Azərbaycan dinamik inkişaf yolunda uğurla irəliləyir

 

İqtisadiyyatda əldə edilən nailiyyətlər ölkəmizin qarşıdakı dövr ərzində daha böyük müvəffəqiyyətlərə imza atmasına möhkəm baza yaradır

 

Sürətli sosial-iqtisadi inkişaf, möhkəm daxili sabitlik, xalq və hakimiyyət arasında sıx birlik, zamanın tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar, dünya birliyinə milli maraqların qorunması şərti ilə edilən inteqrasiya və bu qəbildən olan digər amillər Azərbaycanı beynəlxalq miqyasda xarakterizə edən başlıca cəhətlərdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu kompleks inkişaf strategiyasını indi onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən dövrün reallıqlarına müvafiq şəkildə daha da zənginləşdirilərək uğurla davam etdirilməkdədir. Bunun nəticəsidir ki, ölkəmiz zamanın bütün sınaqlarından müvəffəqiyyətlə çıxmaqda, iqtisadi inkişaf dinamikasına görə lider mövqedən çıxış etməkdədir.

 

Təsadüfi deyil ki, ötən il ərzində dünyanın əksər ölkələrinin iqtisadi inkişafının qarşısında sədd çəkən, bir çoxlarında ümumi daxili məhsulun rekord həddə qədər geriləməsinə yol açan qlobal maliyyə böhranının Azərbaycana təsirləri minimal xarakter daşımış, hər hansı ciddi fəsada yol açmamışdır. Əksinə, qlobal maliyyə böhranının tüğyan etdiyi ötən ildə Azərbaycanın imza atdığı ən böyük uğurlardan biri iqtisadi sahədə keçid dövrünü başa vurması, bu kateqoriya üzrə də postsovet dövlətləri arasında lider statusunu daşıması olmuşdur. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "...Azərbaycan iqtisadiyyatı artıq öz keçid dövrünü başa vurdu. Bu, həqiqətən də, belədir. Biz artıq keçid dövrünün iqtisadiyyatı deyilik... Biz tam şəkildə bazar iqtisadiyyatına keçmişik. Azərbaycan iqtisadiyyatı liberal iqtisadiyyatdır, müstəqil, dayanıqlı, öz resurslarına güvənən, dünya birliyinə sürətlə inteqrasiya edən iqtisadiyyatdır".

Qeyd olunan uğurları təmin edən iqtisadi modernləşdirilmənin davam etdirilməsi və innovasiya sisteminin formalaşması, həmçinin iqtisadiyyatın şaxələndirilməsi, onun neftdən asılılığının aradan qaldırılması və vaxtında görülən digər zəruri tədbirlər sayəsində Azərbaycan xalqı qlobal böhranın təsirlərini hiss etməmiş, əksinə onun rifah halı daha da yüksəlmiş və maddi gəlirləri artmışdır. Həqiqətən də düzgün qurulmuş siyasət nəticəsində Azərbaycan iqtisadiyyatının əsas sahəsi olan neft-qaz amilindən asılılığı əhəmiyyətli dərəcədə azalda bilmişdir və bunun nəticəsidir ki, ötən il neftin bir barelinin qiyməti 140 dollardan 35 dollara düşəndə belə, nə ölkə iqtisadiyyatı, nə də əhali bu asılılığı hiss etməmişdir. Beynəlxalq araşdırma mərkəzləri də bildirirlər ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi siyasəti, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilməsi və bu qəbildən olan digər amillər qlobal böhranın, eləcə də neftin dəyişik qiymətinin ölkəmizə hər hansı ciddi təsir göstərməsinə imkan verməmişdir. Halbuki dünyanın bir çox neft-qaz hasil edən ölkələrində "qara qızıl"ın ucuzlaşması ciddi ajiotaja, hətta dövlət büdcəsinin gəlirlər hissəsinin dəyişməsinə səbəb olmuşdur. Azərbaycanın kifayət qədər maliyyə imkanları və resurslarının olması isə neftin ucuzlaşmasının ölkəmizə təsirsiz ötüşməsinə və hər hansı ciddi problem yaratmamasına gətirib çıxarmışdır. Bunu statistik rəqəmlərə diqqət yetirməklə də görmək mümkündür. Belə ki, 2009-cu il qlobal maliyyə böhranının pik həddinə çatmasına, həmçinin real sektora sirayət edən dövr kimi tarixə daxil olmasına baxmayaraq, bu müddətdə Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun həcmi 7,9 faiz artaraq 3917 manata və yaxud 4874 ABŞ dollarına, ölkədə orta aylıq əməkhaqqı 6,8 faiz artaraq 298 manata çatmışdır. Bu müddət ərzində manatın dəyərinin sabit qalması, inflyasiyanın isə cəmi 1,5 faiz təşkil etməsi insanların sosial vəziyyətinin daha da yaxşılaşmasını təmin etmişdir.

Cari ilin ötən dövrü ərzində də Azərbaycanın iqtisadi inkişaf tempi yüksək göstəricilərlə ifadə olunmağa başlamışdır ki, bu da əhalinin maddi rifah halının daha da yüksəlməsinə, insanlara dövlət tərəfindən göstərilən sosial qayğının bir qədər də artmasına şərait yaratmışdır. Digər tərəfdən iqtisadiyyatda artım səviyyəsinin əvvəlki illə müqayisədə yüksək göstəricilərlə ifadəsi bir daha Azərbaycanın bu sahədə seçdiyi və uğurla reallaşdırdığı inkişaf yolunun nə dərəcədə düzgün olduğunu, zamanın tələblərinə cavab verdiyini əyani nümayiş etdirmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu iqtisadi inkişaf strategiyasının məntiqi nəticəsidir ki, cari ilin ilk rübündə ölkəmizdə ümumi daxili məhsul 5,4 faiz, sənaye istehsalı 5,6 faiz, kənd təsərrüfatı 1,5 həcmində artmış, qeyri-neft sektorunda məcmu istehsalda 2,8 faizlik yüksəliş qeydə alınmışdır. O da sevindirici haldır ki, ötən ilin yekunlarına əsasən miqdarı 20,4 milyard dollar olan ölkənin valyuta ehtiyatları indi 22,3 milyard dollara çatır. Bu isə Azərbaycanın iqtisadi cəhətdən daha qüdrətli dövlət olmasına təkan verən əsas faktorlardan olmaqla yanaşı, onu həm də potensial xarici investora çevirir. Təsadüfi deyil ki, indi ölkəmizə xaricdən müxtəlif sahələrə sərmayə yatırmaq üçün ünvanlanan müraciətlərin sayı artmaqda, Azərbaycanla işbirliyini nəzərdə tutan təkliflər durmadan çoxalmaqdadır. Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında söylədiyi geniş və dərin məzmunlu nitqində Prezident İlham Əliyev bu məsələyə toxunaraq qeyd etmişdir: "Artıq Azərbaycan öz maliyyə imkanları ilə dünya bazarlarına çıxır. Mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycan Dövlət Neft Fondunu başqa ölkələrdə müştərək şəkildə investisiyaların qoyulmasına cəlb edir və biz buna müsbət baxırıq. Bu, onu göstərir ki, Azərbaycan dünya miqyasında çox müsbət imicə malik olan ölkədir. Aparıcı beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığımız uğurludur, bərabərhüquqludur. Biz bərabərhüquqlu tərəfdaş kimi növbəti illərdə dünya iqtisadiyyatına daha da çox inteqrasiya edəcəyik".

Hesablamalar göstərir ki, Azərbaycanın digər ölkələrdə müxtəlif sahələrə, o cümlədən nəqliyyat və enerji sektoruna yatırdığı sərmayələrin həcmi 7 milyard dollar səviyyəsindədir. Qarşıdakı dövr ərzində ölkəmiz bu siyasəti daha da genişləndirməyi planlaşdırır və bunun üçün qeyd olunduğu kimi, Azərbaycanın böyük miqdarda valyuta ehtiyatları, maliyyə imkanları mövcuddur. Elə ölkə daxilində də yatırılan investisiyalarda əsas pay sahibi kimi məhz Azərbaycanın özü çıxış edir. Bunu istər ötən ilin yekunlarına, istərsə də cari ilin ilk rübünün nəticələrinə diqqət yetirməklə də əyani şəkildə görmək mümkündür. Belə ki, ötən il ərzində ölkəmizə qoyulan investisiyanın həcmi 9,2 milyard dollara çatmış və bunun 7,3 milyardını daxili sərmayələr təşkil etmişdir. Cari ilin birinci rübündə isə ölkə iqtisadiyyatına bütün maliyyə mənbələri hesabına 1 milyard 636,8 milyon manat, o cümlədən daxili mənbələr hesabına 1 milyard 231 milyon manat investisiya qoyulmuşdur. Bunun 583,4 milyon manatı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilmişdir. Qarşıdakı dövrdə isə investisiya qoyuluşunun həcminin daha da genişlənəcəyi gözlənilir. Çünki Azərbaycanda həm nəhəng infrastruktur layihələrinin icrası davam etdiriləcək, həm də yenilərinin reallaşması istiqamətində növbəti addımlar atılacaq. Ölkənin artıq 22,3 milyard dollara bərabər olan valyuta ehtiyatları isə belə layihələrin icrasında hər hansı problemin yaranmasını mümkünsüzləşdirir və bütün bunlar öz növbəsində cari il ərzində məşğulluq sahəsində vəziyyətin daha da yaxşılaşacağından xəbər verir. Bu istiqamətdə atılan mühüm addımlardan biri də sahibkarlara dövlət tərəfindən göstərilən qayğıdır. Ümumiyyətlə, sahibkarlığa hərtərəfli dəstəyin göstərilməsi 2010-cu ildə də Prezident İlham Əliyevin hökumətin qarşısında qoyduğu əsas vəzifələrdən biridir. Belə hesab edirlir ki, cari ildə və ortamüddətli perspektivdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, nəqliyyat, kommunal, enerji, rabitə infrastrukturunun dövlət tərəfindən yaradılması və yenidən qurulmasının davam etdirilməsi, uzunmüddətli və ucuz kreditlərin alınmasına sahibkarların çıxış imkanlarının artırılması, qeyri-strateji dövlət mülkiyyətinin özəlləşdirilməsinin sürətləndirilməsi sahibkarlığın inkişafına əlavə impuls verməklə yanaşı, bu təbəqənin ümumi iqtisadiyyatda xüsusi çəkisini bir qədər də artıracaq. Ötən il bu kateqoriya üzrə fəaliyyət göstərən insanlara dəstək məqsədilə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2100 sahibkarlıq subyektinə 130 milyon manat güzəştli kreditlər verilmişdir və bu da 2008-ci illə müqayisədə 1,5 dəfə çoxdur. Bu ilin ilk rübündə isə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 197 sahibkarlıq subyektinə 19,1 milyon manat güzəştli kreditlər verilmişdir ki, bu da 2009-cu ilin analoji dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Burada bir fakt da xüsusi olaraq vurğulanmalıdır ki, sahibkarlara verilən güzəştli kreditlərin əsas hissəsi regionların payına düşür. Digər tərəfdən bu sahənin inkişafına təkan verən daha bir mühüm addım ölkə Prezidentinin təşəbbüsü ilə yerli sahibkarlığın inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədilə müvafiq qanunvericilik aktlarında dəyişiklik edilməsi və müvafiq olaraq 2010-cu ildən mənfəət vergisinin dərəcəsinin 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilmişdir. Bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğləri azaldılmışdır.

İqtisadiyyatının inkişaf tempini daim daha yüksək mərhələyə keçirməyi davam etdirən Azərbaycanda diqqət yetirilən mühüm məqamlardan biri ölkə vətəndaşlarının rahat yaşayışının təmin olunması, onların sosial təminatının ödənməsi və bu qəbildən olan digər məsələlərin uğurla həllinə nail olunmasıdır. Bu məqsədlə sosial xarakterli proqramların tərtibi və vaxtında icrası həmişə xüsusi diqqət mərkəzində olmuş və bu sahədə mühüm nailiyyətlər əldə edilmişdir. Dövlət büdcəsindən ayrılan xərclərdə də sosialyönümlülük daim prioritet istiqamət təşkil etmişdir. Yenə də müqayisələr əsasında bunu görmək olar. Araşdırmalar göstərir ki, 2009-cu ildə sosialyönümlü tədbirlərin və xərclərin büdcə icrasına üstünlük verilmiş, müvafiq dövlət proqramlarının maliyyələşdirilməsi tam təmin edilmişdir. Bu məqsədlə dövlət büdcəsindən 2 milyard 903 milyon manat vəsait sərf edilmişdir. Bu isə 2008-ci illə müqayisədə 450 milyon manat və ya 19,5 faiz çoxdur. Cari ilin birinci rübündə dövlət büdcəsinin xərcləri 1 milyard 979,1 milyon manat icra edilmişdir ki, həmin xərclərin 33,8 faizi və ya 669 milyon manatı sosialyönümlü olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 68,9 milyon manat və ya 11,5 faiz çox olmuşdur. Hesabat dövrü ərzində təhsil xərclərinə 17,2 milyon manat və ya 7,7 faiz, sosial müdafiə və sosial təminat xərclərinə isə 50,1 milyon manat və ya 17,2 faiz çox vəsait yönəldilmişdir. Bununla yanaşı, ilin ilk rübündə orta əməkhaqqı qalxmış və 304 manat təşkil etmişdir. Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən biri də məhz ölkə vətəndaşlarının yaşayış səviyyəsinin daha da yüksəldilməsi ilə bağlı olmuşdur: "İstehlak qiymətlərinə nəzarət həmişə güclü olmalıdır. Bu istiqamətdə də çox müsbət addımlar atılmışdır. Həm iqtisadi tədbirlər görülməklə, eyni zamanda istehlak qiymətlərinə ciddi nəzarət etməklə süni qiymət artımının qarşısının alınması məsələləri daim diqqət mərkəzində olmalıdır ki, Azərbaycan vətəndaşları 2010-cu ildə öz yaşayış səviyyəsini artıra bilsinlər".

Bilindiyi kimi, aztəminatlı ailələrin sosial müdafiəsini təmin edən ünvanlı sosial yardımın hesablanmasında tətbiq edilən ehtiyac meyarının məbləği 60 manata çatdırılmışdır. Cari ilin ilk rübünün yekunları göstərir ki, hazırda 165 min 730 ailəyə ünvanlı dövlət sosial yardımı verilir və hər ailəyə ödənilən yardımın orta aylıq məbləği 115 manatdır. Cari ilin sonuna 145 min ailənin yardım alacağı proqnozlaşdırılır. Əhalinin sosial təminatının gücləndirilməsi istiqamətində atılan ən mühüm addımlardan biri də Prezident İlham Əliyevin təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planıdır. Artıq bu plana əsasən, "Azərbaycan Respublikasında aztəminatlı ailələrin sosial reabilitasiyası üzrə Dövlət Proqramı"nın layihəsinin hazırlanması prosesinə başlanılmışdır. Qeyd edilənlər bir daha ölkə vətəndaşlarının sosial durumunun daim yaxşılaşdırılmasının dövlət üçün prioritet əhəmiyyət kəsb etdiyini bariz şəkildə nümayiş etdirir.

Azərbaycanın bugünkü iqtisadi inkişaf mənzərəsi belə bir uğurlu nəticəni də gözlər önünə sərgiləyir ki, ölkəmizdə iqtisadiyyatın ənənəvi sahələrindən sayılan neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sektoru, o cümlədən kənd təsərrüfatı, sahibkarlıq, müasir dövrün əsas tələblərindən olan informasiya-kommunikasiya texnologiyaları sferası da böyük sürətlə inkişaf etməkdədir. Bunun nəticəsidir ki, Dünya İqtisadi Forumu tərəfindən bu günlərdə açıqlanan "Qlobal İnformasiya Texnologiyası Hesabatı 2009-2010" adlı sənəddə informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunan inkişaf göstəriciləri baxımından Azərbaycan MDB məkanı üzrə birinci yerə çıxmışdır. Belə yüksək nəticəyə gətirib çıxaran əsas amil ölkəmizdə qeyd olunan sektorun tərəqqisini təmin edən əlverişli mühitin formalaşdırılmasıdır. Hesabatda əsas metodoloji vasitə kimi şəbəkə hazırlığı indeksi götürülmüş və yekun nəticədə Azərbaycan şəbəkə hazırlığı indeksinə görə 64-cü yeri tutmuşdur ki, bu da MDB məkanında ən yüksək göstəricidir.

Sənaye, kənd təsərrüfatı, bank sektoru, yeni elektrik stansiyalarının istismara verilməsi və digər bu kimi sahələr üzrə əldə olunan nailiyyətlər bir daha Azərbaycanın öz uğurlu iqtisadi inkişafını təmin edə bildiyini əyani şəkildə göstərir. Lakin ötən dövr Azərbaycan üçün təkcə sürətli sosial-iqtisadi inkişafla xarakterik olmamış, digər mühüm sferalar üzrə də böyük nailiyyətlər əldə olunmuşdur. Məsələn, xarici siyasətdə Azərbaycanın mövqeləri daha da güclənmiş və bu xüsusda Prezident İlham Əliyevin çoxsaylı xarici səfərləri, həmçinin Azərbaycanda müxtəlif xarici dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlər müstəsna rol oynamış, ölkəmizin dünya miqyasında mövqeyinin daha da güclənməsinə təkan vermişdir. Təsadüfi deyil ki, indi Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır.

Beləliklə, cari ilin ilk rübünün də Azərbaycan tarixinə daha çox uğur gətirən prizmadan yazıldığı aydın görünür və bu, qarşıdakı dövr ərzində yeni nailiyyətlərin əldə edilməsində yaradılmış bazanın daha da gücləndiyindən xəbər verir. Artıq beynəlxalq hüququn daha güclü mövqeyə malik müstəqil subyekti kimi çıxış edən Azərbaycan bundan sonra da inkişaf göstəricilərinə görə nümunəvi dövlət qismində çıxış edəcək.

 

 

Fərhad QƏRİBOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2010.-  21 aprel.- S.  5.