Dağ rayonu bağlar diyarına çevrilir

 

 Naxçıvan Muxtar Respublikasının təbiətindən söz düşəndə Batabat yaylağının adı birinci çəkilir. Adı dillər əzbəri olan, şəninə mahnılar qoşulan yaylaq dəniz səviyyəsindən təxminən 2200-2300 metr hündürlükdə yerləşir. Uca və əlçatmaz dağlar, qayalarla əhatə olunub. Bu dağların adları da maraqlıdır: Qonaqgörməz, Səbətkeçməz, Bədəldağ...

3 min hektardan artıq ərazini əhatə edən Batabat güllü-çiçəkli çəmənlikləri, "üzən ada" adlı möcüzəli gölü, Zorbulaq, Durnabulaq, Uzunbulaq kimi diş göynədən bulaqları, "Narzan"dan geri qalmayan mineral suyu ilə seçilir. Yaylaq eyni zamanda yaşıl ormanları, təbii meşəlikləri ilə də məşhurdur. Palıd, vələs, ardıc, ağcaqayın, yemişan, yabanı alma, alça, daş armud, acı badam və s. ağaclarla zəngin olan ərazidə min bir dərdin dərmanı təbii dərman bitkiləri də az deyil. Biçənək meşəsi isə təbiət abidəsi kimi dövlət qeydiyyatına alınıb.

Mütəxəssislərin fikrincə, Batabatın iqlim şəraiti ürək, qan-damar və sinir sistemi, ağ ciyər xəstəliklərinin müalicəsində əvəzsizdir. Bu mənada yaylaq sanatoriya-turizminin inkişafı üçün geniş imkanlara malikdir. Hazırda bu istiqamətdə bir sıra vacib infrastruktur tədbirləri həyata keçirilir. Bir vaxtlar gözdən uzaq, könüldən iraq düşən Gömür, Biçənək, Yuxarı Qışlaq, Kolanı və Aşağı Qışlaq kəndlərində canlanma, yeni əhval-ruhiyyə duyulur.

Ümumiyyətlə, son illər dağ və sərhəd rayonu olan Şahbuzda yaşıllaşdırma və abadlığa xüsusi diqqət verilir. Elə ki, Heydər Əliyev Su Anbarı istiqamətindən rayon ərazisinə daxil olursan, yol boyunca salınan yaşıllıq zolaqları göz oxşayır. Bir çox yerlərdə tinglər təpələrin, yamacların döşlərinə əkilib, onların suvarılması üçün xüsusi su xətləri çəkilib. RİH başçısı Nurəddin Quliyev deyir ki, təkcə ötən il 54 hektarda yeni meyvə bağı salınıb. Götürək Qarababa kəndi yaxınlığında "Şamlar" adlı massivdəki 15 hektarlıq bağı. Bağa aqrotexniki qaydada qulluq olunduğundan əkilən ağacların hamısı tutub. "İşgəsu" massivindəki bağ isə Naxçıvan-Batabat magistral yolu ətrafında salınıb. Son iki il ərzində bu yaşıllıq zolağının ərazisi 35 hektara çatdırılıb. Halbuku əvvəllər bu yerlərdə yaşıllıqdan əsər-əlamət yox idi. Daylaqlı kəndindəki 25 hektarlıq meyvə bağı da son illər salınıb. Ötən il bağdan nübar meyvə dərilib.

 Yaşıllaşdırma rayon mərkəzində də aparılır. Son 5 il ərzində burada 20 hektardan artıq bağ salınıb. Onun 11,5 hektarı ərik və badam ağaclarıdır. 3 hektara yaxın ərazidə isə cövüz bağı becərilir. Ahıllar evinin qarşısındakı böyük meyvə sahəsi də son illər bu istiqamətdə görülən işlərin nəticəsidir.

Onu da qeyd edək ki, Şahbuzda sovet dönəmində meyvəçiliyə bir o qədər diqqət verilməmişdir. Bu da əsasən su mənbələrinin azlığı ilə əlaqələndirilirdi. Əhalinin meyvəyə tələbatı isə əsasən fərdi təsərrüfatların hesabına ödənilirdi.

İndi bu dağ rayonunda tamam başqa mənzərədir. Meyvə bağları öz yerində, həmişəyaşıl gül və dekorativ ağaclar rayon ərazisini tanınmaz edib. Yaşıllaşdırma tədbirləri "Ekologiya ili"ndə də böyük həvəslə davam etdirilir. "İşgəsu" massivində, Naxçıvan-Batabat yolunun ətrafında, Daylaqlı və Sələsüz kəndlərində yeni yaşıllıq zolaqları salınır. Hələlik 15,4 hektar sahədə meyvə bağları salınıb. İl ərzində daha 50 hektar sahədə yaşıllaşdırma tədbirlərinin aparılması nəzərdə tutulub. Bunun üçün hər həftənin şənbə və bazar günləri keçirilən iməciliklərdə şahbuzlular mütəşəkkilliklə iştirak edirlər.

 

 

Məmməd MƏMMƏDOV

 

Azərbaycan.- 2010.-  21 aprel.- S.  7.