Heydər Əliyev Fondu "Qabusnamə" kitabını rus dilində nəşr etmişdir

 

Heydər Əliyev Fondu Şərq ölkələrinin bir çoxunda tanınan və məşhur olan "Qabusnamə" kitabını rus dilində nəşr etmişdir.

Tərbiyə və etikanın vacib məsələlərini əhatə edən kitab yüzilliklər boyu müdrik məsləhətləri ilə aktuallığını qoruyub saxlamışdır. 1082-1083-cü illərdə Cənubi Azərbaycan ərazisində yerləşən Gilan dövlətinin padşahı Keykavus tərəfindən yazılmış "Qabusnamə" orta əsrlərdə hökmdarların, din xadimlərinin, elm adamlarının, müəllimlərin masaüstü kitabı olmuşdur. Həmin dövrdə hər bir savadlı və mədəni insanın ailəsində qorunub saxlanılan kitab gənc nəslin tərbiyəsində mühüm rol oynamış, nəsildən-nəslə ötürülən mənəviyyat qaynağı və əxlaq dərsliyi kimi qiymətləndirilmişdir.

Rus oxucusuna təqdim olunan "Qabusnamə" Şərq və onunla qırılmaz tellərlə bağlı olan Azərbaycan mədəniyyəti, tarixi, fəlsəfəsi haqqında təsəvvür yaratmağa imkan yaradır. Rəngli illüstrasiya və nəfis tərtibatlı kitab 1000 nüsxə tirajla nəşr olunmuşdur.

"Qabusnamə" Heydər Əliyev Fondunun müxtəlif səpkili nəşrlər guşəsini zənginləşdirmişdir. Fondun dəstəyi ilə müxtəlif dillərdə Azərbaycan həqiqətlərindən, Qarabağ müharibəsinin əsl mahiyyətindən bəhs edən kitablarla yanaşı, milli-mənəvi qaynaqlarımız, tarixi keçmişimiz, tanınmış şəxsiyyətlər haqqında nəşr olunan kitabları gənc oxucu auditoriyası üçün zəngin mənbə hesab etmək olar. Fond Azərbaycanın klassik yazıçılarının, tədqiqatçı alimlərin əsərlərini müxtəlif dillərdə nəşr etdirir, xarici ədəbiyyat nümunələrinin dilimizə çevrilərək nəşrinə dəstək verir.

 

 

Azərbaycan.- 2010.-  16 aprel.- S.  6.