Xüsusi iqtisadi zonanın operatorunun seçilməsi üzrə müsabiqənin keçirilməsi Qaydaları

 

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 20 aprel tarixli fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun hazırlanmış və xüsusi iqtisadi zonanın operatorunun seçilməsi üzrə müsabiqənin keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Müsabiqənin təşkilinin məqsədi xüsusi iqtisadi zonanın idarə olunması və inkişaf etdirilməsinə cavabdehlik daşıyan, bu sahədə böyük təcrübəyə malik olan şirkətin seçilməsindən ibarətdir.

1.3. Müsabiqənin predmetini müsabiqənin qalibi ilə xüsusi iqtisadi zonanın idarə olunması və inkişaf etdirilməsi ilə bağlı idarəetmə sazişinin bağlanması təşkil edir.

1.4. Müsabiqənin təşkilatçısı qismində xüsusi iqtisadi zonanın yaradılması və fəaliyyəti sahəsində səlahiyyətli orqan Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi (bundan sonra - səlahiyyətli orqan) çıxış edir. Müsabiqənin keçirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti müsabiqə komissiyasını (bundan sonra - komissiya) təşkil edir. Komissiya hər bir müsabiqə üçün ayrıca yaradılır və səlahiyyətli orqanla müsabiqənin qalibi arasında idarəetmə sazişi bağlananadək fəaliyyət göstərir.

1.5. Komissiyanın tərkibi səlahiyyətli orqanın və yaradılması nəzərdə tutulan xüsusi iqtisadi zonanın təyinatından asılı olaraq aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət olmaqla təşkil olunur. Komissiya üzvlərinin ümumi sayı təkrəqəmli olmaq şərti ilə 5 nəfərdən az olmamalıdır. Komissiyanın sədri və katibi komissiya yaradılarkən səlahiyyətli orqanın nümayəndələrindən təyin olunur.

1.6. Müsabiqənin elan edilməsi ilə başlayan və qalibi ilə səlahiyyətli orqan arasında idarəetmə sazişinin imzalanması ilə başa çatan müsabiqə prosesi 60 gündən artıq davam etməməlidir.

 

2. Müsabiqənin təşkili

 

2.1. Müsabiqənin şərtləri səlahiyyətli orqan tərəfindən hazırlanır və elan olunduqdan sonra dəyişdirilə bilməz. Müsabiqənin keçirilməsinə 30 gün qalmış səlahiyyətli orqan öz rəsmi internet saytında, rəsmi dövlət kütləvi informasiya vasitələrində və xarici kütləvi informasiya vasitələrində müsabiqənin keçirilməsi vaxtını, yerini, müsabiqədə iştirak etmək istəyən hüquqi şəxslər tərəfindən müsabiqə sənədləri toplusunun alınması qaydasını, yerini və vaxtını, təkliflərin qiymətləndirmə meyarlarını, habelə müsabiqənin əsas şərtlərini, o cümlədən müsabiqənin qalibi ilə idarəetmə sazişinin bağlanma müddətini elan edir. Səlahiyyətli orqan elan verməklə yanaşı, müsabiqədə iştirak üçün fərdi dəvət də göndərə bilər.

2.2. Müsabiqədə mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq hər hansı xüsusi iqtisadi zonanın idarə olunması və inkişaf etdirilməsi sahəsində ən azı bir il təcrübəyə malik hüquqi şəxslər (bundan sonra - iştirakçılar) iştirak edə bilərlər.

2.3. Müsabiqədə iştirak etmək istəyənlər müsabiqənin şərtləri əks olunmuş sənədlər toplusunun əldə edilməsi üçün səlahiyyətli orqana ərizə ilə müraciət etməli, müsabiqə təklifləri formasını doldurmalı, təsdiq etməli və özləri haqqında məlumatla birlikdə səlahiyyətli orqana təqdim etməlidirlər.

2.4. Müsabiqə sənədləri toplusuna aşağıdakılar daxildir:

2.4.1. xüsusi iqtisadi zona haqqında məlumat;

2.4.2. xüsusi iqtisadi zonanın idarə olunması və inkişaf etdirilməsinə dair tələblər;

2.4.3. iştirakçılar haqqında məlumat formasının nümunəsi;

2.4.4. müsabiqə təklifləri formasının nümunəsi;

2.4.5 müsabiqədə iştirakçıların imkanlarının qiymətləndirilmə formasının nümunəsi;

2.4.6. idarəetmə sazişinin nümunəsi;

2.4.7. səlahiyyətli orqana müsabiqə təkliflərinin təqdim edilməsi üçün zərflər.

2.5. İştirakçı müsabiqə təkliflərinin formasını və özü haqqında məlumatı komissiya üzvlərinin sayına uyğun nüsxələrdə səlahiyyətli orqana təqdim etməlidir. Müsabiqə təkliflərinin forması və iştirakçı haqqında məlumat ayrı-ayrılıqda iki zərfə qoyulur, möhürlənir və onlar bir böyük zərfə yerləşdirilərək möhürlənir. İştirakçılar tərəfindən təqdim edilən zərflərin eyni olması üçün zərflərin dəqiq ölçüləri barədə məlumat müsabiqə iştirakçılarına əvvəlcədən bildirilir. İştirakçı haqqında məlumatlar müsabiqə təkliflərinə daxil edilə bilməz. Böyük zərfdə və ona yerləşdirilən hər iki zərfdə fərqləndirici nişanlar, qeydlər və iştirakçı haqqında məlumatlar olmamalıdır.

2.6. Təkliflərin təqdim edilməsi üçün müsabiqənin keçirilməsi haqqında elanda müəyyən olunmuş müddətdən gec daxil olan təkliflərə baxılmır, müsabiqə sənədlərinin rəsmiləşdirilməsi qaydalarını pozmuş iddiaçılar isə müsabiqədə iştirak etməyə buraxılmırlar. Müəyyən olunmuş müddətdə və müsabiqə sənədlərinin rəsmiləşdirilməsi qaydalarına uyğun təqdim olunmuş təkliflər səlahiyyətli orqan tərəfindən hər hansı istisnaya yol verilmədən qəbul edilməlidir.

2.7. İştirakçının müsabiqə təklifi səlahiyyətli orqan tərəfindən mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alındıqdan sonra ona hər hansı bir əlavə və ya dəyişiklik edilə bilməz.

2.8. İştirakçılar tərəfindən təqdim edilən müsabiqəyə aid məlumatlar komissiya tərəfindən konfidensial saxlanılmalıdır.

2.9. Komissiya tərəfindən zərflərin açılması, müsabiqə təkliflərinə baxılması, onların qiymətləndirilməsi, habelə müsabiqə qalibinin müəyyənləşdirilməsi müsabiqə iştirakçılarının və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə açıq şəkildə həyata keçirilir.

2.10. Müsabiqədə iştirak etmək niyyətində olan iştirakçı müsabiqə təkliflərini təqdim etməmişdən əvvəl müsabiqə sənədləri toplusunda nəzərdə tutulmuş hər hansı bir məsələnin aydınlaşdırılması ilə bağlı müsabiqənin keçirilməsinə ən azı 15 gün qalmış səlahiyyətli orqana müraciət edə bilər. Səlahiyyətli orqan həmin müraciətləri 7 gün ərzində cavablandırmalıdır.

 

3. Müsabiqə təkliflərinin qiymətləndirilməsi və qalibin müəyyənləşdirilməsi

 

3.1. Zərflərin açılması, iştirakçıların müsabiqə təkliflərinə baxılması, təkliflərin qiymətləndirilməsi, həmçinin qalibin müəyyənləşdirilməsi komissiya tərəfindən həyata keçirilir.

3.2. İçərisində müsabiqə təkliflərinin olduğu zərfin, habelə iştirakçı haqqında məlumatın olduğu zərfin möhürləndiyi böyük zərflər şəffaf olmayan qutuda olmalıdır.

3.3. Komissiyanın sədri qutuda olan böyük zərflərdən hər hansı birini çıxarıb, onun yuxarı sağ küncündə iri hərflərlə birinci sıra nömrəsini qoyur.

3.4. Bundan sonra sədr böyük zərfi açaraq müsabiqə təkliflərinin olduğu zərfə, habelə müsabiqə iştirakçısı haqqında məlumatların olduğu zərfə birinci sıra nömrəsini qoyur.

3.5. Sonra sədr müsabiqə təkliflərinin olduğu zərfi açır, təkliflərin hər bir nüsxəsində birinci sıra nömrəsini qoyur və onları komissiyanın hər bir üzvünə paylayır. İştirakçı haqqında məlumatın olduğu zərf böyük zərfdə açılmamış saxlanılır.

3.6. Müsabiqə təkliflərinin nüsxələrinə komissiyanın üzvləri tərəfindən baxılır. Onlar müsabiqə təkliflərinin hər bir bəndini qiymətləndirərkən müəyyən edilmiş meyarları rəhbər tuturlar.

3.7. Müsabiqə təklifləri baxıldıqdan və qiymətləndirildikdən sonra 1 nömrəli böyük zərfə qoyulması üçün komissiyanın katibinə təhvil verilir.

3.8. Müsabiqə təkliflərinin olduğu zərflərə baxılması proseduru eyni qaydada müsabiqənin digər iştirakçıları üçün tətbiq edilməlidir.

3.9. Müsabiqə təkliflərinin olduğu bütün zərflərə baxıldıqdan və onlar müvafiq qaydada qiymətləndirildikdən sonra komissiya üzvləri tərəfindən bütün iştirakçılara dair qiymətləndirmə nəticələrini özündə əks etdirən xüsusi forma imzalanmaqla təsdiqlənir və katibə təqdim edilir.

3.10. Komissiyanın üzvləri tərəfindən təsdiqlənmiş formaya əsasən iştirakçının yekun balları eyni sıra nömrəsi ilə hesablanır və hər bir iştirakçının yekun balı müəyyən edilərək komissiyanın katibi tərəfindən protokolda qeydiyyata alınır.

3.11. Ümumi yekun balların nəticələrinə əsasən komissiyanın katibi ən yüksək yekun bal toplamış iştirakçının sıra nömrəsini elan edir.

3.12. Komissiyanın sədri müsabiqə qalibinin elan olunmuş sıra nömrəsinə uyğun olaraq, nömrəsi qalibin nömrəsinə uyğun olan böyük zərfi götürür, iştirakçı haqqında məlumatın olduğu zərfi çıxararaq onu açır və tanış olmaq üçün komissiyanın üzvlərinə paylayır.

3.13. Komissiya üzvləri iştirakçı haqqında məlumatlarla tanış olduqdan sonra müsabiqənin qalibi haqqında məlumatlar sədr tərəfindən elan edilir və protokollaşdırılır.

3.14. İki və daha artıq iştirakçı eyni miqdarda yekun bal topladıqda, komissiya xüsusi iqtisadi zonaların idarə olunması və inkişaf etdirilməsi sahəsində daha böyük təcrübəyə malik iştirakçını müsabiqənin qalibi elan edir. Qeyd olunan göstərici də bərabər olduğu təqdirdə, müsabiqənin qalibi ən çox bal toplamış şirkətlər arasında püşkatma yolu ilə müəyyən edilir.

3.15. Müsabiqənin qalibinin müəyyən olunması üzrə komissiyanın iclasının nəticələri protokolla rəsmiləşdirilir. Protokol komissiya üzvləri tərəfindən imzalanır və sədr tərəfindən təsdiq edilir.

3.16. Komissiyanın protokolu əsasında səlahiyyətli orqan və müsabiqənin qalibi arasında 10 iş günü müddətində idarəetmə sazişi imzalanır.

3.17. Tərəflərdən birinin sazişin bağlanılmasından boyun qaçırmasının və ya müsabiqənin keçirilməsi qaydalarının pozulmasının nəticələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

3.18. İştirakçının təqdim etdiyi müsabiqə təklifinə baxılması və onun təklifinin qiymətləndirilməsinin nəticəsi barədə yazılı cavab almaq hüququ vardır.

 

 

Azərbaycan.- 2010.-  21 aprel.- S.  6.