Avropa Şurası
Parlament Assambleyası
Dağlıq Qarabağ
münaqişəsinin həllində
fəallığını artıracaqdır
Ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlu aprelin 14-də Milli Məclisin bu təşkilatdakı nümayəndə heyətinin üzvləri ilə görüşmüşdür.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropanın 47 ölkəsini əhatə edən mötəbər bir beynəlxalq təşkilatın rəhbəri olan Türkiyə vətəndaşını Azərbaycanda görməkdən məmnunluğunu ifadə etmişdir. O bildirmişdir ki, qardaş ölkənin nümayəndəsinin belə bir təşkilata rəhbərlik etməsindən bütün türk dünyası qürur duyur. Əminik ki, Türkiyə ilə Azərbaycanın AŞ PA-dakı əməkdaşlığı bundan sonra yeni mərhələyə qədəm qoyacaq və daha yaxşı nəticələr verəcəkdir.
M.Çavuşoğlunun AŞ PA-da obyektiv və ədalətli şəxs kimi tanındığını deyən S.Seyidov onun məhz bu yüksək keyfiyyətləri sayəsində belə məsul vəzifəyə seçildiyini xüsusi vurğulamışdır. Qeyd etmişdir ki, Türkiyə vətəndaşının AŞ PA-ya sədrlik etməsi Azərbaycanın hüquqlarının bu beynəlxalq təşkilatda daha yaxşı qorunacağına, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımızın pozulan haqlarının və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına böyük ümidlər yaradır.
Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, AŞ PA-dakı nümayəndə heyətinin üzvü Əli Hüseynov, nümayəndə heyətinin üzvləri Gültəkin Hacıbəyli, Qənirə Paşayeva, Sabir Hacıyev çıxış edərək AŞ PA-nın yeni sədrinin Türkiyə vətəndaşı seçilməsini qardaş ölkədə gedən demokratikləşmə prosesinə verilən qiymətin təzahürü kimi dəyərləndirmiş, onun rəhbərliyi dövründə Avropa dəyərlərinin daha çox yayılmasına, əlaqələrimizin genişlənməsinə, Avropa Şurasının qərarlarının, o cümlədən 2005-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunmuş 1416 saylı qətnamənin həyata keçiriləcəyinə ümidvar olduqlarını bildirmişlər.
Mövlud Çavuşoğlu yenidən Azərbaycanda olmasından məmnunluğunu bildirmiş, təşkilata sədr seçilməsi zamanı göstərilən dəstəyə görə minnətdarlıq etmişdir.
AŞ PA-nın sədri kimi gələn ay Ermənistana, sonra isə Rusiyaya və Gürcüstana, eləcə də digər üzv dövlətlərə səfər edəcəyini vurğulayan M.Çavuşoğlu keçirəcəyi görüşlərdə, demokratikləşmə, insan haqları, eləcə də regional münaqişələrin, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli məsələlərini diqqət mərkəzində saxlayacağını bildirmişdir.
O demişdir: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ AŞ PA-nın sabiq sədri Terri Devis tərəfindən gündəmə gətirilmişdir. Ondan sonrakı sədr də bu məsələyə diqqət ayırmışdır. Biz də bu məsələni diqqət mərkəzində saxlayacağıq. AŞ PA-nın siyasi komitəsində Dağlıq Qarabağla əlaqədar alt komitənin fəaliyyəti məsələsi bu gün də aktuallığını saxlayır. Apreldə Ermənistan və Azərbaycan nümayəndə heyətləri rəhbərlərinin görüşü nəzərdə tutulmuşdur. Biz münaqişənin həlli istiqamətində səylərimizi davam etdirəcəyik və mən bir sədr kimi üzərimə düşən bütün vəzifələri yerinə yetirəcəyəm. Ümid edirəm ki, bu istiqamətdə önəmli addımlar atılacaqdır".
M.Çavuşoğlu onu da bildirmişdir ki, Avropa Şurasına üzv ölkələr təşkilatın qərar və qətnamələrinin yerinə yetirilməsi barədə öhdəlik götürmüşlər. Təşkilat onların bu qərarları yerinə yetirmələrinə, həmin ölkələrdə demokratiyanın inkişafına, insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunmasına və Avropaya inteqrasiya məsələlərinə kömək göstərəcəkdir.
Azərbaycan.- 2010.- 15 aprel.- S. 5.