Azərbaycan Xüsusi Tibb Xidmətinin
nümayəndə heyəti Ankarada səfərdə
olmuşdur
Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin rəisi akademik Cəmil Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Ankarada səfərdə olmuşdur.
Cəmil Əliyev və onu müşayiət edən şəxslər Ankara Universitetinin rektoru Camal Taluğla görüşmüşlər.
Camal Taluğ Türkiyə Cümhuriyyətinin ilk ali təhsil ocağının fəaliyyəti haqqında qonaqlara geniş məlumat vermişdir. Rektor bildirmişdir ki, Ankara Universitetinin 3 min çarpayılıq xəstəxanalarında 500-ə yaxın həkim işləyir. Burada dünyada tanınmış olan professorlar vardır, tibbin müxtəlif sahələri üzrə elmi tədqiqatlar aparılır.
Akademik Cəmil Əliyev son illər Azərbaycanda səhiyyə sahəsində görülmüş işlərdən bəhs etmiş, bildirmişdir ki, Prezident İlham Əliyev tibb müəssisələrinin ən müasir avadanlıqla təchiz edilməsinə böyük diqqət yetirir. Eyni zamanda, bu texnologiyalarla işləyəcək yüksək ixtisaslı kadrlara ehtiyac vardır. Bu baxımdan Bakıda yaradılacaq tədris mərkəzinin Ankara Universiteti ilə əməkdaşlığı faydalı olar. Ankaradan mütəxəssislərin Bakıya dəvət olunması üçün də xüsusi proqram tərtib olunmalıdır.
Görüşün sonunda Cəmil Əliyev Ankara Universitetinin rektoruna Heydər Əliyev Fondunun nəşr etdirdiyi "Qarabağ: həqiqətlər, faktlar" kitabını təqdim etmişdir.
Camal Taluğ da Cəmil Əliyevə universitetin xatirə hədiyyəsini təqdim etmişdir.
Görüşdən sonra nümayəndə heyətimiz Ankara Universitetinin tibb fakültəsində olmuşdur. Fakültənin dekanı, professor İlkər Ötkən burada fəaliyyət göstərən iki xəstəxana haqqında ətraflı məlumat vermişdir. Müasir tibb avadanlıqları ilə təchiz olunmuş xəstəxanalarda 52 cərrahiyyə otağı, geniş laboratoriyalar vardır.
Ankara Universitetinin İbn-Sina xəstəxanasının toplantı salonunda Cəmil Əliyevin Türkiyə universitetlərinin tibb fakültələrində təhsil alan azərbaycanlı tələbələrlə görüşü keçirilmişdir.
Tələbələr qarşısında çıxış edən Cəmil Əliyev bidlrmişdir ki, Azərbaycanda böyük quruculuq işləri aparılır. Səhiyyə sahəsində də mühüm işlər görülür. Heydər Əliyev prospektində böyük sağlamlıq mərkəzi, Uşaq Onkoloji Mərkəzi və digər tibb ocaqları inşa edilir. Bu müəssisələrdə işləyəcək yüksək ixtisaslı həkimlərə ehtiyac vardır. Xəstəxanaların kadr potensialını gücləndirmək üçün Türkiyə universitetlərində təhsil alan tələbələrə böyük ehtiyac duyulur.
Cəmil Əliyev tələbələrin suallarını cavablandırmış, onların problemləri ilə maraqlanmışdır.
Nümayəndə heyətimiz Türkiyə Ali Təhsil Şurasının sədri Yusif Ziya Özcanla da görüşmüşdür. Görüşdə akademik Cəmil Əliyev azərbaycanlı tələbələrə yaradılmış şəraitə görə təşəkkürünü bildirmiş, ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən tədbirlərdən bəhs etmişdir.
Cəmil Əliyevin Yusif Ziya Özcan və şuranın Təftiş Komissiyasının sədri, professor Mustafa Solak ilə görüşlərində Türkiyənin təcrübəsinə əsaslanaraq Bakıdakı Mərkəzi Kliniki Xəstəxananın bazasında genetik laboratoriya yaradılması məsələsi ətrafında fikir mübadiləsi aparılmışdır. Bu laboratoriyanın fəaliyyətə başlaması nəticəsində ailə sağlamlığının təmin edilməsi məqsədilə, xüsusilə yaxın qohumlarla nikahlarda müşahidə olunan Daun sindromu, Fenilketon üzi və hemofiliya kimi xəstəliklərin qarşısını 3 mərhələdə - evlilik ərəfəsində, hamiləlik dövründə və yeni doğulan uşaqlarda qan analizləri vasitəsilə almaq mümkün olacaqdır. Türkiyəli mütəxəssislərin laboratoriyanın yaradılması üçün Azərbaycan Xüsusi Tibb Xidmətinə hər cür yardım göstərəcəyi vurğulanmışdır.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi
müxbiri
Ankara
Azərbaycan.- 2010.- 15
aprel.- S. 5.