Azərbaycanın Avropa
Şurasına üzvlüyü onun Avropa dəyərlərinə
verdiyi yüksək önəmin nümunəsidir
Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlu aprelin 14-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür.
Oqtay Əsədov qonağı
AŞ PA-nın sədri seçilməsi münasibətilə təbrik etmiş, ona bu şərəfli işində uğurlar arzulamışdır.
Milli Məclisin Sədri demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası ilə sıx əməkdaşlıq edir. Avropa Şurasına üzv olduqdan sonra ölkəmizdə Avropa dəyərlərinin mənimsənilməsi, demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması, qanunvericilik bazasının təkmilləşdirilməsi və digər sahələrdə çox böyük işlər görülmüş, müsbət nəticələr əldə edilmişdir. Biz inanırıq ki, türk vətəndaşının belə bir nüfuzlu beynəlxalq təşkilata rəhbər seçilməsi əlaqələrimizin daha da genişlənməsinə təkan verəcəkdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Oqtay Əsədov demişdir ki, BMT Təhlükəsizlik Şurası, Avropa Şurası, münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT bu problemlə bağlı çox mühüm qətnamə və qərarlar qəbul etmişdir. Lakin təəssüflər olsun ki, təcavüzkar Ermənistan beynəlxalq birliyə meydan oxumaqda davam edir və həmin qətnamələri yerinə yetirməkdən boyun qaçırır.
Milli Məclisin Sədri Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də mühüm addımlar atacağına ümidvar olduğunu bildirmişdir.
M.Çavuşoğlu AŞ PA-nın sədri seçildikdən sonra ilk təbriklərini qardaş Azərbaycan Prezidentindən, Milli Məclis Sədrindən və buradakı dostlarından almasından qürur duyduğunu vurğulamış və buna görə minnətdarlıq etmişdir.
O demişdir ki, Azərbaycanın Avropa Şurasına üzv olması bu ölkənin Avropa dəyərlərinə verdiyi böyük önəmdən irəli gəlir. Avropa Şurası bunu yüksək qiymətləndirir və o, əməkdaşlığımızın daha da genişlənməsi üçün əlindən gələni edəcəkdir.
M.Çavuşoğlu demişdir ki, təşkilata rəhbərliyi dövründə ikili standartların ləğvinə çalışacaqdır.
AŞ PA sədri
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
də mühüm işlər görüləcəyinə və
önəmli nəticələrin əldə
olunacağına ümidvar olduğunu bildirmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 15
aprel.- S. 5.