Elmin və insanlığın zirvəsi

 

Görkəmli elm xadimləri

 

Azərbaycan tibb elmini dünya miqyasında tanıdan, ölkəmizin elm xəzinəsinə sanballı töhfələr verən, beynəlxalq miqyasda böyük nüfuz qazanan, məhsuldar və yorulmaz fəaliyyəti ilə tibb elminin, səhiyyənin dinamik inkişafına qayğısını əsirgəməyən, əbədiyaşar elm xadimlərindən biri də görkəmli oftalmoloq-alim SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatın laureatı, AEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əziz qızı Əliyeva olmuşdur.

Adı Azərbaycan Tibb Universitetinin dünya şöhrətli məzunu kimi tibb tarixi salnaməsinə böyük hərflərlə yazılan akademik Zərifə Əliyeva həm də vətənpərvər ziyalı, sülhsevər ictimai xadim, təvazökar xeyriyyəçi, həssas qəlbli ana, nəcib təbiətli insan kimi uzun illər ulu öndər Heydər Əliyevlə çiyin-çiyinə addımlayaraq ölkəmizin bütün sahələrinin həmahəng inkişafında yaxından iştirak etmiş, əsl vətəndaş kimi yaddaşlara əbədi həkk olunmuşdur.

Zərifə Əliyeva şərəfli və mənalı ömür yaşamışdır. O, elmin çətin yollarında inamla irəliləyərək akademiklik zirvəsinə - tibb elminin ən uca pillələrinə yüksəlmiş, çətin, məsuliyyətli, eyni zamanda, gərəkli, nümunəvi həyat yolu keçmişdir.

...1923-cü il aprel ayının 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, Azərbaycanın milli-mənəvi dəyərlərinin ən gözəl incilərini özündə qoruyub saxlayan alicənab bir ailədə - görkəmli dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açmışdır. Bir faktı da qeyd edək ki, 1918-ci ildə Əziz Əliyevin ailəsi də ermənilər tərəfindən İrəvandakı dədə-baba yurdlarından didərgin salınmış, ağır məhrumiyyətlərlə üzləşdikdən sonra, nəhayət, Şərur rayonunda məskunlaşmışdı. Zərifə xanımın atası Əziz Əliyevin 1917-1918-ci illərdə Sankt-Peterburqda Hərbi Tibb Akademiyasında aldığı ali təhsili ermənilər tərəfindən törədilən qırğınlara görə yarımçıq qalmışdı və o, akademiyanın birinci kursunu bitirdikdən sonra 1918-1923-cü illərdə 5 il ərzində Naxçıvanda, Cənubi Azərbaycanda (Ərəblər kəndində), Şərurda məcburi köçkün həyatı keçirmiş, lakin ruhdan düşməmiş, bilik və bacarığını səfərbər edərək həkim köməkçisi vəzifəsində çalışmışdır. Ara sakitləşdikdən sonra Naxçıvan Muxtar Respublikasının rəhbərliyi Əziz Əliyevin istedadını nəzərə alaraq, onun Bakıya getməsini, orada tibb təhsilini davam etdirməsini məsləhət görmüşdü. Elə həmin il Əziz Əliyevin ailəsi Bakıya köçmüş və o, təhsilini Bakı Universitetinin tibb fakültəsində davam etdirmişdir. Ona görə də Zərifə Əliyeva Şərur rayonunda anadan olsa da, onun həyatının sonrakı bütün mərhələləri Bakı ilə bağlı olmuşdur.

Zərifə Əliyeva 1942-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra atasının həkimlik sənətini davam etdirmək arzusunda olduğu üçün sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna vermiş və elə həmin il institutun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Onunla bir qrupda, eyni kursda oxuyan məzunların xatirələrində də qeyd edildiyi kimi, Zərifə Əliyeva fitri istedada, dərin zəkaya, geniş dünyagörüşünə, yüksək mədəni səviyyəyə malik təvazökar bir tələbə idi. O, tibbi fənlərlə yanaşı, digər fənləri də öyrənməyə eyni dərəcədə maraq göstərir, hərtərəfli biliyə malik həkim kimi formalaşırdı. Oxuduğu illərdə institutda keçirilən tələbə elmi toplantılarında məruzələrlə çıxışlar edir, alimlərlə maraqlı fikir mübadiləsi apara bilirdi. Müasirləri, həmyaşıdları onu həm də musiqi bilicisi kimi tanıyırdı, çünki Zərifə xanım hələ orta məktəbdə oxuyarkən paralel olaraq musiqi təhsili də almışdı və onun fortopianoda ifa etdiyi əsərlər qəlbləri oxşayırdı.

Görkəmli oftalmoloq-alim məzunu olduğu Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirdikdən sonra da təhsil ocağı ilə daim sıx əlaqə saxlamışdır. Bu il yaranmasının 80 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Tibb Universiteti məhz belə məzunları ilə fəxr edir. ATU-nun oftalmologiya kafedrasının əməkdaşları özlərini böyük alimin yetirmələri, onun yaratdığı elmi məktəbin davamçıları hesab edirlər. 1977-ci ildə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin universitetdə keçirilən 80 illik yubileyində Zərifə xanımın çıxışı kollektivin hər bir üzvünün qəlbində xoş xatirələrə çevrilmişdir. ATU-nun professor-müəllim heyəti, çoxminli tələbələri təhsil ocağının dünya şöhrətli məzunu Zərifə Əliyevanın xatirəsini həmişə əziz tutur. Bu təhsil ocağında onun xatirəsinə həsr olunmuş elmi-praktik konfranslar, yubiley gecələri keçirilir. ATU-nun foyesində akademikin həyat və fəaliyyətini əks etdirən zəngin foto-guşə də yaradılmışdır.

Zərifə xanım Əliyeva diplomaqədərki təhsili dövründə bütün varlığı ilə göz həkimliyinə - oftalmologiya elminə bağlanmışdı və həkimliyin bu çətin, eyni zamanda, maraqlı və məsuliyyətli sahəsi onun diqqətini daha çox cəlb edirdi. Ona görə də 1947-ci ildə institutu əla qiymətlərlə bitirdikdən sonra ixtisas seçməkdə çətinlik çəkməmiş, oftalmoloq ixtisasına yiyələnməyi qərara almışdı. Bununla yanaşı, ona aydın idi ki, dar ixtisas üzrə kamil mütəxəssis olmaq üçün institut təhsili kifayət etmir. Bu məqsədlə institutu bitirdikdən sonra Moskvada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda məşhur alimlərin iş təcrübəsi ilə tanış olmuş, praktiki vərdişlərə yiyələnmiş, oftalmologiya ixtisası üzrə kamil mütəxəssis kimi təkmilləşmə hazırlığı keçmiş, iki ildən sonra vətənə qayıdaraq, 1949-cu ildə Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlamışdır. Zərifə Əliyeva fəaliyyət göstərdiyi Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda aspiranturaya daxil olmuş, elmi axtarışları dövründə özünə rahat yollar seçmiş, xalqa həqiqi mənada xeyir verə biləcək ən çətin sahələrdə özünü sınamağa can atmış və buna nail ola bilmişdir.

İkinci dünya müharibəsinin təzəcə başa çatdığı illərdə keçmiş SSRİ-nin bir çox regionlarında olduğu kimi, Azərbaycanda da traxoma xəstəliyinin geniş yayılma təhlükəsi baş qaldırmışdı. Ona qarşı aparılan ara-sıra mübarizə tədbirləri o qədər də effektli təsir göstərmirdi. Xalqın sağlamlığının vacibliyini ön plana çəkən gənc alim ölkəni bürümüş yoluxucu göz xəstəliklərinin qarşısını almaq və həmin xəstəliklərin ləğvinə nail olmaq üçün yollar axtarırdı. Həmin dövrdə Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 400 milyona qədər insan traxoma xəstəliyinə tutulmuş, bunun nəticəsində 80 milyon insan kor olmuşdu. Çünki traxoma xəstəliyinin müalicəsinə zəmin yarada biləcək o qədər də güclü təsirə malik dərman preparatları hələ mövcud deyildi. İkinci dünya müharibəsindən yenicə çıxmış ölkənin iqtisadi-siyasi durumu da qənaətbəxş olmadığından ölkənin ümumi vəziyyətinin nikbin qiymətləndirilməsinə əsas verən stimul belə yox idi. Bu kimi problemlərlə üzləşən gənc tədqiqatçı ruhdan düşməyərək axtarışlarını davam etdirmiş, əsl vətəndaş mövqeyində dayanaraq, get-gedə ölkə daxilində yayılmaqda olan traxoma xəstəliyinin qarşısını almaq üçün diaqnostika, müalicə və profilaktika üsullarının kompleks şəkildə tətbiqi istiqamətində mühüm tədbirlər planı hazırlamış və həyata keçirməyə başlamışdır. Zərifə Əliyevanın başlıca məqsədlərindən biri də Azərbaycanda traxoma xəstəliyinin müalicə və profilaktikasını vaxtında və yetərincə həyata keçirməkdən, bu prosesin elmi istiqamətlərini müəyyənləşdirərək səhiyyə praktikasına tətbiqini reallaşdırmaqdan ibarət idi.

Ötən əsrin 30-40-cı illərində də Zərifə xanımın atası Əziz Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru olduğu dövrdə və ondan sonrakı illərdə xüsusi komissiya təşkil edərək Azərbaycanda tüğyan edən malyariya, traxoma, vərəm və s. kimi xəstəliklərə qarşı mübarizədə əsl fədakarlıq göstərmişdir. Sonralar XX əsrin 40-cı illərinin əvvəllərində Əziz Əliyev başqa vəzifədə olduğuna görə, bu sahə bir qədər zəifləmişdi. Lakin ötən əsrin 50-ci illərində Azərbaycan miqyasında epidemiya qorxusu olan traxoma xəstəliyinin diaqnostikası, müalicəsi və profilaktikası kompleks şəkildə Zərifə Əliyeva tərəfindən yerinə yetirilmişdir. Bu, Əziz Əliyevin başladığı xeyirxah işlərin davamı idi.

Görkəmli alim traxoma ilə əlaqədar ölkədəki real vəziyyəti əyani olaraq müşahidə etmək üçün rayonlara gedərək göz xəstəliklərinin regional lokallığını müəyyənləşdirir, xəstəliyin epidemioloji xüsusiyyətlərini araşdırır, xəstələrə məsləhətlərini verir, onun profilaktika və müalicəsi haqqında maarifləndirici söhbətlər keçirirdi. Z.Əliyeva traxomanın müalicəsində istifadə edilən mövcud kütləvi müalicə üsulları ilə yanaşı, o dövrün güclü antibiotiklərindən hesab edilən sintomisindən istifadə etməklə yeni müalicə üsulu tətbiq etmiş və uğurlu nəticələrə nail olmuşdur. Dəyərli elmi kəşflərdən sayılan bu üsulun kompleks profilaktik tədbirlərlə birlikdə praktik səhiyyədə geniş tətbiqindən sonra traxoma xəstəliyinin müalicəsində əsaslı dönüş yaranmış, xəstəliyin yayılmasının qarşısı alınmış və bu da tədricən həmin xəstəliyin ləğvinə gətirib çıxarmışdır. Beləliklə, Zərifə Əliyevanın fədakarlığı sayəsində yerinə yetirilən tibbi tədbirlər sayəsində minlərlə insanın dünya işığından məhrum olmasının, əmək qabiliyyətini itirmələrinin, çarəsizlikdən kütləvi depressiya vəziyyətinə düşmələrinin qarşısı alınmışdır. Yalnız bundan sonra Zərifə xanım dissertasiya müdafiə etməyə razılıq vermiş və 1959-cu ildə o, sərbəsd surətdə yerinə yetirdiyi elmi istiqamətlərin nəticələrinə əsasən "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusu üzrə doktorluq dissertasiyası işinə bərabər tutulan namizədlik dissertasiyası işini başa çatdırmış və müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

Zərifə Əliyeva apardığı tədqiqat işlərinin nəticələrinə görə daim elmi ictimaiyyətin diqqət mərkəzində olmuş və o, 1960-1967-ci illərdə Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışaraq oftalmologiya elminin bütün sahələrinin inkişafına yaxından kömək göstərmiş, bu istiqamətin tərəqqisinə dəyərli töhfələr vermişdir. Alimin xidmətləri yüksək qiymətləndirilmiş və SSRİ Ali Attestasiya Komissiyası 1963-cü ildə Moskvaya göndərilmiş təqdimat əsasında ona oftalmologiya ixtisası üzrə böyük elmi işçi adı vermişdir.

Zərifə Əliyeva göz xəstəliklərinin diaqnostika, müalicə və profilaktikasını düzgün təşkil etməklə yanaşı, yeni laboratoriyalar yaradır, insan sağlamlığı amilini daim ön plana çəkirdi. Görkəmli alim yalnız Bakı şəhərində deyil, həmçinin Sumqayıt, Gəncə, Bərdə, Mingəçevir, Əli Bayramlı (indiki Şirvan), Salyan və respublikanın digər şəhər və rayonlarında zərərli iş şəraitlərinin törətdikləri göz xəstəliklərini, eləcə də insan orqanizminin digər xəstəliklərini aşkar edir, həm onların müalicəsinə, iş yerlərində mövcud olan mənfi təsirlərdən qorunmalarına, həm də əmək müəssisələrinin ekologiyasına hərtərəfli diqqət yetirirdi. Müəssisələrdə ekoloji prinsiplərə riayət edilməsi konsepsiyalarının həyata keçirilməsi yollarını göstərirdi. Bununla da, Zərifə xanım peşə amillərinin törətdikləri göz xəstəliklərinin və bütövlükdə orqanizmi tam şəkildə müalicə edərkən, təkcə məşhur alim-oftalmoloq kimi deyil, həmçinin bacarıqlı alim-ekoloq kimi də şöhrət qazanmışdır. Tədqiqatçı alim ölkədə ilk dəfə olaraq həm oftalmologiyanın peşə etiologiyalı xəstəliklərinin diaqnostika, müalicə və profilaktikasının, həm də ekoloji təmizlik ideyasının əsasını qoymuş, bu ideyanın praktik səhiyyədə həyata keçirilməsinə nail olmuşdur. Keçmiş SSRİ dövründə peşə amilli göz xəstəliklərinin diaqnostika, müalicə və profilaktikasında çox böyük uğurlar qazanan Zərifə xanım Əliyeva ekologiya elmi üzrə də böyük nailiyyətlər qazanmışdır.

Alim ardıcıl olaraq yerinə yetirdiyi elmi-tədqiqat işləri ilə yanaşı, pedaqoji fəaliyyətini də yüksək səviyyədə aparırdı. O, 1967-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunmuşdu. Sonra həmin kafedranın professoru və müdiri vəzifələrində çalışaraq həkimlərin diplomdansonrakı hazırlıqlarının tədris-metodiki göstərişlərə və digər tələblərə uyğun şəkildə aparılmasına əlverişli şərait yaratmışdır. Zərifə xanımın Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri üzrə təkmilləşmə kursu keçən həkimlərlə apardığı mühazirə və praktik məşğələlərinin əsasını tibb elmində əldə edilən yeniliklərin şərhi, praktik vərdişlərə yiyələnmənin istiqamətləri, müasir tibbi cihazların gündəlik təcrübədə tətbiqi üsullarının dərindən mənimsənilməsi və s. təşkil edirdi.

Görkəmli alim ADHTİ-də çalışarkən ilk illərdən görmə orqanının patologiyasına xüsusi diqqət yetirmiş, zərərli sənaye müəssisələrində çalışan insanların oftalmoloji müayinədən keçmələrini təşkil etmiş, peşə ilə əlaqədar əmələ gələn göz xəstəliklərinin profilaktikası və müalicəsi ilə ciddi məşğul olmuşdur. O, peşə amili etiologiyalı göz xəstəliklərinin yayılma qanunauyğunluqlarını aşkar etmək üçün Bakı şın zavodunda, neft-kimya və yod sənayesi müəssisələrində, Sumqayıt "Üzvi sintez" İstehsalat Birliyində, Mingəçevir "İzolit" və rezin-texnika məmulatı zavodlarında, Gəncə gil-torpaq kombinatında və digər obyektlərdə işləyənlərin görmə orqanlarına mənfi təsir göstərən amilləri, onların etio-patogenezini diqqətlə öyrənmiş, zərərli peşələrin törətdikləri göz xəstəliklərinin yaranma mexanizmini elmi surətdə əsaslandırmış, onların qarşısını almaq üçün əməli tədbirlər görmüşdür. Zərifə xanım Əliyeva bu xeyirxah işləri yerinə yetirərkən zərərli amillərin təkcə görmə orqanına deyil, bütövlükdə orqanizmə təsirlərini də mükəmməl öyrənmiş, profilaktik və müalicəvi tədbirlərin bu istiqamətdə aparılmasına lazımi şərait yaratmışdır. Alim zərərli müəssisələrdə çalışanların görmə orqanlarını müalicə etməklə, bütövlükdə onların ayrı-ayrı orqanlarını da müxtəlif növ toksinlərin təsirindən mühafizə edərək birbaşa insanların həyatını qoruyurdu.

Aktual problemin həlli yollarında apardığı səmərəli işlər tezliklə öz bəhrəsini vermiş və o, 1976-cı il may ayının 27-də H.Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda "Azərbaycanın kimya sənayesinin bir sıra müəssisələrində işçilərdə görmə orqanlarının vəziyyəti" mövzusunda dissertasiya müdafiə edərək, tibb elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Dissertasiya müdafiəsi günü alim özünün tutarlı əyani dəlillərə əsaslanan çıxışında elmi istiqamətlərinin üstünlüklərini, kamilliyini, cəsarətli eksperimentatorluq bacarığını Moskvada keçmiş SSRİ-nin məşhur oftalmoloqları qarşısında bir daha təsdiq etmişdir.

Doktorluq dissertasiyası müdafiəsindən bir qədər sonra Zərifə xanım Əliyeva ADHTİ-də müsabiqə yolu ilə professor vəzifəsinə seçilmişdir.

1977-ci ildə Bakıda professorun təşəbbüsü ilə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdir. Respublikada ilk dəfə olaraq belə bir ümumittifaq miqyaslı tədbirin təşkili Azərbaycanda oftalmologiya elminin yeni inkişaf mərhələsinə qədəm qoymasına güclü təkan vermişdir. Plenumda professor Zərifə xanım Əliyeva Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış laboratoriya yaradılması haqqında təklif irəli sürmüşdü və iştirakçılar yekdilliklə bu təklifi müdafiə etmişdilər. Alim 1979-cu ildə Bakı Məişət Kondisionerləri Zavodu nəzdində Azərbaycan Elmlər Akademiyası Fiziologiya İnstitutunun "Görmə orqanının fiziologiyası və peşə patologiyası" adlı unikal bir laboratoriyanın yaradılmasına və onun səmərəli fəaliyyət göstərməsinə nail oldu. Elmin və texnikanın ən son nailiyyətlərinə əsaslanan üç şöbədən ibarət laboratoriya tezliklə yeni cihazlarla zənginləşdirildi, peşə xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi mərkəzinə çevrildi. Şöbələrdən birində görmə orqanının vəziyyəti yoxlanılır, ikincisində diaqnostik-funksional müayinələr edilir, üçüncüsündə isə cərrahi əməliyyatlar aparılırdı. Laboratoriyalarda az intensivli toksikliyə malik istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi həyata keçirilirdi. Zərifə xanımın bu təcrübəsi keçmiş SSRİ-nin digər şəhərlərində də bəyənilərək rəğbətlə qarşılanmış, geniş tətbiq edilmişdir. Professorun elmi-tədqiqat işlərinin nəticələri onun "Şin istehsalında gözün peşə patologiayası", "Xroniki yod intoksikasiyası zamanı oftalmologiya", "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" kimi monoqrafiyalarında və digər elmi əsərlərində özünün dolğun əksini tapmışdır.

1981-ci ildə ölkəmizin tibb elminin, səhiyyə sisteminin tarixində son dərəcə mühüm bir hadisə baş vermişdir. Moskvadan alınan xəbərdə deyilirdi ki, Azərbaycan alimi Zərifə Əziz qızı Əliyeva silsilə elmi-tədqiqat işlərinin dəyərli nəticələrinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Akademik M.İ.Averbax adına mükafata oftalmologiya sahəsində müstəsna xidmətləri olan və beynəlxalq aləmdə tanınan məşhur oftalmoloq-alimlər layiq görülürdü. Azərbaycan aliminə belə bir nüfuzlu mükafatın verilməsi ölkəmizin elm aləmində xoş ovqat yaratmışdı. Moskvadan alınan xoş xəbər Zərifə xanım Əliyevanın uzun illərdən bəri insanlara bəxş etdiyi şəfqət işığının davamı kimi Azərbaycan tibb elminin, tibb təhsili sisteminin və səhiyyəsinin yollarını nura qərq etmişdir. Bu mükafatın diqqəti cəlb edən üstün cəhətlərindən biri də ondan ibarət idi ki, Azərbaycan alimi akademik M.İ. Averbax adına mükafata layiq görülən ilk qadın oftalmoloq-alim olmuşdur. Belə birincilik fədakar əməyin, böyük zəhmətsevərliyin, sənətə vurğunluğun, insanlara olan bəşəri sevginin sayəsində qazanılmışdır. Bu birincilik həm indiki, həm də gələcək nəsillərin elmi axtarışlarında stimul rolunu oynayacağını, akademik Zərifə Əliyeva irsinin daim gənclərə örnək olacağını göstərən vacib amillərdəndir.

Görkəmli alim Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri vəzifəsində çalışarkən onun həm elmi-tədqiqat, həm də pedaqoji fəaliyyətinin təsir dairəsi daha da genişlənmiş, xalqın sağlamlığının qorunması naminə tibb elminə və bütövlükdə səhiyyə sisteminə verdiyi töhfələrin həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri xeyli dərəcədə artmışdır. Professor qısa müddətdə kafedrada yenidənqurma işləri apararaq onu müasir diaqnostika və müalicə cihazları ilə təmin etmiş, nadir təşkilatçılıq nümunəsi nümayiş etdirərək, kollektivin elmi və pedaqoji səviyyəsini yüksəltmiş, əməkdaşların diqqətini oftalmologiyanın perspektivli istiqamətlərinə yönəldə bilmişdir.

Zərifə Əliyeva 1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı uğurlara, alınan elmi nəticələrinin səhiyyə praktikasında geniş tətbiqinə, yüksək ixtisaslı tibb kadrlarının hazırlanması yolunda göstərdiyi xidmətlərə görə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, Azərbaycan oftalmoloqları arasında Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk oftalmoloqdur.

Zərifə xanımın elmi-tədqiqat işlərinin mövzu dairəsi çoxşaxəli və genişdir. Akademik görmə orqanlarının virusla zədələnməsinə, bu səpkidə aparılan müalicə-profilaktika tədbirlərinə silsilə işlər həsr etmişdir. "Herpetik göz xəstəliyi", "Ağır virus konyunktivitləri" və sair əsərləri bu qəbildəndir.

Zərifə Əliyevanın elmi-tədqiqat işlərinin bir qismi görmə orqanının bədxassəli şişlərinin, qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərini əhatə edir. Onun "Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası", "Yaşla bağlı gözün əsəb yollarının dəyişilməsi" və digər monoqrafiyaları göz xəstəliklərinin yaş xüsusiyyətlərinə, "Göz sulanmasının fiziologyiası", "Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi" və digər monoqrafiyaları isə daktriologiyaya həsr edilmişdir. Zərifə xanım Əliyevanın qələmə aldığı fundamental "Terapevtik oftalmologiya", "Oftalmologiyanın aktual məsələləri", "İridodiaqnostikanın əsasları" və sair kitabları bu gün də oftalmoloqların ən çox müraciət etdikləri, faydalandıqları əsərlərdəndir.

Zərifə xanım elm və texnologiyaların etikası, həkimlik deontologiyası haqqındakı zərif və saf düşüncələrini öz dəyərli əsərlərində təsbitləndirib. Onun qələmə aldığı "Yüksək etimad" kimi kitabları həm bu gün, həm də gələcəkdə gənc həkimlərə yol göstərən, istiqamət verən, onların həkim, şəxsiyyət kimi formalaşmalarında ümdə əhəmiyyət kəsb edən əvəzsiz əsərlər kimi qalacaq, aktuallığını heç vaxt itirməyəcəkdir.

Ümumiyyətlə, akademik çoxsaylı elmi əsərlərin, monoqrafiya, səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifi olmuş, gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların hazırlanmasında böyük xidmətlər göstərmişdir. Zərifə Əliyeva onlarca elmlər doktoru və elmlər namizədinin rəhbəri və məsləhətçisi olmuş, böyük bir elmi məktəb yaratmışdır. Akademik oftalmologiya elmində əldə etdiyi nailiyyətlərlə xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində göstərdiyi xidmətlərinə görə əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Akademik Zərifə Əliyeva həm də keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi ictimai işlərdə çalışmış, bir sıra xarici ölkələrdə səmərəli görüşlər keçirmiş, məruzələr etmiş, dünya xalqlarını sülhə, əmin-amanlığa səsləmişdir. O, respublika "Bilik" Cəmiyyəti İdarə Heyətinin, keçmiş SSRİ-nin Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, Moskvada çıxan "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü olmuşdur.

Bu il 80 illik yubileyini keçirməyə hazırlaşdığımız Azərbaycan Tibb Universiteti haqqında tərtib edilən kitabın bir hissəsi təhsil ocağının şöhrətli məzunlarına həsr edilmişdir və bu məzunlar arasında akademik Zərifə Əliyevanın dəst-xətti aydın görünür. Şübhəsiz ki, Azərbaycan Tibb Universitetini 80 il ərzində yaşadan, ona beynəlxalq miqyasda uğur qazandıran, ilk növbədə, onun akademik Zərifə Əliyeva kimi məzunları, alimləri, müəllimləridir.

1985-ci il aprel aynının 15-də akademik Zərifə Əliyeva əbədiyyətə qovuşmuşdur. İndi o vaxtdan 25 il keçir. Lakin illər bir-birini əvəz etsə də, əbədiyaşar alimin əziz xatirəsi daim ehtiramla yad edilir. Qədirbilən xalqımızın, eləcə də ölkəmizin tibb işçilərinin ona olan məhəbbəti vaxt, zaman çərçivəsindən çıxaraq sonsuzlaşmış, daimiləşmişdir. Fərəhli haldır ki, ötən il akademik Zərifə xanım Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzinin inşası başa çatdırılmış və bu möhtəşəm elm, tədris, müalicə-diaqnostika, reabilitasiya mərkəzi nümunəvi tibb müəssisəsinə çevrilmişdir. Mərkəzin əməkdaşları akademikin ideyalarını yaşadır və davam etdirir.

Akademik Zərifə Əliyeva elm, təhsil, səhiyyə, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərinə, həmçinin nadir xeyriyyəçilik xüsusiyyətlərinə görə, ölkəmizin tarix salnaməsində dünya şöhrətli alim, nümunəvi qayğıkeş pedaqoq, şəfaverici, şəfqətli həkim, səmimi və sədaqətli vətəndaş, eləcə də məğrur Azərbaycan qadını kimi xalqımızın qəlbində daim yaşayacaqdır.

 

 

Əhliman ƏMİRASLANOV,

akademik, SSRİ Dövlət

mükafatı laureatı,

 

Elmar QASIMOV,

tibb elmləri doktoru,

professor

 

Azərbaycan.- 2010.- 15 aprel.- S.  6.