Moskvada MDB Müdafiə
Nazirləri Şurasının
iclası keçirilmişdir
Moskvada Rusiyanın müdafiə naziri Anatoli Serdyukovun sədrliyi ilə MDB Müdafiə Nazirləri Şurasının 58-ci iclası keçirilmişdir. İclasda Azərbaycanın müdafiə naziri Səfər Əbiyev, habelə MDB-nin 10 ölkəsinin müdafiə nazirləri, yaxud müdafiə nazirlərinin müavinləri iştirak etmişlər.
İclası açan A.Serdyukov bildirmişdir ki, Müdafiə Nazirləri Şurası təhlükəsizliyin təmin edilməsi üçün səmərəli vasitə olaraq qalır. Çünki yeni hərbi münaqişələrin yaranması təhlükəsi, Birlik dövlətlərinin milli təhlükəsizliyi üçün təhdidlər hələ də mövcuddur. Serdyukov vurğulamışdır ki, ölkələrimizin gələcək əməkdaşlıq perspektivləri və ümumi təhlükəsizlik müqavilələrinin yerinə yetirilməsindən asılıdır.
MDB ölkələrinin müdafiə nazirləri Böyük Vətən müharibəsində Qələbənin 65 illiyinin qeyd olunması ilə əlaqədar tədbirlər planı ilə bağlı kompleks məsələləri müzakirə etmiş, müharibə veteranlarına və dost orduların hərbçilərinə müraciət qəbul etmişlər. Bundan əlavə, Böyük Vətən müharibəsində MDB ölkələri xalqlarının qəhrəmanlığı və şücaətinin əbədiləşdirilməsi haqqında saziş layihəsi təsdiq edilmişdir. Nazirlər Müharibə Veteranları İlinin elan olunmasına dair tədbirləri razılaşdırmış və 2015-ci ilədək hərbi-memorial sahədə birgə perspektiv planını təsdiq etmişlər. Bundan əlavə, müdafiə nazirləri birgə rabitə və avtomatlaşdırılma sistemlərinin yaradılmasına dair hərbi-texniki əməkdaşlığın öncül istiqamətlərini razılaşdırmış, "Parol" vahid dövlət radiolakasiya tanıma sisteminin inkişaf perspektivlərini müəyyən etmişlər. MDB ölkələrinin birləşmiş hava hücumundan müdafiə sisteminin inkişafına vəsait ayrılması və istifadə olunması məsələləri müzakirə olunmuşdur.
Şuranın üzvləri çoxşaxəli hərbi əməkdaşlığın hüquqi təminatının təkmilləşdirilməsi perspektivləri, hərbi-elmi işlərin beynəlxalq müsabiqələrinin təşkili və keçirilməsi məsələlərini müzakirə etmiş, MDB ölkələri silahlı qüvvələrində fiziki hazırlığa dair model tövsiyələri təsdiq etmişlər.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2010.- 15 aprel.- S. 5.