Tanınmış
teatrşünas
Mədəniyyət və Turizm Nazirliyinin və "Yuğ" teatr kollektivinin təşəbbüsü ilə əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Məryəm Əlizadənin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. "Yuğ" teatrının binasında təşkil olunmuş mərasimdə tanınmış ziyalılar, elm xadimləri, səbəbkarın sənət dostları və KİV nümayəndələri iştirak edirdilər. Tədbirin aparıcısı "Yuğ" teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu idi.
Əməkdar artist Məmməd Səfa tədbiri açaraq Məryəm Əlizadənin yaradıcılığı barədə qonaqları məlumatlandırdı. Daha sonra Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timuçin Əfəndiyev dedi: "Məryəm xanım səmimi, sədaqətli dost olmaqla bərabər, bir pedaqoq kimi də yüksək elmi keyfiyyətlərə malikdir. Azərbaycan teatrşünaslığında, teatr tənqidində öz nəfəsi, öz dəst-xətti ilə seçilən bir mütəxəssisdir".
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev söylədi ki, Məryəm Əlizadənin qələmindən çıxan milli teatrımızın dünəni və bugünü ilə bağlı salnamələr olduqca maraqlıdır. Onun Azərbaycan teatrına baxışı da öz fərqliliyi ilə seçilir.
"Məryəm xanımın ilk tələbələrindən biri də mən olmuşam" deyən Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev teatrda ədəbi-bədii hissənin Məryəm Əlizadə kimi peşəkarın rəhbərliyi altında olmasından qürur duyduğunu bildirdi. Teatr Xadimləri İttifaqının məsul katibi Kəmalə Cəfərzadə də yubilyarla uzun illərə söykənən səmimi dostluq münasibətlərindən söz açdı.
Tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru Maqbet Bünyadov, yazıçı Afaq Məsud, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, xalq artisti Yaşar Nuri və digər ziyalılar da yubilyarla bağlı ürək sözlərini bölüşdülər.
Sonda xalq artistləri Qəndab Quliyeva, Mələkxanım Əyyubova və Zakir Əliyevdən ibarət muğam üçlüyü, Vaqif Gərayzadənin "Aypara" qrupu, Aşıq Əhliman və digər musiqiçilər çıxış etdilər.
Səbuhi BAYRAMOV
Azərbaycan.- 2010.- 16 aprel.- S. 7.