TürkPA-nın ofisində AŞ PA sədri Mövlud Çavuşoğlu ilə görüş keçirilmişdir

 

Aprelin 14-də TürkPA-nın ofisində Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu ilə görüş keçirilmişdir. Qonağı salamlayan TürkPA-nın Baş katibi R.Həsənov təşkilatın yaranması, fəaliyyəti, beynəlxalq əlaqələri və AŞ PA-nın katibliyi ilə əməkdaşlığı barədə məlumat vermişdir. Həmçinin TürkPA-nın regionda fəaliyyət göstərən beynəlxalq təşkilat olaraq AŞ PA-nın uzunmüddətli təcrübələrinə ehtiyacı olduğunu, katibliyin strukturunun formalaşdırılması, illik plan və layihələrin hazırlanması istiqamətində gələcəkdə TürkPA katibliyi əməkdaşlarının AŞ PA katibliyinin ofisində təcrübə mübadiləsi proqramlarında iştirakı ilə bağlı fikir mübadiləsi aparılmışdır. Eyni zamanda TürkPA-nın beynəlxalq təşkilat olaraq AŞ PA-da müşahidəçi statusu ilə üzv olması üçün müraciət etmək niyyətində olduğu diqqətə çatdırılmışdır.

AŞ PA sədri Mövlud Çavuşoğlu TürkPA-nın qurulmasının bölgədə və beynəlxalq arenada əməkdaşlığın artması və üzv ölkələrin hərtərəfli əlaqələrinin inkişafı istiqamətində çox önəmli bir addım olduğunu qeyd etmişdir. TürkPA və AŞ PA arasındakı dialoq və əməkdaşlığın inkişafı üçün hərtərəfli dəstək verəcəyini qeyd edən AŞ PA sədri TürkPA-ya gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Görüşdə TürkPA baş katibinin müavini, Türkiyə və Qazaxıstan respublikalarının TürkPA-dakı səlahiyyətli nümayəndələri iştirak etmişlər.

 

 

Azərbaycan.- 2010.- 15 aprel.- S. 5.