fluktuasion və bifurkasion vəziyyətlərin öyrənilməsi. Burada üç elmi fənnin - riyaziyyat, fizika və kimyanın XX əsrin 60-cı illərinin ortalarından üzü bəri əldə etdikləri nailiyyətləri öncə qeyd etməliyik. Bu tarixdən başlayaraq yeni elmi paradiqmanın əsas konturları, aparıcı ideya və prinsipləri formalaşır. İnqilabi mahiyyətli elmi inkişaf nəticəsində hətta nisbilik nəzəriyyəsi və kvant mexanikasının fundamental prinsipləri artıq "köhnəlmiş bilgilər" sayılır, onların özlərinin yeni bir idraki mühitdə yararlığından söhbət gedir.

Tədricən elə bir evristik elmi ideya və prinsiplər, leksika və təsəvvürlər, üsul və prosedurlar sistemi formalaşmaqdadır ki, fəlsəfı və konkret-elmi tədqiqatlarda liderliyi ələ keçirir. Bu zəmində elmlərarası ünsiyyət, qarşılıqlı bəhrələnmə, bilgilər diffuziyası və absorbsiyası güclənir. O dərəcədə ki, indiyə qədər bəzi parametrlərinin öyrənilməsi mümkünsüz olan mahiyyətlərin formalizasiyaya müyəssərliyi əldə edilir.

v. Elmdə qlobal riyaziləşmə və formalizasiya gücünün artması. XX əsrin 50-ci illərindən başlamış sıçrayışlı inkişaf riyaziyyatın imkanlarını hədsiz dərəcədə genişləndirmişdi. Nəzəri və tətbiqi kibernetikanın, rəqəmli avtomatlar nəzəriyyəsinin, EHM-nin proyektləşməsinin, avtomatlaşdırmanın, ehtimal nəzəriyyəsinin əldə etdiyi nailiyyətlər, bir tərəfdən abstraksiyalaşdırma yeni pilləyə yüksəlmiş, digər tərəfdən riyaziyyatı real hadisələrin, canlı proseslərin öyrənilməsi üçün daha yararlı etmişdir. İndiyə qədər "inteqrallaşma"dan yayınan obyektlər artıq yeni riyazi arsenal qarşısında təslim olurdular.

Mühüm qazanclardan biri o idi ki, konkret zaman çərçivəsində kəmiyyət-keyfiyyət göstəricilərinin hesablanma sürəti müqayisə olunmaz dərəcədə artmışdır. Bunun isə müasir istehsal, hərbi sənaye, kosmosun tədqiqi və istifadəsi, informasiya mübadiləsı və digər sahələr üçün hansı əhəmiyyət daşıdığı bəllidir. Onu da qeyd edək ki, elmlərin riyaziləşməsi, hesablama nəzəriyyə və texnikasının sürətli tərəqqisi yeni riyazi fənlərin yaranmasına səbəb olmuşdur. Məsələn, oyunlar nəzəriyyəsi, qərar qəbuletmənin riyazi nəzəriyyəsi, informasiya nəzəriyyəsi, süni intellekt nəzəriyyəsi, optimal idarəetmə nəzəriyyəsi və s.

Bir sözlə, müxtəlif varlıqların riyazi arsenal tərəfindən hədəfə götürülməsi və bu əsasda görünməmiş uğurların qazanılması real hadisə və proseslərin formal obyekt və nisbətlər səviyyəsində öyrənilməsinə bəslənən ümidləri olduqca gücləndirmişdir. Təsadüfı deyildir ki, formal sistemlərə, abstrakt-simvolik ifadələrə artan inam vaxtilə bir sıra alimləri radikal ehtimallar, proqnozlar irəli sürməyə sövq etmişdir. Bu gün həmin ehtimalların doğrulduğunun şahidi oluruq, xüsusən də robotlaşdırma və kompüterləşdirmə, süni intellekt və informasiya-kommunikasiya texnologiyaları sahəsində.

Sıçrayışlı inkişafın mahiyyəti yalnız elm və texnika-texnologiyada əldə olunmuş nailiyyətlərlə tamamlanmır, bütövlükdə qlobal situasiya dəyişib. O dərəcədə ki, bəşəri və sosial-siyasi, iqtisadi seçim, tarixi təcrübə və ənənə, dünyada sülh və ədalət, demokratikləşmə və açıqlıq, sivilizasiyaların dialoqu, milli identiklik və suverenlik, qloballaşmaya münasibət kimi məsələlər yeni əsasda və kontekstlərdə qızğın müzakirələr doğurmaqdadır. Belə bir situasiyada akademik Ramiz Mehdiyevin öz əsərlərində, o cümlədən "Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq", "Azərbaycan efir məkanı: problemlər və vəzifələr", "İctimai və humanitar elmlər:zaman kontekstində baxış" adlı tənqidi-istiqamətverici məqalələrində qaldırdığı problemlər, intellektual sahədə köklü yeniliklərə çağırışı və bu məqsədlə milli elitaya müraciəti olduqca aktual və əhəmiyyətlidir. Biz, onun qeyd etdiyi kimi, "cəmiyyətimiz üçün aktuallaşan yeni paradiqmalar haqqında düşünməliyik".

q. Konkret-elmi və praqmatik fəlsəfənin təntənəsi yeni epistemologiyanın formalaşmasında xüsusi rol oynamışdı. Bu fəlsəfə olduqca təsirli, məhsuldar və öz perspektivinə inamlı idi. Söhbət ilk növbədə pozitivizmin yeni mərhələsi olan analitik fəlsəfədən gedir ki, onun da iki mühüm cərəyanı xüsusi qeyd edilməlidir: 1) müasir riyazi məntiq aparatından istifadə edən məntiqi təhlil fəlsəfəsi - məntiqi empirizm (R.Karnap, K.Hempel, F.Frank və s.) və məntiqi praqmatizm (K.Lüis, U.Kuayn, N.Qudmen); 2) linqivistik fəlsəfə (L.Vitgenşteyn, C.Mur, Q.Rayl, C.Ostin, C.Uisdom, P.Strouson və s.). Bu cərəyanlar üçün ənənəvi (metafizik) fəlsəfı problemlər bir növ psevdoproblemlər idi. Psixoloqizm qəbul olunmurdu, əsas məqsəd "elmin məntiqi"ni riyaziyyatla yaxınlaşdırmaqdan, qnoseoloji problemləri formalizasiya etməkdən ibarət idi.

Bir başqa fəlsəfi dayaq da olub: praqmatizm - fəlsəfəni insanların müxtəlif həyat situasiyalarında qarşılaşdıqları problemlərin həlli üçün ümumi metodlar kimi şərh edən fəlsəfı təlim. XIX əsrin son onilliklərində ABŞ-da, tanınmış şəxsiyyətlərin təbirincə desək, "gələcəyə böyük inamı olan millət tərəfindən doğulub". Əsas ideyalarını Ç. Pirs söyləmiş, doktrinasını isə U. Cems, C. Dyui ("demokratiyanın filosofu"), F.K.S. Şiller və C. Mid işləyib. Praqmatizmdə təcrübə (praktika) - gələcəyə pəncərədir, həm proqnoz, həm də davranış qayda-qanunudur. Hər bir ideyanın həqiqiliyi onun operativlik qabiliyyətində, instrumentallığında, yaşayış şəraitini yüngülləşdirməkdə və yaxşılaşdırmaqdadır. XX əsrin ortalarından başlayaraq Kuayn və Qudmen tərəfindən praqmatizmin müasir məntiq və analitik fəlsəfə ilə özünəməxsus sintezi həyata keçirilir ki, formalaşan yeni elmi paradiqmanın fəlsəfi dayaqlarının müəyyənləşdirilməsində təsirli rol oynayır. O, yeni paradiqmanın qərarlaşması üçün başlıca evristik vektorlardan biridir. 70-ci illərin sonundan başlayaraq bu evristik mənbənin təsir gücü xeyli artır (R. Rorti, C. Makdermott, R. Bednetayn və s.)

Təəssüf ki, Azərbaycan ictimai şüurunda praqmatizm fəlsəfəsi barədə yanlış, bəsit təsəvvürlər mövcuddur. Bizdə "praqmatizm" dedikdə adətən heç nəyə məhəl qoymadan mənfəətə doğru cəhd, nədənsə yalnız qazanc götürmək üsulu başa düşülür, onun insan ləyaqətinə, hüquq və azadlıqlara, humanizm və demokratiyaya bəslədiyi qayğı unudulur. Praqmatizm ifrat maddiyatçılığın, mənfəətdarlığın sinonimi kimi, eqoistik iradənin reallaşması mənasında anlaşılır. Hətta, praqmatizmi materializmlə tam eyniləşdirənlər də tapılır.

Vurğulamaq istərdim ki, praqmatizm heç vaxt materializmi təqdir etməyib, əksinə açıq və kəskin surətdə ona qarşı çıxıb. Məsələn, həqiqəti ideyanın uğurluluğu mənasında şərh edən U. Cems materializmlə idealizm arasında gedən uzunmüddətli tarixi mübahisəni birmənalı olaraq idealizmin xeyrinə həll edib. Onun fikrincə uzaq gələcəkdə də olsa, materializm Yerin və bəşəriyyətin məhvi deməkdir. İdealizm isə xilas üçün inam və imkan yaradır, ideal və ruhi dəyərlərin təntənəsinə yol açır.

Aprior əsaslandırmadan, təfəkkürdə və əməldə qapalılıqdan, situasiyaya münasibətdə ehkamçılığı qədər də mücərrəd olan, yaradıcı iradəni və inamı söndürən "son həqiqət"lərdən uzaqlaşmanı təqdir edən praqmatizm əsrlər boyu elm və fəlsəfədə, ictimai həyatda dərin köklər salmış "bəşəri ətalət"ə, "tədqiqat və hərəkət qanunu"na - fundamentalizmə qarşı çıxış edirdi ki, bu da mütləq nəyəsə istinad etmək vərdişinin sarsıdılması demək idi. Bu, idraki proseslərdə "postulativ nöqtələr"ə fiksasiyadan, sosial praktikada ehtimallara və alternativlərə, situasiyanın pozitiv dinamikliyinə, yaradıcı iradəyə yer qoymayan "əvvəlcədən qəti müəyyənləşmə"dən uzaqlaşmaq idi ki, sonralar özünü daha bariz şəkildə postneoklassik elmi paradiqmada və bu paradiqmanın atributu olan tənqidi-sinergetik təfəkkür tipində göstərmişdi. Bu, dünyagörüşündə, demokratik düşüncədə bir çevriliş idi -- təkcəyə, xüsusiyə, "əlahiddə hissə"yə olan istinadçılığa, totalitar düşüncə tərzinə qarşı inqilab. Təsadüfi deyildir ki, "zəka metodu"nun fəaliyyət imkanlarını Dyui cəmiyyətin demokratik quruluşu ilə bağlayırdı. Elə quruluşla ki, azad insanlara xoşbəxt yaşamaq üçün geniş imkanlar verir, ictimai həyatı daim yaxşılaşdırır. O, sosial rekonstruksiyanın mühüm prinsipini yalnız sülhyaradıcı vasitələrdə və zorakılıqdan imtinada görürdü.

Dərindən mahiyyətə varsaq, bu epistomoloji məqamların -- şərti olaraq "antifundamentalist" adlandırdığımız yanaşmanın siyasi və geosiyasi, sosial və iqtisadi, ekoloji və mənəvi-psixoloji problemlərin həllində, hadisə və proseslərin proqnozlaşdırılmasında, ictimai inkişaf vektorunun müəyyənləşdirilməsində və qərarlaşmasında, hüquqi dövlət və demokratik vətəndaş cəmiyyəti quruculuğunda, demokratik əsaslarda milli konsensusun reallaşmasında nə qədər əhəmiyyətli olduğunu görərik. Etiraf edək ki, müasir sivil dünyada rəhbər tutulan bu cür epistemoloji "xırdalıqlar"a biz bəzən laqeyd yanaşırıq, demokratik təfəkkürün tələblərinə riayət etmədən, acgöz və dilənçi materializmi, ifrat subyektivizmi-fundamentalizmi daxilimizdə öldürmədən demokratik vətəndaş cəmiyyəti qurmaq istəyirik, əhəmiyyətli şeylərin var olmasını özümüzdən yox, kənardan və başqalarından gözləyirik. Çox vaxt da bütün yükü ölkə başçısının, ayrı-ayrı fədakar insanlarımızın üzərinə atmaqla "işimizi" bitmiş hesab edirik.

Praqmatizmə görə, yalnız problem situasiyanın uğurlu həlli əldə edilərsə, təklif olunan ideya və ya nəzəriyyə həqiqət sayıla bilər, yaranmış yeni, artıq müəyyənləşmiş situasiya isə reallıq statusu qazanır; o, əvvəlki şübhəli və problemli situasiyanı əvəz edir. Heç bir təklif olunan həll konkret situasiyanın xüsusi xarakteri ilə müəyyənləşməməlidir. Beləliklə, yaradıcı özünükorreksiya həyata keçirilir. Elə bu səbəbdən də praqmatizmə əsasən fəlsəfənin başlıca məqsədi məhz sosial təcrübənin təhlili və kamilləşdirilməsidir.

II. Sosial rekonstruksiyada yalnız o idraki alət yararlıdır ki, insanları və cəmiyyətləri "inteqrallaşmayan" (hesablanmayan) fenomenlər qarşısında aciz qoymur, öz gücsüzlüyünü hər hansısa "universalilər"ə, mistik və ya trassendent obrazlara istinadla ört-basdır etmir, onsuz da artıq dərəcədə şübhəli, qeyri-müəyyən və problematik olan situasiyanı bir daha mürəkkəbləşdirmir, ona pozitiv nəticələrlə yekunlaşa biləcək inkişaf yönümü verir və bu istiqamətdə yararlı üsul və formalar irəli sürür.

Obyektiv təhlil göstərir ki, praqmatizmdə də vacib bilinən bu dəyərli sosial idrak xüsusiyyəti Heydər Əliyev kimi nəhəng şəxsiyyətin, siyasət ustadının idarəçilik fəlsəfəsinə, onun sosial rekonstruksiya praktikasına olduqca xas idi. İşlərin təşkilində, qərar qəbuletmədə, problem situasiyaların həllində reallıqla uzlaşmayan, imkanlar (mümkünlük) çərçivəsinə sığışmayan, məsuliyyət dərəcəsini anlamayan xəyalpərəstliyi-utopizmi, eyni vaxtda ehkamçılığı, yalnız direktivlər üzrə hərəkəti, nizamsızlığa və ədəbsizliyə yol açan "azadlığı", ucuz və vicdansız populizmi rədd edən bu böyuk dövlət xadiminin siyasi uğurlarının, misilsiz nailiyyətlərinin köklü səbəbləri də elə onun zamanla ayaqlaşan idarəetmə fəlsəfəsində idi ki, indi də ictimai praktikanın kamilləşdirilməsinə xidmət edir. Bu, daim özünü korreksiya edən, yaradıcı təlimdir! Onun yaradıcılığının əyani sübutu Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin qazandığı nailiyyətlərdir. Yaxşı olardı ki, baş laborant və kiçik elmi işçi "zirvəsi"ni aşa bilmədən, birdən-birə dövlət müşaviri, dövlət katibi, baş nazir, spiker vəzifələrini tutmuş insanlar sosial rekonstruksiya, dövləti idarə etmək kimi məsələlər haqqında düşünərkən bu həqiqətləri unutmasınlar.

Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, "hazırda biz Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələ yaşayırıq" və 2003-cü ildən başlayan bu tarixi dövrdə ictimai inkişafın yüksək sürəti və davamlılığı təmin edilib. Aydındır ki, hər bir dinamik inkişaf, xüsusən də böyük məqsədlər nəzərdə tutulubsa yeni-yeni problemlər doğurur, qarşıya əlavə ciddi vəzifələr qoyur. Bu problem və vəzifələrin müsbət həlli intellektual sahədə reallaşması zəruri olan struktur-funksional dəyişmələrdən, idarəetmənin yeni tələblər səviyyəsndə təşkilindən, aparıcı kadrlar, rəhbər işçilər korpusunun yeniləşməsindən əhəmiyyətli dərəcədə asılıdır. Uzun illər ərzində etibar edilmiş sahədə müsbət dönüşə nail ola bilməyən, nöqsanlı fəaliyyəti və yaxud da fəaliyyətsizliyi ucbatından işlərin gedişini bərbad hala salan məmurlardan dövlət azad olmalıdır. Bu zərurətin ödənilməsi, həm də Azərbaycanın dövlətçilik institutunun daha da möhkəmlənməsi və müasirləşməsinin qarantıdır.

Ümumiyyətlə, məqsədəuyğun olardı ki, elm, təhsil və mədəniyyət sahələri, cəmiyyətimizin mənəvi-intellektual həyatı bir səlahiyyətli vahid mərkəzdən idarə olunsun və tənzimlənsin. Bu, fərdi və kollektiv məsuliyyəti, strukturdaxili və strukturlararası səmərəli birgəfəaliyyət, koordinasiya və özünütəşkilatlandırma imkanlarını xeyli artırar, ümumi fəaliyyət şəbəkəsinin bütövlüyünü, onun konsolidasiyasını, işgüzarlığını və dinamikliyini təmin edərdi.

Vacibdir ki, müasir idarəetmə fəlsəfəsinin başlıca prinsiplərindən biri - müxtəliflik vasitəsilə birliyə (vahidliyə) cəhd və ona nailolma prinsipinin ödənilməsi üçün əvvəlcədən münbit əsas və imkanlar yaransın. Məhsuldar vahidliyə, iş birliyinə, güclərin ümumi səfərbərliyinə xidmət etməyən fikir və əməl müxtəlifliyi, xüsusən də idarəetmə məsələlərində son nəticədə pərakəndəliyə, daxili nizamsızlığa və məsuliyyətsizliyə, xaosa və tənəzzülə aparır.

Müasir (sinergetik) idarəetmə fəlsəfəsində əhəmiyyətli yer tutan bu vahidlik prinsipi, əslində, çox qədim köklərə malikdir (vaxtilə onu böyuk filosof və dövlət xadimi Konfutsi irəlı sürüb!) və bir çox görkəmli dövlət başçılarının, o cümlədən ulu öndər Heydər Əliyevin yaradıcı praktikasında uğurla sınaqdan çıxıb. O, gerçəkliklə, real şərait və imkanlarla hesablaşmayan hikkəli-kinli "boşboğazlıq demokratiyası"na deyil, həqiqi demokratiyaya təminat verir. Uğurlara əsas yaradan sinergetik idarəetmənin bu prinsipi öz effektliyini, əlbəttə ki, monoprinsip halında göstərmir. Postneoklassik elmi paradiqmanın atributu olan vahidlik prinsipi digər mühüm prinsiplərlə birgəfəaliyyətdə öz gücünü və qüdrətini ortaya qoyur.

Biz təbii sərvətlərimizdən və insani-intellektual potensialımızdan ağıllı istifadə edərək innovasion iqtisadiyyat, informasiya cəmiyyəti qurmaq, informasiya-kommunikasiya texnologiyalarının yalnız istehlakçısı yox, həm də yaradıcısı olmaq, yeni dünyada söz-əməl, nüfuz sahibliyinə yiyələnmək istəyiriksə indidən prinsipial məsələləri önə çəkərək və vaxt itkisinə yol vermədən çalışmalıyıq ki, yeni nəsillər, gənclərimiz məhz öz doğma Vətənimizdə müasir elmi bilikləri əxz etsinlər, yüksək intellektual mühitdə böyüsünlər, məhsuldar təfəkkürlə silahlansınlar. Bu, o deməkdir ki, bir tərəfdən, elm-təhsil-mədəniyyət ocaqlarımızın, universitet və institutlarımızın fəaliyyəti köklü surətdə yeniləşməli, zəruri islahatlar həyata keçirilməli, digər tərəfdən, gənclərimizin xaricdə təhsil alması başlıca hədəfə çevrilməməlidir. Əks halda, bizim öz elm-təhsil sistemimizin kimə və nəyə lazım olduğu şübhə altına düşür. Zərurət olduqda xaricdə mütəxəssis hazırlamaq lazımdır və vacibdir, lakin bu, yeganə çıxış yolu ola bilməz. Nümunəvi innovasion cəmiyyətin, kamil millətin öz qüdrətli elmi, təhsil-mədəniyyət sistemi olmalıdır.

Müasir elmi paradiqmanın əsas məqsədi insanların dünyagörüşündə, təfəkkür tərzi və fəaliyyət üslubunda demokratik dəyərlərə qayğıkeşliyi artırmaqdan, qarşılıqlı hörmət və tələbkarlıq, nizam və məsuliyyət vasitəsilə başlıca hüquq və azadlıqlardan istifadəni reallaşdırmaqdan, lokal, regional və qlobal miqyaslarda tolerantlığı və humanizmi gücləndirməkdən ibarətdir. Bu bəşəri məqsəd, Azərbaycan təqdimatında yalnız xoşməramlı niyyətlər, arzular hesabına yox, tarixən ictimai tərəqqinin fundamentini təşkil edən Elmin, Fəlsəfənin epistemoloji durumunda intellektual intibaha və bu zəmində praktikada, insanların "fəaliyyət düsturu"nda köklü dönüşə nail olmaqla reallaşa bilər.

Universal məqsədin qoyuluşu ilə yanaşı onun reallaşması üçün yeni epistemologiya, insana, təbiətə, cəmiyyətə və dünyaya münasibət konsepti təqdim olunur, bir növ məqsədin doğruluğu və realistikliyi məsələsi əvvəlcədən təmin edilir. Belə ki, məqsəd və vasitələrin üzvi qovuşması, bir-birinə adekvatlığı mövcuddur, "məqsəd vasitələrə bəraət qazandırır!" prinsipi yox, "təqdirəlayiq məqsəd öz fəzilətli vasitələrilə möhtəşəmdir!" ideyası rəhbər tutulur. Bu, məqsədin doğruluğunun və realistikliyinin, insaniliyinin və humanistliyinin qarantıdır. Gördüyümüz kimi, barəsində danışılan məqsəd və onun reallaşdırılmasına xidmət etməli olan yeni fəlsəfə və müasir postneoklassik epistemologiya öncədən aksioloji tələblərin, etik komponentlərin vacibliyini nəzərdə tutur. Güclü aksioloji tələblərə riayət etmək və gerçəkliyə həssas münasibət göstərmək naminə, yeri gələrsə qəti "dəqiqlik"dən də keçmək olar. Bu kontekstdə Lütfi Ə. Zadənin yaradıcılığı xüsusi qeyd olunmalıdır. Təsadüfi deyil ki, L.Zadə öz intellektual məhsulunu "humanistik sistemlər nəzəriyyəsi" adlandırır. Öz tədqiqatlarına münasibətdə analoji fikirlərə başqa tanınmış alimlərin yazılarında da rast gəlirik. Bu, ona dəlalət edir ki, müasir (postneoklassik) elmi epistemologiya vasitəsilə... İnsan-Təbiət-Cəmiyyət-Dünya əlaqə və nisbətlərində daha etibarlı surətdə humanizmin, harmoniyanın, ədalətin qulluğunda dayanan Məntiqin tələbləri ödənilir!

Həmin Məntiq demokratiyanın özünə yeni baxış və yanaşmalar formalaşdırmaqdadır. Demokratiya bir ideya-ideal, konsepsiya, ictimai praktika, təfəkkür və əməl tərzi, idarəetmə forması və üsulu kimi yeni səviyyədə və yeni kontekstlərdən müzakirə edilərək tətbiq olunmaqdadır. Böyük uğurlar da var, təəssüf doğuran səhvlər və məğlubiyyətlər də. Azərbaycan da həmin universal dalğanın içində olmaqla bugününü və gələcəyini qurmaqdadır. Bu quruculuğun necə olmasını, hansı qazanclar əldə edəcəyini isə bizim intellektual potensialımızın, fəlsəfəmizin, elm, təhsil və mədəniyyətimizin, alim və mütəxəssislərimizin səviyyəsi müəyyənləşdirir. Demokratiya, Bernard Şou demişkən cəmiyyəti təşkil edənlərin "insan materialı"ndan yuxarı ola bilməz!

 

 

Əbülhəsən ABBASOV,

fəlsəfə elmləri doktoru,

professor

 

Azərbaycan.- 2010.-21  aprel.- S.  4.