Bakıda İsrailin Müstəqillik Günü
qeyd edilmişdir
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında İsrail Dövlətinin yaradılmasının 62-ci ildönümü münasibətilə bayram konserti olmuşdur.
Konsertdən əvvəl İsrail Dövlətinin Azərbaycandakı səfiri Mixael Lavon-Lotem çıxış edərək öz ölkəsinin müstəqilliyə doğru çətin yolunda qarşılaşdığı təhdidlər və problemlər barədə danışmışdır.
Diplomat qeyd etmişdir ki, İsrail ilə Azərbaycan arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir. Səfir Azərbaycanda yaşayan bütün xalqlar üçün bu ölkədə yaradılmış şəraitə və yüksək səviyyəli tolerantlığa görə təşəkkürünü bildirmişdir.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov İsrail xalqını Müstəqillik Günü münasibətilə təbrik etmişdir. O qeyd etmişdir ki, İsrail ilə Azərbaycan arasında həmişə sıx əlaqə olmuşdur. Nazir ikitərəfli münasibətlərin möhkəmlənməsində iqtisadi əlaqələrin rolunu xüsusi vurğulamışdır.
Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Motsartın, Ştrausun, Verdinin, habelə Azərbaycanın bəstəkarlarının əsərlərindən parçalar səslənmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 21
aprel.- S. 6.