Rafiq Salmanovun
60 illik yubileyi qeyd edilmişdir
Aprelin 20-də R.Behbudov
adına Dövlət
Mahnı Teatrında Azərbaycan Jurnalistlər
Birliyinin üzvü,
YUNİSEF və "Qızıl
qələm" mükafatları
laureatı, "Xalq qəzeti"nin əməkdaşı
Rafiq Salmanovun anadan olmasının 60 illik yubileyinə və "Mənim könlüm deyir ki..." kitabının təqdimatına həsr olunmuş tədbir keçirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilmiş tədbirdə Rafiq Salmanovun 60 illik ömür yolundan, həyat və yaradıcılığından geniş söhbət açılmışdır.
Tədbirdə Milli
Konservatoriyanın rektoru, xalq artisti Səyavuş Kərimi, Mədəniyyət
və Turizm Nazirliyinin sektor müdiri Lətifə Məmmədova,
"Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov,
BDU-nun dosenti Əli Eyvazov və başqaları
çıxış edərək bildirmişlər ki,
R.Salmanov hələ gənclik illərindən ədəbiyyata,
musiqiyə, incəsənətin digər sahələrinə
bələdçilik və məhəbbət ruhunda köklənmişdir.
Söz və foto sənətinə
bağlılığı isə onun həyat yolunu mətbuata
yönəltmişdir. "Azərbaycan pioneri" və
"Vışka" qəzetlərində, "Azərbaycan
qadını" jurnalında fotomüxbir işləmiş
Rafiq Salmanov 1991-ci ildən həyatını respublikanın
öncül nəşrlərindən olan "Xalq qəzeti"nə
bağlamışdır.
R.Salmanovun 60 illik həyatının
bir növ hesabatı sayılan "Mənim könlüm deyir
ki..." kitabında onun ayrı-ayrı vaxtlarda muğam
ustaları, xalq və bəstəkar mahnılarının
gözəl ifaçıları olan 80-dən çox sənətkar
haqqında qələmə aldığı məqalə,
müsahibə və oçerklər toplanmışdır.
Bildirilmişdir ki, müəllifin
"Səni məndən soruşsalar", "El sevsə sənətkarı"
kitablarından sonra sayca üçüncü olan bu nəşrdə
həm də müasirlərinin onun haqqında
düşüncələri dərc olunmuşdur.
Vurğulanmışdır
ki, "MBM-R" nəşriyyatında yüksək poliqrafik
üslubda işıq üzü görmüş 546 səhifəlik
kitaba Azərbaycanın musiqi həyatını əks etdirən
bir sıra nadir şəkillər də daxil edilmişdir.
Tədbirdə yubilyara Mədəniyyət
və Turizm Nazirliyinin Fəxri fərmanı təqdim
edilmişdir.
Gecədə gənc
ifaçılar geniş konsert proqramı ilə
çıxış etmişlər.
AzərTAc
Azərbaycan.- 2010.- 21
aprel.- S. 6.