AŞ PA-nın sədri Mövlud Çavuşoğlu Gəncədə və Göygöl rayonunda olmuşdur

 

Azərbaycanda rəsmi səfərdə olan Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu aprelin 15-də Gəncəyə gəlmişdir.

Qonaq əvvəlcə şəhərin baş meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, heykəl önünə tər çiçəklər qoymuşdur. Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov belə bir mötəbər qonağı Gəncədə görməkdən məmnunluq duyduğunu bildirmiş, qədim şəhərin tarixi haqqında ətraflı məlumat vermişdir. Söhbət zamanı AŞ PA-nın Avropa siyasi məkanında oynadığı əhəmiyyətli roldan danışan sədr bu siyasi qurumun Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində də gərəkli addımlar atacağını bildirmişdir. Səfərinin məqsədi ilə bağlı jurnalistlərin suallarını cavablandıran Mövlud Çavuşoğlu demişdir: "Biz səfər etdiyimiz ölkələrdə paytaxt şəhərlərlə yanaşı, digər bölgələrdə də oluruq. Bu mənada Bakıdan sonra Gəncəyə gəlmək istədim. Azərbaycanda çox olmuşam. Müxtəlif bölgələri gəzmişəm. Amma bu, Gəncəyə ilk gəlişimdir. Şəhəri gəzəcək, müxtəlif tarixi yerlərdə olacağam".

Avropa Şurasının Dağlıq Qarabağ probleminin həllində ikili mövqeyi ilə bağlı jurnalistlərin sualını cavablandıran sədr belə standartlardan narahatlıq duyduğunu bildirmiş, problemin həllində ədalətli olmağın vacibliyini xüsusi vurğulamışdır.

Mövlud Çavuşoğlu demişdir: "Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Avropa Şurasında Alt Komissiya qurmaq istəyirik. Bunun başlıca məqsədi parlament diplomatiyası yolu ilə məsələnin həllinə kömək etməkdir".

Azərbaycanda qarşıdan gələn parlament seçkiləri ilə bağlı AŞ PA sədri həm ölkə rəhbərliyinin, həm də AŞ PA-nın bu seçkilərin ədalətli, demokratik və şəffaf keçməsində maraqlı olduğunu xüsusi vurğulamışdır.

Gəncə ilə tanış olan AŞ PA sədri şəhərin baş meydanını gəzmiş, buradakı qədım tarixi memarlıq abidələri, Şah Abbas məscidi və Cavad xanın məqbərəsində olmuşdur.

Sonra qonaq dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini ziyarət etmiş, "Xatirə kitabı"na ürək sözlərini yazmışdır.

Günün ikinci yarısında Göygöl rayonu ilə də tanış olan M.Çavuşoğlu axşama yaxın Bakıya yola düşmüşdür.

 

 

Azərbaycan.- 2010.- 16 aprel.- S.  6.